Almaniyanın başağrısına çevrilən rus casusları( 1)

Medianfo.az saytı "soyuq müharibə" dövründən sonra rus casusların Almaniya üçün yeni təhlükəyə çevrilməsi ilə bağlı yazını təqdim edir:

Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə “soyuq müharibə” dövrünün başa çatmasından 27 ildən artıq vaxt keçir. Buna baxmayaraq soyuq müharibə dövrünün varisləri arasında kəşfiyyat və əks-kəşfiyyat müharibəsi günümüzdə belə davam etməkdədir. Bu baxımdan 2011-ci ildə Avstriyada çapdan çıxan jurnalist Peter Ferdinand Koxun “İfşa edilənlər. İkili casuslar. Adları, faktlar və sübutlar” (“Enttarnt. Doppelagenten: Namen, Fakten, Beweise”) kitabı nəinki Almaniyada, həm də Qərbdə böyük əks-səda doğurmaqda davam edir. Kitabda “soyuq müharibə” və ondan sonrakı dövrlədə Almaniyanın ali dairələrində Rusiyanın xeyrinə casusluq edən və almancadan tərcümədə “köstəbək” mənasını verən casuslardan gedir. Qeyd edək ki, “köstəbək”lərin fəaliyyəti uzun illər Almaniya Federal Kəşfiyyat Xidməti (Bundesnachrichtendienst, BND) üçün başağrısı olub. BND-nin dünyanın müxtəlif ölkələrində 300-dən artıq gizli şəbəkəsi var və onlarda 7 mindən artıq adam işləyir. Hər il BND-yə Almaniya büdcəsindən 500 milyon avro ayrılır. Yeri gəlmişkən, onu da xatırladaq ki, BND-nin əsası İkinci Dünya müharibəsi başa çatandan sonra qoyulub. Faşist Almaniyası darmadağın edildikdən sonra ABŞ və onun müttəfiqləri SSRİ-yə qarşı yeni cəbhə açmaq məqsədi ilə işğal etdikləri ərazilərdə gələcək Almaniya dövlətinin bünövrəsini qoymağa başladılar. Bu çərçivədə Almaniyada yenidən ABŞ və müttəfiqlərinin nəzarəti altında olacaq yeni idarəetmə strukturları (o cümlədən kəşfiyyat və əks-kəşfiyyat) yaradılmağa başlandı. Həmin dövrdə amerikalılar tərəfindən casusluğa cəlb edilən və II Dünya müharibəsi dövründə ABŞ və onun müttəfiqlərinə olduqca gizli məlumatlar ötürən III reyxin hərbi kəşfiyyatının Şərq İdarəsinə rəhbərlik edən general-mayor Reynhardt Gelen ABŞ-dan aldığı yardımlarla yeni casusluq şəbəkəsini yaratmağa başladı. Əvvəlcə, bu şəbəkə onun təşkil edənin adı ilə “Gelen” təşkilatı adlandırıldı. Yalnız 1956-cı ildə “Gelen” təşkilatının adı rəsmi şəkildə dəyişdirilərək, Almaniya Federal Kəşfiyyat Xidməti (Bundesnachrichtendienst, BND) adlandırıldı. Bununla da Almaniya Federativ Respublikasında Hitler Almaniyası xüsusi xidmət orqanlarının varisi olacaq yeni kəşfiyyat mərkəzi fəaliyyətə başladı. Amma yeni alman kəşfiyyatının hədəfi yenə də SSRİ olaraq qalmaqda davam edirdi. İş orasındadır ki, həmin dövrdə, daha dəqiq desək, ötən əsrin 50-ci illərində Almaniya Federativ Respublikasında çoxsaylı sovet casusları fəaliyyət göstəririd. Onlar həmin dövrdə iki vəzifəni həyata keçirirdilər. Bunlardan birincisi, Almaniya kəşfiyyatının yuxarı dairələrinə öz adamlarını yerləşdirərək, bu ölkəni və onun müttəfiqlərini özlərinin nəzarətləri altında saxlamaqla, ikincisi isə, adıçəkilən ölkədə SSRİ əleyhinə fəaliyyət göstərən və DTK tərəfindən satqın adlandırılan şəxslərin aradan götürülməsi ilə bağlı idi.

Kox da öz kitabında məhz BND-dəki DTK, FTX və BKİ (QRU- Qruppa Razvedivatelnaya Upravleniye) kəşfiyyatçılarından danışır. Onun əlində olan gizli mənbələr və təkzib edilməsi mümkün olmayan faktlara görə, “Gelen” təşkilatında (BND) SSRİ-yə işləyən 47 “köstəbək” olub. Onların hamısı ad və soyadları ilə oxuculara təqdim edilib. 39 “köstəbək” isə hələ də SSRİ-nin varisi olan Rusiyaya işləməkdə şübhəli bilinir. Ümumiyyətlə, “köstəbək”lərin fəaliyyəti uzun illər Almaniya kəşfiyyatı üçün əsl başağrısı olub. Hələ ötən əsrin 90-cı illərinin sonlarında Almaniyanın məşhur “Şpigel” jurnalında Almaniyanın xarici kəşfiyyatında çoxlu sayda “köstəbəy”in fəaliyyət göstərdiyi barədə sensasiyalı məlumat çap edilmişdi. Kox həmin dövrdə adıçəkilən jurnalda redaktor vəzifəsində çalışırdı. O həmin dövrdə şübhəlilər arasında BND-nin təhlükəsizlik üzrə əks-kəşfiyyat idarəsinin direktoru Folker Ferçin adını çəkmişdi. Yəni faktiki olaraq, Kox Almaniya kəşfiyyatının yuxarı dairələrində nələrin baş verdiyindən məlumatlı idi. Onun həmin dövrdə Almaniya kəşfiyyatının yüksəkrütbəli əməkdaşları arasında çoxsaylı dostları var idi. Onların vasitəsilə Kox Almaniya kəşfiyyatının ali dairələrində nələrin baş verdiyindən müntəzəm olaraq xəbər tuturdu.

Ferçin fəaliyyəti nəzarət altına alınır

Koxun şübhələndiyi Ferç Almaniyada kifayət qədər tanınan general Germanın oğlu, general Fridrixin isə qardaşı oğlu idi. Fridrix və German da faciəli həyat yaşamışdılar. Hər ikisi müharibənin sonlarında əsir düşmüşdi. Fridrix qırmızı ordu tərəfindən əsir alınmışdı. O, Sibirdəki əsirlər üçün nəzərdə tutulan düşərgələrdən birində 8 il yatmışdı. German isə müharibənin sonlarında amerikalılara əsir düşməyi daha məqsədəuyğun bilmişdi. O, ötən əsrin 40-cı illərinin sonlarında Gelenlə birlikdə yeni alman kəşfiyyat orqanlarının yaradılmasında iştirak etdi. German həmin dövrdə həm ABŞ-a, həm də ingilislərə casusluq edirdi. German oğlunun da öz yolu ilə getməsini arzulayır və onu gələcəkdə mahir kəşfiyyatçı kimi görmək istəyirdi. Bu məqsədlə də o, Gelendən oğlu Ferçi xüsusi xidmət orqanlarında işə düzəltməyi xahiş edir. Ən yaxın tərəfdaşlarından olan Germanın xahişinə əməl edən Gelen 19 yaşlı Ferçi, əvvəlcə, yanında sadə əməkdaş kimi işə götürür. Az sonra isə onu özünün əsas köməkçilərindən biri, şəxsi adyutantı vəzifəsinə təyin edir. Almaniyanın ilk kəşfiyyat orqanına rəhbərlik edən Gelenin yanında Ferç 6 il işlədi. Həmin müddətdə Ferç öz şefindən kəşfiyyatın bütün sirlərini, çoxgedişli gizli manevrləri, kollektivdəki dost və dost hesab edilməyən adamların müəyyən edilməsi və lazım gələndə özlərinin maraqlarının təmini üçün onların arasına intriqa salınması yollarını öyrəndi. Bu da ona vəzifə pillələrində sürətlə irəliləməyə imkan verdi. Berlin divarı uçurulan ərəfədə Ferç BND-də Birinci şöbəyə rəhbərlik edirdi. Bu şöbə kəşfiyyat məlumatları toplamaqla məşğul olurdu. Həmin dövrdə faktiki olaraq Ferçin əli BND-nin ən gizli məlumatlarına çatırdı. Bir sözlə, Ferç xarici kəşfiyyata rəhbərliyi ələ almışdı və buna paralel olaraq, o, xarici kəşfiyyatda işə cəlb edilmiş ikili kəşfiyyatçıların üzə çıxarılması və onlardan ölkəsinin xeyrinə istifadə edilməsi vəzifəsini həyata keçirirdi. Ötən əsrin 90-cı illərinin ortalarında Ferç BND-nin Təhlükəsizlik və Əks-Kəşfiyyat İdarəsinin 5-ci şöbəsinə rəhbər vəzifəyə irəli çəkilir. Bir sözlə, o bununla da BND-də şef və onun köməkçisindən sonra vəzifəcə üçüncü adam olur. Amma həmin dövrdə Ferç ilk dəfə həyatında uğursuzluğa dükar olur. Ferçin göstərişi ilə ölkəyə müxalifət ovqatı üszərində köklənən jurnalistlər barədə gizli şəkildə informasiya toplanılmasına başlanılır və onların hər addımları izlənilir. Amma Ferçin göstərişi ilə etibarsız hesab edilən jurnalistlər barədə məlumatların yığılması və onların izlənilməsi haradansa mətbuata məlum olur. Bu da ölkə daxilində böyük qalmaqala səbəb olur. İş orasındadır ki, həmin dövrdə BND-nin ölkə daxilindəki fəaliyyəti qanunla qadağan edilmişdi. Ona görə də BND-nin jurnalistləri izləməsi və onlar haqqında gizli dosyelər toplaması ölkə ictimaiyyəti arasında kəskin etirazlarla qarşılanır.

Ferçi artıq xoşagəlməz hadisələr gözləyirdi. Çünki ölkənin ali dairələri də işə qarışmalı olmuşdular. Ferç vəziyyətdən çıxış yolu axtarırdı və o, himayədarlarının yardımı ilə özünə haqq qazandırmaq niyyətində idi. Amma gözlənilmədən gizli agent Ryubetsal Ferçin özünü sudan quru çıxarmaq istəyinə zərbə vuran bir addım atdı. Ryubetsal KQB-nin kəşfiyyatçısı idi və o, BND tərəfindən ələ alınmışdı. 1997-ci ilin əvvəllərində Ryubetsal ona rəhbərlik edən zabitə BND-nin ali rəhbərliyində rus kəşfiyyatçısının -”köstəbəy”in fəaliyyət göstərməsi barədə məlumat verdi. Bu barədə məlumat Ferçin birbaşa masasının üzərinə qoyulmuşdu. Ryubetsal və ona rəhbərlik edən zabit tezliklə Ferçin lazımi addımlar atacağını və rus kəşfiyyatçısını üzə çıxaracağını gözləyirdi. Amma Ferç cidd-cəhdlə bunun yalan olduğunu söyləyərək, ona verilən məlumatı Rusiya kəşfiyyatının dezinformasiyası adlandırdı. Amma məlumatı Ferçin masası üzərinə qoyan əks-kəşfiyyat zabiti orada yazılanlarla şəxsən tanış idi. Ona görə də “köstəbəy”in şəxsi həyatındakı intim məqamlardan, onun həyat yoldaşının xəstə olmasından, oğlunun özünü öldürməsindən xəbərdar idi. Ona görə də Ferçin “köstəbək” barədə məlumatları əsassız sayması və bu məsələnin üstünü ört-basdır etməsi onun şübhələrini daha da artırdı. O bu şübhələri barədə birbaşa BND-nin şefi Konrad Portsenrə məlumat verdi. Portnser dərhal məsələnin nə yerdə olduğunu anladı və Ferçin izlənilməsi, danışıqlarına qulaq asılması barədə gecikmədən göstəriş verdi. Ferçin evi də xüsusi nəzarət altına alınmışdı. Davamı var

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

22.05.2018

21.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az