Hitlerin yoxa çıxan xəzinəsi tapılacaqmı? (1)

Mediainfo.az saytı araşdırmaçı jurnalist, yazıçı Əziz Mustafanın "Hitlerin yoxa çıxan xəzinəsi tapılacaqmı?" yazısının birinci hissəsini oxucularına təqdim edir:

1944-cü ilin ortalarında  faşist Almaniyasının II Dünya müharibəsində məğlub olacağı artıq heç kəsə, o cümlədən Adolf Hitlerə və onun ətrafındakılara sirr deyildi. Belə bir vəziyyətdə Adolf Hitler imperiya dəftərxanasının (kansleriyasının) rəhbəri Martin Bormana işğal edilmiş ərazilərdən əldə edilən qızılın və digər qiymətli əşyaların Almaniyaya daşınması və onların etibarlı yerlərdə gizlədilməsi barədə göstəriş verdi. Adolf Hitlerdən bu tapşırığı alan Martin Borman dəftərxana rəsmiləri ilə Strasburqdakı (indiki Fransa ərazisi) Mezon Ruj otelində  gizli iclas keçirdi. İclasda əsas müzakirə hədəfi işğal edilmiş ərazilərdən talanmış tonlarla qızıl və digər qiymətli əşyaların Almaniyaya və Avstriyaya daşınaraq gizlədilməsi idi. Buna paralel olaraq Almaniyanın pullarının və qiymətli metallarının xarici banklara köçürülməsi də gizli iclasda əsas diqqət mərkəzində oldu. Bu məqsədlə İsveçrənin tanınmış maliyyəçiləri ilə də sıx əlaqə yaradıldı. Onlar da öz növbələrində mərkəzi Bazeldə yerləşən Beynəlxalq Hesablaşmalar Bankını (BHB) bu prosesə cəlb etdilər. Borman məhz BHB-nın yardımı ilə Argentina, Çili və Perudakı xüsusi hesablara 10 milyard dollar köçürdü. Amma işğal edilmiş ərazilərdən talanan, həmçinin Almaniyanın öz qızıl və platin ehtiyatları kifayət qədər böyük idi və onları harada isə gizlətmək və ya xaricə köçürmək heç də asan bir iş deyildi. Bunu nəzərə alan Almaniyanın maliyyə naziri Valter Funk Bormanla növbəti dəfə məsləhətləşmələr aparandan sonra 1945-ci il yanvar ayının 31-də nəinki işğal edilmiş ərazilərdən, həmçinin Almaniyanın qızıl və platin ehtiyatlarının təhlükəsiz və gizli yerlərdə gizlədilməsi və ya imkan dairəsində xarici ölkələrə, (əsasən Latın Amerikası) çıxarılması barədə göstəriş verdi. Bu məqsədlə 24 vaqondan ibarət 277 saylı xüsusi qatar ayrıldı. Vaqonlar imperiyanın qızıl ehtiyatları ilə ağzına kimi doldurulmuşdu. Amma bu qatar sonralar sanki havada buxarlanaraq yox oldu. Avstriyalı tanınmış tarixçi, professor Ernst Qoldberq uzun müddət yoxa çıxan qatarla bağlı arxivləri araşdırıb. Onun sözlərinə görə, əvvəlcə 277 saylı gizli qatarla qızıl və platin ehtiyatlarını Bavariya ətrafındakı Oberzaltsberq adlanan yerdə gizlətmək qərarına gəlmişdilər. Borman bu işə rəhbərliyi məşhur kəşfiyyatçı Otto Skortsenə həvalə etmişdi. Məhz Almaniyanın qızıl ehtiyatlarının gizlədilməsinə Otto Skortsen rəhbərlik edirdi. O isə qızıl və platin ehtiyatlarını yalnız Oberzaltsberqdə deyil, həm də Avstriyanın dağlarında və göllərində gizlətmək qərarına gəlmişdi. Bu məqsədlə də faşist Almaniyasının qızıl ehtiyatlarının bir hissəsi, həmçinin işğal olan ərazilərdən talan edilən yüz tonlarla qızıl Avstriya dağlarına və gölləri ətrafına daşınmışdı. Amma müharibədən sonra nə Bavariya, nə də Avstriya dağlarında Almaniyanın qızıllarını tapmaq mümkün olmadı. Düzdür, Otto Skortsen tərəfindən qızıl gizlədilən gizli yerlər aşkar edildi. Ancaq onlarda ya qızıl yox idi, ya da olduqca az miqdarda idi. Ona görə də ötən əsrin 50-ci illərindən başlayaraq həvəskar qızılaxtaranlar əsas diqqəti Avstriyadakı Zaltskammerqut adlı yerdəki göllərdə (Toplitszee və Qryunzee) faşit Almaniyasının yoxa çıxan qızıllarını axtarmağa başladılar. Bu məqsədlə adı çəkilən göllərə enən xüsusi akvalanqçılar ( dalğıclar) Toplitszee gölünün 100 metr dərinliyindəki dibində Britaniyaya məxsus olan saxta funtlarla dolu olan konteynerlər tapdılar. Amma Almaniyanın gizlədilmiş qızılına rast gəlinmədi. İllərlə davam edən axtarışlardan sonra nəhayət ki, 1987-ci ildə akvalanqçılar adı çəkilən gölün dübində faşist Almaniyasına məxsus olması şübhə doğurmayan 6 yeşik qızıl tapdılar. Amma bundan sonrakı axtarışlar nəticəsiz oldu.

Tanınmış digər avstriyalı tarixçi Herhard Zauner də şəxsən faşist Almaniyasının yoxa çıxmış qızıllarının axtarışında iştirak edib. O, 1974-cü ildə akvalanqçılarla birlikdə Qryunzee gölünün dibinə( 70 metr dərinliyə) enərək oradan üzərində xaç işarəsi olan və "Deutsche Reichsbank" (Döytçe reyxisbank) sözləri yazılan "B425" saylı qızılla dolu konteynerin aşkar edilməsində iştirak edib. "B425" saylı yeşikə qızıl  doldurulması və onun 277 saylı qatara yüklənməsi isə arxiv sənədlərində əksni tapıb. Zaunerin sözlərinə görə yeşikdə 12,5 kiloqram qızıl vardı.

Yeri gəlmişkən onu da deyək ki, 1945-ci ilin avqust ayında Potsdamda keçirilən konfransda müttəfiq dövlətləri rəhbərləri Hitler Almaniyasının qızıl ehtiyatlarının qalib dövlətlər ( SSRİ, ABŞ, Fransa və Böyük Britaniya) arasında bərabər şəkildə bölüşdürülməsi barədə qərar qəbul etmişdilər. Faşist Almaniyasının qızıl və platin ehtiyatları isə ən azı 400-500 milyard dollar (indiki qiymətlərlə 80-100 triyon dollar) hesab edilir.

Amma müttəfiq dövlətlərin xüsusi xidmət orqanlarının bütün cəhdlərinə baxmayaraq Hitler Almaniyasını qızıl ehtiyatlarının gizlənildiyi yeri müəyyən etmək mümkün olmayıb. Zaunerin sözlərinə görə, Skortsen Avstriyadakı gizli yerlərə az miqdarda qızıl qoymaqla diqqəti onun gizlədildiyi digər yerlərdən yayındırıb. O belə hesab edir ki, 277 saylı qatar Avstriyanın cənubuna istiqamət götürüb və hardasa onları oralarda axtarmaq lazımdır. Amma harada? Bax, bunu bilən yoxdur. Aydın məsələdir ki, Avstriaynın cənubundakı gölləri, mağaraları və digər yerləri qazmaq, qarış- qarış hər yeri axtarmaq mümkün deyil. Amma sonralar ələ keçirilən arxiv sənədlərində 24 vaqona yüklənən qızıl və platinin siyahısını aşkar etmək mümkün olub. Belə ki, 277 saylı qatarın 3 vaqonuna Almaniyanın işğal etdiyi Ukrayna banklarından ələ keçirdikləri qızıl və platin yüklənimişdi. Almanlar geri çəkilərkən SS zabiti ştandarenfürer Yozef Spasilin rəhbərliyi altında bu qızıl və platini özləri ilə Almaniyaya aparmışdılar. Həmin qızıllar və platinin təxminən Altzee gölü ətrafında yoxa çıxıdğı güman edilir. Vaqonlardan birinə Rumıniyadakı kilsələrdən talan edilmiş qızıl və platin yüklənmişdi. Həmin vaqon isə Bad-Auszee stansiyasında müəmmalı şəkildə yoxa çıxıb. Həmin dövrdə faşistlər İtaliyanın şimalı vasitəsi Mussoliniyə məxsus olan 120 ton qızılı Almaniyaya aparmış və onu da 277 saylı qatardakı vaqonlara yükləmişdilər. Bu vaqonların izi isə Bad-İşl stansiyasında itib. Sonralar,1983-cü ildə həmin ərazidəki köhnə su quyularından Mussoliniyə məxsus 20 ton qızıl aşkar edilib. Amma digər 100 ton qızılın harada gizlədildiyi bu günə kimi məlum deyil. Almanlar həmçinin  Xorvatiya diktatoru Paveliçə məxsus olan 100 ton qızılı da özləri ilə Almaniyaya aparmış və adı çəkilən qatardakı vaqonlara yükləmişdilər. Həmin qızıllardan isə bu günə kimi təsadüfən cəmisi bir köhnə xorvat qızıl manatı tapmaq mümkün olub.

Təsadüfi tapıntı

1983-cü ilin yayında Bad-Auszee ətrafında gəzməyə çıxan turistlər yolu azaraq meşələrdə qaldılar. Onlar yaxınlıqdakı kənd və qəsəbələrdən birinə gedib çıxmaq məqsədi ilə bir neçə gün meşədə ac və susuz dolaşmalı oldular. Və təsadüfən dam örtüyü qeyri-adi, parıltılı dəmilərdən inşa edilən evə rast gəldilər. Turistlər evə dincəlmək üçün daxil olanda əvvəlcə evin damındakı parıtılı dəmirlərə fikir vermədilər, ancaq bir az dinclərini alandan sonra onlardan biri bu parıltıı dam örtüklərinin nə olduğunu araşdırmağa başladı.

 

Məlum oldu ki, damın üstünün örtülməsində istifadə edilən dəmir reykalar və tirlər xalis qızıldan hazırlanıb. Bir neçə gündən sonra meşədə azmış turistləri xüsusi axtarış qrupu şok vəziyyətdə tapdı. Damın dəmir örtüklərinin qızıldan olduğunu görəndə onlar da şoka düşdülər. Dərhal hadisə yerinə Avstriya hökumətinin xüsusi əməliyyat qrupu gəldi. Məlum oldu ki, evin damındakı qızıl dəmirlərin qiyməti 20-30 milyon dollar dəyərindədir. Araşdırma zamanı məlum oldu ki, ətrafda belə qızıl damlı evlərin sayı onlarla olub. Onlar meşə materialları altında ev üçün tikinti materialı adı altında qonşu ölkələrə daşınıb. Ancaq buna kim rəhbərlik edib və necə olub ki, hər yeri axtaran xüsusi kəşfiyyat qurumları məsələdən xəbər tutmayıb. Belə güman edilir ki, təxminən ötən əsrin 50-ci illərinin sonlarından başalayaraq faşist Almaniyasının qızıl ehtiyatı ətrafında əsəblərin sakitləşməsindən istifadə edən xüsusi qrup diqqəti cəlb etmədən müxtəlif yollarla bu qızıl evləri xarici ölkələrə çıxara biliblər.

Qızıl avtomobilin sürücüsü

Sonrakı illərdə də faşistlər nəinki qızıl evləri, həm də qızılla örtülmüş maşınları xaricə çıxarmağa başlamışdılar. Bununla əlaqədar məsələyə diqqəti cəlb edən professor Ernst Qoldberq deyir ki, həmin dövrdə işğal edilmiş ərazilərdən talanan qızıl əşyaları, həmçinin Almaniyanın özündəki qızıl əşyaları xaricə asanlıqla çıxara bilmək üçün onları qızıl emalatxanalarında əridərək külçə halına salırdırlar. Onun sözlərinə görə, Almaniyanın təslim olmasına bir həftə qalana kimi Zaltskammerquttdakı qızıl emalatxanaları faziləsilz olaraq işləyir və qızıl əşyaları əridərək külçə halına salırdılar.

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

10.12.2018

09.12.2018

08.12.2018

07.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az