Çovdarovun daha bir cinayəti üzə çıxdı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Mircəlal Kərim oğlu Nəsrullayev “Azadlıq” qəzetinin redaksiyasına məktub göndərib.

M.Nəsrullayev həmin məktubunda MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun onu necə incitməsindən söz açıb, dövlət başçısından kömək istəyib.

Məktubda deyilir: “Mən 21 il Rusiyada yaşayaraq kiçik bir müəssisənin direktoru olmuşam. 1994-cü ildə  Heydər Əliyevin çağırışı ilə Azərbaycana gəldim və Rusiyada olan əmlakımı pula çevirərək burada iş qurmaq qərarı verdim.

1997-ci ildə yaxın qohumumla Balakən rayonunda, 2000-ci ildə isə Qax rayonunda fındıq zavodu açdıq. Zavodun bütün avadanlıqlarını Türkiyədən gətirdim. 2004-cü ildə Qaxda türk dəyirmanını işə saldım. 300 nəfəri işlə təmin etdiyimə görə müəssisələrimin açılışı televiziyada da göstərildi. Yerli əhali əkdiyi fındığı mənə nağd pula sataraq dolanırdı. Zavodum regionda fındıqçılığın inkişafına təkan vermişdi. Müəssisədə istehsal olunan məhsulu İtaliyaya ixrac edirdim. Ölkəmizə milyonlarla dollar pul gəlirdi. Həmin vəsaitlə istehsalatı genişləndirir, həm də yerli əhalinin sosial durumunu yaxşılaşdırırdım.

2008-ci il, iyulun 29-da mənə MTN-in Ramin adlı əməkdaşından zəng gəldi. Məni MTN-ə dəvət etdilər və Akif Çovdarovun qəbuluna apardılar. Bununla da qara günlərim başladı.

Çovdarov Azərbaycanda iş gördüyümə görə məndən 100 min manat pul istədi. Əks təqdirdə məni məhv edəcəyini, həbsə atacağını dedi. Mənə hədə-qorxu gələrək səhərə qədər orada saxladılar. Məndən 35 min manat alandan sonra pulun qalan hissəsini tapıb gətirmək üçün buraxdılar.

Mənə bir neçə dəfə zəng etsələr də pulun qalan hissəsini verməkdən imtina etdim. Buna görə məni həbs etdilər. 24.12.2008-ci ildə həbs olunmuşam. Ağır Cinayətlər Məhkəməsi Çovdarovun təzyiqi ilə məni  9 il azadlıqdan məhrum etdi. Hazırda 7 ildir ki, cəza çəkirəm. 7 ildir zavodum və dəyirmanım bağlanıb. Fəhlələrim işsiz qalıb, bağbanlar məhsulunu satmağa bazar tapmaqda çətinlik çəkirlər.

Fəaliyyət göstərdiyim illərdə imkansız ailələrə, qaçqınlara, təbii fəlakət zamanı zərər çəkən insanlara yardım edirdim. Həmçinin bütün tədbirlərə maddi yardım edirdim. Cəza çəkdiyim 7 il müddətində MTN tərəfindən təzyiqlər hiss etmişəm. Çünki apelyasiya və kassasiya şikayətlərim baxılmadan qüvvəsində qalıb. Cəzamın 3/4 hissəsini çəkməyimə baxmayaraq məni məntəqə tipli cəzaçəkmə müəssisəsinə buraxmırlar. Cəza şəraitim yüngülləşdirilmir, şikayətlərimə baxılmır.

Cənab prezident! Son vaxtlar MTN ətrafında baş verən məlum hadisələr, sahibkarlara qarşı qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslər barədə keçirdiyiniz tədbirlər məni sizə müraciət etməyə həvəsləndirdi. Ona görə də xahiş edirəm, mənə yardım edin. Mənə qarşı haqsızlığın  araşdırılmasında mənə kömək edin. Cəzamın sonuna 2 il qalır, azad olunmağıma yardım göstərməyinizi xahiş edirəm. Azad olunandan sonra bağlanan zavodlarımın fəaliyyətini bərpa etmək istəyirəm. Yeni iş yerləri açaraq bağban-fermerlərə və yerli işçi fəhlələrə, onların ailələrinə yardım etmək istəyirəm”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2018

20.05.2018

19.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az