Dolların məzənnəsi düşür, bəs mağazada mallar niyə ucuzlaşmır?

Ekspertlər səbəb kimi sahibkarların özlərini sığortalamasını və manata inamsızlığı göstərirlər 

 

Avqustun sonlarından sentyabrın ötən həftəsinədək dollar manata nisbətdə bir qədər bahalaşdı. Bu dönəmdə mağazalarda da ərzaq və qeyri-ərzaq malları azı 10-15 faiz bahalaşdı. Sonradan müdaxilə nəticəsində manat sabitləşsə də, dolların ucuzlaşdırılması bahalaşan qiymətlərə təsir etməyib. Belə ki, qiymətləri qaldıran dükanlar dollar ucuzlaşdıqda onları endirməyi “unudublar”. Ekspertlər bunu sahibkarların özlərini sığortalamaq cəhdi kimi qiymətləndirirlər.
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, burada bir neçə səbəb var: “Dolların nəzərəçarpacaq dərəcədə düşəcəyini söyləmək çətindir. Son iki iş günündə dolların məzənnəsində çox cüzi, manatın yeddidə biri qədər dəyişiklik olub, manat cüzi möhkəmlənib. Bu da çox cüzi bir rəqəmdir. Bu gün də rəsmi məzənnə 1,64-ə yaxındır. Rəsmi məzənnədə ciddi oynaqlıq olmayıb. 
 
Amma banklarda valyuta dəyişməsində iki-üç həftə əvvəl hətta dolların əhalidən alış qiyməti belə 1,73-ə qədər qalxmışdı. Sadəcə, Azərbaycandakı iş adamları da özünü sığortalamağı düşünürlər. Sabaha hansı məzənnənin olacağı, manatın vəziyyətinin nə səviyyədə olacağı bilinmir deyə, belə bir ciddi yol xəritəsi və yaxud da normal rəsmi açıqlamalar yoxdur deyə, inam yoxdur deyə onlar da özlərini sığortalayırlar. 
 
Son zamanlar gətirdikləri məhsulları bazara uyğun olaraq satmağı düşünmürlər. Qiyməti salmağı düşünmürlər ki, növbəti dəfə məhsul almaq lazım olduqda, dollar yenidən bahalaşa bilər. Özünü sığortalamaq üçün qiymətin üzərinə, obrazlı desək, bir neçə faiz valyuta marjı qoyurlar ki, sonra uduzmasınlar. İş adamlarının bu hərəkətini anlamaq olar. 
 
Çünki dəfələrlə belə bir əməliyyatlarda uduzublar. Ölkədə ötən il kəskin devalvasiyalar olub. Bu il rəsmi məzənnə 1,49-a qədər enmişdi yay aylarının əvvəllərində. Növbəti həftələrdə isə yenidən 1,64-ə qədər qalxdı. Rəsmi məzənnənin özünü belə götürsək, son üç ayda minimum həddən maksimum həddə qədər on faizə yaxın bahalaşma olub. Bunu iş adamları nəzərə alaraq qiymətlərdə enmələr etmək istəmirlər. 
 
Çünki sabah hansı məzənnənin olacağını və yaxud da ayın sonuna hansı məzənnənin olacağını proqnozlaşdırmaq çox çətindir. Əsas səbəb iş adamlarının özlərini sığorlalamasıdır.  Həm də manatın gələcəyinə güvənsizlikdir ki, bunun nəticəsində qiymətlərin dəyişməsini, aşağı düşməsini biz görmürük”.
 
Ekspert Rəşad Həsənov isə bildirib ki, bahalaşma uzun sürən bir proses olacaq. Çünki istehlak olunan məhsulların böyük bir qismi idxal məhsullarıdır: “İdxal məhsulları təbii ki, manatın məzənnəsinə uyğun olaraq bahalaşmalıdır. Məhsulun ölkəyə idxalı sahibkar üçün səmərəli olmayacaqsa, son nəticədə qıtlığa gətirib çıxaracaq. Çünki sahibkarlar aldıqları məhsulları xarici valyuta ilə alırlar, məzənnə isə hər gün dəyişir”. 
 
Ekspertlər bildirirlər ki, məzənnə dəyişikliyindən yaranan fərqi sahibkarlar manatla ölkə bazarlarından çəkməlidirlər. Bu da son nəticədə xidmət xərclərinin artmasına və məhsulun maya dəyərinin daha da yüksəlməsinə gətirib çıxarır. Sonradan qiymətlərin aşağı salınmaması da manata olan inamsızlıqla bağlıdır. 
 
Ekspertlər həmçinin inhisarçılıq meylləri ilə mübarizə aparmağın vacib olduğunu da vurğulayırlar. Bildirilir ki, ölkədaxili bazarlarda rəqabət mühiti qorunmalıdır. Gömrük rüsumları və vergi siyasəti əhalinin imkanlarına uyğunlaşdırılmalıdır. Həmçinin yerli istehsalın təşviqi və formalaşması da vacibdir. Çünki istehlak baxımından Azərbaycan nə qədər xammal idxalından asılı olacaqsa, qiymətlərin real alıcılıq şərtlərinə uyğunlaşdırılmasında çətinliklər olacaq. 
 
Ekspertlərin fikrincə, xaricdən alınıb gətirilən məhsullar və ya komponentləri, xaricdən alınıb gətirilərək istehsal olunan yerli məhsullar daxili bazarda milli valyuta ilə satılır. 
 
Bu satışdan əldə olunan manatla ticarət dövriyyəsini normal şəkildə davam etdirmək və bu zaman ziyana düşməmək üçün iş adamları malların qiymətlərini süni şəkildə qaldırmaqla özlərini sığortalamış olurlar: “Bu gün xaricdən mal alıb gətirib bazarda onu satan tərəf 10-15 gündən sonra manatın məzənnəsində nə dəyişikliyin baş verəcəyini müəyyən edə bilmir və bu səbəbdən də ”hər ehtimala qarşı" qiymətləri manatın bugünkü ucuzlaşma səviyyəsindən bir qədər də artıq qaldıraraq özünü sığortalayır. O hesab edir ki, gətirdiyi malları satıb xaricdən yenidən mal gətirməyə qədər olan vaxtda manat bir qədər də ucuzlaşa bilər və bu səbəbdən ziyana düşə bilər. Yaranmış durumda bu adamları müəyyən qədər başa düşmək olar",- deyə ekspert Fikrət Yusifov qeyd edib. 
 
Ekspertin sözlərinə görə, yaranmış vəziyyətin tənzimlənməsinin yeganə yolu ölkəyə xarici valyuta axınını təmin edə biləcək ixracyönlü istehsal sahələrinin sürətli inkişafını təmin etməkdir: “Bu yolun alternativi yoxdur. Tədiyyə balansındakı mənfi saldo mövcud olduqca, manatın ucuzlaşması davam edə bilər. Bu isə öz növbəsində idxal mallarının qiymətlərinin artmasının əsasını təşkil edən amildir”. 
 
Mediainfo.az
Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az