Bəşəriyyəti fəlakətə sürükləyən naməlum xəstəliklər

Mediainfo.az saytı "Bəşəriyyəti fəlakətə sürükləyən naməlum xəstəliklər" adlı yazını oxucularına təqdim edir:

Son 100 ildə dünya tibbi öz tarixində böyük inkişaf yolu keçib və bir vaxtlar müalicəsi mümkün olmayan, ölümlə nəticələnən əksər xəstəliklər artıq müalicə olunur. Bununla belə, günümüzdə elm və texnikanın inkişafına paralel olaraq, mənşəyi məlum olmayan bir çox xəstəliklər insanları təhdid etməkdə davam edir. Bu baxımdan tibb elmində mənşəyi məlum olmayan xəstəliklərlə bağlı aparılan çoxsaylı tədqiqatlar, hələlik, nəticə vermir. Tibb elmində, adatən, belə xəstəlikləri elmi-texniki tərəqqinin özü ilə gətirdiyi xəstəliklər adlandırır və əksər hallarda onları müalicə etməkdə aciz olduqlarını etiraf edirlər. Mənşəyi məlum olmayan və adətən, qeyri-adi vəziyyətlərdə ortaya çıxan bu xəstəliklər isə tibb elmi üçün başağrısı olaraq qalmaqda davam edir.

Müharibə xəstəliyi

1991-ci ildə 700 min Amerika, 300 min də onun müttəfiqlərinin daxil olduğu 1 milyon əsgər İraq tərəfindən işğal edilən Küveytə daxil oldu. “Səhrada fırtına” adı alan hərbi əməliyyat qısa müddətdə koalisiya güclərinin qələbəsi ilə başa çatdı. Amma müharibə başa çatandan sonra əməliyyatda iştirak edən əsgərlərdə elmə məlum olmayan xəstəliklər özünü büruzə verməyə başladı. Müharibədən qayıdan ABŞ əsgərləri sağlamlıqlarından şikayət etməyə, həkimlərin qapılarını döyməyə başladılar. Amma onların şikayətləri əksər hallarda qeyri-adi təsir bağışlayırdı və həkimlərin tibbi bilikləri ilə ziddiyyət təşkil edirdi. Əsgərlər baş hərlənməsindən, halsızlıqdan, zəiflikdən, yaddaşlarını itirməkdən, oynaqlarda, əzələlərdə olan dözülməz ağrılardan şikayət edirdilər. Keçmiş əsgərlərin bəzilərində kəskin qarın, baş ağrıları baş verirdi. Bu ağrıların nədən baş verdiyini öyrənmək üçün həkimlər ən müasir tibbi avadanlıqlardan istifadə edir, ancaq xəstəliklərin səbəblərini tapa bilmirdilər. Ən yüksək səviyyədə həyata keçirilən həkim yoxlamaları zamanı şikayət edən əsgərlərin sağlamlığını şübhə altına salan, ağrılara səbəb olan hər hansı bir xəstəlik tapılmırdı. Necə deyərlər, səhhətlərindəki müxtəlif ağrılardan şikayət edən xəstələr yoxlamalar zamanı sağlam çıxırdılar. Bu arada isə “Səhrada fırtına” əməliyyatında iştirak edən və bu müəmmalı xəstəliyə dükar olan əsgər və zabitlərin sayı artmaqda davam edirdi. Nəticədə həkimlər naməlum xəstəliyi “Fars körfəzi sindromu” adlandırmağa başladılar. Əvvəlcə, həkimlər belə güman edirdilər ki, bütün bunlar müharibədə iştirak edən əsgərlərin keçirdiyi stresin, psixoloji gərginliyin, qorxu hissinin nəticəsidir. Ona görə də onları daha çox psixoloji metodlarla müalicə etməyə çalışırdılar. Amma 15-20 il ərzində aparılan müalicələr nəticə vermədi və onda həkimlər anladılar ki, əsgərlərdə müşahidə edilən xəstəliklər heç də stress, psixoloji gərginlik, qorxu amilləri ilə əlaqədar deyil. Buna paralel olaraq, “Səhrada fırtına” əməliyyatında iştirak edənlər arasında mənşəyi məlum olmayan xəstəliklərin sayı artmaqda davam edirdi. Məsələn, Stiven Xokinq adlı hərbçi müalicəsi mümkün olmayan yaddaşın itməsi (amiotrof lateral skleroz) xəstəliyinə dükar olmuşdu. Bu xəstəliklərin müalicəsi üçün ABŞ hər il dövlət büdcəsindən on milyonlarla dollar ayırsa da, xəstələri müalicə etmək mümkün olmurdu. Üstəlik, həkimlərin səylərinə baxmayaraq, müalicə oluna bilməyən Küveyt müharibəsi iştirakçıları həkimlərin onların xəstəlikləri ilə bağlı hansısa sirrə malik olduğu qənaətinə gəlmişdilər. Ona görə də müharibə veteranları arasında narazılıqlar artmaqda davam edirdi. 2009-cu ildə Boston Universitetinin Ekspertlər Komitəsi bu müəmmalı xəstəliklərlə bağlı ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə 450 səhifəlik hesabat hazırladılar. Hesabatda qeyd edilirdi ki, əsgərlər arasında müşahidə edilən və müalicəsi məlum olmayan “Fars körfəzi sindromu”nun qorxu, sarsıntı, psixoloji gərginliklə heç bir əlaqəsi yoxdur və bu, naməlum xəstəlik növüdür. Hesabatın hazırlanmasının üstündən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, xəstəliyin səbəblərini müəyyən etmək mümkün olmayıb. Qeyd edək ki, naməlum xəstəliyin səbəblərini tapmaqda çətinlik çəkən həkimlərlə müqayisədə tanınmış kimyaçı alimlər və hərbi tədqiqatçılar Küveyt müharibəsində iştirak edən əsgər və zabitlərdə özünü göstərən bu sindromları kimyəvi silahın tətbiqi ilə izah edirlər. Qeyd edək ki, Kuveyt müharibəsi zamanı düşmən əsgərlərə qarşı kimyəvi-psixoloji silahdan istifadə edildiyi barədə şayiələr hələ ötən əsrin 90-cı illərində geniş şəkildə yayılmışdı. O vaxt belə bir fikir vurğulanırdı ki, yaxşı hərbi təlim görmüş İraq əsgərlərinin ciddi müqavimət göstərmədən qorxu içində geri çəkilmələrinə səbəb məhz ABŞ tərəfindən onlara qarşı tətbiq edilən və qarşı tərəfin psixologiyasının pozulmasına yol açaraq qorxudan qaçmağa məcbur edən kimyəvi-psixoloji silahın tətbiqi olub. Təbii ki, həmin kimyəvi-psixoloji silahın tətbiqinin sindromları müəyyən müddətdən sonra hərbi əməliyyatlarda iştirak edən ABŞ və onun müttəfiqlərinin əsgər və zabitlərində də özünü göstərməyə başlayıb. Hələliksə, hərbi tədqiqatçıların və kimyaçı alimlərin bu iddialarının yalan və ya doğru olduğunu sübut etmək mümkün olmayıb. Həkimlərsə bu naməlum xəstəliyin qarşısında aciz qaldıqlarını gizlətmir və bunu açıq şəkildə etiraf edirlər. Bəlkə də Küveyt müharibəsi iştirakçıları olan əsgər və zabitlərin dedikləri kimi, həkimlər onlarda özünü göstərməkdə davam edən naməlum xəstəlik barədə həqiqəti gizlədirlər? Amma hər halda bu barədə də düşünməyə dəyər.

Naməlum mətbəx xəstəliyi

“Fars körfəzi sindromu” adı verilən naməlum xəstəliyin varlığı artıq tibb elmində qəbul edilsə də, buna paralel olaraq, sirri məlum olmayan digər xəstəliklər də tibb sahəsində çalışanları narahat etməkdədir. Belə xəstəliklərdən biri də elmdə “mətbəx xəstəliyi” adı altında tanınır. İlk dəfə bu xəstəliyə ötən əsrin 60-cı illərində rast gəlinib. Bu müstəvidə də 1968-ci ilin aprel ayında həkim Robert Xo Man Kvok dünyanın məşhur tibb jurnalı olan “Nevv England”də həyəcan dolu bir məktub yazdı. Həmin məktubunda həkim Çin restoranına getdiyini və orada yerli mətbəxin dadına baxdığını, turş-şirin sous və qəribə dadı olan ət bulyonu yediyini, bundan sonra xəstələndiyini yazmışdı. Doktorun yazdığına görə, yeməkdən sonra onun boynu ağrımağa başlamış, əlləri və bədəni zəifləmişdi. Robert Xo Man Kvok bunun Çin mətbəxində istifadə edilən qlutamat-natri ilə bağlı ola biləcəyini bildirirdi. Yeri gəlmişkən, onu da deyək ki, Çin, yapon, tay mətbəxində müxtəlif yeməklərin hazırlanmasında qlutamat-natridən geniş şəkildə istifadə edilir. Amma bu günə kimi yaponlar, çinlilər və tailandlılar arasında belə bir xəstəliyin sindromlarına rast gəlinməyib. Bununla belə, doktorda əlamətləri aşkar edilən bu xəstəlik sindromunun daşıyıcısı olan insanların sayı sürətlə artmağa başlayandan sonra tibb alimləri Robert Xo Man Kvokun məsələ ilə bağlı yazdıqlarını araşdırmağa başladılar. Onlar qlutamat-natrinin tərkibini ən yüksək səviyyədə yoxladılar. Lakin onda xəstəliyə səbəb ola biləcək hər hansı amil tapa bilmədilər. Nəticədə həkimlər baş verənləri Çin mətbəxini dadan xaricilərdə əmələ gələn kütləvi psixoz sindromu ilə əlaqələndirdilər.

Bununla belə, 1969-cu ildə “Science” jurnalında qlutamat-natrnin siçanlar üzərində sınaqdan çıxarıldığı və nəticədə onların inkişafdan geri qaldığını bildirən elmi məqalə çıxdı. Lakin tibbi sahə üzrə tədqiqatçılar siçanlara normadan xeyli çox qlutamat-natri verildiyini və onların inkişafdan geri qalmalarına bunun səbəb olduğunu sübuta yetirə bildilər. Bununla belə, xəstəliyin sindromlarının daha çox adamda müşahidə edilməsi tədqiqatçı alimləri çətin vəziyyətdə qoyub. Belə ki, xəstəliyin əlamətləri var, ancaq onun mənşəyi məlum deyil. Ona görə də elmdə “mətbəx xəstəliyi” sindromu adı alan bu xəstəliyi müalicə etmək mümkün olmur. Ən yaxşı hallarda Qərbdən olanlara Çin mətbəxindən dadmamaq tövsiyə edilir. Lakin insanların maraqlarını nəzərə alanda bu tövsiyələrə həmişə əməl etmək mümkün olmur. Nəticədə insanlar arasında mənşəyi məlum olmayan daha bir xəstəlik “mətbəx xəstəliyi sindromu” yayılmaqda davam edir.

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2018

13.12.2018

12.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az