"Azərbaycanda insanı insanlıqdan çıxaran genetik layihələrin həyata keçirilməsinə əngəl olun!..”

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış  və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm...” adlı tədqiqat  əsərində  əsasən  XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır...

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

“Kremlin  Bərdə və Qazax-Ağstafa rayonlarında epidemiya eksperimentlərini lentə alan yəhudi polkovnik kinooperator həbs edildi...”

 

Kəşfiyyat generalı S.A.Kamuşovun şəxsi arxivində qorunub saxlanılan 655 səhifəlik sənədlər içərisində Bərdə və Qazax-Ağstafa ərazilərindəki müdhiş epidemiya eksperimentləriylə bağlı film haqda 11 səhifəlik təəssürat var idi. O, bu təəssüratın bir hissəsini ölkənin SSRİ Müdafiə Nazirliyində çalışan,  Orduda Baş Kəşfiyyat İdarəsinin(“QRU”-S.L.) generalı O.S.Aleksandrova yazırdı. Hiss olunurdu ki, S.A.Kamuşov Siyasi Büroda kəskin tənqid olunub. N.S.Xruşşov və onun tərəfdarları tərəfindən məsxərəyə qoyulan general dostuna yazırdı:

 

“... Çatacaq general Osvald Sergeyeviç Aleksandrova. Hərbi rütbəsi: General leytenant. İxtisası mikrobioloq...

Osvald Sergeyeviç, əziz dostum! Zamanın əlində giriftar oldum. Siyasi Büroda məni təhqir etdilər. Məni partiya sıralarından qovdular. Səbəb adi bir şey idi. Bəli, yəhudi operatoru Bərdəyə, Ağstafaya, Qazaxa mən göndərmişdim... Filmin nümayişindən sonra, təhlükəsizlik işçilərinin böyük bir qrupu operator Bregerin evinə hücum etdilər. Onlar kinofilmin əlavə lentlərini axtarırdılar. Amma heç nə tapılmadı. Qorxurdular ki, lent qalıqları müsəlman ölkələrinin və yaxud amerikalıların əlinə düşə bilər. İki gündən sonra yəhudi operatoru həbs edirlər. Məni də belə bir fəlakət gözləyir… Başıma bir şey gəlsə, Azərbaycan torpaqlarında törətdiyimiz genetik faciələr haqda kinolentin bəzi  hissələrini sənə buraxıram. O lenti qoru… Vaxt-zaman yetişər, həmin kinolentin qalıqlarını Azərbaycan tərəfi axtarar...

 

Azərbaycan millətinə məxsus genetik əlamətlər bütün Rusiyanı çaş-baş salıb. Genetik əlamətləri iflic edib dağıtmaq üçün Azərbaycanın regionlarına aid yeni “Genetik layihələr” hazırlanır…

 

Osvald, əzizim! Artıq heç bir səbəb gətirmədən övladlarımı işdən qovurlar. Axı nə üçün? Mən övladlarıma yaxşı ata, ailəmə yaxşı ər ola bilmədim. Üç gündən sonra mənim general-leytenant hərbi rütbəmlə bağlı Mərkəzi Komitədə məxfi yığıncaq olacaq. Bilirəm ki, sən də orada çıxış etməlisən. Sənə məni tənqid etmək, söymək... tapşırığı da verilib. Məni kifayət qədər tənqid et, amma, söyməyə cəhd etmə. Çünki bizim övladlarımız var. Hələlik... 1953-cü il. General – S.A.Kamuşov”.

 

“Kəşfuyyatçı general Azərbaycandakı məxfi genetik layihələr barədə Mirzə İbrahimova məktub  yollayır…”

 

Araşdırma materiallarına görə, general S.A.Kamuşov 1953-cü il sentyabrın 14-də partiya sıralarından qovularaq həbs olunur. Baş verən hadisənin səbəbləri çoxları üçün qaranlıq idi. Bəziləri iddia edirdi ki, generalın həbsinə səbəb onun məhz Azərbaycanı, Azərbaycan millətini sevməsi olub. Məsələn, S.A.Kamuşovun şəxsi qovluğundakı məktubların bir neçəsi Azərbaycanla bağlı idi. 1954-cü il martın 28-də həmkarı, kəşfiyyat generalı Osvald Sergeyeviç Aleksandrova ünvanladığı daha bir 6 səhifəlik məktubu olub. Məktubun hər səhifəsində  üzərində “Oxundu” sözü yazılmış möhür vardı. General bu məktubu həbsxanadan yazdığı üçün möhürlər də orada vurulurdu…

 

Araşdırma materiallarına görə, general sözügedən möhürlü məktublarından birini,1954-cü il aprelin 3-də imzaladığı məktubu həmin ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, yazıçı Mirzə Əjdər oğlu İbrahimovun ünvanına yola salmışdı. Qeyd edim ki, bu məktub həbsxanadan yazılsa da, üstündə heç bir qeyd-şərt yox idi. Təəssüf ki, bu məktub Bakıya çatmamışdı. Çünki kəşfiyyat generalı Osvald Sergeyeviç Aleksandrov etiraf edir ki, o, həmin vaxt təqib olunmasından qorxaraq dostunun yazdığı məktublara etinasız qalmalı olurdu... Biz O.S.Aleksandrovun şəxsi qovluğunda 1954-cü il mayın 12-də həbsxanada özünə qəsd edən general S.A.Kamuşovla bağlı belə bir açıqlamasına rast gəldik:

 

“...O, mənim sədaqətli dostum idi. Heç nədən başına müsibətlər gəldi. Sergey Aleksandroviç mənə yazmışdı ki, o, Azərbaycan rəhbərliyinə, Ali Sovetə məktub yazıb. Birinci məktubuna cavab verilməyib. İkinci məktubu isə sözün həqiqi mənasında aləmi qarışdırdı. Nəticədə 1954-cü il iyun ayının 21-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə Əjdəroviç İbrahimov Moskvaya çağırıldı... ”

 

 

 

Araşdırma materiallarına görə, general S.A.Kamuşov Mirzə İbrahimova ünvanladığı məktubda yazırdı:

 

“...Hörmət və ehtiramla millətinizə salam olsun. Biz dost deyilik, heç tanış da deyilik. Amma mənim sizin millətə  hörmət və ehtiramım var. Mən ixtisasca həkim, mikro-bioloqam... Sizin və  millətiniz qarşısında günahlarım var. 1950-ci illərin əvvəllərində Azərbaycan regionlarında aparılan və ardıcıl həyata keçirilərək acı və sarsıdıcı nəticələr verən “Genetika layihələri”ndə (biz ona “Sonuncu hədəf”  layihəsi adını qoymuşduq. Bu, kəşfiyyat sirri idi)  mən də iştirak etdim. Maralbuynuz və Qoşabulaq rayonlarında (Şübhəsiz, xəritədə belə yer adlarına rast gəlmədik. Lakin başqa bir məktubda oxuduq ki, Maralbuynuz indiki Qubadlı, Qoşabulaq isə indiki Zəngilan rayonlarının kəşfiyyat sənədlərindəki şərti adları olub-R.N.) bilavasitə hamilə qadınlara tuşlanmış layihələrin həyata keçirilməsinə qatıldım...

 

Mirzə Əjdəroviç, mənim başçılıq etdiyim “Ultra” hərbi sənaye kompleksində Azərbaycanla bağlı 7  “Mutasiya layihəsi”nin həyata keçirilməsi üçün xüsusi təyinatlıların hazırlanması planlaşdırılıb. Azərbaycanın Lənkəran, Naxçıvan, Şamaxı, Şuşa və s. ərazilərində bu layihələrin –insanı insanlıqdan çıxaran, onun genetik hüceyrələrini iflic edib zədələyən, şikəst qoyan layihələrin həyata keçirilməsinə əngəl olun, onların həyata keçirilməsinə mane olun!..

Mən daha nə yazım? Geniş heç nə yaza bilmirəm....”  

 

“Xruşşov Mirzə İbrahimova deyir ki, bütün bunlar general Kamuşovun uydurmalarıdır, biz bir ailə, bir millətik...”

 

General S.Kamuşovun məktubunda qoyulan məsələni yazıçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə Əjdər oğlu İbrahimov keçmiş ıttifaqa başçılıq edən N.S.Xruşşovla 1954-cü il mayın 26-da ikinci “Kreml görüşü”ndə açıqladı. Baş katib N.S.Xruşşov isə “...bütün bunlar general Kamuşovun uydurmalarıdır. Biz bir ailə, bir millətik... Sovet İttifaqında millətlər arasında ayrı-seçkilik yoxdur. Dedikləriniz rəhbərə yaraşan iş deyil... General Kamuşov yalan deyib. Onun açıqlamaları yalandır...”  cavabını verdi...

 

Həmin qarşıdurmada Mirzə İbrahimovun N.S.Xruşşova verdiyi “Siz nə üçün bizim milləti sevmirsiz”  sualına SSRİ lideri belə cavab verir: “Sizcə, mən o millətin nəyini sevməliyəm?..”

Mirzə İbrahimov isə cavabında  “...Kişiliyini, ləyaqətini... namusunu... hökmən sevməlisiniz...” deyir...

 

Kremllə bu qarşıdurmadan sonra Mirzə İbrahimov vəzifəsindən çıxarılır və...

 

Baş tutan Kreml görüşündən sonra - 1954-cü il iyun ayının 12-də Moskvadan Bakı Hava limanına enən 421saylı xüsusi reysli təyyarə geri qaytarılır. Məlumata görə, həmin təyyarədə 83 nəfərdən ibarət müxtəlif  ixtisaslı həkim qrupları var idi. Onlar Azərbaycanda Kremlin “Genetika layihələri”ni həyata keçirməli idilər... Bütün bunlardan sonra Azərbaycan SSR Ali Sovet Rəyasət heyətinin sədri, yazıçı Mirzə İbrahimov vəzifəsindən kənar edilir. Və bundan üç gün sonra Moskvanın həkim ekspediyasını gətirən 421 saylı xüsusi reys yenidən Bakı Hava limanında yerə enir...

 

(Davamı var)

 

Təqdim etdi: Sultan Laçın

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az