Milyonçu Tağıyev ailəsinə münasibətindən şübhələndiyi işçisini döydürüb...

XIX əsrin sonu XX əsrin əvvəllərindəki Bakının ən çox hörmət edilən şəxslərindən biri də sözsüz ki, milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Mesenantı nəinki Azərbaycan, elədə imperiya sərhədlərinin hər yerində olan müsəlman və qeyri-müsəlmanlar rəğbətlə yanaşıblar. Onun gördüyü işlər, xeyirxah əməlləri, özünəməxsus xarakteri bu münasibətin yaranmasına səbəb olmuşdu. Lakin elə danışdığımız ərəfədə -1912-ci ilin əvvəllərində Bakının ictimai həyatında elə bir hadisə baş verdi ki, nəinki, azərbaycanlıları, bəlkə də bütün müsəlmanları həyəcana gətirdi. Bu H.Z.Tağıyevin mühakimə edilməsi idi. O zaman Hacı bir zamanlar oxutdurduğu, daha sonra öz yanında iş verdiyi mühasibini döydürdüyü üçün məhkəməlik olmuşdu.
 
Mediainfo.az  Moderator.az-a istinadən xəbər verir ki,  mesenat Hacı Zeynalabdin Tağıyevin həyatında bəzi qalmqallı hadisələr də baş verib. Bununla əlaqədar  köhnə Bakının biliclərindən olan yazıçı Qılman İlkinin “Bakı və bakılılar” kitabında bu barədə maraqlı qeydlər var:
 
“Vaxtı ilə Tağıyevin pulu ilə ali texniki təhsil alıb qayıtmış Lütfəli bəy Behbudov səkkizinci ilə keçirdi ki, Hacının yanında mühəndis kimi işləyirdi. Evinə gedib-gələn, məhrəm bir adamdı. Necə olursa Hacı Lütfəli bəyin Sona xanıma olan münasibətindən şübhələnir və onu cəzalandırmağı qərara alır. Bir gün-bu hadisə 1911-ci il may ayının 16-da olub-Lütfəli bəyə xəbər göndərir ki, yaşadığı evin otaqlarında nə isə dəyişiklik eləmək istəyir. Lütfəli bəy də gəlib, əlində arşın otaqları ölçə-ölçə bir otağa girəndə orada beş-altı nəfərin toplaşdığını görür. Lütfəli bəyin daxil olması ilə Hacının: “Vurun, əzişdirin bu yaramazı" deməsi bir olur. Adamlar da Lütfəli bəyin üstünə düşüb, onu o ki var əzişdirirlər.
 
Başqa bir rəvayətdə deyilir ki, guya Behbudov içəri girəndə Hacı ona təklif edir ki, təcili yığışıb Bakıdan getsin. Behbudov da otaqdan çıxandan sonra Hacının adamları pilləkənin üstündə onu əzişdiriblər. Sonra da çənəsini yaralayaraq, qanı axa-axa faytona mindirib, evinə göndərirlər”.
 
 
Bu hadisə həmin ilin ən böyük şayiəsinə də çevrilmişdi. Hacının əleyhinə olan şəxslərdən pul alan bəzi qəzetlər bunu başqa şəkildə təsvir edirlər. Guya Hacı Behbudovun arvadını çağırtdırır və qana bulaşmış ərini göstərərək deyir: "Sona xanıma xain gözü ilə baxdığı üçün onu bu günə salıblar". Bir neçə gündən sonra şəhərdə bununla əlaqədar bir çox şayiələr yayılır. 
Aradan bir müddət keçir. Tağıyevin düşmənləri (onların arasında erməni varlıları da vardı) Lütfəli bəyi qızışdırırlar və o da aradan xeyli keçəndəi sonra Tağıyevi məhkəməyə verir. Məhkəmə çox uzanır və nəhayət 1912-ci il mart ayının 6-da Tağıyevin işinə baxılır. Məhkəmə mart ayının 9-dək davam edir. O günlərdə şəhərdə söz-söhbət ancaq Hacının mühakimə edilməsindən gedirdi. Adıçəkilən mənbədən oxuyuruq:
 
“Camaat, böyükdən kiçiyədək məhkəmənin qapısını kəsdirib durur. Çoxlu şahidlər dindirilir, o cümlədən milyonçu Musa Nağıyev də şəhadət verir. Məhkəməyə şahid kimi çağırılmış Muxtarov həmin günlərdə şəhərdə olmadığından məhkəmənin adına teleqram göndərir. Teleqramda bildirilir: "Uzaq bir məsafədə olduğum üçün bilzat məhkəmə iclasında hazır ola bilmədim. Məhkəmə müstəntiqinin hüzurunda söylədiyim sözləri - şəhadəti dübarə təsdiq edirəm".
 
Məhkəmənin gedişi bütün müsəlman aləminə səs saldı. Rusiyanın həryerindən teleqramlar gəlir, Hacının mühakimə edilməsi barədə öz təəssüflərini bildirirdilər. İmam Əbdürrəhman Niyazi bütün Rusiya müsəlmanları adından qəzəb və təəssüfünü bildirirdi. Məhkəmənin getdiyi günlərdə şəhərin, demək olar ki, bütün məscidlərində Hacının bəraət qazanması üçün namaz qılınır, dua oxunurdu. Nəhayət, şəhər vilayət məhkəməsi belə bir qərar çıxarır: Hacı hüquqdan məhrum edilməklə iki il yarım, başqaları isə hərəsi iki il həbsə məhkum edilirlər. Lakin qərar hökm şəklini almamışdan əvvəl Hacı, oğlu Sadıq Tağıyev, prins Mənsur Mirzə və rotmistr Rza bəy Məmmədbəyovun işi imperatorun mülahizəsinə təqdim olunur. Aprelin 27-də Cümə məscidində Bakı müsəlmanlarının yığıncağı çağırılır. Yığıncaq Tağıyevin əfv edilməsi barədə padşahdan xahiş etmək üçün bir nümayəndə heyəti seçir. Həmin günlərdə professor Kosovorotov Tağıyev və Behbudov işində Behbudovun döyülməsini təhqiq və münsiflik etməsi barədə geniş bir məqalə ilə çıxış edib, yazırdı: "Mən birinci dəfədir ki, belə əhəmiyyətsiz işi təhqiq edirəm və bu kimi əhəmiyyətsiz işə dair münsiflər şəhadətinin nəzər-diqqətə alınmadığını və bu cür məhkəmənin qərarını birinci dəfədir ki, görürəm" ("İqbal", 6 aprel 1912)”.
 
Tağıyevin əfv edilməsində təşəbbüsdə olmaq üçün Bakıdan Peterburqa xüsusi nümayəndə heyəti yola düşür. Heyətə I dövlət dumasının üzvü Əlimərdan bəy Topçubaşov, Musa Nağıyev, Mirzə Əsədullayev, doktor Məmmədrza Vəkilov və iki nəfər üləma daxil idi. İmperator H.Z.Tağıyevin günahından keçir.
Çox oxunan xəbərlər
Son xəbərlər

24.11.2017

23.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az