Marşrutlarda gediş haqqının artırılması qaçılmazdır

Bakı şəhərində marşrutlar üzrə sərnişindaşıma xidmətinin tarifləri sonuncu dəfə Tarif Şurasının 5 sentyabr 2014-cü il tarixli qərarı ilə şəhərdaxili marşrutlar üzrə 20 qəpik, şəhərətrafı marşrutlar üzrə isə məsafədən asılı olaraq 20-80 qəpik arasında təsdiqlənib. Mediainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, son 3 ildə Tarif Şurası tərəfindən ölkədə yanacağın qiyməti 30%-ə yaxın artırılıb. 2014-cü ildə benzinin bir litrinin pərakəndə satış qiyməti 70 qəpik olduğu halda hazırda 90 qəpiyə satılır. Yanacağı qiymətindəki artıma baxmayaraq marşrutlar üzrə sərnişindaşıma tariflərində dəyişiklik olunmayıb. Son 3 ildə təkcə yanacağın qiyməti deyil, eyni zamanda digər xidmət və məhsulların qiymətində də artımlar baş verib. Belə bir vəziyyət isə sərnişindaşıma sahəsində fəaliyyət göstərən daşıyıcı şirkətlərin və ayrı-ayrı fiziki şəxslərin zərərinə işləyir. Digər daşıyıcı şirkətlərin maliyyə vəziyyəti barədə məlumatlar açıqlanmasa da hazırda dövlətə məxsus olan daşıyıcı şirkətin - "BakuBus" MMC-nin zərərlə işlədiyi məlumdur. Şirkətin 2016-cı il üçün açıqladığı maliyyə hesabatında qeyd olunur ki, bu ilin əvvəlinə "BakuBus"un ümumi zərəri 151,5 milyon manat olub. 2016-cı ildə 12,6 milyon manat gəlir götürən "BakuBus"un xərcləri 28,4 milyon manata çatıb. Rəqəmlərdən belə görünür ki, "BakuBus"un zərər etməməsi üçün gediş haqqının ən azı 45-50 qəpik olması lazımdır. Məlum məsələdir ki, "BakuBus" dövlət şirkəti olduğu üçün büdcədən ayrılan dotasiya hesabına xərclərini ödəyə bilir.

Özəl şirkətlərin nə qədər zərər ya da xeyir etdiyi barədə rəsmi məlumatlar olmasa da, bu sahənin mütəxəssislərinin açıqlamalarından belə görünür ki, hazırkı gediş haqqı özəl daşıyıcı şirkətlərin də xərclərini ödəməyə imkan vermir. Dövlətdən dotasiya almayan özəl daşıyıcı şirkətlər isə bu zərərdən qaça bilmək üçün müxtəlif yollara əl atırlar. Bunların arasında oturacaq sayını (avtobus sayını) az göstərməklə vergini tam həcmdə ödəməmək, qeyri-leqal işçi çalışdırmaqla sığorta və gəlir vergisi ödəmələrindən yayınmaq, işçilərin 8 saatdan artıq işlətmək kimi vasitələr yer alır.

Məlumat üçün onu da qeyd edək ki, marşrutlarda gediş haqqının ən aşağı səviyyədə oduğu ölkələr arasında Azərbaycan ilk sıralarda yer alır. "numbeo.com" saytının 90 ölkəni əhatə edən hesabatında qeyd olunur ki, Azərbaycan dünyada ən aşağ gediş haqqının olduğu 3-cü ölkədir. Yalnız Venesuela və Misirdə gediş haqları Azərbaycandan aşağıdır. Misirdə marşrutlarda birdəfəlik gediş haqqının 11 sent, Venesuelada isə 5 sentə bərabər olduğu bildirilir. Mövcud məzənnəyə (1$ = 1,7 azn) əsasən Azərbaycanda gediş haqqı 12 sent təşkil edir. Region ölkələri arasında Azərbaycanın ən yaxın izləyicisi Ukrayna hesab olunur. Ukraynada gediş haqqı 14 sentə bərabərdir. Digər region ölkələrində gediş haqqı bu cürdür:

Moldova - 0,18 $

Gürcüstan - 0,19 $

İran - 0,20 $

Ermənistan - 0,21 $

Qazaxıstan - 0,24 $

Belarus - 0,30 $

Rusiya - 0,53 $

Türkiyə - 0,69 $

Region ölkələrindəki tariflər də onu göstərir ki, gediş haqlarının artırılması qaçınılmazdır. İndiki halda Tarif Şurasının qiymət artımına getməməsinin səbəbi iqtisadi deyil siyasidir. Hökumət son 2 il ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi geriləmə və ikirəqəmli inflyasiyanın olduğunu nəzərə alaraq, gediş haqlarını yüksəltməklə əhali arasında sosial narazılığı daha da artırmaq istəməyib. Lakin, 2018-ci ildə ölkə iqtisadiyatında müəyyən canlanmanın olcağı proqnozlaşdırılır. Belə bir şəraitdə sərnişindaşıma xidməti tariflərinə yenidən baxılacağını ehtimal etmək olar. Onu da qeyd edək ki, əvvəllər Azərbaycanda hər hansı bir xidmət üzrə diferensial tariflər tətbiq olunmasa da, son zamanlar təbii qaz və elektrik enerjisinə diferensial tariflər tətbiq olundu. Ehtimal etmək olar ki, sərnişindaşıma xidmətlərində də diferensial tariflər tətbiq olunacaq. Qeyd edək ki, əksər ölkələrdə sərnişindaşıma xidmətlərində diferensial tariflər tətbiq olunur. Məsələn, bir çox ölkədə kart sisteminin olduğu marşrutlarda daha çox gediş haqqı yükləndiyi zaman daha aşağı tariflər hesablanır.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.04.2018

20.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az