Xruşşov: SSRİ-nin sərxoş dövlət rəhbəri

 

Mediainfo.az saytı yazıçı-jurnalist Əziz Mustafanın "Xruşşov: SSRİ-nin sərxoş dövlət rəhbəri" adlı araşdırmasını təqdim edir:

İndi də onun adı çəkiləndə yaşlı nəslin dodaqlarında təbəssüm görünür. Bir vaxtlar SSRİ adlı imperiyanı 10 il idarə edən bu adam çox saymazyana və olduqca laqeydcəsinə "Dövləti idarə etmək üçün adi bir aşpaz da yetərlidir” demişdi. Yəni ölkəni idarə etmək üçün nə ağıl, nə təfəkkür lazım imiş. Bu sözlər onu deyən şəxsin nə qədər əqli-dayaz olduğunu göstərir. Əslində imperiyanın rəhbəri Xruşşovun təfəkkürü də, davranışı da, əsl aşpaz təfəkkürü, aşpaz davranışı idi. Siyasi həyata atıldığı ilk gündən vəzifəyə gedən yolun yaltaqlıq və siyasi intriqalardan keçdiyini hiss edən Xruşşov sistemin aşpaz təfəkkürünə məharətlə uyğunlaşmış və tezliklə rəhbər vəzifələrə irəli çəkilmişdi. O az iş görüb, özünü çox iş görən kimi qələmə verməyi bacarırdı. Sovet imperiyasına 31 il rəhbərlik edən Stalinə qarşı kin və nifrət bəsləsə də, o, bunu məharətlə gizlədirdi. Kremldəki saray havasına uyğunlaşan Xruşşov ətrafına çoxlu sayda həmfikir yığmışdı. O, hakimiyyətə gəlmək üçün fürsət gözləyirdi. O dövrdə Sov. İKP MK katibi işləyən Xruşşov Stalinin ölümündən sonra dərhal əsas zərbəni hakimiyyətdə ikinci adam olan Beriyaya endirməyi qərara aldı. Çünki Beriya onun hakimiyyətə gedən yolunda əsas maneə kimi dayanmışdı. Beriyanı zərərsizləşdirmək və ətrafına daha çox həmfikir toplamaq üçün, o “Kremli qaralardan və qafqazlılardan xilas etmək, hakimiyyətə rusları gətirmək” şüarını ortaya atdı. Tezliklə Xruşşov Kremldə millətçi-şovinist ovqatı yarada bildi. Kaqanoviç, Molotov, Malenkov və Şepilov əvvəlcə Xruşşovun məqsədini anlamayaraq onu müdafiə etsələr də, sonradan həqiqəti öyrənərək başqa yol seçdilər. Stalinin ölümündən sonra Malenkov onun yerinə keçdi. Kreml kuluarlarında gedən söz-söhbətə görə, Stalin guya deyibmiş ki, Malenkov onu əvəz edə biləcək yeganə adammış.

1953-cü ilin yayında Xruşşov Beriyanı həbs etdirə bildi. Bu, onun hakimiyyətə gedən yolunun açılması idi. 1954-cü ildə Malenkov başa düşdü ki, Xruşşov ona işləməyə imkan verməyəcək. Çünki bütün nazirlər Xruşşovun əmrilə oturub-dururdu. Nikita Sergeyeviçin qarşısında aciz qaldığını hiss edən Malenkov tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu. Az sonra Xruşşov ölkə rəhbərliyini ələ aldı. Stalinin meyitini Kremldən çıxartdırmağa nail olan və şəxsiyyətə pərəstişi pisləyən Xruşşov 1957-ci ildə Molotov, Kaqanoviç, Şepilov və Malenkovla da haqq-hesabı çürütdü. Onlar şəxsiyyətə pərəstişi müdafiə etməkdə suçlanaraq Kremldən uzaqlaşdırıldılar. Xruşşovun ölkəni idarə etdiyi illər “istiləşmə dövrü” kimi tarixə düşdü.  O, özünü humanist rəhbər kimi göstərmək, Stalinin cəllad olduğu barədə rəy formalaşdırmaq üçün onun dövründə həbsə atılanların  demək olar ki, hamısıni azadlığa buraxdı.

Ölkədə DTK qorxusunu və xofunu aradan qaldırmaq məqsədilə Xruşşov adamların günahını müəyyənləşdirərək onlara ölüm hökmü kəsən “ikilik”ləri,“üçlük”ləri ləğv etdi. Bunun ardınca o, DTK üzərində nəzarəti ələ aldı və ölkədə məhkəmə-prokurorluq nəzarətini bərpa etdi. Xruşşov bu yolla həm DTK-dan özünə gələ biləcək təhlükəni aradan qaldırdı, həm də Stalin dövründə həbsxanalara atılan adamları özü tərəfinə çəkdi. Dövləti idarə etmək üçün Xruşşov 105 iqtisadi zona yaratmışdı. Ölkənin ərzağa olan ehtiyacını ödəmək üçün Xruşşov qarğıdalı əkinləri sahələrinin artırılmasını irəli sürdü. Minlərlə hektar taxıl sahəsi qarğıdalı sahələri ilə əvəz edildi. Lakin bu, gözlənilən nəticəni vermədi. Tezliklə ölkə aclıq təhlükəsilə üz-üzə qaldı. Xruşşovun siyasi sahədə də həyata keçirdiyi islahatlar ciddi bir nəticə vermədi. O, hakimiyyətə gəldiyi ilk illərdə: “Biz 7 ən inkişaf etmiş Avropa ölkəsi sırasına daxil olacağıq. Avropa bizimlə fəxr edəcək”, -demişdi.

Onun bu pafoslu sözlərindən vəcdə gələn tanınmış yazıçı Yuri German yazırdı: “Bizim inkişaf etmiş mədəni Avropa ölkələrindən biri olacağımız məni sevindirir. Mən elə bu gün partiyaya daxil olacağam”.

Ölkədə siyasi, iqtisadi islahatları həyata keçirən Xruşşov bunun ölkəni haraya aparacağını bilmirdi. Sonralar o yazmışdı: “Biz iqtisadi-siyasi sahədə islahatlar həyata keçirirdik. Amma bununla haraya sürüklənəcəyimizi bilmirdik. Kremldə hamı, o cümlədən mən də qorxurdum ki, bu islahatlar bizim əleyhimizə çevrilər”. 

Xruşşovun iqtisadi islahatları da, siyasi islahatları kimi yarımçıq qaldı. O, ölkədə dəyişikliyin zəruri olduğunu anlayırdı, amma bunu necə həyata keçirməyi bilmirdi. Xruşşovun islahatlarını xatırladan islahatları sonralar Qorbaçov həyata keçirməyə cəhd etdi və bu, SSRİ-nin dağılmasına gətirib çıxardı.

Xruşşov şəxsiyyətə pərəstişə üzdə  nifrət  edirdi, amma o öz ətrafında da şəxsiyyətə pərəstiş yaratmışdı. Akademik Tamm Xruşşov haqqında o vaxt belə demişdi: “Xruşşov rəhbər kimi daha səmimidir. O, mənim xoşuma gəlir. Əlbəttə, Xruşşov Stalin deyil. Amma o, Stalindən daha çox fərqlənsə, ölkə üçün yaxşı olacaq”.

Ümumiyyətlə, Xruşşovun hakimiyyətdə olduğu dövrlər kosmosun fəthi, yerətrafı orbitə ilk kosmik gəmi çıxarılması, Qaqarinin kosmosa uçuşu, Kubada sosializmin qurulması, həmçinin Karib böhranı kimi hadisələrlə yadda qalıb. Xruşşovun əli öz xalqının da qanına batıb. 1963-cü ildə o, Novoçerkasskda ac əhalinin etiraz mitinqinə çıxmasını bağışlamadı. Dinc əhali üzərinə qoşun yeridildi, etiraz aksiyası qan içində boğuldu. Yüzlərlə adam öldürüldü, minlərlə adam həbsə atıldı. Xruşşovun mənfi xüsusiyyətlərindən biri də onun həddindən çox içməsi idi. O,əsl rus mujiki kimi içki aludəsi idi. Təbii ki, sərxoşluq onun dövləti idarəetmə işlərinə də pis təsir edirdi. Xruşşovun sərxoşluğu ölkənin idarə edilməsində hərc-mərcliyə gətirib çıxarmışdı. Bu da, öz növbəsində, Kremldə ona qarşı başda Brejnev olmaqla müxalifətin əmələ gəlməsinə səbəb olmuşdu. Xruşşov içkili halda hətta beynəlxalq toplantılarda belə iştirak etməkdən çəkinmirdi.

Bu da onun belə iclaslarda qeyri-adi hərəkətlər etməsinə gətirib çıxarırdı. Məsələn, BMT toplantılarından birində Xruşşov ayaqqabısını çıxararaq masanı döyəcləmişdi. Bu da Kremlin o dövrdəki sahibi barədə müxtəlif lətifələrin yaranmasına səbəb olmuşdu. Bu lətifələrin birində deyilir: “Xruşşov tez-tez inkişafdan danışır və ABŞ-ı qovaraq ona çatmağın vacibliyini deyirdi. Amma heç vaxt ABŞ-ı ötüb keçməkdən danışmırdı. Bunun səbəbini ondan soruşurlar. Xruşşov deyir ki, ABŞ-ı ötüb keçsək, o bizim şalvarımızın arxasındakı cırığı görəcək”.

Hindistana səfəri zamanı Banqalor şəhərində çıxışının əvvəlində Xruşşov sərxoş halda çox gülməli şəkildə qışqırmışdı: “Xindi-rusi bxay, bxay! Hindlilər və ruslar qardaşdırlar!”

O dövrdə Stalinə pərəstişin ifşa edilməsilə əlaqədar Çinlə Rusiya arasında münasibətlər gərginləşmişdi. Çinin Stalinin meyitinin Kremldən çıxarılmasına qarşı çıxması Xruşşovu qəzəbiləndirmişdi. O, Çinin dövlət başçısı Mao Tsze Duna belə bir xəbər göndərmişdi: “Stalini çox istəyirsənsə, onun tabutunu sənə göndərə bilərəm. Bax və onu istədiyin qədər öp, qucaqla”.

ABŞ Sokolnikidə özünün ən böyük sərgilərindən birini təşkil etmişdi. Bu sərgidə ABŞ-ın iqtisadi inkişafı əks olunmuşdu. Sərgiyə tamaşa edən Xruşşov ABŞ-ın iqtisadi inkişafından həm heyrətə gəlmiş, həm də əsəbiləşmişdi. O, əsəbi halda rusca söyüş kimi səslənən bir ifadə işlətmişdi. “Mı vam pokajim mat Kuzkinu”.

 Tərcüməçi bilmirdi söyüş mənasını verən bu ifadəni necə tərcümə etsin. O, çarəsiz qalıb: “Biz sizə Kuzmanın anasını göstərəcəyik”, - deyə tərcümə etmişdi.

ABŞ-da bir müddət belə başa düşmüşdülər ki, Xruşşov bununla hansısa güclü silaha malik olmalarına işarə vurur.

ABŞ-a səfəri zamanı yüksək səviyyəli rəsmi görüşlərdən birində Xruşşov yenə çox kobud və təhqiredici ifadələr işlətmişdi. O: “ABŞ-la SSRİ-nin torpaq davası var. Biz də torpağı qazırıq, siz də. Baxaq görək, kim-kimi qəbrə qoyacaq,” – demişdi.

Ümumiyyətlə, Xruşşova o dövrdə istehza ilə “Kukuruşnik”, “boltun”, “taxtdakı axmaq İvan” ləqəbləri vermişdilər. Əslində Xruşşovun ölkədə keçirdiyi islahatlar o dövrdə SSRİ-nin dağılması üçün zəmin hazırlamışdı. Lakin həmin dövrdə “KQB” və “Stalin” xofu əhalinin canından çıxmamışdı. Ona görə də bu proses o vaxt baş tutmadı. Xruşşovun SSRİ-nin parçalanmasına xidmət edən hərəkətlərini başa düşən Kremldəki bir qrup başda Brejnev olmaqla, onu devirdi. 1964-cü ilin 14 oktyabrında çağırılan plenumda Xruşşov vəzifəsindən götürüldü. Onun yerinə isə Leonid İliç Brejnev seçildi. Beləliklə, Xruşşov erası bitdi. Xruşşov, şübhəsiz ki,Stalinlə müqayisədə demokrat idi. O, despot deyildi. Lakin Xruşşovun da ən böyük xəstəliyi şəxsiyyətinin şişirdilməsi idi. Və bir də həddindən artıq içkiyə aludə olması onun faciəsinə səbəb oldu. Üstündən illər ötəndən sonra belə, Xruşşovu xatırlayan yaşlı nəslin dodaqlarında təbəssüm görünür. Çünki onun barəsində o qədər lətifələr düzülüb-qoşulub ki...

 

Əziz Mustafa/Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

16.07.2018

15.07.2018

14.07.2018

13.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az