ANAYA

Hələ Sovetlər dönəmində Hindistan kinoları bir çox ölkələrdə geniş yayıldığı kimi, Azərbaycanda da çoxlu sayda tamaşaçı auditoriyası toplaya bilmişdir.Hindistan kinosu geniş tamaşaçı auditoriyasına sahib olmaqda davam edir və Azərbaycan televiziya kanalları Rac Kapur, Amitabh Baçhan, Mithun Çakraborti, Hema Malininin əvvəlki filmləri ilə yanaşı yeni Bollivud kinosu da daxil olmaqla mütəmadi olaraq Hind filmlərini nümayiş etdirirlər. Hind filmləri həm rəqsləri, həm də mahnıları ilə həmişə digərlərindən seçilib. Yaxın münasibətlərə malik olan iki dost ölkə-Hindistan və Azərbaycan arasında mədəni oxşarlıq və ortaq ənənələr yaxın olduğundan demək olar ki, bizi Hind xalqı ilə birləşdirən cəhətlər olduqca çoxdur. Öz musiqilərimiz qədər ruhumuza yaxın olan Hind musiqiləri buna bariz nümunədir. Bu gün də Hind filmləri Azərbaycan tamaşaçısının maraq dairəsindədir və bu maraq artan dinamika ilə üstünlük təşkil edir. Məhz bu səbəbdən Azərbaycanda ilk dəfə olaraq “Space” televiziyasının istehsalçılığı ilə Hind motivləri əsasında serial çəkilir. “Space” TV ilə müştərək çəkilən serialın anonsu artıq reklam çarxları vasitəsilə tamaşaçılara təqdim olunur.  Quruluşçu rejissor Nicat Manafov tərəfindən ekranlaşdırılan “Anaya” adlı  serialın 20 bölümü çəkilərək montaj olunmaqdadır. Adından da göründüyü kimi serialdakı bütün obrazların adları Hind adlarıdır. Eyni zamanda serialda istifadə olunan bütün geyim və aksesuarlar, ümumiyyətlə, xırdadan böyüyə qədər istifadə olunan hər bir əşya Hindistan üslubundadır.

Dünyaşöhrətli rejissor Vaqif Mustafayevin qayğı, tövsiyə və təşəbbüsü sayəsində bir komanda olaraq serialın yaradıcı heyəti və iştirakçıları arasında böyük ruh yüksəkliyi ümumi bir vəhdət təşkil etmişdir. Məhz bu qayğı və tövsiyələrdən bəhrələnərək serialın əsas ssenaristlərindən biri və kreativ prodüseri Ellada Sarvan Hindistanın milli adət-ənənəsini, tarixi etnoqrafiyasını, mərasim və digər şənliklərini, qəbilələr və icmalar arasında olan fərqliliyi, filmdə Hind çalarlarını dərindən araşdıraraq lentə alınan bu ekran işinin öhdəsindən maksimum dərəcədə gəlməyə çalışmışdır. Serialın çəkilişinə iyul ayında start verilsə də, hələ çəkilişdən 3-4 ay öncə hazırlıq işlərinə başlanmışdır. Belə ki, adı çəkilən ekran işi qədim Hind tarixi adət-ənənələrini, bu adətlər ətrafında cərəyan edən dözülməz və dəhşətli hadisələri bütünlüklə özündə ehtiva etdiyi üçün bu serialı lentə alıb işıqlandıraraq ərsəyə gətirmək rejissor başda olmaqla yaradıcı heyət və aktyorlardan böyük məsuliyyət tələb edirdi. Bu səbəbdən də rejissor Nicat Manafov və prodüser Müşviq Həsənov serialın süjet xəttinə uyğun olaraq baş verən tarixi hadisələri görüntü halında tamaşaçıya dolğun şəkildə çatdırmaq üçün uzun müddət Hind ornamentinə oxşar məkan axtarışında olmuşlar. Uzun və gərgin axtarışım nəticəsində əsl Hind arxitekturasına uyğun məkan tapıldıqdan sonra serialın çəkilişinə start verilmişdir. Serialda çəkilən aktyorlar məkanın uyğunluğunu görüb əbəs yerə bildirməmişdilər ki, “əgər özümüz bu serialda çəkilməsəydik, elə bilərdik ki, gedib Hindistanda çəkmisiniz”. Serialın süjet xəttinə uyğun olaraq hadisələr əsasən Bakıxanov qəsəbəsində yerləşən şəxsi iqamətgahda, Şüvələnda və Xızı-Altıağacda lentə alınmışdır. Serialın ardıcıllığı üçün gələcək çəkilişlərdə hadisələrə uyğun digər məkanlar və ərazilər də nəzərdə tutulubdur.

Qısa arayış:

 

“Anaya” adlanan bu serial Hindistanın tarixi keçmişilə bağlıdır. Hadisələr Hindistanın ucqar əyalətlərinin birində keçmiş Hind adət-ənənəsinə söykənən böyük bir qəbilədən bəhs edir. Bu qəbilədə oğlan uşaqlarına üstünlük verildiyindən qız uşaqları dünyaya gələrkən elə həmin anındaca öldürülür. Qəbilədə baş verən keşməkeşli və ziddiyyətli hadisələr insanlar içərisində qorxu ilə yanaşı qarşıdurma və düşmənçiliyin də yaranmasına səbəb olur. Maraqlısı odur ki, belə bir nüfuzlu qəbiləyə Anaya adlı qadın başçılıq edir. Bütün qəbilə və ətraf yerlərin insanları Anayadan çəkinir, hansısa səhvə görə onun qəzəbinə tuş gəlməkdən qorxurlar. Anaya qız uşağı dünyaya gətirdiyinə görə öz doğma bacısı-Şantiyə belə rəhm etməyir, bacısının təzə doğulan körpə qızını da öldürtdürür. Körpəsinin gözünün qabağında öldürülməsinə dözməyən Şanti bu iyrənc adət-ənənəyə üsyan edərək bacısı Anayanı lənətləyir. Qəbilənin adətlərinə əməl etmədiyi üçün Anaya öz doğma bacısı Şantinin də ölümünə fərman verir. Anaya bu soyuqqanlılığı ilə bütün qəbiləyə bildirir ki, adətlərə əməl etmək və qoyulan qanunlar hamı üçün eynidir. Anayanın böyük bir qəbiləni və kəndi belə sərt qanunlarla idarə etməyi elə qəbilə daxilində ona qaşı gizli düşmənlərin baş qaldırmasına səbəb olur. Yaxınları tərəfindən dəfələrlə Anayaya qarşı sui-qəsd təşkil olunur. Lakin Anayanın öz uzaqgörənliyi, zəhmi və sadiq xidmətçiləri sayəsində onun ölümünə yönələn bu sui-qəsdlərin heç biri baş tutmur. Eyni zamanda qəbilədə olan adətlərdən biri də kənardan evlənməmək, digər qonşu qəbilə və kəndlərdən qız almamaqdır. Lakin Anaya bu köhnə steratipləri ləğv edərək bildirir ki, nə vaxtacan bu cür yaşayıb kənara çıxmayacaqsınız. Anaya qəbilənin qohumluq əlaqələrini genişləndirmək üçün digər qəbilə və kəndlərdən də qız almağı məsləhət görür.

Serialın baş qəhrəmanı Anaya rolunda çəkilən xalq artisti Mehriban Zəki canlandırdığı obrazın əsl mahiyyətini məharətlə göstərə bilmişdir. Xalq artisti Mehriban Zəki ilə yanaşı digər tanınmış aktyor və müğənnilər də serialda yer almışlar. Aktyorlardan-xalq artisti Rəfail Dadaşov, əməkdar artist Namis Şirməmmədov, əməkdar artist Mirzə Ağabəyli, Arif Kərimov, Abbas Qəhrəmanov, Sədaqət Nuriyeva, Rafiq İbrahimov, Elşad Zarafatsız, müğənnilərdən - Cavad Rəcəbov, Rahidə Baxış, meyxanaçı Ağamirzə Məmmədov serialın əsas rollarını canlandırırlar. Onlarla yanaşı epizodik və kütləvi səhnələrdə digər aktyor və həvəskarlardan ibarət böyük bir yaradıcı heyət iştirak edir.

 

Haşiyə:

 

Qeyd edim ki, tarixi hadisələri əks etdirən bu ekran işinin ərsəyə gəlməsi Hindistanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin də maraq dairəsindədir. Bu səbəbdən də serialın baş prodüseri Kamil Şahverdiyev çəkiliş prosesi ilə yaxından maraqlanaraq lazım olan mənəvi dəstəyini əsirgəmir. Bütün bunları nəzərə alaraq rejissor və yaradıcı heyət filmin hər bir epizoduna ciddi şəkildə yanaşır, Hind qəbiləsinin qədim tarixi adət-ənənəsi ilə bağlı heç bir yanlışlığa yol verməməyə çalışırlar. Məhz bu məsuliyyət baxımından rejissor peşəkar yaradıcı heyətdən ibarət böyük bir komada ətrafına toplaya bilmişdir. Quruluşçu rejissor Nicat Manafov başda olmaqla rejissor Elçin İmanov, rejissor assistenti Azər Hüseynzadə, serialın kreativ prodüseri və ssenaristlərindən biri Ellada Sarvan, prodüser Müşviq Həsənov, qərargah rəisi İsa Rəvan, səs rejissoru Vidadi Samanduyev, quruluşçu rəssam Rəfael Abdullayev, quruluşçu operator Namiq         İxtiyarov,  operator Zaur Hacıyev, libaslar üzrə geyimçi Zəhra Məlikzadə, texnik Müseyib Əliyev, qrim üzrə rəssam Aytən Rəcəbova işıqçı Sənan Kəsəmənli, köməkçi Rizvan Səfərov, sürücülər-Zabil Qədimov, Nizami Vəliyev, Zakir  Nəzərov və  Baloğlan Nuriyev komanda olaraq hər biri öz işinin öhdəsindən bacarıqla gəlməkdədir.

Son söz əvəzi:

İnanıram ki, tamaşaçıları maraqlandıracaq fenomen bir film ərsəyə gələcək. “Anaya” serialı quruluşuna, baxımlılığına, məzmununa və miqyasına görə maraq doğuracaq, hətta qısa bir vaxtda rəqabətə davamlı mövcud kanallar və seriallar arasında yüksək reytinq qazanacaq.

Əziz oxucular! Adı çəkilən serialda baş verən ziddiyyətli anları, bir-birindən maraqlı hadisələri, sevgi və məhəbbəti və sairə həyəcan dolu səhnələri görmək istəyirsinizsə, tezliklə “Space” TV-nin efirində yayımlanacaq “Anaya” serialını izləməyi unutmayın.

 

Qələmə aldı: İsa Rəvan 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az