Stalin kimi olmağı bacarmayan oğul-Yakov (2)

İyulun 11-də 14-cü diviziyanın komandanı polkovnik Vasilyev xüsusi şöbənin əməkdaşlarını çağıraraq, Yakovu xüsusi yollarla mühasirədən çıxarmağı və onu Moskvaya göndərməyi tapşırdı. Lakin Yakov cəbhə xəttini tərk etməkdən imtina etdi və bu onun faciəsinə aparıb çıxardı. Ola bilsin ki, o vaxt Yakov cəbhə xəttini tərk etməyi özü üçün ləkə hesab edib. İyulun 20-də isə feldmarşal Klyuqe Vitebskdən cənub-şərqdə Liozio adlı yerdə Stalinin oğlu Yakovun alman əsgərləri tərəfindən əsir alındığı barədə korpus komandanı general Şmidtə məlumat verdi. Dərhal Stalinin oğlu Yakovun əsir götürülməsi barədə Berlinə – Hitlerə məlumat verildi. Alman mətbuatı bu barədə məlumat yayanda Stalin Jukovdan məsələnin dərhal araşdırılmasını tələb etdi. Bundan cəmisi bir neçə saat sonra Jukov Stalinə Yakovun əsir götürüldüyünün doğru olduğu barədə məlumat verdi. Bu məlumatı alan Stalin isə uzun müddət susdu, ancaq baş tapmaq mümkün olmadı ki, bu hadisə ona təsir edib-etməyib. Çünki Stalin ən çətin hallarda belə hisslərini büruzə verməməyi bacarırdı…

Yakovu 18 iyulda alman xüsusi xidmət orqanları sorğu-suala çəkdilər. Həmin istintaqla bağlı protokol sənədləri üzərindən gizlilik qrifi artıq götürülüb. Lakin istintaq sənədlərində qeyd edilənlərdə ziddiyyətli məqamlar çoxdur və onların doğru olub-olmadığı dərhal şübhə doğurur. Guya bu sənədlərdə Yakov atasını kəskin tənqid edib və həmin dövrdə onu günahlandırıb.

1941-ci il iyulun 18-də Klyuqenin qərargahında kapitan Reşle tərəfindən Yakovun ilk sorğuya tutulması baş verdi. Sənəddə hadisələr belə təsvir olunub:

– Atanla münasibətlərin necə olub?

– Bir o qədər xoş münasibətimiz olmayıb. Mən onun siyasi dünyagörüşlərinin çoxunu qəbul etmirəm.

Bundan sonra Yakovun alman zabitləri arasında şəkli çəkildi. Sonra da onun guya sovet əsgərlərini təslim olmağa çağıran çağırışlarını əks etdirən vərəqələr alman komandanlığı tərəfindən havadan sovet ordusunun mövqelərinə səpələndi. Bunun ardınca da, yəni 1941-ci il iyul ayının 19-da Yakov atasına belə bir “məktub” göndərdi: “Əziz ata, mən əsirlikdə sağ və salamatam. Tezliklə məni Almaniyadakı əsir zabitlər üçün nəzərdə tutulan xüsusi düşərgəyə göndərəcəklər. Mənimlə olduqca xoş davranırlar. Sizə uzun ömür arzulayıram. Hamıya salamlar. Yakov”. Amma bu məktubu doğrudanmı Yakov yazıb və əgər yazıbsa, bunu nəyə görə edib? Bu suala cavab tapmaq isə çox çətindir.

Yakovun bu “məktub”u Stalini dəli olmaq dərəcəsinə çatdırmışdı. Məktubu Stalinə avqustun 7-də çatdırmışdılar. Şimal-Qərb cəbhəsinin hərbi şurasının üzvü olan Jdanov məktubun surəti olan vərəqəni Stalinə çatdıranda, o, dodaqlarını dişinə sıxaraq susdu. Baş verənləri həzm edə bilməyən Stalin avqustun 16-da “270” saylı məşhur əmrini imzaladı. Əmrdə əsir düşən zabitlər və siyasi işçilər xain hesab edilirdi. Onların ailə üzvləri isə vətən xainləri kimi həbs edilməli idi. Stalinin belə bir sərt əmri verməsinə səbəb isə, şübhəsiz ki, oğlunun ona göndərdiyi məktub olub. Bu əmrin ardınca əsir düşənlərin ailə üzvləri vətən xainləri kimi həbs edildi. Az sonra Yakovun həyat yoldaşı Yuliyanı həbs edərək xüsusi düşərgəyə göndərdilər. Lakin evdə onun azyaşlı qızı tək qalmışdı. Bu məsələni Stalinə çatdırdılar. Yalnız 1943-cü ildə Yuliyanı həbsdən azad etdilər. Həbsdə onun bir anda saçları ağarmışdı. Yakovun atasının “270” saylı sərt əmri imzalamasından və bunun ardınca həyat yoldaşı Yuliyanı həbs etdirməsindən xəbərinin olub-olmaması məlum deyil. Onu 1941-ci ilin payızında Berlinə apardılar. Yakovu Göbbelsin xüsusi mühafizə dəstəsi nəzarətdə saxlayırdı. Yakov Berlində xüsusi, olduqca yaxşı şəraitdə saxlanılırdı. Bir arada onun Berlindəki lüks həyatını əks etdirən şəkillər çəkildi və onun guya sovet ordusuna silahı yerə qoymağı çağıran müraciətləri yayıldı. Amma alman komandanlığının bununla nəyə isə nail olmaq istəyi də mənasız idi. Çünki Stalin artıq faktiki olaraq oğlunun taleyi ilə maraqlanmırdı. Yakov Stalin üçün əsir düşən gündən ölmüşdü…

Buna baxmayaraq, alman komandanlığı ümid edirdi ki, Stalin Yakovu kiminləsə dəyişmək barədə onların təklifini qəbul edəcək. Ona görə də alman komandanlığı Yakova xüsusi qayğı göstərməkdə davam edirdi.

Yakovun sonu

Alman komandanlığı uzun müddət Yakovun nazı ilə oynaya bilməzdi və üstəlik, Stalinin oğlunun taleyinə biganəliyi sonda onlarda əsirə qarşı xoşagəlməz münasibətin formalaşmasına gətirib çıxardı. Ona görə də 1942-ci ilin əvvəllərində Yakovu Berlindəki heç də əsir həyatına bənzəməyən və daha çox qonaq kimi saxlandığı lüks “qonaq evi”ndən Hammelburq ətrafındakı “Oflaq XIII-D” adlı əsir zabitlər düşərgəsinə köçürdülər. O burada yaza kimi qaldı. Amma Yakov düşərgədə heç kimə qaynayıb-qarışmırdı və əsir zabitlər arasında ən qaradinməz adam təsiri bağışlayırdı. Alman komandanlığını da bu narahat edirdi. Çünki onlar Yakovun düşdüyü şəraitə dözməyərək daim fikirli olduğunu və heç cür depressiyadan xilas ola bilmədiyini görürdülər. Ona görə də yeni şəraitə uyğunlaşa bilməsi məqsədilə Yakovu yazda Lyuberkdəki analoji düşərgəyə köçürdülər. Burada o, Kazbeqi adlı hərbi əsirlə tanış oldu. Əslən gürcü knyazları nəslindən olan Kazbeqi bütün günü depressiya vəziyyətində olan Yakova təsəlli vermək istəyir, onu ruhlandırmağa çalışırdı. Müharibədən sonra Kazbeqi yazmışdı ki, Yakov düşərgədə heç kəsə qaynayıb-qarışmasa da, hamı ilə təmkinli dolanır, heç kimlə mübahisə etmirdi. Kazbeqinin yazdığına görə, o ən çox sözün əsl mənasında, ona, analıq edən Nadejda Alliluyevanı həsrətlə xatırlayırdı. Çünki Nadejda ana nəvazişinə həsrət qalan Yakova həqiqətən də, analıq etmişdi.

Bəzi məlumatlara görə, 1942-ci ilin sonlarında Yakovu Himmlerin göstərişi ilə Berlinə aparmışdılar. Alman komandanlığı cəbhədə yaranan ağır vəziyyət ilə əlaqədar Yakovdan SSRİ ilə separat danışıqlar aparılması üçün istifadə etmək niyyətində idi. Lakin nə üçünsə sonra Almaniya SSRİ ilə separat danışıqlara getmək planından əl çəkdi. Yakov bir müddət Berlində qaldı. Burada onunla Himmler və Rozenberqin şəxsən görüşdüyü və onunla söhbət etdiyi məlumdur. 1943-cü ilin fevral ayında Yakovu Zaksenhauzen həbs düşərgəsinə köçürdülər. Burada o, Fransanın keçmiş baş naziri Leon Blyumun oğlu və İngiltərə baş naziri Uinston Çörçillin nəvəsi ilə bir otaqda qalırdı. Stalinqrad döyüşlərində ağır məğlubiyyətə düçar olandan və alman ordusunun ən tanınmış komandanlarından biri hesab edilən feldmarşal Paulyus əsir alınandan sonra Yakova münasibət daha da dəyişdi. Alman komandanlığı onu Yakovla dəyişmək cəhdinə baş vurdu. Bu barədə təklif İsveç Qırmızı Xaç Komitəsinin sədri Qraf Bernadot vasitəsilə Stalinə çatdırıldı. Lakin məlum olduğu kimi, Stalin bu təklifi qəbul etmədi. Stalinin “Əsgəri feldmarşala dəyişmirəm” cavabı dərhal bütün dünya mətbuatının ən çox bəhs edilən məlumatına çevrildi. O dövrün qəzetlərində bundan əlavə Stalinin Bernadota dediyi “Bizim üçün alman əsirliyindəkilər hərbi əsirlər deyil, vətən xainləridir” sözləri də geniş yer almışdı. Bundan əlavə, Britaniyadan olan jurnalistin “Alman əsirliyində olan oğlunuz Yakovun taleyi necə olacaq?” sualına Stalin belə cavab vermişdi: “Mənim əsirlikdə oğlum yoxdur”. Onun bu sözlərinə də dünya mətbuatında olduqca geniş yer verilmişdi. Əslində Stalin bununla da Yakova ölüm hökmü kəsmişdi. Əsir düşdüyünə görə daim depressiyada olan Yakov da artıq belə bir həyatdan bezmişdi. O, anlayırdı ki, gec-tez ölüm onu tapacaq. Yakov üçün SSRİ-yə qayıdış yolu bağlanmışdı. Hətta bu yol açıq olsa belə, onu ağır sınaqlar gözləyirdi. Alman əsirliyində də ölüm hər an onunla yanaşı gəzirdi. Yakov anlayırdı ki, cəbhədə uğursuzluğa məruz qalan almanlar uzun müddət onun nazı ilə oynamayacaqlar. Elə də oldu. Yakov 1943-cü ilin aprel ayının 14-də Zaksenhauzendə müəmmalı şəkildə həlak oldu. Onun alman mühafizəçilərinin diqqətini özünə cəlb etmək üçün tikanlı məftilə doğru qaçdığı və bu zaman əsgərlər tərəfindən açılan atəş nəticəsində həlak olduğu bildirilir. Amma bu barədə əldə dəqiq hər hansı məlumat yoxdur. Amma bütün hallarda Yakovun özünün ölümün qucağına qaçdığı şübhə doğurmur. Çünki onun depressiya vəziyyətində uzun müddət tab gətirməsi inandırıcı görünmürdü. Yakov bununla həm də Stalinin üstündəki “əsir oğul atası” ləkəsini götürmüş olurdu. Yakovun ölüm xəbərindən sonra Stalin onun həyat yoldaşı Yuliyanı həbsdən azad etdi. Yakovun ölüm xəbərini isə Stalin olduqca sakit və soyuqqanlı qarşıladı. Sanki belə bir adam tanımırdı və doğma oğlunun ona heç bir dəxli yox idi. Amma yenə də inanmaq çətindir ki, Yakovun ölümü Stalinin atalıq hisslərini silkələməsin…

Yakova mükafat

Nikita Xruşşovun hakimiyyəti dövründə Stalinin övladlarına, belə demək mümkünsə, divan tutuldu. Artilleriya generalı Vasili Stalinlə o qədər sərt davrandılar ki, onun ürəyi davam gətirmədi və 1959-cu ildə öldü. Onu Volqoqrad şəhərində dəfn etdilər. Amma Leonid İliç Brejnev hakimiyyətə gələndən sonra Stalinə münasibət nisbətən yumşaldıldı. Yakovun alman əsirliyində özünü olduqca mətanətlə aparması barədə ortaya çıxan bəzi sənədlər Brejnevin ürəyini rəhmə gətirdi. Onun razılığı ilə 1977-ci il oktyabr ayının 28-də SSRİ Ali Soveti Rəyasət Heyəti baş leytenant Yakov Cuqaşvilini alman faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi şücaətə və əsirlikdə özünü mərdcəsinə aparmasına görə “Vətən müharibəsi” ordeni ilə təltif etdi.

Yakov Stalinin övladları

Tale elə gətirib ki, Stalinin nəslini məhz onun sevmədiyi oğlu Yakovdan olanlar davam etdirirlər. Yakovun 2-ci evliliyindən, Olqadan olan oğlu Yevgeni hərbçi olmağı qərara aldı və Suvorov məktəbinə daxil oldu. O, burada əmisi Vasilinin oğlu Aleksandr ilə birlikdə oxudu. Amma Aleksandr hərbçi olmaq niyyətindən daşındı və taleyini teatra bağladı. O, Burdonski soyadı ilə (təzyiqlərə məruz qalmamaq üçün Aleksandr anasının soyadını qəbul etməyə məcbur olmuşdu) SSRİ-nin tanınmış rejissoru kimi məşhurlaşdı. Yevgeni isə ali hərbi məktəbdən sonra hərbi akademiyanı bitirdi. Amma sonra o, müxtəlif vəzifələrdə çalışdı, o cümlədən hərbi akademiyada dərs dedi. Yevgeni hazırda Tbilisidə yaşayır. Oğluna atası Yakovun adını qoyub. Ömründə bir dəfə tribunada babası Stalini görən Yevgeni onu sevməsə də, portretini başı üzərindən asıb. Onun oğlu Yakov isə əsirlikdə ölən babası Yakovdan fərqli olaraq, ulu babası Stalinə haqq qazandırır. Gənc Yakov deyir ki, o vaxt İosif Stalin belə sərt davranmasaydı, almanlar dünyanı məhv edəcəkdilər və bununla da yer üzündə qiyamət başlayacaqdı.Son

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2018

20.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az