Xalq artisti  Gülyanaq Məmmədova: 45 yaşın işığında  

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış xanəndə, muğam və xalq mahnılarımızın mahir ifaçısı, özünəməxsus şirin və ecazkar ifası ilə milyonların sevimlisinə çevrilən Gülyanaq Məmmədovanın 45 yaşı tamam olur. 45 yaşı əslində insan həyatının çıçəklənən, müdriklik zirvəsinə qədəm qoyan  ömrünün yeni bir mərhələsinin astanası hesab etmək olar. Bu baxımdan Gülyanaq Məmmədovanın həyatını qarşısına çıxan sal qayaları yararaq sonsuz dənizlərə can atan gursulu dağ çaylarına bənzətmək olar. Elə bir həyat yolu kı, onu çoxlarının adını belə bilmədiyi ucqar bir rayon kəndindən-Böyük Dəhnədən zirvələrə aparacaq, şirin ifası  ilə milyonların sevimlisinə çevriləcək, anamız Azərbaycanı, doğma vətənimizi tərənnüm edən nəğmələri ilə dünyanı dolaşacaq, getdiyi hər bir xarici ölkədə yüzminlərlə insana ölkəmizi sevdirəcək.

Bu gün 45 yaşını qeyd edən və Xalq artisti kimi fəxi bir adı daşıyan Gülyanaq xanımın sənətin zirvəsinə gedən yolu heç də asan olmayıb. Uşaqlıqdan şirin səsi ilə hamını özünə heyran edən, 9 yaşında ikən Bakıda keçirilən mahnı festivalının laueratı olan Gülyanaq Məmmədova keşməkeşlı, çətin bir həyat yolu keçib. Onun sənətin zirvəsinə gedən yolunda qarşısına çoxsaylı maneələr çıxıb, onu dəfələrlə bu yoldan döndərməyə cəhd ediblər. Bəlkə də başqası olsaydı sınardı, sona kimi mübarizə aparmağa özündə qüvvə və cəsarət tapa bilməzdi. Amma Gülyanaq xanımda oxumaq həvəsi, oxumaq eşqi çox güclü idi. O gur sulu bir çeşmə kimi çağlayırdı və bu da qarşısına çıxan maneələri aşmasında, inamla zirvəyə gedən yolda irəliləməsində önəmli bir rol oynadı. Arzusuna çatdı, minbir çətinliklədə olsa Bakıya gəldi,  A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində oxudu, burada məşhur xanəndələrimizdən dərs aldı, ustad xanəndə, mahir pedaqoq mərhum Nəriman Əliyevin ən sevimli tələbələrindən birinə çevrildi.

Təhsilini davam etdirə-etdirə də  R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında işə düzəldi. O bu ansamblın solisti kimi də anamız vətənimizi tərənnüm edən gur şaqraq səsi ilə milyonları özünə heyran etməyə başladı.  Zirvələrə ucaldıqca da sadəliyini qoruyub saxladı, təmizliyi, yüksək  insani keyfiyyətləri ilə hamının sevimlisinə çevrildi.  O zirvələrə gedən yolda tək deyildi, bacısı, bir ay əvvəl 48 yaşını qeyd edən Xalq artisti Gülyaz Məmmədova ilə birgə idi. Onlar hara gedirdilərsə birgə çıxış edirdilər və ona görə də hər yerdə bacılar kimi tanınırdılar. Bacıların şirin məlahətli səsi. vətəni, xalqımızı tərənnüm edən mahnıları ulu öndər Heydər Əliyevin də diqqətini cəlb etmişdı. Bir rəsmi tədbirdən sonra ulu öndər bacıların səsinə heyran oduğunu gizlətməmiş, onlarla görüşdə gənc xanəndələrə uğurlar arzulamışdı. Bu, Gülyanaq və Gülyaz Məmmədova bacılarının ifasına ulu öndər tərəfindən verilən ən böyük qiymət idi. Bacıların özlərinə məxsus ifaçılıq səviyyəsini yüksək qiymətləndirən Heydər Əliyev tərəfindən də Gülyanaq və Gülyaz Məmmədova bacıları 1998-ci ildə Əməkdar artist fəxri adına layiq görüldülər. O vaxt Gülyanaq Məmmədovanın cəmisi 25 yaşı vardı. Bu yaşda Əməkdar artist adını almaq xoşbəxtliyi isə isə hər xanəndəyə nəsib olmur.

Onu da deyək ki, təhsilini də davam etdirən Gülyanaq Məmmədova  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «musiqili teatr və kino aktyoru» fakültəsində aktyor ixtisası üzrə təhsil alıb və magistr dərəcəsi ilə universiteti bitirib. Yaxın vaxtlarda isə elmi iş müdafiə edərək fəlsəfə elmləri doktoru fəxri adını alacaq. Gülyanaq xanım bu gün pedaqoq kimi fəaliyyətini İncəsənət və Mədəniyyət Universitetində davam etdirir, muğam sənətinin ecazkar sirlərini gənc ifaçılara öyrədir.

 

Gülyanaq Məmmədova həm də sənət adamlarının çoxlarının həsəd apara biləcəyi xoşbəxt bir ailəyə malikdir, mehriban gəlindir, xoşbəxt anadır, vəfalı həyat yoldaşıdır.  Həyat yoldaşı Ziya hər yerdə, hər zaman  ona arxa olur, dəstək verir.

Bu qısa məqalədə Gülyanaq Məmmədovanın geniş fəaliyyətini, qazandığı böyük uğurlarını geniş şəkildə vermək mümkün deyil. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, xairci ölkələrə çoxsaylı qastrol səfərlərində Gülyanaq Məmmədovanın vətənimizi təblığ və tərənnüm edən mahnıları ona yeni bir şöhrət gətirdi. Onların belə bir fəaliyyəti ölkə rəhbərliyi səviyyəsində də yüksək qiymətləndirildi. 2012-ci ildə Gülyanaq Məmmədova prezident mükafatına layiq görüldü. 2014-cü ildə isə prezident İlham Əliyev tərəfindən Gülyaz və Gülyanaq Məmmədova bacılarına Xalq artisti fəxri adı verildi. Necə deyərlər fəaliyyətə başladıqları ilk günlərdən vətənimizi tərənnüm edən mahnıları ilə və muğam sənətimizi yaşadan mahir xanəndələr kimi bacılar ən yüksək bir zirvəni fəth etdilər.

Gülyanaq Məmmədovanın mahir muğam bilicisi, xanəndə, xalq mahnılarımızın bənzərsiz ifaçıları olması barədə məşhur sənət adamları tərəfindən çox xoş sözlər deyilib və mən onları burada təkrar edib oxucunu yormaq istəmirəm. Sadəcə olaraq onu deyim ki, Gülyanaq Məmmədovanın səsi gur şəlaləri, cöşqun dağ çaylarını, çeşmələrini xatırladır. Bu səs hələ çağlayacaq və çağladıqca da yeni zirvələr fəth edəcək. Bu səs uca yaradan tərəfindən Gülyanaq Məmmədovaya bəxş edilən ilahi bir vergidir. Ona görə də Gülyanaq Məmmədovanı uca yaradanın ən sevimli bəndələrindən biri hesab etmək olar. O bu  ilahi səslə yüz illər bundan sonra da xatırlanacaq bir  əbədiyyət nəğməsi oxuyur. Belə bir  əziz gündə bu ailənin yaxın bir üzvü kimi Gülyanaq Məmmədovanı 45 yaşı münasibəti ilə ürəkdən təbrik edir və ona daha uca zirvələri fəth etməyi arzulayıram. Səsiniz həmişə gur, nəğmələrinizsə əbədi olsun əzizimiz Gülyanaq xanım.

Əziz Mustafa/Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2018

18.06.2018

17.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az