Fazil Mustafa: “Leş ətini, at və eşşək ətini insanlara sırıyanlar, onları zəhərləyənlər adamdırlarmı?”

“Bizdə belə bir düşüncə var ki, adamın çörəyinə bais olmayım. O zaman bir sualı da belə düşünənlər cavablandırsın: Leş ətini, at və eşşək ətini insanlara sırıyanlar, onları zəhərləyənlər adamdırlarmı? Hər halda insanlarımız bir az təşəbbüskar və prinsipial olarlarsa, gördükləri faktlarla bağlı bu idarəyə aktiv şəkildə üz tutsalar, ən azı bu kimi bədnam əməlləri törədən insanları qorxutmuş və çəkindirmiş olarlar”.

Oxu.az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa deyib və hər kəsi leş əti, at və eşşək əti satanlarla mübarizəyə səsləyib.

Problem hələ də aktual olduğundan F.Mustafa Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Baş İdarəsində olub və görülən işlərlə maraqlanıb: “Bir neçə dəfə kolbasalara, dönərlərə qatılan leş ətləri, at və eşşək ətləri ilə bağlı məsələni Milli Məclisdə gündəmə gətirmişəm ki, bəlkə, insanlarımızın sağlamlığı üçün təhlükəli olan bu davranışların qarşısını almaq mümkün olsun.

Bu qanunsuz əməllə məşğul olanların, eləcə də, onları himayə edənlərin ən sərt formada cəzalandırılmasının tərəfdarı olduğumdan bu istiqamətdə aldığım bütün informasiyaları dəyərləndirməli oluram. Müşahidəm onu göstərir ki, bu sahədə yenə də problemlər qalmaqdadır və ara-sıra rayonlardan aldığımız xəbərlərdə leş mafiyasının əvvəlki kimi fəaliyyətini davam etdirdiyi anlaşılmaqdadır. Məhz bu kimi narahatedici məqamlara aydınlıq gətirmək və məsələnin kökünü qazımaq üçün üz tutdum 7-ci mikrorayon ərazisində yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Baş İdarəsinə”.

Orada Baş idarənin rəisi Azər Süleymanov deputatı laboratoriyadakı iş prinsipləri ilə, baytarlıq sahəsində görülən işlərlə ətraflı şəkildə tanış edib: “Burada ən yüksək avadanıqlarla təmin olunmuş zəngin bir labaratoriya yaradılıb, ABŞ-dan, Avropadan, Yaponiyadan gətirilmiş aparatlar vasitəsilə peşəkar dəqiqliklə qidalarda olan təhlükəli maddələr, ət və süd məhsullarının tərkibindəki detallar, mal-qara, quş xəstəlikləri aşkara çıxarılır və ərzaq təhlükəsizliyimizin qorunması üçün zəruri tədbirlər görülür. Azərbaycana idxal olunan ət məhsullarının hərtərəfli müayinəsi də burada aparılır. Kənd Təsərrüfatı Nazirliyi zəruri avadanlıqları tapıb gətirib və mütəxəssisləri qısa müddətdə xarici ölkələrdə kursa göndərərək işə cəlb edib. Bunları ona görə qeyd edirəm ki, məhz bu cür çalışma mühitində məni maraqlandıran məsələlər ətrafında geniş bilgilər ala bildim. Məlum oldu ki, leşləri, at və eşşəkləri kəsərək ətlərini başqa adlar altında vətəndaşlara sırıyan şəbəkəyə qarşı burada ciddi mübarizə aparılır.

Aşkar olunan bütün faktlar dərhal hüquq-mühafizə orqanlarına göndərilir. Bu kimi zərərli məhsullar aşkar olunanda, məhv ediləndə televiziyaların iştirakı təmin olunur. Laboratoriyalarda isə dərhal kolbasanın və ya dönərin tərkibində bu ətlərin DNT-si müəyyən olunur və operativ uyğun qərarlar alınır. Səmimi deyə bilərəm ki, verilən izahatlar məni qane etdi. Demək, əsas iş qalır bizlərin, yəni cəmiyyət üzvlərinin öhdəsinə. Yəni insanlarımız harada bu kimi fəaliyyətlə məşğul olan insanlar var, onlara qarşı rəhimli davranmamalıdır, bu idarəni, hüquq-mühafizə orqanlarını çəkinmədən bilgiləndirməlidir, murdar ətlərlə qidalarımızı harama çevirənlərin cəzalandırılmasına çalışmalıdır”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az