Tibbi xidmətlə bağlı yeni qaydaların səbəbi..

Dəyişikliklər icbari tibbi sığortaya keçid məqsədi daşıyır”

 

Bir neçə gün əvvəl dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin ləğvi barədə yayılan açıqlamalar əhalidə narahatlıq yaradıb. Nazirlər Kabinetinin etdiyi dəyişiklikləri ekspertlər fərqli formada izah edirlər. Qeyd edək ki, xəbərdə dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcəyi bildirilirdi. 
 
İndiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib. Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək. Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. 
 
Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq. Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlama yaysa da, məsələ anlaşılmadan qalıb. Əksər ekspertlər də bu dəyişikliyi məhz pullu tibbi xidmətə keçid kimi qiymətləndirirlər.
 
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu qərar gözlənilər idi:“Çünki Azərbaycanda icbari tibbi sığortaya keçilirsə, pulsuz tibbi xidmətə nə ehtiyac var? Bizim qaldırdığımız məsələ vaxtilə ondan ibarət idi ki, dövlət xəstəxanalarında rəsmi olaraq bir sıra xidmətlər pulsuzdursa, o zaman sığortaya nə ehtiyac var? Güman olunur ki, burada yeni qaydalar icbari tibbi sığortaya keçid məqsədi daşıyır. Çünki əgər xidmət pulsuzdursa, icbari tibbi sığorta tətbiq edilə bilməz. Bu xidmətdə sığorta ödənişinə ehityac yoxdur. Ona görə xidmətlərin pullu olması və icbari tibbi sığortaya keçilən anda pullu olmasının tətbiq edilməsi gözlənilirdi ki, icbari tibbi sığorta bu kontekstdən tətbiq edilə bilsin. Xəstəxanaların əksəriyyətində xidmət pulsuz deyil. Yəni rəsmi olaraq, səhiyyə nazirinin 2008-ci ildə fevral tarixli qərarı ilə xəstəxanalarda əksər xidmətlər pulsuzdur. Amma reallıqda belə deyil. 
 
Reallıqda bizim apardığımız monitorinqlər də bunu göstərir. Dünya Bankının qiymətləndirmələri, hesabatı da göstərir ki, reallıqda pullu ödənişlər var. O baxımdan, son dəyişikliklərin tətbiq edilməsinin əsas səbəbi icbari tibbi sığortanın tətbiqi idi. Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsinə başlanıb. Artıq Mingəçevir və Yevlax şəhərləri pilot olaraq seçilib. Xidmətlərin, xərclərin dəyərinin müəyyənləşdirilməsinə ehtiyac var. Bu qaydalar icbari tibbi sığorta tətbiq edilən ərəfədə qoyulacaq. Bu isə sığortanın tətbiqinə keçid məqsədi daşıyır”.
 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, xidmətin pullu olması keyfiyyətə təsir etməyəcək: “Xəstəxanaların adı ”pulsuz" idi, əslində dövlət xəstəxanaları həmişə pullu olub, sadəcə, bunu rəsmiləşdirirlər. Çox güman ki, icbari tibbi sığorta tətbiq ediləcək. Buna görə dövlət xəstəxanalarına da pullu xidmət üçün icazə verirlər ki, tibbi sığortadan onlara da pay düşsün. Büdcədə problemlər artan xətlə gedəcək, il-ildən çətin gələcək. Büdcədən səhiyyə xərclərinin azalmasının bir hissəsini pullu xidmətlə kompensasiya etmək istəyirlər. Yəni yük yenə vətəndaşın çiyninə yüklənəcək. Xidmətin pullu olması keyfiyyətə təsir etməyəcək, səhiyyənin keyfiyyət problemi maliyyədə deyil, idarəetmənin və təhsilin zay olmağındadır. İcbari tibbi sığorta inhisarçı yanaşma ilə heç bir effekt verməyəcək. İşəgötürənin və işçinin üzərinə əlavə yük olması ehtimalı var, bu zaman rəsmi iş müqavilələrinin sayı azalacaq".
 
Ekspert Azər Mehtiyev isə qeyd edib ki, dövlət xəstəxanalarına publik hüquqi şəxs statusunun verilməsi yanlışdır: “Xəstəxanalar fərdi xidmət göstərir, onların fəaliyyəti fərdi istehlak olunan xidmətlər göstərməyə yönəlikdir. Xəstəxanalar başqa qurumların fəaliyyətlərini tənzimləyən ümumdövlət və ictimai xarakterli qərarlar qəbul edə bilməzlər. Görünür, icbari tibb sığortaya keçid məsələsi dövlət xəstəxanalarına status verilməsini gündəmə gətirdiyindən, məsələni belə həll etməyə qərar veriblər”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Dövlət tibb müəssisələrinin təşkilati-hüquqi forma baxımından publik hüquqi şəxslərə çevrilməsi icbari tibbi sığortanın tətbiqi prosesini asanlaşdıracaq”. Həmçinin qeyd olunub ki, tibb müəssisələri müstəqil balansa, bank hesablarına malik olacaqlar, bu tipli hüquqi şəxslər üçün dövlət büdcəsindən savayı digər maliyyə mənbələrini özlərində toplamaq imkanı yaradılacaq: “Sadalanan faktlar publik hüquqi şəxslərin fəaliyyətinin icbari tibbi sığortanın tələblərinə uyğun gəlməsini bir daha sübut edir. ”Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə ölkə prezidentinin fərmanının 1.2-ci bəndinin icrası məqsədilə dövlət tibb müəssisələrinin yeni nümunəvi nizamnaməsi hazırlanıb".
 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az