Müəmmalı yoxaçıxmalar davam edir (3)

 

Mediainfo.az saytı yazıçı-jurnalist Əziz Mustafanın "Müəmmalı yoxaçıxmalar davam edir" adlı yazısının üçüncü hissəsini oxucularına təqdim edir:

İnsanların müəmmalı şəkildə yoxaçıxmaları davam etdiyi bir vaxtda bu sirrin açılması heç cür mümkün olmurdu. Sirli yoxaçıxmalar isə hər gün hansısa ailəni pərişan etməkdə idi. Ötən əsrin 50-ci illərində Amerikada daha çox insanın yoxa çıxması Kaliforniyadakı Milli parkda qeydə alınırdı. 280 hektar ərazisi olan parkda ən çox uşaqlar itkin düşdüyündən park əhali arasında “İtmiş uşaqlar parkı” adı altında tanınırdı. Parkda demək olar hər gün kim isə itirdi. Müxtəlif illərdə yüzlərlə uşaq və yeniyetmə parkda müəmmalı şəkildə yoxa çıxmışdı. Onlardan biri də 8 yaşlı Tommi Boumen idi. 1957-ci il avqust ayının 23-də Tommi Boumen adı çəkilən parkda atası, dayısı və əmiuşaqları ilə gəzirdi. Uşaqların şən səsi aləmi götürmüşdü. Gəzişmənin şirin yerində Tommi gözlənilmədən qaçaraq bir neçə metr irəlidəki ağacların arxasında gözdən itdi. Dərhal atası, dayısı və əmiuşaqları onun arxasınca qaçdılar. Ancaq Tommi yoxa çıxmışdı. Tommi bir neçə saniyə içində sanki havada buxarlanmışdı. Dərhal Tomminin axtarışına 400 nəfərdən artıq adam, o cümlədən peşəkar izaxtaranlar və xilasedicilər cəlb edild, parkın ərazisi qarış-qarış yoxlanıldı. Ancaq Tommini heç yerdə tapmaq, onun izinə rast gəlmək mümkün olmadı. Yeri gəlmişkən onu da deyək ki, park pis ad çıxardığından adətən oraya gələnlərə bununla bağlı xəbərdarlıq edilir, ən azından 3-4 nəfərlə gəzmək və istirahət edənlərdən bir neçə metrdən artıq ayrılmamaq tövsiyə edilirdi. Buna baxmayaraq uşaqlar və yeniyetmələr valideynlərindən azacıq da olsa ayrılmağa cəhd edir və onlardan azacıq aralan kimi yoxa çıxırdılar. Parkda sonrakı illərdə də yoxaçıxmalar davam etdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi baş verənlərdən narahat olaraq parkdakı sirli yoxolmaların SSRİ-nin hansısa gizli silahı ilə bağlı olduğu qərarına gəldi. Dərhal da MKİ nəzdində parkda baş verənləri araşdırmaq üçün ən tanınmış parapsixoloqlardan, kriminalistlərdən və anomal hadisələr üzrə ixtisaslaşan peşəkar araşdırmaçılardan ibarət tədqiqat qrupu yaradıldı. Bu qrup gizli şəkildə parkda baş verənləri diqqətlə izləyir və insanların hansı şəraitdə yoxa çıxmalarının səbəblərini öyrənməyə çalışırdı. Lakin tədqiqatlar zamanı məşhur parapsixoloqlardan bir neçəsi də müəmmalı şəkildə yoxa çıxdı. Onların da axtarışları hər hansı bir nəticə vermədi. Buna baxmayaraq tədqiqat qrupu parkdakı hadisələri araşdırmaqda və oranı nəzarətdə saxlamaqda davam edirdi. Ötən əsrin 60-cı illərinin əvvəllərində tədqiqat qrupunun üzvləri bir-birlərinin ardınca parkın ərazisində yoxa çıxmağa başladılar. Yalnız bundan sonra məsələnin ciddi xarakter aldığını görən Mərkəzi Kəşfiyyat İdarəsi axtarışları dayandırmağa məcbur oldu. Nə qədər qəribə olsa da, ötən əsrin 70-ci illərindən başlayaraq parkda itkin düşənlərin sayı azalmağa başladı. Son illərdə isə ümumiyyətlə orada yoxolmalar qeydə alınmayıb. Bunun nə ilə əlaqədar olması isə hələlik məlum deyil. Belə güman edilir ki, parkda hansısa yerdənkənar sivilizasiyaya məxsus ərazi və ya obyekt olub. O əraziyə yaxın düşənlər isə belə demək mümkünsə yadplanetlilərin əsirinə çevriliblər. Bu gündə də Kaliforniya Milli parkında hər yerdə xəbərdarlıq işarələri və əvvələr baş verən hadisələrlə bağlı açıqlamalar var. Parka daxil olan hər kəsə orada gəzişmənin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edilir.

Müəmmalı yoxaçıxmalar davam edir
ABŞ-da müəmmalı şəkildə yoxaçıxmalar sonrakı illərdə də davam etdi. 2001-ci il iyun ayının 13-də Ceyson Yolkovskini təcili şəkildə işə çağırdılar. Yolkovski işə tələsdiyi üçün yoldaşına zəng edərək təcili şəkildə maşını ilə onun ardınca gəlməsini xahiş etdi. Dostu Yolkovskigilə gələndə onu evdə tapa bilmədi.
Araşdırmalar zamanı məlum oldu ki, onu sonuncu dəfə qonşulardan biri zibil atarkən görüb. Yolkovskinin axtarışına ABŞ-ın ən məşhur kriminalistləri, təcrübəli hüquq-mühafizə orqanları əməkdaşları, o cümlədən dedektivlər cəlb edilmişdi. Bütün səylərə baxmayaraq Yolkovskinin izini tapmaq mümkün olmadı. Yolkovskinin müəmmalı şəkildə yoxa çıxması yenə də sirr olaraq qalır.
2006-cı il aprel ayının 1-də ABŞ-ın Oqayo ştatında daha bir müəmmalı yoxolma hadisəsi qeydə alındı. Yerli universitetdə tibb üzrə təhsil alan Brayan Şaffer dərsdən sonra bir az dincəlmək üçün bara daxil oldu. Barın daxilində o iki qızla birgə idi. O ətrafdakı adamlara sərxoş təsiri bağışlayırdı. Lakin Şaffer bardan çıxmadan müəmmalı şəkildə yoxa çıxdı. Bardakı videokameralar onun içəri daxil olduğunu qeydə almışdılar. Lakin Şafferin barı tərk etməsi barədə görüntülər qeydə alınmamışdı. Polis dərhal məsələni araşdırmağa başladı. Şafferin barda olduğu qızlar sorğu-suala tutuldular. Onlar Şafferin bir neçə dəqiqəyə gələcəyini deyərək yanlarından ayrıldığını, ancaq sonra bir daha onu görmədiklərini söylədilər. Şafferin öldürülə biləcəyini düşünən polislər oranı diqqətlə axtardılar və bu məqsədlə insanın ölüsünün və ya dirisinin yerini müəyyən edən cihazdan istifadə etdilər. Lakin Şafferin nə ölüsünün, nə dirisinin yerini tapmaq mümkün olmadı…
ABŞ-da digər bir müəmmalı yoxaçıxma hadisəsi 2007-ci ildə baş verdi. 55 yaşlı Barbara Bolik Montana ştatından Kaliforniyaya dostu Cim Ramakerin evinə qonaq gəlmişdi. Onlar birgə meşədə istirahət etmək qərarına gəldilər. Ramaker irəlidə gedir, Barbara Bolik isə onu daban-dabana izləyirdi. Ramaker ətrafdakı gözəlliyi seyr etmək üçün bir anlığa dayandı. Bolik də onun kimi edərək ətrafdakı gözəllikdən vəcdə gəldiiyni söylədi. Bir neçə saniyə sonra ətrafdakı gözəlliyin sehrindən ayılan Ramaker yanında Boliki görmədi. Polis dərhal onu sorğu-suala tutdu. Bolikin yoxa çıxmasında Ramakerdən şübhələnsələr də onun bu işdə əli olmadığı üzə çıxdı. Bununla belə polis uzun müddət Bolikin izini axtardı, lakin bu günə kimi onun dirisinə və ya ölüsünə rast gəlmək mümkün olmayıb.

İnsan qrupları da yox olur…
Müəmmalı yoxaçıxmalar yalnız ayrı-ayrı insanlarla məhdudlaşmır. Bəzən kəndlərin, çoxsaylı insan qruplarının da yoxa çıxması dəfələrlə qeydə alınıb. Belə yoxaçıxmalardan biri Afrikada baş verib. Ötən əsrin əvvəllərində Qərbi Afrikadakı Daqomeye şəhəri yaxınlığındakı Nqobo kəndində yaşayan əhali bir gecənin içindəcə müəmmalı şəkildə yoxa çıxdı. Kəndə gələnlər heyrətə düşdülər, qazanlar ocağın üstündə isti idilər və bişirilən yeməklərə əl dəyməmişdi. Ətrafda keçilər və heyvanlar sakit halda otlamaqda davam edirdilər. Amma kənddə yaşayan 300 nəfər yoxa çıxmışdı. Yoxa çıxanları axtarmaq üçün yüzlərlə insan, o cümlədən təyyarələr cəlb edilmişdi. Lakin 300 nəfərdən birini də olsa tapmaq mümkün olmadı. Oxşar digər hadisə İrkutskda da baş verdi. Maral saxlayanlara qəzet məktub aparan poçtalyon hər hansı bir insana rast gəlmədi. Yenə də ətrafda marallar sakit şəkildə otlayır, itlər heç nə olmamış kimi isti çadrların ətrafında dolaşırdılar. Amma 100-ə yaxın maralsaxlayan kiçikdən tutmuş böyüyə kimi yoxa çıxmışdı. Dərhal onların axtarışlarına başlanıldı. Lakin bütün səylərə baxmayaraq maral saxlayanları tapmaq mümkün olmadı. Yenə də belə güman edilir ki, maral saxlayanlar hansısa hadisənin təsiri nəticəsində isti çadırlarını tələm-tələsik tərk ediblr. Onlar özləri ilə hətta isti paltar belə götürməmişdilər. Belə ehtimal edilir ki, maral saxlaynlar hansısa anomal hadisənin və ya kosmosdan gələnlərin qurbanlarına çevriliblər. Çünki əgər maral saxlayanlara qarət məqsədi ilə hücum edilsəydi, onda onların pullarına, qiymətli əşyalarına da toxunardılar. Bu günə kimi 100-dən artıq maral saxlayanın müəmmalı şəkildə yoxa çıxmasının səbəbini aydınlaşdırmaq mümkün olmayıb.

Əziz MustafaMedianfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

22.09.2018

21.09.2018

20.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az