Sahibkarların vergi yükü əvvəlki ilə nisbətən aşağı düşüb

Sahibkarların vergi yükü əvvəlki ilə nisbətən aşağı düşüb.

Martın 4-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Vergilər və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşdə vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra ölkədə vergi yükünün aşağı düşməsi ilə bağlı bəzi açıqlamalar verilib. Diplomatik korpus nümayəndələrinə təqdim edilən şərhlərdə vergi qanunvericiliyində son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanıb, habelə konkret misallarda vergi yükünün aşağı düşməsi nümayiş etdirilib.

Nazirlik həmin şərhlərin maraq doğurduğunu nəzərə alaraq onlardan bəzilərini diqqətə çatdırır.

Qeyd olunub ki, 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində vergi yükünü azaltmağa imkan verən əsaslı güzəştlər sistemi tətbiq edilib. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində sadələşdirilmiş verginin dərəcəsi ölkə üzrə 2 faizə salınıb, muzdlu işdə çalışan işçilər üzrə 8000 manatadək əməkhaqlarının gəlir vergisindən azad edilməsi, habelə mikrosahibkarlıq subyektlərinə gəlirlərini 75 faizə qədər azaltmağa imkan verən ciddi vergi güzəştləri təqdim olunub, kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə vergi stimullaşdırmaları və güzəştlər müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində sahibkarlıq subyektlərində, xüsusilə ticarət sektorunda çalışan sahibkarların vergi yükünün və ya xərclərinin əhəmiyyətli azalması baş verib.

“Kölgə iqtisadiyyatı”nda çalışan bir sıra vergiödəyicilərində uçot sisteminin qaydaya salınması, vergidən yayınmaların qarşısının alınması, bazarda rəqabət mühitinin təmin edilməsi istiqamətində aparılan işlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, cari ilin ilk iki ayında dövlət büdcəsinə daxilolmalarda artım müşahidə olunur. Bu neft sektorunun gəlirləri hesabına deyil, qeyri-neft sektorunda fiskal tənzimləmələrin hesabına baş verir ki, bu da şübhəsiz, ölkədə sosial proqramların icrası üçün əlavə maliyyə imkanları yaradır.

Bəzən sahibkarlar qeyri-leqal gəlirlərinin rəsmiləşdirilməsini vergi yükü kimi dəyərləndirməyə çalışır. Lakin bu belə deyildir. Vergiləri ödəməkdən yayınmaq və vergiödəyicisinin ödəməli olduğu vergiləri gizlətmək imkanlarının məhdudlaşdırılması onun vergi yükünün artdığı anlamına gəlmir. Əksinə, sahibkarlıq üçün təqdim edilən vergi güzəştlərindən istifadə edən hər bir vergiödəyicisi qanuni yolla əldə etdiyi güzəştlər hesabına əvvəlkindən daha az vergi yükünə malikdir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra vergiödəyicilərinin vergi yükünün aşağı salınmasını göstərən bəzi misallara diqqət yetirək.

 

Misal 1 (sadələşdirilmiş vergi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120 min manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir.

Belə olan halda vergiödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 120 min (illik gəlir) x 4 faiz (sadələşdirilmiş vergi dərəcəsi)=4800 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x (500–173 (yaşayış minimumu) x 14 faiz x 12 ay= 2197,4 manat

- Cəmi: 4800+2197,4=6997,4 manat

Dəyişiklikdən sonra, yəni sadələşdirilmiş vergi dərəcəsi 4 faiz 2 faiz, əməkhaqqından tutulan gəlir vergisi 8000 manatadək olduqda 14 və 25 faizdən 0 faiz dərəcəyə endirildiyi üçün hesablama aşağıdakı qaydada olacaq:

- Sadələşdirilmiş vergi: 120 min (illik gəlir) x 2 faiz (sadələşdirilmiş vergi dərəcəsi)=2400 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x 500 x 0 faiz x 12 ay=0 manat

- Cəmi: 2400+0=2400 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 2400 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 4597,4 manat azalması deməkdir.

Misal 2 (ƏDV ödəyicisi üzrə):

Ticarət sektorunda 6 faiz dərəcə ilə sadələşdirilmiş vergiödəyicisi olan və 4 işçisi olan sahibkarın illik gəliri 300 min manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. 2019-cu il yanvarın 1-dən 6 faiz dərəcə üzrə sadələşdirilmiş vergi ləğv olduğu üçün vergiödəyici ƏDV qeydiyyatına alınıb. Vergiödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.

Belə olan halda vergiödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 300 min (illik gəlir) x 6 faiz (sadələşdirilmiş vergi dərəcəsi)=18 min manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x (500–173 (yaşayış minimumu) x 14 faiz x 12 ay=2197,4 manat

- Cəmi: 18000+2197,4=20197,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydada olacaq:

- Əlavə dəyər vergisi (vergiödəyicisinin 300 min manat gəlirindən 10 faiz mənfəət ilə qazancını nəzərə alaraq): 30 min x 18 faiz (ƏDV dərəcəsi)=5400 manat

- Mənfəət- gəlir vergisi: 30 min (mənfəət) x 20 faiz (MV/GV dərəcəsi)=6000 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x 500 x 0 faiz x 12 ay=0 manat

- Cəmi: 5400+6000+0=11 min 400 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 20197,4 manat idisə, dəyişiklikdən sonra bu yük 11400 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 8797,4 manat azalması deməkdir.

Misal 3 (gəlir vergisi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120 min manatdır və o, hər işçiyə aylıq 500 manat əmək haqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergiödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergiödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.

Belə olan halda vergiödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 120 min (illik gəlir) x 4 faiz (sadələşdirilmiş vergi dərəcəsi)=4800 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x (500 – 173 (yaşayış minimumu) x 14 faiz x 12 ay=2197,4 manat

- Cəmi: 4800+2197,4=6997,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

- Gəlir vergisi: (120 min (illik gəlir) – 108 min (illik xərc) x 20 faiz x 25 faiz (mikrosahibkarlara təqdim edilən 75 faizlik güzəşt)=600 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x 500 x 0 faiz x 12 ay=0 manat

- Cəmi: 600+0=600 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 6397,4 manat azalması deməkdir.

Göstərilən misallar bir daha təsdiq edir ki, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra vergiödəyicilərinin, xüsusilə də ticarət sektorunda çalışan sahibkarların vergi yükü əsaslı şəkildə aşağı düşüb. Məsələ yalnız sahibkarların öz uçot sistemini qaydaya salması, mühasibatlığını düzgün aparmağa öyrənməsi, müvafiq olaraq gəlir və xərcləri sənədləşdirməsi, qanuni güzəştlər sistemindən istifadə etməklə vergi öhdəliklərini yerinə yetirməsindən ibarətdir.Azərtac

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]ail.ru
Created by NetService.az