Masallı rayonunun Kolatan kəndinə təbii qaz verilmişdir

Masallı. “Azəriqaz” İstehsalat Birliyi ölkənin qaz təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparır, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin mavi yanacaqla təmin olunması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirir. 
Mayın 25-də Masallı rayonunun Kolatan kəndinə təbii qazın verilişi bərpa olunmuşdur.
Qeyd edək ki, Kolatan kəndi Masallı ərazisində yerləşən qədim yaşayış məskənlərindən biridir. Kolatan kəndi Talış dağlarının ətəyində yerləşir. Bu yaşayış məskəni Masallı - Boradigah magistral yolundan 2 kilometr cənub-qərbdə, rayon mərkəzindən 11 kilometr aralıdadır. Kəndin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.
Kolatanın həmsərhəd olduğu Qodman, Ərkivan, Qızılavar, Bədəlan, Xanalion, Sığdaş, Babaküçə kəndləridir. Kolatan toponiminin yaranması haqqında müxtəlif fikirlər vardır. Tədqiqatçılara görə Kolatan kəndinin yeri vaxtilə meşəlik olmuşdur. Kəndin əhalisi meşələri qıraraq yerində yaşayış məskəni salmışlar. Talış dilində qırılmış meşə yerinə Kuləton deyilir. Azərbaycan dilində isə bu söz Kolatan şəklində işlədilir. Hazırda Böyük Kolatan, Bala Kolatan, Bağıroba kəndlərinə bölünən bu yaşayış məskəni bir neçə məhəlləyə bölünür. Ən böyük məhəllələrə Küjə, Jioba, Mionə, Seyidoba və başqaları daxilidir. Əhalinin bu ərazidə məskunlaşması təsadüfi deyil. Kolatan ərazisi çox səfalı, əlverişli təbii-çoğrafi şəraitə malikdir. Təbii bulaqların və kiçik çayların zənginliyinə görə Kolatan kim ikinci bir yer təsəvvür etmək çətindir. Buradakı bulaqlar orta əsrlərə aiddir. suyu vaxtilə bol olmuş “Haftoni’’ (yeddi bulaq) bulağından ətrafı yerlərə su axıtmaq üçün yeraltı saxta borular çəkilmişdir. Bu su boruları XVIII əsrə aiddir. Mənbələrdən məlum olur ki, Talış hakimi Mir Mustafa xan Ərkivan, Kolatan və Bədəlan kəndlərinin ərazisində yerləşən bulaqların suyunu Lənkəran şəhərinə axıtmaq fikrində idi. Bu məqsədlə o, XVIII əsrin sonunda xanlığın şimal hissəsindəki kəndlərdən 40 bulağın suyunu təxminən 30 kilometr uzunluğunda olan xüsusi gildən hazırlanmış borularla yerin altı ilə Lənkərana çəkdirmişdi.
Kolatan kəndi ərazisində “Ğoşə butə’’, “Osyo təpə’’ adlı kurqanların mövcud olması, “Sığə çölə’’ qalası və “Peşkə’’ adlı yerdə toplanmış müxtəlif maddi mədəniyyət nümunələri, mis və gümüşdən olan Sasani və Ərəb sikkələri, qızıl əşyalar, keramik nümunələri, müxtəlif növ qılınclar bu ərazinin qədim yaşayış yeri olduğunu sübut edir. Qədim dövrlərdə Kolatan ərazisində mövcud olan həyat XVII əsrin sonu - XVIII əsrin ortalarında çanlanmağa başlamışdır. Kəndin şimal-şərqində daş və tunc dövrünə dair “Ğoşə butə’’ və “Osyo təpə’’ kurqanları, orta əsrlərə aid “Sığə çölə’’, XIII əsrə aid “Kanqlı qalası’’, XIX əsrə aid “Tərd honi bulağı’’, “Bağıroba bulağı’’, “Allahyar bulağı’’, “Mirzəmməd bulağı’’, “Nüsxə bulağı’’, “Çur-çur bulağı’’, 1859-1860-cı illərdə tikilmiş iki məscid Kolatanın keçmiş tarixi haqqında çox şey deyir. 1813-cü ildə Talış xanlığı çar Rusiyası tərəfindən işğal edilənə qədər Kolatan əhalisinin əsas məşğuliyyəti çəltikçilik olmuşdur. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarına görə 1804-cü ildə Kolatanda 40 yaşayış evi mövcud olmuşdur. Əhali çəltikçiliklə yanaşı, mal-qara saxlamaqla da məşğul idi. 1831-ci il çarizmə qarşı üsyanda Kolatan kəndinin əhalisi də yaxından iştirak etmişdir. XX əsrin 60-cı illərin ortalarına qədər əhalinin əsas məşğuliyyəti çəltikçilik, maldarlıq və bostan məhsulları yetişdirmək olmuşdur. Kolatanın çəltik sahələri kənddən 5-7 kilometr aralı Lürən və Xıl kəndlərinin qonşuluğunda yerləşirdi. XX əsrin 50-ci illərin əvvəllərindən Kolatan ərazisində çayçılıq təsərrüfatının əsası qoyulmuşdur. Sovetlər dönəmində Azərbaycanda ən böyük çayçılıq təsərrüfatı Kolatanda yerləşirdi.
 Qeyd edək ki, Kolatan kəndinə təbii qaz verilişi münasibətilə keçirilmiş tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin və  “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 1084 abonenti olan Kolatan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 50 297 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 1084 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qaz verilişinin bərpa olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 
Əlihüseyn ŞÜKÜROV

Çox oxunan xəbərlər
Son xəbərlər

21.09.2018

20.09.2018

19.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az