Dəhşət: Ukraynalı Ağstafada 23 il qul kimi saxlanıb - FOTO

"O, mənim qorxumdan fermanı tərk edə bilmirdi"

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonu, Köçəsgər kənd sakini, 1960-cı il təvəllüdlü Əliyev Şahin Kərəm oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxs Ş.Əliyev Ukrayna vətəndaşı, 1951-ci il təvəllüdlü Aleksandr Zıkovun pasportunu və hərbi biletini götürüb, sərbəst yerdəyişmə imkanlarını əlindən almaqla ona psixi təsir göstərərək daim qorxu altında saxlayıb və azadlığını məhdudlaşdırıb.

2007-ci ilin sentyabr ayından etibarən Ukrayna vətəndaşını özünə məxsus fermada saxlayan Şahin Əliyev onu öz mal-qarasına baxmağa, təmizlik işləri aparmağa məcbur edib, mütəmadi olaraq döyüb.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə daxil olan məlumat əsasında ötən il aprel ayının 5-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aleksandr Zıkov fermada aşkar edilib.

Törətdiyi cinayət əməlinə görə Şahin Əliyevə qarşı Cinayət Məcəlləsinin 144-2.1-ci (məcburi əmək) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Şahin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 1986-cı ildə spirt satışı ilə məşğul olduğuna görə məhkum olunduğunu, 2006-cı ildə isə oğurluqda ittiham edildiyini göstərib: “Maldarlıqla, fermer təsərrüfatı ilə məşğul oluram. Ferma kəndimizdən 5 kilometr aralıda yerləşir. Saşanı (Aleksandr Zıkovu nəzərdə tutur-red.) tez-tez Tovuz rayon sakini olan Həsən adlı şəxsin yanında qonaqlıqda görmüşdüm. Onun nə işlə məşğul olduğunu bilmirdim. 2007-ci ildə Həsən vəfat etdi. Yas mərasimində Saşanın yenə içkili olduğunu gördüm. Saşa mənə yaxınlaşıb yeməyinin, arağının olmadığını, heç kimin onun qeydinə qalmadığını deyərək onu fermaya aparmağımı xahiş etdi.

Həsənlə münasibətimiz olduğuna görə onun oğlu Eldar Saşanı mənə verməkdən imtina etmədi. Saşanı özümlə fermama apardım, hərbi biletini, pasportunu da Eldardan götürdüm. O vaxtdan etibarən Saşa fermada işləməyə başladı”.

Təqsirləndirilən şəxs Ş.Əliyev Aleksandr Zıkovun işdən bezdiyini, işləmək istəmədiyini dedikdə ona döyməklə hədələdiyini, silahla onu vuracağı ilə qorxutduğunu deyib: “Saşa qorxusundan hər bir əmrimi yerinə yetirirdi.  Sənədləri məndə olduğuna görə heç yana gedə bilmirdi. Həm də mənim qorxumdan fermanı tərk edə bilmirdi. Onun qaldığı otaqda qızdırıcı yox idi. Ona görə də Saşaya mütəmadi olaraq içki verirdim ki, soyuqdan ölməsin”.

Zərərçəkmiş şəxs qismində dindirilən Aleksandr Zıkov 1992-ci ildən etibarən Azərbaycanda olduğundan yaxınları ilə əlaqəsini itirdiyini deyib: “Uzun illər əvvəl Nijni Novqorodda kafedə Fikrət adlı bir azərbaycanlı ilə tanış olmuşdum, sonradan onun heyvanlarına baxırdım. 1992-ci ildə Fikrət məni özü ilə Azərbaycana gətirdi. O vaxtdan Fikrətin valideynlərinin yanında qalır, mal-qaraya qulluq edirdim. Gördüyüm işin müqabilində isə mənə pul yox, yemək verirdilər. Fikrət bir neçə ildən sonra məni Ukraynaya geri qaytaracağına söz versə də gəlib çıxmırdı. Sənədlərim onun atasında idi. Atası da sənədlərimi qaytarmaqdan imtina edir, Fikrət gələndə qaytaracağını deyirdi.

Oradan çıxıb özümə iş axtardım. Əvvəl Tovuz rayon sakini olan Xanlar adlı şəxsin heyvanlarına baxdım. Sonradansa Həsənin yanında işlədim. Həsən qışda mal-qaranı Ceyrançölə aparır, yayda Tovuza gətirirdi. Həsən mənə çox yaxşı baxırdı. O, rəhmətə gedəndən sonra oğlanları mənə o cür baxmırdılar. Həsənin oğlu məni müəyyən məbləğə Şahin adlı şəxsə satdı. 2007-ci ildə Şahinin yanında işləməyə başladım. Şahin fermada məni qapısı olmayan, beton döşəməli, soyuq və kiçik bir otaqda yerləşdirdi. Mənim üçün aldığı ərzaq həmişə araq, kartof, soğan və makarondan ibarət olurdu. Hər gün səhər saat 07:30-dan axşam saat 21:00-dək işləyirdim, fermadan kənara çıxmağıma icazə verilmirdi.

Fasiləsiz işlətdiyi üçün Şahinin yanında qalıb işləmək istəmirdim. Əvvəllər türmədə olduğuna görə Şahinin xasiyyəti çox sərt idi. Bir neçə dəfə məni özünə məxsus silahla hədələmişdi deyə qorxurdum.

1992-ci ildən Azərbaycanda olduğumdan yaxınlarımla əlaqəni də itirmişdim, heç kimlə əlaqə saxlamaq imkanım yox idi. Azərbaycanda qeyri-qanuni yaşadığımı başa düşürdüm. Amma nə sənədlərim, nə də pulum olmadığından heç yana qaça bilmirdim, polis tərəfindən tutulacağımdan və Şahinin məni tapıb öldürəcəyindən qorxurdum. 

Çünki Şahinin Surqutda reketliklə məşğul olduğunu və qardaşının da orada güllələndiyini bilirdim. Şahin məni daim psixoloji qorxu altında saxlayırdı. Ondan asılı vəziyyətə düşdüyümə görə vətənimə qayıda bilmirdim”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

18.07.2018

17.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az