Mərkəzi Bank 2019 siyasətini elan etdi: Manatla bağlı...

Mərkəzi Bank həmişə olduğu kimi, ilin sonunda növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb.

Bu sözləri iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, bəyanatda Mərkəzi Bankın 2018-ci ildəki siyasətini davam etdirəcəyi və pul-kredit siyasətini yumşaltmağa tələsmədiyi məlum olur:

“2019-ci ildəki əsas hədəf aşağı inflyasiya səviyyəsi (4% ±2%) və sabit milli valyutanın məzənnəsi yolu ilə makroiqtisadi sabitliyi qorumaq olacaq. Bəyanatda hökumət üçün də mesaj var. Mesaj ondan ibarətdir ki, hökumət valyuta və əmtəə bazarına təzyiqi artıran büdcə xərclərini lüzumsuz artırmamalı, vergi və gömrük rüsumlarının həddini optimallaşdırmalı, tənzimlənən qiymətlərin artımını məhdudlaşdırmalıdır. Mərkəzi Bank isə öz növbəsində üzən məzənnə siyasətinə real keçidi yenidən ertələyəcək və manatın məzənnəsini il boyu fors-major hadisəsi olmasa, daşlaşmış bir səviyyədə (hazırda bu hədd 1.70-dir) saxlamağa çalışacaq. Bəyanatda “manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir” fikri hökuməti devalvasiya niyyətindən çəkindirməyə yönəlik növbəti bir mesajıdır".

İqtisadçının sözlərinə görə, bəyanatda manatın məzənnəsinə təsir edən makroiqtisadi göstəricilər olaraq dövlət xərclərinin dəstəklədiyi idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu qeyd edilir:

“Mərkəzi Bank son aylar banklarda yaranmış izafi likvidlik fonunda gələcəkdə depozit bazarında yaranacaq böhranın qarşısını almaq üçün çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracağını bəyan edib. Bunun üçün Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidi artırılmaq istiqamətində genişləndiriləcək. Hazırda qısamüddətli kağızlar 28 günlükdür. Yeganə olaraq yanvarda 364 günlük qiymətli kağızlar buraxılıb. Yəqin ki, gələn il daha uzunmüddətli kağızlar buraxmaqla banklara dəstək veriləcək. Yeni konfiqurasiya həmçinin qiymətli kağızlar bazarının dərinləşdirilməsini və banklararası pul bazarının genişlənməsini nəzərdə tutur".

İqtisadçı vurğulayıb ki, Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirilə bilər:

“İnflyasiyanı aşağı səviyyədə saxlamaq üçün Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək və mövcud uçot dərəcəsi bir müddət sabit saxlanılacaq. Hətta dünya bazarlarında neftin qiymət səviyyəsindən asılı olaraq onun yenidən artırılması da mümkündür”.

S.Əliyev Mərkəzi Bankın makroiqtisadi sabitliyi təmin edən aşağı inflyasiya, sabit məzənnə kimi hədəflərə çatması, Azərbaycan iqtisadiyyatını xarici şoklardan qoruya bilməsi ilə bağlı məsələlərə də münasibət bildirib:

“Bütün bu sualların cavabını neftin qiymətində axtarmaq lazımdır. Neftin qiyməti nə qədər ki 50 dollardan yüksəkdir, hökumət və Mərkəzi Bank prosesə nəzarət edə biləcək və qərarı öz siyasətinə uyğun verə biləcək. “Qara qızıl” 40 dollara yaxınlaşsa və proses uzunmüddətli olsa, sabit məzənnəni və aşağı inflyasiyanı qorumaq mümkünsüz olacaq". (axar.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

22.01.2019

21.01.2019

20.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az