Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR HƏMZƏ SEYİD NİGARİ 1. Yazı

XIX əsrdə yaşamış Azərbaycanın böyük sufi şairi və mütəfəkkiri Mir Həmzə Seyid Nigari (1805-1886) Azərbaycanın Qarabağın Zəngəzur qəzasına aid Cicimli kəndində anadan olmuş, ancaq ömrünün böyük qismini Türkiyənin Amasiya, Merzifon və digər şəhərlərində keçirmişdir. Onun başlıca əsərləri “Nigarnamə”, “Düvani-türki”, “Duvani-farsi”, “Mənaqib”, “Çaynamə” və başqalardır. Onun yaradıcılığında üç məqam: sufu yönlü nəqşbəndlik, İslam dini və ictimai-siyasi məzmunlu yazılar xüsusi yer tutmuşdur. Belə ki, Azərbaycan türk mütəfəkkiri bütün yaradıcılığı boyu bu məsələlərə ayrıca diqqət etmiş və onları bir tamın tərkib hissəsi kimi götürmüşdür. Fəlsəfi və sufi-panteist (nəqşibəndi) görüşləri. Qeyd edək ki, nəqşbəndlik təriqətinin əsasının Məhəmməd peyğməbərə (s.) və Həzrət Əliyə dayanması ilə bağlı məlumatlar vardır. Daha sonra bu mənəvi yolun yolçuları kimi Bəyazid Bistami, Əbdülxaliq Ğücdüvani, Şahi-Nəqşibənd Bəhaüddin Buxari, Übeydullah Əhrar, İmami Rəbbani, Mövlana Xalid Bağdadi və başqaları olmuşlar. Seyid Nigarinin isə nəqşbəndlik təriqətinə qoşulmasında ilk müəllimləri Mahmund Əfəndi, Şikəst Abdulla və İsmayıl Şirvani mühüm rol oynamışlar. Xüsusilə, həmin dövrün tanınmış nəqşbəndi sufiilərindən olan İsmayıl Şirvani Seyid Nigarinin nəqşbənd təriqətinin xalidiyyə qoluna bağlanmasında həlledici nüfuza malikdir. Ümumiyyətlə, nəqşbəndlikdə aşağıdakı əsaslara əməl olunması vacibdir: 1. Nəfəs alıb-verdikcə Allahdan qəflət etməmək; 2. Yeriyərkən fikrini sağa-sola yönəltməyərək ayğanın altına baxmaq; 3. Vətəndə və ya ondan kənarda Allaha doğru yönəlmək; 4. Hər an Allahın hüzurunda olduğunu düşünmək; 5. Hər zaman qəlbində Allahı anmaq; 6. Dünyaya aid şeyləri könülündən çıxarmaq; 7. Vaxtını Allaha qovuşmağa sərf etmək və s. Bu təriqətdə səssiz, yəni xəfi-gizli zikrə böyük önəm verilir. Bu gizli zikr edənlər arasında Həzrət Əli və Həzrət Əbubəkrin adları xüsusilə qeyd edilir. Həzrət Əli buyurmuşdur ki, Allaha yaxın olmaq üçün zikr məclislərində iştirak etmək vacibdir. Çünki Allaha ən yaxın yol zikrdir. Eyni zamanda zikrin, zikr məclislərinin önəmliliyi ilə bağlı Ata bin Əbu Ribah, Fəxrəddin Razi, Əbu Süleyman Darani, Zünnun Misri və başqaları da maraqlı fikirlər irəli sürmüşlər. Məsələn, Razi yazırdı: «İnsanların cəhənnəmə girməsinin birinci səbəbi Allahın zikrindən qafil olmalarıdır». Zünnun Misriyə görə isə, həqiqi mənada Allahı zikr edən bir zakir Onun zikri yanında hər şeyi unudur və Allahı onu hər şeydən qoruyur. Seyid Nigarinin dünyagörüşündə də zikrin faydaları haqqqında bilgilərə rast gəlirik. Ancaq onun zikrlə bağlı şeirlərində yalnız bilgiyə deyil, həm də Allahla bağlılıq vəhdətini görürük. Nigari yazır: Əlhəmdülillah, Əlhəmdülillah, Söylər vücudim təmamən Allah. Görsəm bir bəla, zikrim hüveyda, Əlhökmü lillah, əlhökmü lillah.. Olmasın canım, olmasam hər dəm Fikrinlə, Allah, zikrinlə, Allah... Göründüyü kimi, insanla Allaha arasında ünsiyyətə Nigari xüsusi diqqət yetirmişdir. Onun fikrincə, xalis müsəlman bir an olsun belə Allahını unutmayan və Onu daim zikr edəndir. Yəni həmişə Allaha insanın fikrində olmalı, Onu daim könülündə tutmalıdır. Nigari yazırdı: Əlhəmdülillah, fikrimdir Allah, Fikrimdə Allah, əlhəmdülillah. Könlümdə, vallah, dildari-dilxah, Dildari-dilxah könülmdə vallah. Zikrimdir Allah hər bir məhəldə, Hər bir məhəldə zikrimdir Allah. Bu mənada, Seyid Nigarinin də bir sufi şairi olması, bütün varlığını Allaha təmsil etməsi yaradıcılığının, dini-fəlsəfi dünyagörüşünün əsas qayəsidir. O da, Həllac Mənsur kimi, Mövlana kimi «Ənəlhəqq» ideyasını əsas götürür və onu təbliğ edir: Söylərsəm əgər ərseyi-vəhdətdə bən, əmma, Söylər bəni sanma; Birdir söylədən və söyləyən, aşiq və məşuq, Bu doğrudur əlhəqq. Tərpətmə ləb ol vadiyi-vəhdətdə, Nigari, Tökdürməgə qan söyləmə gövtari-ənəlhəqq, İxfa budur övrəq. Nigari üçün Allah və insanın eyniyyəti məsələsində Həllac Mənsur örnəyi ayrıca bir yer tutur. Mənsur Allahın özündə təcəlli etdiyinə inanıb, insanla Allahın bütünlüyünü sonuna qədər müdafiə edən ilahi bir eşq əhlidir. Nigari “Nigarnamə”sində Mənsurun ilahi eşq dastanını xüsusi bir şəkildə anlatmağa çalışmışdır. O, yazır: Həllac Hüseyn ibn Mənsur, Cilveyi-təcəlli içrə məsrur Göftari-ənəlhəqq ilə darə, Sərməst gedərkən ol nə çarə? Ətrafinə cəm olub xəlayiq, Seyr eylər idi o məsti-şayiq. Nigari yazır ki, tutdğu ilahi eşq yoluna görə bir kərə olsun ah-nalə etməyən Mənsurun, ancaq bir gülə üz tutub ah eylməsinə xalq heyrət etmişdir. Onlar Mənsurdan bunun səbəbini soruşurlar ki, niyə bu qədər əzab-əziyyətə dözdüyü halda bir gülə baxıb ah çəkir. Mənsurun buna cavab olaraq dediklərini Nigari belə nəzmə çəkir: Əğyar degil rümuzə vaqif, Zira ki, degil xəfiyəarif. Məzurdur ol, nə dersə, məzur, Zira ki,zəvahir ilə məmur. Ol hər nə edərsə, ar etməz, Gər taş ilə ursa, kar etməz. Əğyar işi aşiqə doqunmaz, Neylər isə anı şey sanmaz. Yaxşı nə yaman, edərsə məzur, Zira ki məzaqi-eşqdən dur Oldığı içün ona baqılmaz, Ərbabi-dilin dili yaqılmaz. əmma ki olan rümuzə agah, gül ilə ki urdı, eylədim ah. Söylərsəm əgər ki ana məzur, Bu göftü şenid əqldən dur. Azərbaycan türk mütəfəkkiri çox doğru deyir ki, bir nadanın, cahilin hər hansı aqili, eşq əhlini daşa basması, pisləməsi başa düşülən olduğu halda, ancaq bir gülün aşiqi vurması dözülməzdir. Heç bir aşiq də gülə buna görə irad tuta bilməz. Çünki gülün aşiqə “vurma”sı ilahi bir sevginin təzahürüdür. Bir sözlə, burada ilahi bir sirr vardır ki, onu başa düşmədən nəticə çıxarmaq doğru deyildir. Deməli, əgər birisi ilahi eşq yolunda cünunluq edirsə, bunun da bir səbəbi vardır, onu bu yoldan heç kəs döndərə bilməz. Nigari yazır: Ərz eyləqyim imdi, ey şərəbdar, Vey sirri-nihanimə xəbərdar. Rütbeyi-cünunimi bilürkən, Nə yerdə fünunimi bilürkən. Pənd eyləməgün böyük xətadır, Ərbabi-dilə əzim bəladır. Əmma ki, xətanı etdin iqrar, Əvf eylədim imdi ey xətakar . Bildin ki işimdə bərqərarəm. Divanliğimdə payidarəm. Doğrudan da, bir divanənin, cünunun, aşiqin dilindən ancaq onun sevdiyi anlar. Çünki yalnız sevən bilir nədən sevir, sevilən də bilir nədən sevilir. Belə bir sevgini dünyəvi sevgi ilə eyniləşdirmək də ağyar işidir. Çünki əğyar anlamaz bu sevgini və anlamadığı üçün də aşiqə söz atar, daş atar. Nigari yazır: Əğyar sözünə uymaq olmaz, Yar olsa ana ki toymaq olmaz. Bən aşiqəm, aşiqə xətadır, Əğyar sözü ki narəvadır. Gərçe bu sözü ki söhbətim yoq, Əğyar sözünə rəğbətim yoq. Əğyar sözü cəfa, cəfadır, Dildar sözüsəfa, səfadır. “Nigarnamə”ni məhz Allaha, Haqqa qovuşmaq üçün yazan Nigarinin Həllac, Şeyx Sənan, Məcnun, Fərhad kimi daim öz ilahi eşqinin arxasınca getməsi şübhəsizdir. O, yalnız bir şey haqqında düşünür; ilahi eşqə qovuşacağı anı. O, yazır: Eşqdəndir cümlə əşya innəma, Eşqdəndir əsli fərü-külləma. Eşqdəndir nuri-xurşidi nuri-məh Eşqdəndir cümlə pərtöv vəz ziya Eşqdəndir dövri-teyr vəs səmək. Eşqdəndir seyrü kövkəb vəs səma Eşqdəndir, ey Nigari, hər nə var. Eşqdəndir cümlə əşya, intiha. Vaxtilə F.Köçərli çox doğru qeyd edirdi ki, Nigarinin dünyagörüşünün əsasında ilahi eşq, Tanrı sevgisi dayanır. Köçərli yazır: “Hacı Mir Həmzə əfəndinin yazdığı əşari-mütənəvveənin cümləsi eşqi-həqiqiyyə, məhəbbəti-ilahiyə, hüsni-təbiiyə, mədhi-mövlaya, mərifəti-xudaya, eşq yolunda sədaqət və dəyanətə və sair övsafi-həmidələrin mədhinə şamil kəlamlardır”. Nigari ilahi eşqlə bağlı yazır: Ey eşqi-ləzizi-hüsn zadə, Səndən qamu nəsrü nəzm həsna. Ey eşqi cahana qülqüləndaz, Səndən qamu huyü hayi-şeyda. Ey eşqi fərəhdəhü tərəsbaz, Səndən qamu nəğmeyi-dilara. Ey eşqi şərabi-həlqpərəstan, Səndən çəkilir sədayi-Mina. Yaxud da: Anlagil eşq nədir, dinlə, nə mənadır bu! Badeyi-lütfi-xuda, bəxşişi-mövladır bu! İçəlim şamü səhər içrə və lakin bicam, Came hacətim olur, badeyi-mənadır bu! Hərfsiz aşiqi-şeydalərə təlim eylər, Dərsi-əsrarı nə xoş, dərsi-dilaradır bu! Məxfidir, eşq xəfiyyatı hüveyda eylər, Söylərəm böylə, vəli gör nə müəmmadır bu! Deməli, Nigari yaxşı bilirmiş ilahi eşqin bütün yolçuları min bir əzab-əziyyət çəkdikdən sonra Həqqə qovuşmuş və özləri də müəyyən anlamda Həqq olmuşlar. Məcnun özünü Leylada, Fərhad özünü Şirində, Mövlana özünü Şəms Təbrizidə, Səbüktəkin özünü Ayazda tapdığı kimi, Nigari də tək olan Həqqin yolundadır. Dogrudur, bu dünyada yar çoxdur, ancaq Allah bərabər, Ona şərik olan ikincisi yoxdur. Nigari yazır: Əmma ki bənim muradım əlan Bir dilbəri-binümadır, ey can. Gərçi ki cahanda yar çoqdur, Ol dilbəri-binüma ki yoqdur. Bir zərrə gözimə gəlməz aləm, Əğyar olurmə bana həmdəm. Tərk eylədim aləmi baahəng, Təcridə ki girdim, olmazam təng. Ol rahi-Məhəmmədi-əmindir, Şahənşəhi-ərşi-Zül-mətindir. Ol rahi-təriqeyi-Məhəmməd, Ol rahi-Məsihayi-mücərrəd. Ol rahi-Məsihayə-səmayə, İrkürdi ki buldı ulu payə. Şübhəsiz, bu yar əbədi bir Yardır. Elə bir Yar ki daima insanın ürəyində və yanındadır. Ona görə də, insan üçün Allahdan başqa əbədi və böyük yar yoxdur. Nigari yazır: Ərz eyləyim imdi sana, ey yar, Ol kari ki, məhz o vəfadar. Ol eşqi-nigari-dilrübadır, Ol cilveyi-eşqi-bər Xudadır. Hər yerdə olursan, ol, səninlə Hər nerdə qalursan, ol, səninlə. Deməli, əgər biri eşq əhlidirsə, o, artıq Xudayla birlikdədir. Bu isə o anlama gəlir ki, yer ilə göy, möhnətlə səfa, cənnətlə cəhim, kövsərlə həmim, zahirlə nihan, bərzəxlə cahan ona bərabərdir. Nigari yazır: Yəni ki nə yerdə olsa aşiq, Anınla bərabər eşqi-sadiq. Yəni ki nə yerdə olsa talib, Anınla bərabər eşqi-cazib. Yəni ki nə işdə olsa məftun, Anınla bərabər eşqi-biçun. Bir böylə vəfalı yar olmaz, Bir böylə səfalı yar olmaz. Bir kərə ki eylədi giriftar, Müştaqı anınladır behərbar. Eşq kibi kim olur vəfakar, Aşüftə sənə ola giriftar. “Əlminnəti-Həq, bənim məramım, Bir yardır, özgə yoqdı kamım” deyən mütəfəkkrin dünyagörüşündə tovhid məsələsi xüsusi yer tutur. O, yazır: Tovhidi-Xudayə mailəm bən, Əlhəmd, məramə nailəm bən. Tovidlədir müdam karim, Tovhid ilə məsti-şağiləm bən. Ol badeyi-vəhdətilə mədhuş, Öylə degiləm ki ayiləm bən. Tovhidi-Xudadır imdi canəm, Təhqiq demə ki, naqiləm bən. O, yazır: Ol sirri-xəfiyi, ey həbiban, Kəşf eyləyəlim sizinçün əlan. Anları bu məqamda var iki sirr, Şərh eyləyim anı sizə bir-bir. əvvəlki nədir, budur ki əlhəqq, Anı görəcək o göz mühəqqəq. Nigariyə görə ilahi eşq elə bir bəladır ki, bu yolu tutan onu tərk etməz. Çünki ilahi eşqdə insanla Allah bir bütündür, bir yerdədirlər. O, yazır: Əmma ki bənəm bənim rəfiqim, Sevdayi-İlahidir şəfiqim. Sevdayi-İlahi həmdəmimdir, Həmrahi-sədiqi-hər dəmimdir. Bən aşiqi-Hüsni-bər Xudayəm. Ol kari-şirinə mübtəlayəm. Bu anlamda Nigariyə görə, Züleyxanın Yusifə, Məcnunun Leyliyə sevgisi də sonuunda ilahi bir sevgidir. Yəni bu sevgini dünyəvi bie sevgi kimi anlamaq doğru deyildir. Nigari yazır: Bəs bil ki nədir kəmali-Məcnun, İdrak olurmu kari-məftun? Gerçək ki, dilində idi Leyla, Əmma ki muradı məhz Mövla. Eşqin hünərü kəmalı bitməz, Baqi əsəri, zəvalə getməz. Eşqə həvəs etmədi Züleyxa. Ol anı aradə, buldı məhza. Seyid Nigarinin nəqşbəndliklə bağlı şeirlərində mövləvliyin, yəni onun yaradıcısı Mövlana Cəlaləddin Ruminin də təsiri duyulur. Nigari də Mövlana kimi Mənlə Səni eyniləşdir. O, yazır: Ah edirəm sübhü məsa, ey sənəm, Ta deyəsən “Kimdi?”, deyəm: “Ol mənəm” Söyləmənəm, qeyr ilə bir dönmənəm, Aşiqini tanı, mənəm, bil, mənəm. Aləmi-vəhdətdə mən ancaq sənəm.

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az