Almaniyanın başağrısına çevrilən rus casusları( 2)

Mediainfo.az "Almaniyanın başağrısına çevrilən rus casusları" adlı yazının ikinci hissəsini təqdim edir:

Portsner hətta gizli əmr verərək, Ferçin Moskva ilə əlaqələrini ifşa edəcək casusa 100 min marka mükafat vəd etmişdi. Nəhayət ki, Ferçin Moskvaya işləməsi barədə müəyyən faktlar əldə edildi. Bunun əsasında 1998-ci ilin may ayında Ferçə qarşı xarici kəşfiyyata işləməsi barədə cinayət işi başladılır. Ancaq Ferçin ifşa edilməsi BND-də və Almaniya hökumətində siyasi böhrana gətirib çıxaracaqdı. Çünki həmin vaxta kimi alman kəşfiyyatı dünyanın ən məşhur xüsusi xidmət orqanlarından biri hesab edilirdi. Ona görə də yuxarılarda bu işin üstünü örtməyə cəhd edildi. Bunun da nəticəsində məhkəmədə Ferçin günahı “sübut” edilmədi. Onu ifşa edən Ryubetsal isə avantürist hesab edildi və o, saxta sənədlə dövləti aldatmaqda ittiham edildi. Ancaq məsələ ətrafında hadisələr o qədər böyümüşdü ki, Ferç tutduğu vəzifəsindən istefa verərək, vaxtından əvvəl təqaüdə çıxmağa məcbur oldu.

İkili oyunlar və Kox Ferçdən əl çəkmir

Ferçin vaxtından əvvəl təqaüdə çıxaraq qalmaqal ətrafındakı gərginliyi aradan qaldırmaq cəhdləri arzuedilən nəticə vermədi. Belə ki, Koxun əlində Ferçin ikili kəşfiyyatçı olması və Rusiyanın xeyrinə casusluq etməsi barədə bir neçə təkzibedilməz fakt vardı. O bu faktlar barədə yazdığı kitabda geniş məlumat verərək, Ferçin təmizə çıxarılmasının arxasında şübhəli amillərin olduğunu sübut etdi. Bununla əlaqədar Ferçin tərcümeyi-halındakı şübhəli faktlar da onun Moskvaya işləməsi barədəki iddiaların doğru ola bilməsini göstərirdi.

1953-cü ildə gənc Ferç Almaniya Demokratik Respublikasından ( ADR) Qərbi Almaniyaya qaçan almanlara müvəqqəti pasportların verilməsinə nəzarəti həyata keçirirdi. Həmin vaxt qaçqınları qəbul edən qəbul düşərgəsi Qərbi Berlindəki Marienfeld rayonunda yerləşirdi. Bu düşərgə vasitəsilə QDR-dən qaçan on minlərlə qaçqın Qərbi Berlində yaşamaq statusu aldı. Ötən əsrin 80-ci illərindən isə QDR və digər sosializm bloku ölkələrindən qaçan minlərlə qaçqın Marienfeld düşərgəsində Almaniya və Qərbi Berlində yaşamaq üçün müvəqqəti pasport aldı. Həmin vaxt qaçqınlar arasında Herfrid Paxmann adlı birisi Ferçdə özünə rəğbət oyada bilmişdi. Tezliklə onların bu təsadüfi tanışlığı dostluğa çevrildi. Milliyyətcə çex olan Paxmann mədəni adam idi və elmi sahədə zəngin biliyə malik olması ilə diqqəti cəlb edirdi. Onun, demək olar ki, bilmədiyi, baş çıxarmadığı sahə yox idi və insanda hərtərəfli, geniş dünyagörüşünə malik olan bir sivil şəxs təsiri bağışlayırdı. Paxmannın həmçinin Şərqi Berlindəki ruslar arasında çoxlu sayda tanışları vardı. Bu da Ferçin böyük marağına səbəb olmuşdu. Onlar müntəzəm olaraq Qərbi Berlindəki “Hardtke” restoranında görüşməyə başlamışdılar. Ferçi o dövrdə daha çox SSRİ-yə əsir düşən dayısı general Fridrixin taleyi maraqlandırırdı. Paxmann Ferçin xahişi ilə Şərqi Berlindəki SSRİ hərbi komendaturasındakı tanışlarının yardımından istifadə etdi və təzliklə Fridrixin yerini müəyyən etdi. Amma Paxmannın bu işdə Ferçə yardım etdiyini sübut edən faktlar əldə yoxdur. Ancaq Fridrixin gözlənilmədən 1954-cü ildə əsir düşərgəsindən azad edilməsinin təsadüfi olduğunu da söyləmək sadəlövhlük olardı. Çünki SSRİ xüsusi xidmət orqanları nəinki sıravi alman əsirlərin, hətta zabitlərin belə asanlıqla azadlığa buraxılmasına imkan vermirdilər. Belə bir vəziyyətdə Fridrixə “qayğı” göstərilməsi və onun azadlığa buraxılmasının arxasında Ferçin tanışı Paxmannın xüsusi rol oynadığı güman edilir. Sonrakı araşdırmalar göstərdi ki, Paxmann, həqiqətən də, SSRİ Baş Kəşfiyyat İdarəsinin Şərqi Berlindəki Treptov rayonunda yerləşən rezidenturasının gizli əməkdaşı olub. Lakin Ferç haqqında cinayət işi qaldırılarkən bu məsələnin üstündən sükutla keçildi. Niyə? Bu suala birbaşa cavab vermək asan deyil. Amma ola bilməzdi ki, məhkəmədə Ferçin Rusiyanın xeyrinə casusluğa cəlb edilməsinə şübhə yeri qoymayan bu önəmli fakt hər işdə olduqca diqqətli olan məhkəmənin diqqətindən yayınsın. Ola bilsin kı, bu fakta göz yumulması yuxarıların göstərişi ilə edilmişdi.

İkili oyunları təsdiq edən hadisə

Ferçin ikili oyunlara cəlb edildiyini 1962-ci ildə baş verən digər hadisə da sübut edir. Həmin ildə Ferçin əlinə BND-nin iki aparıcı əməkdaşının şübhəli hərəkətləri barədə material düşür: BND-nin əməkdaşları Felfe və Klemens SSRİ xüsusi xidmət orqanlaru tərəfindən əməkdaşlığa cəlb edilmişdilər. Hər şənbə günü müəyyən radiotezlikdə onlar üçün xüsusi siqnallar göndərilirdi. Bu siqnalların oxunması üçün xüsusi şifrəaçıcı trafaret tələb olunurdu. Amma günlərin birində Felfe bu siqnalları oxuya bilmədi. Çünki istifadə etdiyi şifrəaçıcı trafaret artıq köhnəlmişdi və işə yaramırdı. Bunu görən Felfe əlacsız qalaraq dostu, digər KQB agenti Klemensə zəng vuraraq kömək istəməli oldu. Klemens dostuna poçt vasitəsi ilə təzə şifrəaçıcı trafaret göndərdi. Lakin Felfin Klemensə zəng etməsi və ondan yardım istəməsi BND-nin diqqətini cəlb etmişdi. Bununla bağlı şübhə doğuran materiallar Ferçin masasının üzərinə qoyuldu. O bununla bağlı məsələni araşdıraraq nəticəsi barədə şefə məlumat verməli idi. Amma Ferç bu məsələni araşdırmaq əvəzinə, onu seyfə qoyaraq ağzını kilidlədi. Ancaq Felf və Klemens digər kəşfiyyatçılar tərəfindən də izlənilirdi. Bunun da nəticəsində adı çəkilən hər iki şəxs baş verən hadisədən bir neçə il sonra həbs edildi. Yalnız bundan sonra Ferç özündə olan şübhəli materialları məhkəməyə təqdim etdi. O vaxt Gelen tərəfindən müdafiə edilən Fercə məsələni araşdırmaq əvəzinə, onu gizlətməsi barədə iş qaldırmağa cəsarət etmədilər. Çünki bu, alman kəşfiyyatının xaç atasından, onu yenidən quran şəxsin özündən şübhələnmək anlamına gələcəkdi.

Sonralar Almaniya Baş prokuroru Şults artıq öz vəzifəsindən könüllü şəkildə istefa verməyə məcbur olan Ferçdən soruşacaqdı: “1997-ci ildə Moskvaya xidməti, yoxsa şəxsi işlə bağlı getmişdiniz?” Ferç, həqiqətən də, həmin vaxt Moskvaya səfər etmişdi. Amma nəyə görə? Ferç baş prokurorun bu sualına susmaqla cavab verir. Halbuki susmaq mühakimə edilənin fakt qarşısında qalması və ona görə özünü müdafiə etmək üçün bəhanə tapmaması kimi qəbul edilir. Həmin vaxt Ferç BND-də üçüncü məsul şəxs sayılırdı və onun bu barədə susması Baş prokuroru daha da şübhələndirməliydi. Amma Ferçi sorğu-suala tutan prokuror onun suala cavab verməməsini görüb, daha dərinə getməmişdi. Belə güman etmək olar ki, ona yuxarılardan bu məsələ barədə çox dərinliklərə getməmək tapşırılmışdı. Ferç 1997-ci ildə Ukraynaya da səfər etmiş və oradakı xüsusi xidmət orqanları rəhbərləri ilə də görüşmüşdü. Moskva səfərindən fərqli olaraq Ukraynada keçirdiyi görüşlər barədə məlumatlar istintaq protokolunda əksini tapmışdı. Sonda Ferçi təmizə çıxaran məhkəmə qərarında belə yazılmışdı: “ Ferçin 1993-1997-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olması barədəki şübhələr heç bir əsasa söykənmir.”

Necə deyərlər, alman kəşfiyyatı və hökuməti bu işi ört-basdır etməklə özlərinin imiclərini qorudular. Amma Koxun da qeyd etdiyi kimi, Ferç həbs edilməli və cəzasını almalı idi. Ferçi yalnız Gelenin xidmətləri və hökumətin yeni qalmaqalla üzləşməmək cəhdləri xilas etdi.

Hazırda Folker Ferç azadlıqdadır və eyni zamanda Almaniya xüsusi xidmət orqanlarının Berlindəki “dəyirmi masası”nın fəxri üzvü olmaqda davam edir. Amma kəşfiyyat xidməti əməkdaşları və köhnə tanışları ona hər yerdə soyuq münasibət bəsləyir və onunla isti əlaqələr qurmaqdan çəkinirlər.Son

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az