ALMAXANIM ƏHMƏDLİ: “Gələcəkdə inşallah, yeniliklərim lap çox olacaq”

Məncə insanın musiqi zövqü ailədən gəlir

- Özünü oxucularımıza təqdim edərdin?

- Mən Almaxanım Əhmədli - 2001-ci ilin avqust ayının 18-də Bakıda anadan olmuşam. Orta məktəbin IХ sinfində oxuyuram, 13 nömrəli Musiqi Məktəbinin III sinfində Muğam şöbəsində təhsil alıram. Ailədə 2 uşağıq. Mən, bir də məndən 2 yaş böyük qardaşım. Ailənin sonbeşiyi mənəm.

- Necə oldu ki, bu sənətə gəldin?

- Uşaqlıqdan musiqiyə həvəsim var idi. Həm də ailəmizdə də musiqiyə bağlı insanlar çoxdur. Məncə insanın musiqi zövqü ailədən gəlir. Çünki  sənətə gəlmək həvəsim də ola bilər ki, burdan gəlir.

- Özünü şou-biznesdə görürsənmi?
- Xeyr, özümü şou-biznesdə görmürəm və görmək də istəmirəm.

- Səbəb nədir ki, özünü şou-biznesdə görmürsən?

- Səbəb odur ki, mən muğam ifaçısıyam. Məncə muğam ifaçısının şou-biznesdə işi olmaz. 

- Sənin üçün maraqlı müğənni kimdir, kimin ifasını dinləyirsən?

- Mən əsasən korifey sənətkarları dinləyirəm. Belə sadalasam Azərbaycanın gözəl sənətkarları çox olub və var. Çalışıram hamısını dinləyim, hərəsindən bir şey öyrənim. Xarici musiqi də dinləyirəm. İngilis, ərəb musiqisini  də dinləyirəm. Hətta ərəb dilində mahnı da ifa etmişəm.

- Sənin üçün önəmli sənətdir, yoxsa pul?
- Məncə sənət olan yerdə pul da olar.

- Bəzi qızların atası qoymur oxumağa. Bəs Vüqar müəllim necə, dəstək oldu sənə?

- İndi XXI əsrdə yaşayırıq. Bəli, dəstək olur. Səhnədə sənət göstərmək lazımdır.

- Məlumdur ki, şou aləminə qədəm qoyan hər müğənni çətinliklərlə qarşılaşır. Bəs sən əminsən ki, sən də o populyarlığı qazanacaqsan?
- Çox şükürlər olsun ki, bəzi çətinliklər olmasına baxmayaraq, artıq qazanmağa başlamışam. Bəzi çətinliklər olur, amma belə şeylərə fikir vermək lazım deyil. İnşallah, belə də davam edərəm.

- Nə zamansa haqsızlığın qurbanı olmusan?
- Hələlik elə bir şey olmayıb sənət barəsində, şükürlər olsun.

- Prodüserin varmı?
- Xeyr, hələ prodüser yoxumdur.

- Hamı bilir ki, sənətə “A dağlar, qoca dağlar” mahnısıyla gəldin. Necə oldu ki, bu mahnını seçdin?
- O mahnını atamla birgə seçmişik. İlk dəfə Eldəniz Məmmədovun ifasında sevilib. Mən də onun ifasında sevmişəm bu mahnını və mahnının halallığını da aldım. Eldənizə çox təşəkkür edirəm. Bu mahnını özüm də bəyəndiyim üçün ifa etdim. Tamaşaçıların da, dinləyicilərin də fikrini nəzərə alaraq deyirəm ki, məncə uğurlu alındı.

- Yaradıcılığında nə kimi yeniliklər var?

- Yaradıcılığımda yenilik çoxdur. Elə lap təzəcə - dünən yeni bir duet yazdırmışıq. Duet ortağım istedadlı və gənc müğənni Kamil Cəfərovdur. Mahnının musiqisi Ruslan Əhmədoğluna, sözləri Niyazi Qəzənfərzadəyə aiddir. Mahnının adı isə “Səndən sonra” adlanır. İnanıram ki, çoxlu uğurlar gətirəcək. Gələcəkdə inşallah, yeniliklərim lap çox olacaq.

- Səncə bu sənətdə tamahkar insanlar varmı?
- Əlbəttə var. Təbii ki, sənəti olmayan insanlar tamahkarlıq edir.

- İlk müəllimin kim olub bu sənətdə, kimdən bəhrələnmisən?

- İlk müəllimim rəhmətlik Vahid Abdullayevin yoldaşı Kamilə Abdullayeva olub. Hal-hazırda da ondan dərs alıram.

- Bəs özünü bu sənətdə hansı zirvədə görürsən?

- Məncə hələ mənim bu barədə danışmağım düzgün çıxmaz. Gələcəkdə, illər sonra danışa bilərəm.

- Səncə bu sənətdə bir az kar, bir da kor olmalısan?
- Bəli, daş atanlar çox olur. Bu da bizim insanların haqsızlığından irəli gəlir. Gərək onlara fikir verməyəsən. Mən artıq özümü belə şeylərə alışdırmışam. Hər şeyə fikir versəm irəli gedə bilmərəm.

- Kövrək qızsan?
- Bəli, çox kövrəyəm. Əsəbiləşəndə, kiminləsə mübahisə edəndə məni ağlamaq tutur. Danışa bilmirəm.

- Səni özündən nə çıxarda bilər?

- Ümumiyyətlə insanı özündən çıxardan şey böhtan ola bilər, yalan iradlar ola bilər. Məni də belə şeylər özümdən çıxardır.

- Geyim tərzində niyə dəyişiklik etmirsən?
- Artıq dəyişiklik etməyə başlamışam. Məncə həm də müğənni oxuduğu janra görə geyimini seçməlidir.

- Bu sənətdə dostun varmı?
- Hələ ki, elə bir dostum yoxdur sənətdə.

- Nədən qorxursan?
- Baxır nədən, hansı mövzudan qorxuram.

- Göz yaşının əsiri olmusanmı?
- Hələ elə bir böyük situasiya ilə qarşılaşmamışam.

- Həyatda nəyə heyfsilənirsən?
- Bir az utancaq olduğum üçün heyfsilənirəm. Bu xasiyyətimdir. Əsasən danışmağa utanıram bəzən. Düzəltməyə çalışıram bu mənfi xüsusiyyətimi.

- Bu sənətdə özünə nələri qadağa qoydun?
- Hələ mənə qadağanı özüm yox, valideynlərim qoya bilər.

- Stilistin varmı?
- Yoxdur. Amma fikrim var ki, stilistim olsun.

- Deyirlər şeir də yazırsan.
- Şeir yazmamışam, yazmıram da. Bəlkə gələcəkdə mahnı yaza bilərəm. Amma şeir yazmaq fikrim yoxdur. Şeiri əsasən dinləməyi xoşlayıram.

- Atanız Vüqar Əhməd bizim qəzetə müsahibə verəndə demişdi ki, qızım da şeirlər yazır. Bəs necə olur ki, özünüz deyirsiniz ki, yazmamışam?

- Birisiniz, necədir? Uşaqlıqda hamı 5-6 yaşında yalandan nəsə şer yazır, məndə də elə olub. Buna şeir demək olmaz.

- Kumirin kimdir?
- Xarici aktyorlardan ideyalım olan var. Amma istər xarici, istərsə də yerli müğənnilərdən kumirim olan yoxdur. Amma müğənni kimi dinlədiklərim və bəyəndiklərim çoxdur.

- Bu sənətdə dayın İzzət sənə dəstək olurmu?

- Mənə sənətdə əsas dəstək atam olur. Çox sağ olsun, dayım da dəstək olur.

- Hansısa mükafatların varmı?
- Bu ilin mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi Bürünc medala layiq görüldüm. Hətta diplomla da təltif olundum.

- Yeni disk üzərində çalışırsanmı?
- Bildiyiniz kimi 2014-cü ildə muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət “Qarabağ” adlı iki diskim işıq üzü görüb. İnşallah, yeni mahnılarımdan gələcəkdə təzə disk buraxacağam.

- Gələcəkdə dayın İzzətlə duet oxumaq fikrin varmı?
- Əlbəttə var. Qismət olsa, İnşallah, oxuyaram.

Şəlalə NƏRİMAN

 

 

     

 

     

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az