Stalin kimi olmağı bacarmayan oğul-Yakov (1)

Mediainfo.az Stalinin oğlu Yakov haqqında yazını təqdim edir:

Ötən əsrin 90-cı illərinin əvvəllərində SSR-i adlı dünyanın altıda bir hissəsini əhatə edən bir imperiya dağılaraq öz yerini yeni müstəqil dövlətlərə verdi. Ancaq bu dövlət özündən sonra çoxlu sayda müəmmalar da qoydu. Bu müəmmalardan biri də II Dünya müharibəsi zamanı İosif Vissarionoviç Stalin və onun alman əsirliyində ölən oğlu Yakovla bağlıdır. Bu günə kimi Stalinin oğlu Yakovu alman əsirliyindən azad etməməsi ətrafında çoxsaylı əfsanələr dolaşmaqdadır. Bu əfsanələrin əsasında isə Stalinin vətənpərvərliyi və onun guya məhz Vətən naminə əsirlikdə olan oğlu Yakovu feldmarşal Paulyusla dəyişmədiyi dayanır. Həqiqətən də, alman əsirliyində olan oğlu Yakovun Stalinqrad (indiki Volqoqrad) döyüşləri zamanı əsir götürülən feldmarşal Paulyusla dəyişdirilməsi barədə alman komandanlığının Stalinə təklif etməsi tarixi həqiqətdir. Stalinin isə bu təklifə verdiyi cavab (”Mən əsgəri feldmarşala dəyişmərəm”) isə indi də yaşlı nəsil tərəfindən xüsusi məhəbbətlə xatırlanır. Amma, doğrudanmı, Stalin oğlunu, adi bir əsgəri feldmarşala dəyişməmək xatirinə almanların təklifini rədd edib, yoxsa bunun arxasında başqa səbəblər dayanır? Bu suallara cavab vermək üçünsə Stalinin şəxsi ailə həyatına nəzər salmaq lazım gələcək. Hər halda Stalin qaynarqanlı qafqazlı idi və onun oğlunu sevməməsi, ailəsinə, övladlarının taleyinə biganə münasibət bəsləyə bilməsi ağlasığan bir iş deyildi. Çünki qafqazlılarda ailəyə, övlada bağlılıq tarixboyu bütün millət və xalqlardan güclü olub. Belə bir fikir vurğulanır ki, Stalin oğlunu feldmarşala ona görə dəyişməyib ki, bu, ölkədə pis başa düşüləcəkdi. Amma bu deyilənlər də həqiqəti əks etdirmir. Çünki Stalinin ailəsinə və övladlarına olan münasibətlərinin arxasında bəzi gizli məqamlar dayanıb. Yoxsa o, 1941-ci il iyul ayının 16-da Vitebsk ətrafında gedən döyüşlərdə 14-cü tank diviziyasının tərkibindəki artilleriya batareyasının komandiri kimi almanlarla döyüşdə əsir düşən oğlunun taleyinə belə biganə münasibət bəsləməzdi. Digər tərəfdən də, ortada acı bir fakt var: Belə ki, dünyada ən böyük siyasətçi, sərkərdə və dövlət xadimi hesab edilən Stalin üçün oğlunun müharibədə əsir düşməsi biabırçılıq, rüsvayçılıq demək idi. Bu amil isə sonda Yakovun həyatının faciəli şəkildə başa çatması ilə nəticələndi.

Atasına bənzəməyən oğul

Yakov 1907-ci il mart ayının 30-da Bakıda anadan olub. Onun anası Stalinin ilk həyat yoldaşı olan Yekaterina Svanidze idi. Stalin Yekaterinanı “Keto” deyə çağırır və onu çox sevirdi.

Yakovun 1 yaşı olanda anası xəstələnərək öldü. Onun ölümünə dəmir iradəli Stalin belə dözməyərək ağlamışdı. Həmin dövrdə tez-tez həbs edilən və müxtəlif yerlərdə gizli yaşamağa məcbur olan Stalin oğlunun tərbiyəsi ilə məşğul ola bilmədi. Yakovu gah Tbilisidə, gah da Kutaisidə yaşayan xalası himayəyə götürdü və böyütdü. 1921-ci ilə kimi çox az hallarda oğlu ilə maraqlanan Stalin onlara sonralar da vaxt ayıra bilmirdi. Amma Stalinin onları unutduğunu da demək düz olmazdı. Onun Yakov və Vasilidən (Nadejda Alliluyeva ilə nikahdan olan oğlu) əlavə, iki qeyri-qanuni oğlu da var idi. Sonuncu iki oğuldan biri Stalinin Solvıceqodda (1911), digəri isə Turxanda (1917-ci il) həbsdə yatan zaman yerli qadınlarla yaşadığı eşq macərası nəticəsində dünyaya gəlmişdi. Amma bu qeyri-qanuni oğullardan da heç biri ataları Stalinin üzünü görə, onun məhəbbətini üzərlərində hiss edə bilmədilər. Stalin yalnız qızı Svetlanaya (Nadejda Alliluyevanın qızı) xüsusi məhəbbət bəsləyirdi. 1921-ci ildə Stalinin göstərişi ilə oğlu Yakovu Moskvaya gətirdilər. Onun üçün ayrı bir otaq ayırdılar. Uşaqlıq illərini Gürcüstanda keçirən Yakov rusca bir kəlmə olsun belə danışa bilmirdi. Yakovdan cəmisi 10 yaş böyük olan Nadejda onu öz oğlu kimi qəbul etdi. Onların arasında səmimi bir münasibət formalaşmışdı. Bu da həmin dövrdə Yakovla Nadejda arasında guya hansısa eşq macərasının yaşanması barədə müxtəlif şayiələrin yayılmasına gətirib çıxardı. Sonralar Alliluyevanın özünü öldürməsinin arxasında da məhz Stalinin onu oğlu Yakova qısqanmasının dayandığı iddia edilir. Amma Nadejdanın belə bir addım atmağa cəsarət etməsi inandırıcı görünmür. Çünki Stalin üçün Nadejdanın hər addımını nəzarət altında saxlamaq çətin bir iş deyildi. Ailədə atasından hər hansı məhəbbət görməyən Yakov evlənmək və bununla ev həbsindən xilas olmaq istədi. Lakin Stalin o dövrdə, 1925-ci ildə cəmisi 18 yaşı olan oğlunun evlənməsinə qarşı çıxdı. O, təklif etdi ki, əvvəlcə, Yakov ali təhsil alsın. Bu, Yakova ağır təsir etdi və o, mətbəxdə özünə atəş açdı. Ancaq güllə onun yalnız qulaqlarını yalayıb keçdi. Bunu eşidən Stalin xeyli güldü və oğlunu ələ saldı: “Özünü öldürməyi belə bacarmırsan”. Amma bu hadisədən sonra Stalin: “Qoy Yakov necə istəyir elə də yaşasın”, – deyə göstəriş verdi. Bundan sonra Yakov sevdiyi Zoya adlı qızla evlənərək Leninqrada getdi. O, burada Leninqrad vilayət partiya komitəsinin birinci katibi Sergey Mironovun yardımı ilə xüsusi kurs bitirərək zavodda elektromontyor işləməyə başladı. 1929-cu ildə onun Zoyadan bir qızı oldu. Ancaq uşaq tezliklə öldü və bu da onların ailəsinin dağılmasına səbəb oldu. Bundan sonra Yakov Moskvaya qayıtdı və Nəqliyyat Mühəndisləri İnstitutuna daxil oldu. O, institutu bitirəndə Stalin rektora zəng edərək: “Oxuduğu müddətdə Yakovu kimsə himayə edibmi və ona ali təhsil almağa yardım edilməsi barədə sənə göstəriş veriblərmi?”- deyə soruşdu. Qorxudan az qala dili lal olan rektor isə ondan belə xahişin edilmədiyini bildirdi. 1934-cü idə Yakov təsadüfən Aviasiya Texnikumuna daxil olmaq üçün Moskvaya gələn Olqa adlı gözəl bir qızla tanış oldu və ikinci dəfə evləndi. Bu nikahdan onların Yevgeni adlı oğulları oldu. Amma Yakovla Olqanın nikahı uzun sürmədi və ailə dağıldı. O bu dəfə Yuliya Meltser adlı aktrisa qadınla ailə həyatı qurdu. Yuliyadan isə Yakovun bir qızı oldu. Stalin oğlunun teatr qadını və üstəlik, yəhudi əsilli biri ilə evlənməsindən bərk əsəbiləşdi və oğlu əsir düşən kimi Yuliyanı həbs etdirdi.

Ölümə aparan yol

Müharibə ərəfəsində Yakov Artilleriya Akademiyasını bitirdi və müharibənin ertəsi günü cəbhəyə yola düşdü. Amma o, akademiyada aldığı bilikləri döyüşdə tətbiq edə bilmədi. Çünki ordu sürətlə geri çəkilirdi. Baş leytenant Yakov ilk dəfə almanlarla 1941-ci il iyunun 27-də döyüşə girdi. İyulun 4-də isə Yakovun komandanlıq etdiyi artilleriya batareyası Vitebsk ətrafında mühasirəyə düşdü. 12 gün davam edən mühasirə iyulun 16-da onun əsir alınması ilə nəticələndi. Davamı var

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az