İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı fərman imzalayıb

Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılacaq

Azərbaycan prezidenti İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Apa-nın məlumatına görə, kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə imzalanan fərmanda deyilir:

- Rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

- İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat versin;

 - tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan keçməsinin təmin edilməsi istiqamətində tədbirlər görsün;

- heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsinə dair təkliflərini beş ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin;

- aqrar elmin inkişafı konsepsiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər görsün;

- Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin etsin, aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirsin.

İqtisadiyyat və Sənaye Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etsin.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay müddətində:

- kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.

Nazirlər Kabineti üç ay müddətində:

- Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin;

- "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

-  kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin;

- Fərmanda nəzərdə tutulan "elektron kənd təsərrüfatı" informasiya sisteminin təşkilini və fəaliyyətini, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin informasiya resursları ilə inteqrasiyasını təmin etmək məqsədi ilə "elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə qaydalarını altı ay müddətində müəyyən etsin;

- Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin. 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az