Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV (5)

V YAZI
 
A.A.Bakıxanovun ictimai-siyasi görüşlərində ən mühüm yerlərdən birini də rusların əsarət altında assimilyasiyaya məruz qalan millətinə yardım etmək üçün milli «Tarix»i yazması tutur. O, göstərirdi ki, yalnız «Tarix» vasitəsilə hər bir xalq adət-ənənələrini, milli xüsusiyyətlərini, dövlətçiliyini öyrənir və keçmişi haqqında məlumat əldə edir: «Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricən diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim».  Onun sonuncu ifadələri bizə deməyə əsas verir ki, o, millət təəssübkeşliyinin və vətənpərvərliyin nə olduğunu çox yaxşı anlayırmış. Sadəcə, o, fikirlərini bu cür ifadə etməklə, həqiqi niyyətini çar məmurlarından mümkün olduğu qədər gizlətmək istəmişdir. Ancaq çarizm onun əsil niyyətini bir qədər gec də olsa başa düşmüş, onun «Tarix» kitabını dövlət səviyyəsində nəşr etməyə qadağa qoymuşdur. Çarizmin A.A.Bakıxanov¬dan ehtiyatlanması isə əsassız deyildir. Belə ki, A.A.Bakı-xanov özü də sonralar «Tarix» kitabı haqqında, əvvəllər yazdığı fikri ilə üst-üstə düşməyən ifadələr işlətmişdir. «Tarix»in qələmə alınmasının üstündən bir neçə il keçdikdən sonra, o, bir şeirində yazır ki, ana öz uşağına necə məhəbbət göstərirsə, o da bu əsərini həmin sevgi ilə yazmışdır: «Bu ananın hiss etdiyi ləzzət gəlməz hesaba, Bənzər ancaq o ləzzət bu təravətli kitaba». “Tarix” kitabının mahiyyətini açdığı bir şeirində də o, bu əsərini Azərbaycan türk xalq üçün yazdığını açıqca etiraf etmişdir. 
Hər halda A.A.Bakıxanovun «Tarix»in əvvəllinə yazdığı «millət təəssübündən və vətənpərvərlikdən çəkindim» fikri ilə, «yazılmalı oldu, lakin, bu əsərim («Gülüstani-İrəm» nəzərdə tutulur – F.Ə.) xalq üçün» fikri ilə heç də uzlaşmır. Deməli, A.A.Bakıxanovun əvvəlki fikiri sırf taktiki bir gediş idi. Ona görə də A.A.Bakıxanov millətinin «Tarix»ini yazarkən ümid etmişdir ki, çar Rusiyası onun əsil niyyətini anlamayacaq, tarixi olayları obyektiv şəkildə qələmə aldığı üçün ona təzyiq etməyəcək və hətta dövlət səviyyəsində «Tarix»in nəşrinə yardım edəcəkdir. Bu məqsədlə A.A.Bakıxanov əvvəlcə farsca yazdığı «Gülüstani-İrəm» kitabını sonra rus dilinə tərcümə edərək (özü də «Qafqazın Şərq hissəsinin tarixi» adı ilə) hərbi nazir A.İ.Çernışovun vasitəsilə çar I Nikolaya göndərmişdir. I Nikolay akademiklərdən M.Brosse və B.Dornun kitab haqqındakı müsbət rəylərinə baxmayaraq, çar «A.A.Bakıxanovun əsəri Avropa alimlərinin tənqidinə davam gətirə bilməz» deyə, kitabın dövlət hesabına nəşr edilməsinə icazə verməmişdir. Bu bir bəhanə idi. Çar və onun məmurlarını əndişəyə salan Bakıxanovun «Tarix»inin Avropa alimlərinin tənqidinə davam gətirib-gətirməyəcəyi deyil, millət təəssübkeşliyi və vətənpərvərlik ruhunda yazılması idi. Bununla da, çarizm Qafqaz, o cümlədən Şimali Azərbaycan türkləri arasında milli oyanışın baş verməsinin qarşısını almaq niyyətində olmuşdur. Bu isə, bir daha Bakıxanovun məlum əsərinin türk dünyası və o cümlədən Azərbaycan türkləri üçün əhəmiyyətinin böyüklüyündən xəbər verir. 
Doğrudan da, Azərbaycanın şimal hissəsinin çar Rusiyası tərəfindən işğalı prosesinin iştirakçısı olan Bakıxanovın Avropa səyahətindən döndükdən sonra İslam tarixi, yaxud hansısa bir xanlığın, sülalənin deyil, məhz milli tarixi yazmağa qərara gəlməsi təsadüfi ola bilməzdi. Əksinə, Bakıxanov bu tarixi yazmaqla mənsub olduğu türk millətinə aşılamaq istəyirdi ki, onun az qala dünyanın yaranşı qədər əzəmətli bir keçmişi vardır.  Bu mənada, Bakıxanovun tarixi «Dağıstan və Şirvan ölkələri»nin ərazisi ilə məhdudlaşdırılsa da, əslində burada qədim türklərin yaranışı, onun ayrı-ayrı qolları, xüsusilə Azərbaycan ərazisində və yaxud da Azərbaycanda daxil olmaqla böyük dövlətlər yaratmış türk süllalərindən (Qərbi Türk xaqanlığı, Xəzər xaqanlığı, Səlcuqlar, Atabəylər, Cəlayirlər, Şirvanşahlar, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan Türk xanlıqları və b.) bəhs olunmuşdur.
Bəs, A.A.Bakıxanovun «Tarix» əsərində hansı milli xüsusiyyətlər öz əksini tapmışdı ki, çar və onun akademikləri onun nəşrinə əngəl törətmişlər? Burada bir neçə önəmli məqamlar var ki, aşağıda onları təhlil etməyə çalışmışıq. 
A.A.Bakıxanovun əsərində diqqət yetirdiyi birinci məsələ Şirvan və Dağıstan xalqlarının (əslində Azərbaycan xalqının) qədim sakinlərinin mənşəyi və onların adlarının mənasıdır. O yazır ki, erkən orta əsrlərdə Şirvan və Dağıstan birlikdə Albaniya adlanmışdır və alan tayfası bu ölkənin qədim sakinləridir və onların öz padşahları olub. A.A.Bakıxanov Əğvan sözünü də Albanla əlaqləndirr. Onun fikrincə, alan və alban sözləri isə bir-birinə bənzəyir və biri o birindən alınmışdır. Bakıxanova görə, massagetlərdən olan alan tayfası, cənub tarixçilərinin buranın qədim sakinləri hesab etdiyi skif (iskit) tayfasını Albaniyada sıxışdıraraq burada məskunlaşıblar. Skiflər isə hələ miladdan yeddi əsr bundan öncə kimmeriləri qovaraq Qafqazda olublar. Beləliklə, skif tayfasından olan massagetlər və alanlar daha da yaxınlaşıblar. Eyni zamanda alanların bir çox adət və ənənələri hun tayfası ilə oxşardır. 
A.A.Bakıxanova görə, alan dağlı deməkdir və Albaniyanın yerli xalqlarından olan massagetlərdən bir tayfanın qədim zamanlarda Altay dağlarında yaşadıqları üçün belə adlandırıblar və alan tayfası Qafqazın şimal tərəfində yerləşdiyinə görə, onların cənuba hər iki tərəfdən hücum etmək üçün yolları var idi. O yazır: «Alan adı məşhur olduğu üçün bir çox erməni kitablarında Qafqazın Şərq tərəflərində yaşayan dağlıların hamısına bu ad verilir. Hətta Şirvan yaxınlığındakı Muğan səhrasının şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur. Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan Alban şəhəri, yerin vəziyyəti və münasibətinə görə, gərək Dərbənd şəhəri olsun». O, albanların türk olmasını isə, belə əsaslandırır: «Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən dəyişmiş ola bilir. Bir dağın təpəsində çox qədim bir qala mövcuddur, onu Əşkəbus adlandırırlar. Firdovsinin «Şahnamə»dəki qeydinə görə, Əşkəbus türklərdən bir pəhlivan olub, xaqanın döyüşündə Rüstəm tərəfindən öldürülmüşdür». Bu o deməkdir ki, A.A.Bakıxanov hələ XIX əsrdə albanların türk olduqları ideyasını irəli sürmüşdü. 
A.A.Bakıxanov bu əsərində «türk» və ona yaxın məfhumların yaranmasına və inkişafına xüsusi aydınlıq gətirmişdir. O, orta əsr tarixçiləri H.Mustovfi Qəzvini (XIII-XIV əsrlər), Murond və Xandəmirə (XV əsr) istinad edərək yazır ki, Nuh peyğəmbərinin oğlu Yafəs türklərin ilk hökmdarıdır və onun böyük oğlu Türk olmuşdur: «Bütün Yafəs nəslinin qəbilələri bunun adı ilə  türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir». A.A.Bakıxanov Karamzin və başqa tarixçilərə istinadən yazır ki, güclü bir tayfa olan türklər Çin və İran ölkələrinə tez-tez basqın edirmişlər və 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini Krım ölkəsinə qədər istila etmişlər. Bu dövrdə onun yanına elçi sifətində gələn rumluya (avropalıya) Türk xaqanı demişdir: «Siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısını da eyni dərəcədə aldadırsınız? Biz türkük, yalan və aldatmaq bilmərik». Fikrimizcə, böyük ziyalımız Türk xaqanının adından belə bir iqtibası verməklə türklərin malik olduqları mədəniyyəti və ədalətliliyi göstərmək istəmişdir.
A.A.Bakıxanov yazır ki, 581-ci ildə Türk ölkəsi şərq və qərb ölkələrinə bölünmüş, sonralar qüvvətlənib, keçmiş əzəmətini bərpa etmişdir. A.A.Bakıxanov hesab edir ki, xəzərlər də türk tayfasındandırlar və onun fikrinə görə, Yafəsin oğullarından olan xəzərlər Xəzər və Qara dəniz arasında məskşunlaşıblarmış. O yazır ki, indiki Xəzərin sahillərində Xəzərgan adlanan yer var ki, bu da N.Gəncəvinin «İskəndərnamə»sindəki Xəzrankuh adlanan yer ola bilər. A.A.Bakıxanov bu fikrində də tamamilə haqlı idi. Çünki N.Gəncəvi, həm də Xaqani Xəzərlərin ölkəsini Xəzran kimi qeyd ediblər. A.A.Bakıxanov Kaspi və Qafqaz anlayışlarının da bir-birinə yaxın anlayışlar olduğunu, qədim dövrlərdə burada Qaspi adlı tayfanın yaşadığını və yunanlar, romalılar arasında bu dənizin Qaspi adlandırıldığını qeyd edərək yazır: «Qafqaz sözü də, həmin qaspi adlı tayfanın adından və Quranda qeyd edilən Qaf dağından alınmışdır». Bir sözlə, A.A.Bakıxanov Turanın türklərin qədim vətəni olduğuna inanmış, eyni zamanda Qafqazı, o cümələdən Azərbaycanı da Turanın bir hissəsi hesab etmişdir. 
A.A.Bakıxanovun «Gülüstani-İrəm» əsərində ikinci önəmli məsələ Şirvan və Dağıstan xalqlarının dili ilə bağlıdır. O yazır ki, buranın xalqlarının əksəriyyəti türk dilində, yaxud da türk dilinin müxtəlif ləhcələrində danışır: «Mağarti, Mərağə, Xoçni və Çıraq adlı dörd kənddə, Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkəmə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və Şabran mahallarında və Quba şəhərinin özündə, Səlyan ilə Şirvanın digər mahallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində əhalinin dili türkcədir. Bunların əksəriyyəti türk, moğol və tatar nəslindən olub, bəziləri də, Osmanlı – İran müharibələri zamanında, Səfəvilər dövründə və bundan sonra gəlmişlər. Bunların ləhcələri Ermənistan (Ərməniyyə – F.Ə.) və Azərbaycanın bütün vilayətlərində də İranın bir çox yerlərində işlənən türk dilinə mənsubdur. Bu ləhcə Osmanlı, Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta ləhcədir, lakin hər bir dil üçün lazım olan yazı qay¬daları və qanunları (sərf-nəhv) bu dil üçün hələ təyin edilməmişdir». O qeyd edir ki, Şirvan və Dağıstanda yaşayan başqa xalqlar türk dilində danışanları moğol adlandırırdılar. 
Maraqlıdır ki, Bakıxanov ilk əsəri olan «Riyaz əl-Qüds»ü də doğma türk dilində yazdığını qeyd etmişdir: ««Riyaz əl-Qüds», türk dilində, 14 fəsildən ibarətdir». Eyni zamanda o, həmin tarixi əsərində ərəb, fars, türk və tatar dillərində yazılmış kiçik şeirlərinin də olduğunu qeyd edir. Görünür, A.A.Bakıxanovun dövründə hələlik «tatar» anlayışı geniş yayılmadığı üçün, mütəfəkkir türk dilini əvvəlcə müstəqil, daha sonra ayrı-ayrlıqda türk və tatar dilləri şəklində işlətmişdir. Bu zaman A.A.Bakıxanovın türk və tatar dilləri dedikdə, onları necə fərqləndirməsi aydın olmasa da, belə nəticə çıxarmaq olar ki, türk dili Osmanlı türkcəsinə, tatar dili isə Azərbaycan türkcəsinə şamil edilmişdir. Hər halda A.A.Bakıxanov çar Rusiyasının rəsmi təbliğatına baxmayaraq, Azərbaycan türklərinin dilinin türk dili olmasını ifadə etmişdir. Sadəcə, o, Azərbaycan türk dilini çarizmin siyasətinə uyğun şəkildə bəzən «tatar dili», Azərbaycan türklərinin milli mənşəyini isə türk əvəzinə «tatar» kimi qeyd etmək məcburiyyətində qalmışdır. Bunu, çarizmin apardığı mənfur siyasətin təsiri altında A.A.Bakıxanovun Azərbaycan türk dilinin indiyədək qrammatikasının təyin olunmaması mülahizəsi, eyni zamanda «Tatar nəğməsi» adlı şeiri də göstərir.
 
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.04.2018

20.04.2018

19.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az