“Hər doğulan uşağa 75 manat, hər doğulan cins buzova 100 manat...”

Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam edir.  

Deputat İqbal Ağazadə çıxışında ölkənin iqtisadi inkişafına gətirib çıxaracaq bir sıra təkliflərlə çıxış etdi. O, dedi ki, hərbçilər və digər bu kateqoriyalı insanlar var ki, onların ehtiyacları daxili bazarın hesabına təmin oluna bilər: “Bununçün ilk növbədə dövlət sifarişi həyata keçirilməlidir ki, biz onlar üçün kənardan ərzaq sifariş etməyək. Bu olacaqsa, həm ölkənin güvənli ərzaqla təminatı, həm də kənd təsərrüfatının inkişafına yardım edəcək”. İ.Ağazadə bildirdi ki, bu gün tikinti sektorunu ayaqda saxlamaq üçün yeni imkanlar araşdırılmalıdır.

Deputat ipotekaya ayrılan kreditlərdən bəhs etdi. Dedi ki, ayrılan 80-100 milyonluq ipoteka kreditlərindən ancaq müvəkkil banklar qazanır. İ.Ağazadə güzəştli şərtlərlə gənclərə kredit verməyə çağırdı. O, əlillər və şəhid ailələrinə ayrılan vəsaitləri hansı yolla olursa-olsun ödənilməli olduğunu bildirdi. 

Qüdrət Həsənquliyev qaçqınlar üçün mənzil tikintisi ilə bağlı maliyyə vəsaitinin azalmasına qarşı çıxdı: “Buna qətiyyən yol vermək olmaz! Çünki bu adamlar mülkiyyətlərini itiriblər, bir çoxları hələ də ağır vəziyyətdədir. İkincisi, hərbi xərcləri də daim artırmaq lazımdır. Çünki Ermənistan aqressivliyini gün-gündən artırır, son sözü ordumuz deməlidir”. Q.Həsənquliyev Beynəlxaql Bank ətrafında yaşananlardan da danışdı: “Uzun illər beynəlxalq təşkilatlar tələb edirdilər ki, Beynəlxalq Bankı özəlləşdirin. Ancaq uzatdıq, uzatdıq, axırda da dövlətin pulları dağıdıldı”. Q.Həsənquliyev dedi ki, ölkə prezidentinin qarşıya qoyduğu məsələlər həllini tapsa, gələn il Azərbaycan indikindən azı 50 faiz irəli gedər.  Ölkədə məhkəmə islahatlarının aparılmasına çox böyük ehtiyac olduğunu deyən Q.Həsənquliyev bildirdi ki, əks təqdirdə problemlər həllini tapmayacaq. Deputat Həsən Əliyev küçəsində 300 kv.m-lik obyektindən məhrum edilən vətəndaş mülkiyyət hüququndan məhrum edilib: “Konkret bu faktı çəkdim ki, qoy bizim hökumət üzvləri də bilsinlər ki, nələr baş verir”. Q.Həsənquliyev xaricdəki neft vəsaitlərimizin bir hissəsini Azərbaycana gətirməyə çağırdı: “Mən demirəm ki, 34 milyardın hamısı gətirilsin. Heç olmasa 3-4 milyard gətirib sahibkaralara vermək olar ki, ölkədə yeni iş yerləri açılar”. 

Fazil Mustafa dedi ki, dünyada baş verən iqtisadi böhran Azərbaycan büdcəsinə də təsir edir: “Bu, təbii qarşılandığı üçün cəmiyyət tərəfindən narahatlıqla qarşılanmır. Burada müzakirə bu istiqamətdə getməlidir ki, biz lazımsız xərcləri necə azalda bilərik. Son vaxtlar ən ciddi addımlardan biri ASAN xidmət modelinin inkişafıdır”. F.Mustafa qarşıdan qış gəldiyi dövrdə yenə də seçicinin istilik problem ilə üz-üzə qaldığını, sakinlərin lift probleminin olduğunu söylədi. İcbari tibbi sığortanın tətbiqini tətbiq etmək lazımdır. Eyni zamanda anadangəlmə kar doğulan uşaqların əməliyyatına vəsait ayrılmalıdır. Azərbaycanda hər doğulan uşağa görə verilən müavinət 75 manatdır. Mən Hesablama Palatasının hesabatına baxdım, xaricdən alınan cinc malın doğulan hər buzovuna görə isə 100 manat verilir. 75 manatla valideyn uşağını təmin edə, ona dərman ala bilərmi? Özü də müharibə aparan dövlətik. Biz demoqrafik inkişaf barədə mütləq həyəcan təbili çalmalıyıq. Türkiyədə 2500 azərbaycanlı uşaq var. Onun bir hissəsini İranyönümlü məscidlər oxudur. Sabah onları başqa istiqamətə yönəldəcəklər. Azərbaycan o uşaqlara sahib çıxmalıdır. Dövlət əlini qoymasa, bu problem həllini tapmayacaq”. F.Mustafa yarımçıq binalardan da danışdı: “Çox saylı sahibkar var ki, müflisləşib. O mənzillərin sahiblərinə verilməsi üçün təşəbbüs göstərmək lazımdır. O binalar sökülən deyil ki”. 

İsmayil Musayev Naxçıvana ayrılan dotasiyanın azaldılmasına qarşı çıxdı: “Heç olmasa Naxçıvana ayrılan dotasiya olduğu kimi saxlanılsın, azaldılmasın”. Deputat ipoteka kreditlərinin verilməsi ilə bağlı da təkliflər verdi. 

Əli Məsimli dedi ki, vaxta qənaət etmək məqsədilə o və həmkarı Vahid Əhmədov çıxışlarını birləşdirib tezis şəklində parlamentə təqdim etməyi məqsədəuyğun sayıb: “Biz hökuməti əlavə gəlir mənbələrini axtarıb tapmaq üçün səy göstərməyə çağırırıq” deyən deputat bildirdi ki, bu mənbələri regionlarda da axtarmaq mümkündür: “Ən böyük mənbələrdən biri kiçik və orta biznesin inkişaf etdirilməsidir. Kömək etmirsənsə, heç olmasa mane olma prinsipi ilə yanaşmaq lazımdır. Bu, orta təbəqənin inkişafı üçün böyük bir mənbə olacaq”. 

Vergi sahəsində əsaslı islahatlara gedilməsi vaxtının gəlib çatdığını deyən Ə.Məsimli qeyd etdi ki, daxili və xarici investisiyalar böyük miqdarda əlavə gəlirlər gətirə bilər.   

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az