"Real" Madrid daha bir rekorda imza ata biləcəkmi?

 

Bu gün Çempionlar Liqasinin final oyununda “Real” Madrid  “Liverpul”la üz-üzə gələcək. Əgər “Rea”l bu oyunda qələbə şalsa onda Çempionlar Liqasında daha bir rekorda imza atmış olacaq. Mediainfo.az  saytı yazıçı-jurnalist Əziz Mustafanın “Real” Madrid barədə qələmə aldığı araşdırma yazısını oxucularına təqdim edir:

 

 Sivil futbol dünyasının ən məşhur futbol klublarından biri Madridin "Real" futbol klubudur.  Yarandığı ilk günlərdən dünya futbolunda özünəməxsus iz buraxan  "Real" Madrid həm də beynəlxalq səviyyədə əfsanəvi futbolçuları ilə məşhurdur.  "Real" Madirdin dünyanın ən böyük komandası olduğunu onun 3 dəfə Qitələrarası Kuboku qazanması, iki dəfə UEFA kubokunu əldə etməsi, 32 dəfə

İspaniya Liqası (La Liqa) çempionluğunu bayram etməsi də bir daha sübut edir. Bundan əlavə "Real" Madrid 10 dəfə Uefa Çempionlar Liqasının qalibi olub. Belə nəticəyə isə heç də bütün komandalar nail ola bilmir.  Yeri gəlmişkən onu da deyək ki,

 "Real Madrid" klubu "Barselona" və "Atletik Bilbao" ilə birlikdə yüksək ispan diviziyasını heç vaxt tərk etməyən komandadır. Digər bir maraqlı fakt isə "Real" Madridin FIFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu seçilməsidir. Buna paralel olaraq "Deloitte" təşkilatının məlumatına görə "Real Madrid" dünyada ən böyük büdcəyə malik olan futbol klubudur.

 Avropa Çempion Klublar Kubokunun qurulmasında ilk addım atan komanda oldu və bu kubokun qurulması ilə birlikdə 5 sezon dalbadal bu kuboku alaraq bir daha əldə edilməsi imkansız olan rekorda sahib oldular. Dünyda heç kim inanmaz ki, bir daha hansısa klub ardıcıl olaraq 5 dəfə Çempionlar Liqası kubokuna sahib olsun. O zaman Real Madrid Alfredo di Stefano, Gento və Ferenc Puskas kimi dahi futbolçuların oynadığı əfsanəvi heyətə malik olmuşdur. İspaniya Liqası kimi çətin bir liqada 32 dəfə çempionluq əldə etməklə statistik olaraq keçirilmiş hər 2 sezonda 1 dəfə çempion olması heç də asan bir iş deyil.

 

"Real"ın şanlı keçmişinə səyahət

Madridin "Real" klubunun rəsmi yaranma tarixi 1902-ci il olsa da, klubun ilk əsasının qoyulması 1896-cı ilə təsadüf edilir. Belə ki, 1996-cı ildə "Real"ın obrazlı şəkildə desək "atası" hesab edilən " Futbol Skay" klubu yaradılır. Bu klubun əsasında 1902-ci il mart ayının 6-da  Padros və Hulian Palasios qardaşları rəsmi adı Madrid Football Club olan yeni futbol klubunun yaradıldığını bəyan etdilər. 1920-ci ildə isə  İspaniya kralı XIII Alfons kluba kral klubu adını verdi. Bu isə ispan dilində hərfi tərcümədə "Real" anlamına gəlir.

 Qeyd edək ki, yeni yaranan  klub ilk günlərdən İspaniya çemionatında özünü yaxşı mənada göstərə bildi. 1903-cü ildə klub ölkə kubokunun finalına çıxdı, ancaq gərgin mübarizədə Bilbaonun "Atletika" komandasına məğlub oldu. Amma bundan bir neçə il sonra İspaniya kubokunu qazanan madridlilər qısa müddət ərzində 4 dəfə ardıçıl şəkildə bu fəxri mükafata sahib oldular. Həmin dövrdə ölkədə müntəzəm olara futbol üzrə çempionat keçirilmirdi. Bunun əvəzində əyalətlər üzrə futbol birinciliyi keçirilirdi. Lakin 1928-1929-cu illərdən başlayaraq İspaniyada futbol üzrə ölkə birinciliyi keçirilməyə başladı. Bu birincilik faktiki olaraq "Real"ın qələbələri ilə müşahidə olunmağa başladı. Xatırladaq ki, vaxt İspaniyada futbolda Bilbao baskları ağalıq edirdilər.

 

 

 "Barselona" əsas rəqibə çevrilir

Ölkə birinciliyinin keçirilməsi isə öz növbəsində "Real" Madridlə  Barselonanın "Barselona" komandası arasında çempionluq uğrunda mübarizədə rəqabətə çevrildi.

1929-cu ildə madridlilər birinci yer uğrunda mübarizədə yeni yaranan komandaya- "Barselona"ya uduzdu. Sonrakı ildə isə madridlilər hətta mükafatçılar sırasına belə daxil ola bilmədilər. Bunu görən "Real" rəhbərliyi komandaya yeni oyunçular transfer etmək qərarına gəldilər. "Espanyol"dan İspaniya yığma komandasının qapıçısı əfsanəvi Rikardo Samora "Real"a dəvət edildi. Bir ildən sonra müdafiəçilər Siriako- Kinkoses komandaya cəlb olundular və onlar arxa xəttdə dayanan və qapıda əsl möcüzələr göstərən Samora ilə birlikdə rəqibin hücumçuları üçün keçilməz sədd oldular. Bununla da, madridlilər istəklərinə nail oldular və 1932-ci ildə ölkə çempionluğunu yenidən qazandılar. Madridlilər çempionatda bir oyun belə uduzmadılar və hamıdan az top buraxdılar. 1933-cü ildə də komanda ölkə çempionu titulunu qazandı. Amma bu dəfə komanda məğlub oldu, əvəzində komandanın hücumçusu Olivares hamıdan çox top vurdu. Samora isə yenidən ən yaxşı qapıçı hesab edildi. 1934-cü ildə madridlilər Kral kubokunu qazandılar. Sonra madridlilərin qızıl üçlüyü (Siriako- Kinkoses və Samora) İtaliyaya dünya çempionatına yollandılar. Dünya çempionatında onlar ən yaxşı müdafiəçilər və ən yaxşı qapıçı tituluna layiq görüldülər. "Real" sonrakı iki ildə iki dəfə ölkə çempionatında ikinci yeri tutdu. Bununla belə, 1936-cı ilin Kral kubokunun finalında onlar əzəli rəqibləri "Barselona"ya qalib gəldilər.

Bunun ardınca ölkədə vətəndaş müharibəsi başladı və oyunçular hərəsi bir tərəfə dağıldılar.

 

 Transfer rəqabəti və qarşılıqlı ittihamlar

Buna baxmayaraq bu iki komanda arasında rəqabət bütün dünyada izlənilir. Diktator Francisco Franco dövründə "Barselona" tərəfdarlarının "Real" Madridi Kralın komandası olmaqda günahlandırmağa başladılar. İspaniya hökumətinə yaxın "Real" Madrid ilə Katalanoniya klubu olan "Barcelona" tərəfdarları arasındakı bu rəqabət, iki komanda arasındakı oyunlardan futbolçu transferinə qədər hər yerdə gedir. Ümumiyyətlə bu iki klub arasında gedən qarşıdurma ispan və katalon xalqının arasında gedən müharibə kimi qələmə verilir. "Rea"l Madrid bu müharibədə əzəli rəqibindən üstündü. Statistikaya əsasən tam əminliklə demək olarkı bu amansız mübarizədə Kral Klubu öz əzəli rəqibindən üstün olub. "Real" Madrid bü üstünlüyü indiki dövrə qədər qoruya bilib. Bu üstünlüyü qorumaq nə hər bir Real Madrid forması geyinən oyunçunun borcudur. "Real" Madridin "Barselona" ilə qarşıdurması həmişə katalon mətbuatı tərəfindən tənqid atəşinə tutulub. Onların fikrincə "Real" Madrid əksər oyunlarda qeyri-qanuni yollarla qələbə qazanıb. Amma Madrid mətbuatının da öz həmkarlarına əla cavab vermək imkanı var. Çünki çətin ki, Avropada 10 dəfə Çempionlar Liqasını qazanmış bir klub İspaniyada öz rəqibləri ilə bacarmasın. Kral Klubu ən şərəfli tarixə malik olan Avropa əjdahasıdır. Hər il dünyada 150-dən çox telekanal Real Madrid-Barselona oyununu canlandırır. Bu oyuna dünyanın bütün qitələrində baxılır. Bu iki klub arasında gedən rəqabət futbol deyilən böyük idman növünün məhv olmasına qədər davam edəcək və həmişə amansızlıq, düşmənçilik prinsiplərində keçiriləcək.

 

 Müharibədən sonrakı illərin "Real" Madridi

 

"Real"-1953-1960-cı illərdə yeni uğurlara imza atdı. O dövrdə komandanın məşqçiləri Fernandes, Vilyalonqa, Karnilya, Soliç, Munyos idilər Həmin dövrdə "Real" Madrid 4 dəfə ölkə çempionu oldu, 5 dəfə Avropa Çempionları kubokunu qazandı, iki dəfə Latin ölkələri kubokunu başı üzərinə qaldırdı. Komandanın uğurlarında Di Stefano, Xento, Puşkaş, Olsen, Raymon Kopa, Rial, Santamariya kimi oyunçuların böyük əməyi oldu. Bu müstəvidə də 1953-cü ildə argentinalı Di Stefano və yerli gənc ulduz Xento "Real"a transfer olması "Real"ın ölkə birinciliyindəki uğurlarında önəmli rol oynadı. Belə ki, Di Stefanonun çempionatda vurduğu 27 qol " Real"a ölkə çempionu titulunu qazandırdı. Ümumiyyətlə ulduz futbolçular sayəsində komanda 5 dəfə Avropa çempionları kubokunu, 2 dəfə Latin ölkələri kubokunun sahibi oldu.

 

 

 

 

 

"Real"-1962-1968

Məşqçi: Migel Munyos

Uğurları: 6 dəfə ölkə çempionu, Çempionlar kuboku,

Ulduz oyunçuları: Amansio, Xento, Qrosso, Pirri, Sançis,

De Filipe, Puşkaş, Di Stefano

"Real" 1961-1962-ci il sezonunda Munyosun rəhbərliyi altında ölkə çempionu titulunu qazandı. Amma "Real" Çempionlar kubokunun finalında " Benfika"ya uduzaraq fəxri mükafatı əldən verdi. Amma Munyos güclü kollektiv yarada bilmşdi. Həmin illərdə "Real"a tay komanda İspaniyada yox idi. Di Stefano, Amansio, Puşkaş, Xento "Real"ı məğlubedilməz komandaya çevirmişdilər. "Real" Munyosun rəhbərliyi altında 6 dəfə İspaniya çempionu oldu və Çempionlar kubokunu qazandı.

 

"Real"-1974-1979

Məşqçilər: Milyan Milyaniç, Luis Molovni

Uğurları: 4 dəfə ölkə çempionu, 1 dəfə Kral kuboku

Ulduz oyunçuları: Karlos Santilyana, Pirri, Visente del Boske, Amansio, Xose Antonio Kamaço, Xuanito, Paul Braytner, Ulrix Ştilike, Günter Netser

Miqel Munyosun "Real"da qızıl erasından sonra komandaya Milyaniç və Molovni rəhbərlik etməyə başladılar. 1974-ci ilin payızında "Real" Kral kubokunda "Barselona"nı darmadağın etdi. Milyaniçin komandanı yeni taktiki sistem üzərində kökləməsi "Real"a ölkə çempionu olmağa və Kral kubokunu qazanmağa imkan verdi. 1977-ci ildə Xuanito və Ştilikenin "Real"a transfer olunması komandanın gücünü yenidən artırdı. Onlarla birlikdə Santilyana qarşısı alınmaz hücumçu tandemini təşkil etdi. Komanda növbəti dəfə "Barselona"nı 6 xal geridə qoyaraq ölkə çempionu oldu. Amma "Real" avrokuboklarda uğursuzluğa dükar oldu.

 

 

Santyaqo Bernabeu stadionu

2000-ci ildən sonra Real Madrid dünyadakı bütün tanınmış futbol ulduzlarını çox yüksək qiymətlə transfer edərək Qalaktikos ləqəbi almışdır. Əvvəllər olduğu kimi Raul Gonzalez, Fernando Hierro öz kaynaklarından yıldızlarını yetiştirme bacarığı hələ də davam edərkən bu oyunçular əvvəlki sezonda ən çox ulduzu parıldayan oyunçuların hansı şərtlər altında olursa olsun takviye edilməsi də klassik vəziyyətə gəldi. Roberto Karlos, Davor Suker, Clarence Seedorf və Steve McManaman ilə başlayan bu transferlər seriyası FC Barcelonadan Luiş Fiqunun astronomik qiymətə alınmasıyla davam etmişdir. Bundan sonra hər il bir ya da iki üst sıra ulduz transferi, Zinədin Zidan, Ronaldo, Devid Bekhem, Maykıl Ouen Robinyo kimi adlarla davam etməkdədir.

 

Həmin dövrdə komandanın prezidenti Kalderon idi Lakin o, 2006-cı ildə tutduğu vəzifədən istefa verməyə məcbur oldu.

 

 

 

 Kalderonun istefasına digər səbəb isə onun 2006-cı ildə keçirilən prezident seçkiləri zamanı səsverməni saxtalaşadırmasının ortaya çıxması oldu. Bu saxtalaşdırma nəinki İspaniyada, həm də bütün dünyada böyük əks-sədaya səbəb oldu. Kalderon belə bir vəziyyətdə komandanı tərk etməkdən başqa çıxış yolu tapmadı. Lakin bir daha qeyd edək ki, Kalderonun dövründə istənilən halda "Real" Madrid bəzi uğurlara imza ata bildi.  Belə ki, onun prezidentliyi dövründə qeyd etdiyimiz kimi kral klubu iki dəfə dalbadal İspaniya çempionu oldu və  superkuboku başı üzərinə qaldırdı.

 

 Peresin yenidən qayıdışı

 2009-cu ildə Kalderonun tutduğu vəzifəsindən istefa verməsi Peresin yenidən kral klubunun sükanı arxasına keçməsinə şərait yaratdı. Bununla bağlı 2009-cu ilin iyun ayının 1-də keçirilən seçkilərdə Peres səsvermə olmadan yenidən kral klubunun prezidenti oldu. Buna səbəb isə səsvermə zamanı digər namizədlərin öz namizədliklərini geri götürməsi oldu. Peresin qayıdışından sonra komanda yenidən qurulmağa başladı. Bu dəfə Peres tamam fərqli  "Qalaktikos" qurmaq üçün hərəkətə keçdi. Peres öz işinə bu dəfə rəhbərlikdə islahatlar aparmaqla başladı. O ilk növbədə məşhur futbolçu Zinəddin Zidanı özünün məsləhətçisi təyin etdi. Buna paralel olaraq Peres komandanı yenidən qurmağa başladı. O 68 milyon avroya Braziliya yığma komandasının  və İtaliyanın " "Milan" futbol  klubunun yarımmüdafiəçisi Kakanın "Real" Madridə transferinə nail oldu.  Kaka ilə 6 illik anlaşma imzalandı. Kaka Peresin yenidən komandaya qayıdışından sonra  "Real" Madridə edilən ilk ulduz futbolçu oldu. 2009-ci ildə Peres məşhur futbolçu, dünya futbolunun ulduzu Kriştian Ronaldunun "Real"a transferini reallaşdırdı. Bu transfer "Real" Madridə 80 milyon funt sterlinqə (93,4 milyon avroya) başa gəldi. Bunun ardınca Peres "Valensiya"nın parlayan ulduzu 23 yaşlı Raul Albiolun transferinə 15 milyon avro xərcləməli oldu. Həmin dövrdə yeni "Qalaktikos" quran Peres Fransanın "Lion" komandasından Kərim Benizemanın  kral klubuna transferinə nail oldu. Bu transfer üçünsə Peres 35 milyon avro xərcə düşməli oldu. 2009-cu ilin yay transferi dövründə Peres komandaya Esteban Qraneronu qaytardı, "Liverpul"dan Arbeloanın və Alonsonun transferi ilə komandasını gücləndirdi. Amma bu transferlərlə "Real" Madrid ölkə çempionu ola bilmədi. Komanda əzəli rəqibi " Barselona"ya hər iki oyunda məğlub oldu. Çempionlar kubokunda isə "Real" Madrid səkkizdə bir final oyununda çıxışını dayandırmağa məcbur oldu. Amma həmin sezon "Real" Madrid ən böyük zərbəni İspaniya kuboku uğrunda mübarizənin ilkin mərhələsində üçüncü dəstə komandası olan "Alkorkon"dan aldı. "Real" üçüncü dəstə komandasına uduzaraq öz çıxışını dayandırmağa məcbur oldu. Bu məğplubiyyət "Real" azarkeşləri arasında böyük həyəcana səbəb oldu. Nəticədə "Real" Madridin baş məşqçisi Manuel Pelleqrini tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu. Onun yerinə isə Peresin təşəbbüsü ilə İtaliyanın "İnter" komandasını istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə fəxri titullar qazandıran Joze Mourinyo təyin edildi. Mourinyonun təklifi ilə komandaya 80 milyon avroya Rikardu Karvalyo, gənc ispan müdafiəçilər Pedro Leın, Serxio Kanales  transfer edildi. Bunun ardınca Peres daha bir səs-küylü transferə imza atdı. Belə ki, o komandaya argentinalı Anxel Di Mariyanı, həmçinin Sami Xedira və Məsud Özilin transferini həyata keçirdi. Təcrübəli məşqçi olan Mourinyonın rəhbərlityi altında "Real" Madrid ölkə çempionatına uğurla başladı. Lakin sonda yenə də "Barselona"nı üstələyə və ölkə çempionu ola bilmədi. Komanda yalnız ikinci yerlə kifayətlənməli oldu. Əvəzində "Real" İspaniya kubokunun finalına gedib çıxa bildi.  Finalda "Real" Madrid əzəli rəqibi "Barselona" üzərində Ronaldunun əlavə vaxtda vurduğu qolla qələbə çaldı.

Kral Kuboku zəfərindən bir neçə gün sonra "Real" Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 0:2 hesabı ilə məğlub oldu və Pepenin aldığı qırmızı vərəqə matça damğasını vurdu. Portuqaliyalı müdafiəçinin meydançadan qovulmasından sonra "Barsa" Messinin iki gözəl qolu sayəsində qələbə qazandı. Mourinyo isə görüşdən sonra qarşı tərəfdəki həmkarı Pep Qvardiola və baş hakimi sərt şəkildə tənqid etdi: "Barselona"nın 2009-cu ildə də "Stemford Bric"də qazandığı çempionluq rüsvayçılıq idi. Kataloniya klubu UNİCEF-lə anlaşmaqla UEFA-nı özünə çəkə bilib".

 

 

Qalmaqallı Mourinyo

Mourinyonun Madriddəki ikinci mövsümü qalmaqalla başladı. Belə ki, "Nou Kamp"da keçirilən İspaniya Superkuboku matçında o, həmin vaxt "Barsa"da köməkçi məşqçi vəzifəsində çalışmış Tito Vilanovanın gözünə barmağını salmışdı. İlk görüş 2:2 hesabı ilə nəticələnmişdi. Cavab matçında "Barsa" 3:2 hesabı ilə qələbə qazanınca ara qarışdı. Xüsusən də son dəqiqələrdə Marselonun Fabreqasa qarşı kobud hərəkərindən sonra gərginlik bir anda artdı. O qarışıqlıqda da Mourinyo Vilanovanın gözünü barmaqlamış və oyundan sonra bu sözləri demişdi: "Pito Vilanova? Onun kim olduğunu bilmirəm".

2012-ci ilin aprel ayında Primeroda əzəli rəqibini 10 xal qabaqlayan "kral klubu" Barselona səfərində əla çıxış edərək evə 3 xalla dönmüşdü.

"Real"  mövsümü çempion kimi bitirməklə yanaşı, həm də 2 rekord yenilədi. Mourinyonun komandası La Liqa tarixində 100 xal qazanan ilk komanda oldu və bir mövsümdə ən çox qol vuran (121) komanda adını qazandı.

"Real" "Barselona" ilə keçirdiyi iki oyunun sonunda İspaniya Superkubokunu da qazandı. İlk görüşdə "Barselona" 3:2, cavab oyununda isə "Real" 2:1 hesablı qələbə qazandı. Səfərdə daha çox qol vuran madridlilər Superkuboku qazandılar. Amma mövsümün davamı onlar üçün uğursuzluqla nəticələndi.

 

Mourinyo sayağı sevinc və istefa

Mourinyonun 2004-cü ildə "Portu" ilə qazandığı Çempionlar Liqası zəfərini dizləri üstündə "süzərək" qeyd etməsi uzun müddət danışılmışdı. Portuqaliyalı çalışdırıcı eyni hərəkəti yenə ÇL-də "Mançester Siti" ilə qarşılaşmada təkrarladı. D qrupunda keçirilən unudulmaz matçda 0:2 hesabı ilə geri düşən madridlilər öncə Benzemanın dublu ilə "status-kvo"nu bərpa etmiş, son dəqiqələrdə isə Ronaldonun qolu sayəsində qələbə qazanmışdılar. Texniki zonada isə Mourinyo bu tarixi uğuru özünəməxsus şəkildə qeyd edirdi.

Mourinyonun unudulmaz həmlələrindən biri də yeni il öncəsi İker Kasilyası ehtiyata atmaq oldu. Bu iki şəxs arasında soyuq münasibətin olması çoxdan danışılırdı. Dekabrda çalışdırıcının Antonio Adana şans verməsi bu söz-söhbəti həqiqətə çevirdi. Kasilyas çərçivəyə qayıdanda isə bəxtsiz şəkildə zədələndi və bu dəfə yerini dövrələrarası fasilədə transfer edilən Dieqo Lopesə verdi. O isə mövsümün sonuna qədər çərçivəni məharətlə qorudu və Kasilyas yalnız ehtiyatda qalmaqla kifayətləndi.

"Real" üçün mövsüm uğursuzluqla nəticələnsə də, komanda ikinci dövrəni heç də pis keçirmədi. Xüsusən də, "Barselona" ilə bir həftə ərzində keçirilən hər iki matçda qazanılan qələbə düşərgədə əhvali-ruhiyyəni düzəltmişdi. İspaniya Kral Kuboku matçında "Nou Kamp"da 3:1 hesabı ilə qələbə qazanan "Real" Primeroda da rəqibini üstələmişdi - 2:1. Amma Mourinyonun kollektivi kubokun finalında "Atletiko"ya, Çempionlar Liqasının yarımfinalında isə Dortmund "Borussiya"sına boyun əydi. 2012-2013-cü illər mövsümünə "Real" "Barselona" üzərində superkubokda qalib gəlməklə başladı. Amma həmin mövsümdə ölkə çempionatında "Real" ikinci yerlə

kifayətlənməli oldu.  Ona görə də mövsümün sonunda Mourinyo tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu.

 

Ançelottinin uğuru və uğursuzluğu

Mourinyo istefa verəndən sonra kral klubuna Karlo Ançelotti baş məşqçi təyin edildi. Mourinyodan sonra Məsud Özil, Kaka, Pedro Leon Karvaxal, İquain, Raul Albiol, Kalyexon və Karvalyu komandanı tərk etdi. Əvəzində Peres Haret Beyli, Kazemironu, İskonu və İlyaramendini kral klubuna transfer etdi. Ançelottinin rəhbərliyi altında kral klubu 2014-cü il aprel ayının 16-da İspaniya kubokunun finalında "Barselona"nı 2:1 hesabı ilə məğlub edərək fəxri mükafatı qazandı. "Barselona" üzərində qələbə topunu isə Beyl vurdu. Bunun ardınca 2014-cü il may ayının 24-də Çempionlar kubokunun finalında "Atletiko" Madrid üzərində 4:1 hesabı ilə qələbə çalaraq bu fəxri mükafatın sahibi oldu. 2014-cü il avqust ayının 12-də isə kral klubu UEFA-nın superkubokunu qazandı. Həmin ilin dekabr ayının 20-də isə Ançelottinin rəhbərliyi altında "Real" Madrid klublar arasında dünya çempionatının qalibi oldu. Finalda kral klubu "San-Lorenso"nu Beyl və Ramosun qolları ilə 2:1 hesabı məğlub etdi.

 Lakin Ançelotti qələbələrin davamını gətirə bilmədi. 2016-ci ilin yanvar-fevral aylarında "Real" durğunluq dövrü yaşamağa başladı. Nəticədə kral klubu birinci yeri əldə verərək ölkə çempionatında ikinci yerlə kifayətlənməli oldu. Bunun ardınca "Real" Madrid Çempionlar liqasının yarımfinalında iki oyunun nəticəsinə görə " Yuventus"a uduzaraq çıxışını dayandırmağa məcbur oldu. Bundan narazı qalan komanda rəhbərliyi Ançelottini istefaya göndərdi. Onun yerinə isə Rafael Benites baş məşqçi təyin edildi. Lakin Benites komanda ilə uöur qazana bilmədi Nəticədə o istefaya göndərildi və yerinə Zinədddin Zidan təyin edildi.

 

Son illərdə “Real” Madrid daha məzmunlu oyun nümayiş etdirir. 2014-cü ildə Karlo Ançelottinin rəhbərliyi altında Çempionlar kubokunun qalibi olan “Real” son iki ildə dünya futbolu tarixində hadisəyə çevrilən yeni uğura imza atıb. Belə ki, madridlilər Zinədin Zidanın rəhbərliyi altında 2 dəfə dalbadal Çempionlar Liqası kubokunun qalibi olublar. Dünya futbolu tarixində bu günü kimi heç bir komanda ardıcıl iki dəfə Çempionlar Liqası kubokunun qalibi ola bilməyib. Əgər bu gün “Real” Madrid  “Liverpul”a qalib gəlsə onda ardıcıl 3-cü dəfə çempionlar kubokunun qalibi olan  komanda kimi daha bir rekorda imza atmış olacaq.

Əziz Mustafa

 

 

 

.

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az