Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ (1.Yazı)

Təbrizdə dülgər ailəsində dünyaya gəlmişdir. Təbriz mədrəsəsində doğma türk dili (Azərbaycan) ilə yanaşı farsсanı da öyrənən Talıbzadə dini və dünyəvi elmlərə yaxından bələd olmuşdur. Təqribən 28-30 yaşlarında Tiflisə köçən mütəfəkkir burada ərəbcəni və rus dilini də mənimsəmişdir. Tiflisdə olduğu müddətdə rus, gürcü, türk ziyalılarla yaxından təmasda olan Talıbzadə Qərb mədəniyyəti ilə də maraqlanmış, bildiyi dillərin sayəsində bir çox dini-fəlsəfi, ədəbi və digər yönlü ədəbiyyatlarla tanış olmuşdur. Daha sonra Dağıstanın Xasavyurd şəhərinə köçərək burada bir neçə il yaşayan Talıbzadə sonradan ömrünün böyük hissəsini Teymurxanşura (Buynaksk şəhəri) şəhərində keçirmişdir. “Xasavyurdda və Teymurxanşurada Talıbzadə ən çox ticarət və xeyriyyə işləri ilə məşğul olur, ədəbi, elmi, ictimai fəaliyyətini davam etdirirdi. Belə ki, o, Dağıstanın ayrı-ayrı bölgələrində yeddi poçt idarəsi, Teymurxanşurada dörd kərpic zavodu tikdirmişdi. Başqa müəssisələri də var idi". Talıbzadə 1907-ci ildə Təbrizdən Qacarlar dövlətinin 1-ci Millət Məclisinə millət vəkili də seçilmişdi. Azərbaycan türk ziyalıları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov, Firudin bəy Köçərli onun haqqında çox dəyərli fikirlər söyləmiş və məqalələr yazmışlar. Məsələn, F.Köçərli yazır: “Əgərçi Mirzə Əbdürrəhim cənabları milliyyət cəhətincə Azərbaycan türklərinə mənsubdur və türk lisanı onun dilidir, vəli bu dil İranın mərkəzində bu axır vaxtlara kimi qeyri mütədavil olduğu üçün ol cənab dəxi öz əsərlərini fars dilində yazıbdır və bu əsərləri ilə ümumi İran əhalisinin boynuna böyük minnət qoyubdur”. 1911-ci ildə Teymurxanşurada vəfat edən Talıbzadənin başlıca əsərləri aşağıdakılardır: “Pəndnameyi-Markusi-qeysəri-dövvüm”, “Kitabi-fizik ya hikməti-təbiiyyə», «Məsaili-həyat», “Səfineyi-Talibi ya Kitabi-Əhməd” (1894), “Məsalikül-möhsinin”, “Xeyirxahların məsləki” və başqaları. O, həmin kitablarının çoxunu farsca yazsa da, az sayda türk dilində (Azərbaycan) də yazıları vardır. Yeniləşməyə münasibətdə mütərəqqi baxışları ilə seçilən tanınmış mütəfəkkirin yaradıcılığında xalqın maariflənməsi, dünyəvi elmlərə malik olması və bu yolda İslam dininin də əsl mahiyyətinin çatdırılması mühüm yer tutmuşdur. O hesab edirdi ki, Qurani-Kərimin həqiqi mahiyyəti müsəlmanlara doğru çatdırılmır. Bu baxımdan müsəlman dünyasının geridə qalmasının, elmsizliyə yuvarlanmasının səbəbkarı İslam dini deyil, onun adından danışan despotik hökmdarlar və yalançı din xadimləridir. Talıbzadə hesab edirdi ki, elmdən uzaq xalq tərəqqidən də geri qalır və kölə halında yaşayır. Müsəlman xalqlarının başqa millətlərdən geridə qalmasıının başlıca səbəbini də elmsizlikdə görən Talıbzadəyə görə, müsəlmanların arasında müşahidə olunan dağınıqlıq, ittihadsızlıq, ədavət, zillət və rəzalət, əsarətin cümləsi də elmsizlikdən və avamlıqdan törəyən əlamətlərdir. Bir sözlə, müsəlmanların zorlu ikən zorsuz olmağı, varlı ikən yoxsul olmağı, hürr ikən, ağa ikən qul olmağına səbəb də elmsizlik və mərifətsizlikdir. “Səfineyi-Talibi, ya Kitabi-Əhməd” əsərindən məlum olur ki, Mirzə Əbdürrəhim müsəlmanları maarifləndirmək istəsə də, onun bu niyyətini dindaşlarının və soydaşlarının çoxu başa düşmək istəmirlər. Məsələn, müsəlmanlar heç cür başa düşmək istəmirlər ki, mövcud müəllimlər və ərəb əlifbası ilə xalqı maarifləndirmək çox çətindir. Birincisi, çünki şagirdlərə dərs verməli olan axundların, mollaların əksəriyyətinin, Qərb ölkələrində olduğu kimi, bünu sübut edən diplomları yoxdur. İkincisi də, mövcud ərəb əlifbası ilə maarifləndrimə işini aparmaq çox çətindir. O yazır: “Yer üzünün başqa millətlərinin uşaqları öz ana dillərinin hərflərini oyuncaqlar vasitəsilə öyrənirlər, məktəbə gedənə qədər yazıb oxumağı asanlıqla bacarırlar. Bizim Vətənimizin uşaqları isə onların əksinə olaraq əlifbanın çətiniliyi üzündən beş il təhsildən sonra bir kəlməni belə düz oxumağı bacarmırlar. Əfsus ki, bizim böyük dövlət qulluqçularımız milli tərəqqimizn əsas vasitəsi olan bu mühüm məsələyə zərrə qədər də fikir vermir və bu haqda danışmağı özlərinə layiq bilmirlər”. Üstəlik maarifçilik yolunu tutmuş Talbızadə haqqında dindaşları deyirdilər ki, onun yazdıqları vətənin, müsəlmanların eyiblərini islah etmək üçün olsa da, ancaq buna ehtiyacları yoxdur. Çünki belələrinə görə, “İran” başdan-ayağa cənnət bir ölkədir, onun nə eyibləri var ki islah oluna. Halbuki Talıbzadə fikirləşirdi ki, Qacarlarda qanun, intizam və ədalət yoxdur, onun alimləri zalım, cəbir edən və rüşvət yeyən, mirzələri isə hərfləri düz-əməlli tanımayan, elmi-hesab, həndəsə bilməyənlərdir: “Ruhanilərdən əksəri ki İranda vardırlar, tamahkar və möhtəkirdirlər. Bu qisim alimlər şurişü iğtişaş və ricali-dövlətin qovğasını dost tutarlar…”. Mirzə Əbdürrəhim xalqını maarifləndirməyə və oyatmağa çalışdığı halda, sxolastik təfəkkürlü islamçılar onu ölkədə iğtişaş yaradan şəxs kimi qələmə verib, üstəlik xalqı da ona qarşı çıxmağa təhrik edirdilər. Belə olduğu təqdirdə, yaxın ətrafi, o cümlədən oğlu Əhməd mütəfəkkiri inandırmağa çalışırdı ki, avam və cahil millət uğrunda mübarizə aparmaq faydasızdır. Ancaq Talıbzadə bu fikrlərələ razılaşmayaraq yazırdı ki, hər işin başlanğıcı çətindir, lakin sonu uğurla bitir: “Bəs bir surətdə ki, mən bir neçə dəfə eyib axtaranların və bədxəyalü, bədfikir şəxslərin iradlarını müraat edib öz əməlimdən geri çəkiləcəyəm və bildiyimi deməyəcəyəm və yazmayacağam, onda o cühəlanın arasında təfavüt nədə olacaqdır? Bir adamın ki, bu halda islamın zillətdə olmasından və qərib zamanda onun bilkülliyə inqiraz olmasına mühəyya olan xətərlərdən xəbəri olmaya və vətən məhəbbətindən onun qəlbində meyvənin bolluğundan və çörəyin müəttərliyindən qeyri özgə hiss olmaya, məgər o, insandır və onun sözlərində təsir ola bilər? Təəccübdür ki, o sözlər sizə təsir edibdir. Müntəzir idiniz ki, mən də avamın sözündən bulanıb aşüftədil olam. Avamların məclisində eşidilən sözlər haman yerdə dəxi gərək unudulsun, nəinki ürəfa və üdəba məclisində zikr olunsun”. M.Ə.Talıbzadə çox haqlı olaraq yazırdı ki, müasirləri həqiqətə qulaqlarını bağlasalar da, qələmə aldığı əsərlərin qiyməti gələcək əsrlərdə bilinəcəkdir. Belə ki, indi onu İslama və millətə qarşı çıxmaqda ittiham edənlər gələcəkdə bu işlərinə görə onu təqdir edəcəklər. Ona görə də Talıbzadə yazırdı ki, heç zaman cahillərlə və nadanlarla bir sırada dayanmayacaqdır. Əksinə, Quranda buyrulduğu kimi, mənəvi cəhətdən qulağı kar, gözü kor olanlara yol göstərəcəkdir: “Hər kəs cühəlanın söhbətini tərk etməzsə, onlara bir növ özünü şərik edər. Mən öz vəzifəmi icra etməkdən geri durmayacağam və neçə ki həyatım var, deyəcəyəm və yazacağam. Əgər müasirinin qulaqları kardır, eşitmir və «onların gözündə pərdə var» (Quran, Bəqərə surəsi), gələcək əsrlərdə bu yazdıqlarımın az-çox faydası bilinib zikri-xeyir ilə yad olunaram. Onda şayəb bizim rəyimizin haqqü savab olması dərk olunar və diriliyin qədri layiqincə bilinib, millət azadlığına və vətənin abadlığına sərfi-himmət edərlər. Bizim Peyğəmbərimizə Qüreyşin cühəlası Məcnun dedilər: “O, dünya əhli üçün nəsihətdən başqa bir şey deyil” (Quran, Qələm surəsi), bu hala şahiddir”. Talıbzadənin məqsədi millətinin, vətəninin keçmişdəki şərəf və şanını geriyə qaytarmaq idi. O bu yolda şəhidliyə hazır olduğunu belə deyirdi. Talıbzadə yazırdı: «Əgər mənim kimi savadsız və elmsiz kişiyə dəli və divanə desələr, nə eyib olar? Buraya kimi sözü pərdədə deyirdim, hala açıq deyəcəyəm, öz dediyimdən dilşad oluram. Vətən mənim məşuqumdur, vətən mənim məbudumdur, zira həqiqi məbud öz bəndələrinin ibarəti-sitayişindən müstəqnidir, amma vətən öz əbnasının xidmət və pərəstişinə möhtacdır». Bizə elə gəlir ki, müasirləşmək tərəfdarları ilə mühafizəkarlar arasında mübarizə Talıbzadənin «Məsalikül-möhsinin» əsərində özünu daha açıq şəkildə büruzə vermişdir. Kitabda ən maraqlı məqam əsərin qəhrəmanı Mirzə Möhsün xanın tanınmış bir müctəhid ilə Qərb və Şərq adət-ənənələri və elmi məsələlər barədə müzakirə aparmasıdır. Əsərdəki Mirzə Möhsün xan obrazı yeniliyin, müctəhid isə mühafizəkar-gerilikçi təfəkkürün tərəfdarı kimi göstərilmişdir. Talıbzadə Mirzə Möhsün xanın dili ilə deyir ki, artıq zəmanə yeniləşməyi tələb edir. Belə ki, Avropa xalqları gerilikçilikdən-sxolastikadan əl çəkib inkişafa qədəm qoyub zəmanəyə görə fikirlər irəli sürür, kəşflər edirlər. Çünki onlar anlayıblar ki, hər vaxtın tələblərinə görə adamların fikri, işləri və məişəti də ona uyğun olmalıdır. Talıbzadəyə görə, ancaq “biz müsəlmanlar min il bundan əqdəm tutduğumuz yol ilə gedib, ol vaxtda təsisü təşkil olunmuş qanun və qayda üzrə məişət edib, öz əfalü kirdarımızı zəmanənin iqtizasına müvafiq etməyə əsla çalışmırıq və min ildən bəri biz xəfif və möhkəm dairə içində səfil və sərgərdan dolanıb, kənara çıxıb asudə nəfəs almağa meylü rəğbət göstərmirik. Sair millətlər və dövlətlər irəli gedib, elm və mərifət sayəsində tərəqqi tapırlar, kamali-hürriyyət, vüsətlə güzəran edib, siz müsəlmanların malına, mülkünə və canına sahib olurlar. Biz isə övqatımızı əczü qəflətdə keçiririk, dünyadan xəbərimiz yoxdur. Vətənimizin, dini dünyamızın, malü əmlakımızın, hətta irzü namusumuzun hifzü əmanda qalmasına lazimeyi-binagüzarlıq, tədarükat və əsbab fərhaəm etməmişik. Əgər üstümüzə bu halda bir qəvi düşmən hücum etsə, məyusü məğlubü münhəzim olmağımıza şəkkü şübhə yoxdur”. Talbızadə Mirzə Möhsün xanın dilindən din müctəhidinə onu da deyirdi ki, əgər bu gün Avropanın on səkkiz xaçpərəst dövləti müsəlmanlara hücum çəkib məscidləri kilsələrə çevirmək istəsə, onların qarşısını almaq mümkün olmayacaq. Çünki müsəlmanlar bütün sahələrdə Avropa xalqlarından geri qalıblar, onların nə nizamlı ordusu, nə də silahları var. Əsərdə Mirzə Möhsün xan deyir: “Bu gün Avropanın on səkkiz dövləti xaçpərəstdir. Onların hamısı birlikdə islam millətinə qalib gəlib, məmləkətlərini istila edib, öz məzhəblərini onlara qəbul etdirib arzularına çatmaq istəyirlər. Yəni məscidlərimizi kilsəyə çevirsinlər və bizi özlərinin qulları və təbəələri bilsinlər və eləsinlər. Belə olduqda, əlbəttə, biz gərək cihad edək. İndi, buyurun görək, bəndə, siz və kənarda əyləşib şərbət içən ağalardan ibarət olan müsəlmanlar təlim görmüş əsgərlərin, təhpor tüfənglərinin, hər dəqiqədə iki yüz əlli gülləni bir ağaclıq məsafəyə atan topların həmləsinə qarşı durub müdafiəyə qadirikmi?”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu) Azərbaycan türk mütəfəkkiri Mirzə Əbdürrəhim Talıbzadə (1834–1911)

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az