Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (II yazı)

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
 
Hazırda Böyük Azərbaycanımızın yalnız kiçik bir hissəsində müstəqilliyimizi bərpa etmişik ki, bu hələlik, milli hədəfə çatmaq uğrunda mübarizəmizin ilk addımlarından biridir. Şübhəsiz, Azərbaycanımızın vaxtilə çar Rusiyası və Sovet Rusiyasının işğalı altına qalan, sonralar daha çox Quzey Azərbaycan kimi adlandırılan hissəsinin tamamilə olmasa da, böyük qismində müstəqil dövlətçiliyin bərpası çox mühim bir hadisədir. Bütün hallarda müstəqil dövlətimizi Böyük Azərbaycanmızın və Türk dövlətçiliyimizin çox kiçik bir ərazisində bərpa etməyimizin özü də, bir faktdır. Belə ki, Azərbaycan türkləri ona yaxın digər Oğuz-Qıpçaq boyları ilə birlikdə ən azından 19-cu əsrə qədər, bu bölgədə böyük dövlətlərə və geniş çoğrafiyalara sahib olmuşdur. Ancaq 18-ci əsrin ikinci yarısında baş verən parçalanmalar, yəni mərkəzi Azərbaycan Türk dövlətinin yerini xanlıqların tutması, üstəlik Ağa Məhəmməd şah Qacarın yeni böyük Türk dövlətini qurmaq yolunda mübarizəsinin 1797-ci ildə Şuşada ona olan sui-qəsd nətiscəsində yarımçıq qalması və Azərbaycanın önəmli bir qisminin çar Rusiyası tərəfindən işğalı bugünkü yarımçıqlığımızın, natamamlığımızın əsasını qoymuşdur. Bizcə, bu yarımçıqlıq, natamamlıq kompleksinin əsas mahiyyətini bir tərəfdən Mərkəzi Azərbaycan Türk dövlətçiliyinin zəifləməsi, digər tərəfdən isə onu təmsil edən Qacarlar Türk dövlətinin Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və başqa Türk dövlətlərindən fərqli olaraq Avropanın iki güclü imperiyası: Böyük Britaniya və çar Rusiyası (sonralar müəyyən qədər Fransa, Almaniya və başqa Avropa dövlətlərinin də Qacarlara münasibətdə mənfi mövqeyi olub) tərəfindən daima təhdid təşkil etməsi olmuşdur. Məhz bu zəifliyin və təhdidlərin nəticəsi olaraq Qacar Türk dövləti həm Azərbaycanın bir hissəsinin işğalı ilə barışdı, həm də irançılıq ideolojisinin oyununun qurbanı oldu. Böyük Azərbaycanın parçalanması və irançılıq, üstəlik İslam dininin fars-İran şiəçiliyinə tabe etdirlməsi ilk növbədə, Azərbaycan və Türklük ideyalarına ciddi zərbə vurmuşdu. Belə ki, Türk mahiyyətli Azərbaycanla Türklük anlayışlarına qarşı yeni bir “Səlib yürüşü” başlandı ki, bunun da başında çar Rusiyası və Böyük Britaniyanın dayanması heç kəsə sirr deyil. Sadəcə, çar Rusiyası öz maraqlarını burada həyat keçirmək üçün bir, Böyük Britaniya isə digər bir yol seçmişdi. Onlarla yanaşı bu bölgədə aktiv rol oynamaq istəyən Fransa, Almaniya və digər ölkələrdə Azərbaycan və Türklük məsələlərində eyni oyunları, ancaq bir qədər fərqli şəkildə həyata keçiriblər və keçirməyə də davam edirlər. Bütövlükdə, ən azı son iki əsrdir Böyük Azərbaycanın da var olduğu bu bölgədə Azərbaycansızlaşdırma (ən azından türk olmayan Azərbaycan ideyasını formalaş¬dırmaq və Azərbaycan coğrafiyasını kiçiltmək anlamında) və Türksüzləşdirmə siyasəti aparılır ki, bunun ən çox zərər çəkəni də Azərbaycan türkləri olmuşlar və bu gün də çox şey dəyişməmişdir. Hər halda son iki əsrdə dövlətçilyi əlindən alınan, ərazicə müxtəlif yerlərə parçalanan, ana dilində məktəbə gedə bilməyən, yaxud da getdiyi halda ana dilini mövcud qanunlara əsasən Türk dili deyil Azərbaycan dili kimi öyrədilən, milli kimliyinə Türk deməsi ya zorla qadağa qoyulan, ya da hər hansısa formada bunun ifadə etməkdə problem yaşayan məhz Azərbaycan türkləridir. Üstəlik, yüz illər boyu hökm sürdükləri torpaqlarda ağa ikən kölə edilməyə çalışlan, qurduğu bütün dövlətlərdə türk olmayan xalqlara, etnoslara, milli azlıqlara hər cür şərait yaratdıqları halda, bu gün böyük dövlətlərin himayəsi altına sığınaraq özünü həmin xalqların, etnosların, milli azlıqların, etnik qrupların təmsilçiləri hesab edən separatçıların hədəfi halına gətirilməyə çalışılan da Azərbaycan və Azərbaycan türkləridir. Qeyd edək ki, Azərbaycan türkləri sahibi olduğu dövlətlərdə (Midiya, Masagetlər, Xəzərlər, Sacilər, Azərbaycan Atabəyləri, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və b.) heç bir mədəni, siyasi, irqi ayrı-seçkilik etmədiyi halda, ancaq son əsrlərdə bunun ən acı təcrübəsini yaşamaqdadır. Ən maraqlı məsələ odur ki, bu günün özündə də Azərbaycan türkləri ən azı iki bir-birinə zidd həyat yaşmaqdadır. Belə ki, tarixi Midiya, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərində, o cümlədən Azərbaycanın böyük hisəsində qeyri-qanuni hakimiyyət sürən sözdə “İran İslam” rejimi türklərin, o cümlədən Güney Azərbaycan türklərini az qala bütün milli haqlardan məhrum etmişdir. İrançı molla rejimi yalnız öz dilini və milli kimliyini inkar edən Azərbaycan türklərinə qeyri-qanuni sahibləndikləri siyasi və dini hakimiyyətərdə yer verirlər. Ancaq Türk dilini, Türk kimliyini və Azırbaycan ideyasını yaşatmaq istəyənlərə qarşı isə çox amansızcasına rəftar edirlər. İrançı mollaların bu əməllərini Qərb dövlətləri nəinki təqdir edir, onların bir çoxu belə bir şəraiti özəlri hazırlamışlar. Ona görə də, burada gedən Azərbaycansızlaşdırma və Türksüzləşdirmə siyasətində də irançı molla rejimi qədər Qərb dövlətləri də maraqlıdırlar. Maraqlıdır ki, ancaq Böyük Azərbaycanın kiçik bir hissəsində müstəqilliyini əldə etmiş Azərbaycan dövlətində isə Qərb dövlətləri və onun buradakı əlaltıları Azərbaycan türklüyünün ön planda olmaması üçün əllərindən gələni edirlər. Bizcə, artıq heç kəsə sirr deyil ki, Türk dilinin Azərbaycan dili adlandırılması, Türk kimliyinin arxa plana keçirilməsi, Azərbaycanın irançı mollaların Güney Azərbaycan türklərinə qarşı aprdığı mənfur siyasətə istənilən təpkinin verə bilməməsi və digər məslələrdə Qərb dövlətləri, o cümlədən Rusiya və ABŞ mühüm rol oynamışdır və bu rolu oynamağa da davam edirlər. Bu baxımdan son illərdə nəşr olunan kitablarımın (“Milli ideo¬logiya prob¬¬¬le¬mi-nə tarixi-fəlsəfi baxış. II hissə” (2014), “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq” (2017), “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər. I hissə” (2018)) elmi ictimaiyyətdə, o cümlədən AMEA Fəlsəfə İnstitutunda birmənalı qarşılanmamasını təbii hal hesab edirəm. Çünki həmin kitablarda Qərb və Rusiya metodologiyası ilə az qala daban dabana zidd olan məsələlər vardır. Azərbaycan elmi ictimaiyyəti də Qərb və Rusiya metodologiyasının təsirindən tamamilə qurtula bilmədiyi üçün, bir tərəfdən milli özünəməxsusluqlardan bəhs olunsa da, digər tərəfdən mənfi yöndən “monolitləşmiş”, stereotipləşmiş yad ideyalardan da kəna çıxa bilmir. Üstəlik, Qərb və Rusiya metodologiyasının nüvəsindən kənara çıxmağa çalışanları, ya da çıxanları da müxtəlif üsullarla geri çəkilməyə məcbur etmək istəyirlər. Burada çox incə məsələ odur ki, yad ideyaların təsiri altında formalaşmış stereotipləri bilərəkdən ya da blməyərəkdən, müstəmləkiçilərdən daha çox müstəmləkəçiliyin təsirinə məruz qalmış bəzi tarixçilər, filoloqlar, fəlsəfəçilər, politoloqlar və başqaları müdafiə edirlər. Belələri üçün “monolitləşmiş”, stereotipləşmiş yad ideyalar az qala doqmatik xarakter daşıyır və ondan kənara çıxmaq mümkünsüz hesab olunur. Hətta, bəzən vaxtilə imperiya maraqları naminə çar Rusiyasının, Sovet Rusiyasının ideoloqları uydurduqları tarixçilikdən, fəlsəfəçilikdən, siyasətçilikdən imtina etdikləri halda, xüsusilə də türksoylu Azərbaycan, Özbəkistan, Türkmənistan və digər postsovet məkanına aid ölkələrin bəzi tarixçiləri, filoloqları, fəlsəfəçiləri, politoloqları həmin uydurmaları hələ də müdafiə etməyə çalışırlar. Bu cür mövqedən çıxış edənlər yalnız “yuxarı”dan (yəni istər dövlətdə mühüm vəzifə tutanlardan, istərsə də akademik titulu ünvanı daşıyanlardan) milli konsepsiya ilə bağlı hər hansı fikirlər, mülahizələr səslənəndə, yaxud da məqalələr yazılanda dərhal ona uyğun adaptasiya olurlar. Daha sonra da həmin fikirlərin, məqalələrin ətrafında müzakirlər aparılır, məqalələr yazılır. Ancaq milli konsepsiya ilə bağlı eyni müddəalar “aşağı”dan səslənəndə isə ya qulaqardına vurulur, ya da tənqid atəşinə tutulur. Üstəlik, Qərb və Rusiya metodologiyalarından tamamilə uzaqlaşıb sırf milli konsepsiyanın təkmilləşdirilməsi istiqamətində iş aparanlara qarşı elmi ictimaiyyət daxilində mənfi rəy formalaş¬dırılmağa və gözdən salınmağa çalışılır. Halbuki milli konsepsiya ilə bağlı eyni müddəalar bu və yad digər formada “yuxarı”dan da səsləndilir, yaxud da qələmə alınır. Belə olduğu təqdirdə, “yuxarı”dan milli konsepsiya ilə bağlı irəli sürülmüş fikirləri çox vaxt “aşağı”dan irəli sürülmüş fikirlərlə uzlaşdırmaq əvəzinə, bir çox hallarda kənara çıxmalara yol vermək, xüsusilə də Qərb və Rusiya metodologiyalarını davam etdirmək qətiyyən doğru deyildir. Artıq “yuxarı” çevrələrdə də dəfələrlə deyildiyi kimi, Azərbaycan yalnız milli model, milli konsepsiya əsasında öz işini qurmalıdır. Şübhəsiz, Azərbaycanın milli konsepsiyası, milli modeli də ilk növbədə, Azərbaycan və Türklüyün bütünlük fəlsəfəsindən keçir. Azərbaycan və Türklüyün bütünlük fəlsəfəsi isə milli azlıqlara, enoslara, etnik qruplara münasibətdə yüzillər boyu hökm sürən ədalətlilik, insanlıq, islamlıq fəlsəfəsinin davamıdır. Bütün bunlar da, ilk növbədə, milli fəlsəfənin dərki ilə bağlıdır. Çünki milli fəlsəfəni dərk etmədən, yəni türklüyümüzü və azərbaycanlığımızı anlamadan islamlığımızı və insanlığımızı sözün həqiqi mənasında ortaya qoymaq çox çətin məsələdir. Deməli, Azərbaycan xalqı, Azərbaycan türkləri üçün ən başlıca vəzifə azərbaycanlığını, türklüyünü, islamlığını və insanlığını dərk etməkdir. Bizcə, hazırda bizim milli fəlsəfəmizin əsasını da bu dörd ideya təşkil edir. Məhz bu dörd ideyanın hər birini də hərfi mənasından tutmuş siyasi-ideoloji və fəlsəfi izahlarına qədər milli konsepsiya əsasında ortaya qoymalıyıq. Bir sözlə, bu məfhumları milli konsepsiya çərçivəsində elə bir şəkildə sistemləşdirməliyik ki, oxşar və fərqli cəhətlərindən asılı olmayaraq Böyük Azərbaycan Türk dövlətçiliyinin bərpası işinə xidmət etmiş olsun.
 
 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az