ABŞ-ın ölümdən qorxmayan prezidentləri: Corc Vaşinqton, Endryu Cekson

Mediainfo.az saytı ABŞ-ın cəsarətli prezidentləri barədə yazıçı-jurnalist Əziz Mustafanın araşdırmasını təqdim edir 

ABŞ tarixində mühafizəçi olmadan gəzən və heç nədən qorxmayan prezidentlərin sayı kifayət qədər olub. O vaxt xalq arasında belə hesab edirdilər ki, mühafizəçi prezidenti xalqdan ayrı salır və onların saxlanılmasına çəkilən xərclər dövlət büdcəsinə zərər vurur. Doğrudan da hesablamalara görə, günümüzdə prezidentlərin və digər yüksək səviyyəli dövlət rəsmilərinin mühafizəsi üçün sərf edilən vəsaitlə Afrika kimi böyük bir qitənin əhalisini bir neçə il ərzaq və geyimlə təmin etmək mümkündür. Amma bütün bunlar, yəni prezidentlərin və yüksək səviyyəli dövlət rəsmilərinin mühafizəsi üçün ayrılan külli miqdarda vəsaitin azaldılması və ya minimuma endirilməsi heç kimi maraqlandırmır. Əksinə, bu məqsədlə ayrılan vəsaitin miqdarı ilbəil artırılır. Halbuki, hazırda demokratiyanın beşiyi hesab edilən ABŞ-ın ilk prezidentləri şəxsi mühafizələri haqqında, demək olar ki, düşünməmişlər. Və acığı tutan adi bir serjant belə prezidentin üzərinə yeriyərək, onu yumruqlamaqdan çəkinməyib.

Onu da deyək ki, XIX əsrdə ABŞ-da demokratiya xəstəliyinə tutulan əhali belə hesab edirdi ki, prezidentin şəxsi mühafizəçi saxlaması onun monarxa çevrilməsi deməkdir. Monarxdan isə demokrat ola bilməz.

Tək və silahsiz

ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun(1789-1797) vaxtında ölkədə olduqca təhlükəli vəziyyət yaranmışdı. Belə ki, ABŞ Böyük Britaniya ilə müharibə vəziyyətində olsa da dövlət rəsmiləri, o cümlədən, prezident Vaşinqton silahsız və mühafizəçisiz ölkəni gəzib-dolaşır və hər yerdə əhalinin güzəranı ilə maraqlanır və ya həyata keçirilməsi nəzərdə tutulan planları əyalət rəhbərləri ilə müzakirəedirdi. Halbuki, ətraf Vaşinqtonu sevməyən adamlarla və Böyük Britaniya casusları ilə dolu idi. Həmin dövrdə hətta soyuq silahlı adi bir adam belə prezidenti asanlıqla qətlə yetirə bilərdi. ABŞ tarixində özünəməxsus rol oynayan və ölkənin gələcək inkişaf yolunu üəyyənləşdirən Vaşinqton ütün bunları yaxşı bilirdi. Ancaq o, qorxmadan, ölkənin ən təhlükəli yerlərinə səfər etməkdən sanki zövq alırdı. Amma bir dəfə o, az qala bu cəsarətin qurbanı olacaqdı.

Növbəti əyalət səfərlərindən birində Vaşinqtona onu sevməyən bir qrup adam hücum edir. Prezident və yanındakı baş nazir hücum edənlərə güclü müqavimət göstərirlər.Amma onlar10-12 nəfərin qarşısında uzun müddət duruş gətirə bilmirlər. Hücum edənlər Vaşinqtonu və baş naziri o ki var əzişdirdilər. ABŞ-ı idarə edən hər iki şəxsi labüd ölüm gözləyirdi. Lakin təsadüf prezidentin və baş nazirin köməyinə çatır. Belə ki, oradan keçən bir neçə əsgər dalaşanları ayırmaq üçün havaya atəş açırlar. Hücum edənlər əsgərləri görən kimi dərhal qaçıb aradan çıxırlar. Əsgərlər ağız-burunları qan içində olan prezident və baş nazirə ilk tibbi yardım göstərirlər. Onlar əvvəlcə döyülənlərin prezident və ya baş nazir olduqlarını bilmirlər. Buna görə də, hər ikisini qabaqlaqrına qataraq yerli komendaturaya aparırlar. Döyülənləri sual-cavab etmək istəyən komendantın gözləri birdən-birə kəlləsinə çıxır.

Qarşısında oturanların prezident və baş nazir oduğunu görən komendantın qorxudan az qala dili tutulur.Amma bu döyülmək Vaşinqtonu yenə əyaləti mühafiəzəçisiz gəzmək fikrindən daşındırmır. Belə ki, prezident onun mühafizəsini təşkil etmək istəyən komendantla razılaşmır və özünün düşməni olmadığını bildirir. Yalnız əyalətlərlə bağlı vəziyyəti tam şəkildə öyrənəndən sonra Vaşinqton öz qərargahına qayıdır. Vaşinqtonun şəxsi mühafizəçidən imtina etməsinin qəribə bir tarixçəsi var. 1776-cı ildə Vaşinqton Böyük Britaniya ağalığına qarşı üsyan edən koloniyaların azadlıq mübarizəsinə rəhbərlik edirdi. O vaxt Nyu-York ştatının qubernatoru işləyən Uilyam Trayon Böyük Britaniya ilə gizli əlaqə saxlayırdı. London ona tapşırmışdı ki, Vaşinqtonu həbs etsin və ingilislərə təhvil versin.Trayon isə bu planını həyata keçirmək məqsədilə 500 nəfərlik xüsusi hazırlıq görmüş və yaxşı silahlanmış dəstə hazırlamışdı. Trayon Vaşinqtonu həbs etmək niyyətilə onun şəxsi mühafizəçisi,18 yaşlı Tomas Hikki də ələ almışdı. Amma planın üstü təsadüfən açıldı.Trayonu və Tomas Hikki həbs etdilər. Baş komandana xəyanət üstündə Vaşinqtonun şəxsi mühafizəçisini dar ağacından asdılar. Bundan sonra, Vaşinqton bir də şəxsi mühafizəçi götürməməyi qərara aldı. O, beləcə gəzib-dolanmağın çox təhlükəli olduğunu yaxşı başa düşsə də, hətta prezident seçiləndən sonra da, Konqresdən mühafizəsinin təmin olunmasını xahiş etmədi. Halbuki, onun ətrafındakılar israrla prezidentə bildirirdilər ki, mühafizəçisiz gəzməklə risqə gedir və bu, ona baha başa gələ bilər. Amma Vaşinqton ölənəkimi mühafizəçisiz gəzdi.

“Prezidenti işləməyən ölkənin gələcəyi yoxdur”

Vaşinqton  haqqında qəribə bir hadisəni ABŞ-da indi də sevə-sevə danışırlar. Deyirlər ki, bir dəfə Vaşinqton ölkəni gəzərkən yorulur və bir evdə qonaq qalmalı olur. Ev sahibi Vaşinqtonu sevməyən adamlardan biri imiş. O, süfrəyə çörək qoyur və qonaq yedikcə başlayır Vaşinqtonun əleyhinə danışmağa. Prezident isə heç nə demir. Sonra ev sahibi köməyə ehtiyacı olduğunu bildirir və qonağı həyətində möhkəmcə işlədir. Nə isə, qonaq dinib-danışmadan bütün günü ev sahibinə kömək edir. Səhəri gün Vaşinqton yola düşəndə ev sahibinə deyir: “Prezidenti həm söydün, həm də işlətdin. Sən tarixdə prezidenti söyə-söyə işlədən birinci və sonuncu adam olacaqsan.”

Bu sözlərdən sonra Vaşinqtonu ev sahibi tanıyır və dərhal onun qarşısında diz çökərək üzr istəyir. Vaşinqton isə ona: “Bu ölkənin gələcəyi prezidentin tər tökə-tökə işləməsindən asılıdır.Prezidenti işləməyən ölkənin gələcəyi yoxdur”, - deyir.

Vaşinqtondan sonra ABŞ-a rəhbərlik edən prezidentlərin bir çoxu da mühafizə xidmətindən istifadə etməyib. Onlar da Vaşinqton kimi, təvazökar və cəsarətli olublar.ABŞ-ın sayca 6-cı prezidenti Con Kuinsi Adamsın (1825-1829) başına da qəribə hadisələr gəlib. O, düşmənlərindən dəfələrlə hədələyici məktublar alıb. Hətta istefada olan bir serjant Ağ Evə gələrək prezident Adamsı döymək istəyib. Yalnız son məqamda prezidenti onun əlindən ala biliblər. Bütün bunlara baxmayaraq, Adams mühafizə xidməti olmadan şəhərdə gəzməyi sevirdi. Hətta prezident yay aylarında Potomak çayında sadə adamlarla çimməkdən belə çəkinmirdi. Məhz buna görə onu ətrafındakılar danlayırdılar. Adams isə onu bu işə görə məzəmmət edənlərə deyirdi ki, prezident sadə adamların içində olmasa, onda ölkəni idarə etməyə layiq deyil.

 Adamsdan sonra ABŞ-ın “sükanı” arxasına keçən Endryu Cekson da (1829-1837) təkbaşına gəzməyi sevirdi. O, uzun müddət orduda xidmət etmiş və general rütbəsinə qədər yüksəlmişdi. Cekson ingilislərlə və yerli hindularla döyüşlərdə xüsusi qəhrəmanlıq da göstərmişdi. O daim Konqreslə, ştatların başçıları və hətta ali məhkəmə ilə münaqiəşdə idi.Ceksonun qəribə bir adəti var idi: özünə göndərilən bütün hədə və söyüş dolu məktubları “Vaşinqton Post” qəzetində çap etdirərdi. Bəzən də elə qəzetdəcə onların çox kəskin cavabını verirdi. Bir dəfə ehtiyatda olan leytenant Rober Randolf birbaşa Ağ Evə gəlir. Qeyd edək ki, o, hərbi dəniz qüvvələrində xidmət etdiyi zaman hərbi xərclərə ayrılmış pulları təyinatı üzrə xərcləmədiyinə görə ordudan qovulmuşdu. O, belə güman edirdi ki, başına gələnlərin hamısında günahkar prezidentdir. Prezidentin otağına daxil olan Randolf onu özü ilə gətirdiyi zeytun atəşinə tutur. Heç kimi köməyə çağırmayan Cekson süpürgəni əlinə alaraq Randolfun dərsini verir və onu Ağ Evdən qovur. Hətta prezident baş verən hadisə ilə əlaqədar məhkəməyə də müraciət etmir.

Prezidentə ilk sui-qəsd

Bu hadisədən ilyarım sonra Cerksona qarşı sui-qəsdə baş vuruldu. 1835-ci il yanvar ayının 10-da Cekson Kapitoliyada konqresmen Devisin dəfn mərasimində iştirak edirdi. Bu zaman ingilis rəngsaz Riçard Lourens (o uzun müddət idi ki, özünə iş tapa bilmirdi) onunla üzbəüz dayanmış prezidentə tapançadan atəş açmağa cəhd etdi. Ancaq Ceksonun əcəli çatmayıbmış. Belə ki, tapança açılmadı. Bu məqamda Cekson özünü itirmədi. O həmişə yanında gəzdirdiyi əl ağacı ilə Lourensə bir neçə zərbə endirdi. Ceksonun zərbələri altında Lourens ikinci dəfə tapançanı doldurdu və prezidentə atəş açdı. Bu dəfə də Ceksonun bəxti gətirdi: güllə açılmadı. Sonralar mütəxəssislər hesablamışdılar ki, adətən, tapançalarda hansısa səbəb üzündən atəşin açılmaması 125 mində bir dəfə baş verir və bu baxımdan prezidentin bəxti, həqiqətən də, gətiribmiş. Onu da deyək ki, Ceksonun adı ABŞ prezidentləri tarixinə sui-qəsdə məruz qalan ilk prezident kimi düşdü. Lourensə gəlincə,onu dərhal həbs etdilər. Məhkəmədə Lourens iddia etdi ki, guya o, İngiltərə taxt-tacının varisidir və öz məqsədinə çatmaq üçün Cekson ona xəzinədən pul verməyibmiş. Bundan əlavə, guya Cekson üç il bundan əvvəl onun atasını öldürübmüş. Lourensin baş-ayaq danışdığını görən məhkəmə tibb ekspertizası onun ağıldan kəm olması qənaətinə gəldi. Nəticədə, Lourensi müalicə olunmaq üçün ömürlük dəlixanaya göndərdilər. Yeri gəlmişkən onu da xatırladaq ki, ABŞ-da buna oxşar hadisə 157 il ötəndən sonra da baş verdi. 1981-ci il mart ayının 30-da Vaşinqtondakı məşhur “Hilton” otelində 25 yaşlı Con Hinkli Ronald Reyqana atəş açdı. Amma Reyqan yaralanmaqla canını qurtara bildi. Hinklini isə məhkəmə tibb ekspertizası dəli elan etdi və onu dəlixanaya göndərdilər. Mövzudan uzaq düşmədən onu da deyək ki, sui-qəsddən sonra belə Cekson özü ilə mühafizəçi götürmədi və cangüdənsiz gəzməkdə davam etdi.

Əziz Mustafa, yazıçı-jurnalist

Çox oxunan xəbərlər
Son xəbərlər

18.04.2019

17.04.2019

16.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az