Xarici görünüşümü bir o qədər də yaraşıqlı hesab etmirəm” – Elgiz

Uzun zamandır televiziya efirlərinin sevilən aparıcılarından olan Elgiz Əkbər verdiyi müsahibəsində bir sıra məqamlara toxundu. Əziz oxucular, Elgizlə olan səmimi müsahibəni sizlərə təqdim edirik.

 

 

- Necə oldu ki, Elgiz öz gözəl iqtisadçı  peşəsindən ayrılıb jurnalistikayla məşğul oldu?

 

- İxtisasca iqtisadçıyam, ikinci ixtisasım jurnalistdir. Çox dəyərli  insanlardan jurnalistlik sənətinin incəliklərini öyrənib, iqtisadiyyatla bağlı yazılarla mətbuata gəlmişəm. Azərbaycanda  turizmin  inkişaf etdirilməsiylə bağlı  mətbuatda  3-4 dəfə çap olunan  iki həcmli monoqrafiyaların  müəllifiyəm.  Yeri gəlmişkən, monoqrafiyalarım çap olunandan sonra, 8 il bundan qabaq ANS televiziyasında yayımlanan «Bağlama» verilişinə aparıcı olaraq dəvət olunmuşam və verilişə  aparıcılıq etmişəm.

 

- İlk dəfə kamera qarşısında olanda nə düşünürdünüz?

 

- Vallah mən bu barədə ilk dəfədir danışıram. Sözün düzü mənə ANS televiziyasının ilk təklifi «Bağlama» verilişinin redaktoru kimi işə başlamaq olub. Sonra redaktorluqla yanaşı həmin verilişin aparıcısı olmağı da mənə təklif etdilər. Mən buna çox təəccübləndim. Çünki həmin vaxtda  mənim çəkim 110 kilo idi. Çəkimlə (kilomla) bağlı kompleksim vardı. «Mən bu çəkidə necə efirə çıxa bilərəm?» dedim. Sonra mənə həm dünya, həm də Azərbaycan televiziyalarında  əməkdaşlıq  və aparıcılıq edən kök insanları  nümunə göstərdilər və dedilər ki, onların kök olması  heç də işlərinə  mane olmayıb. Sənin çəkin, köklüyün də sənin işinə mane olacaq dünyamı deyil. İstərsənsə bu sənin işinə mane olmaz, arıqlamaq insanın öz əlindədir. Əsas odur ki, veriliş maraqlı olsun. Bunu ilk dəfə söyləyirəm ki, belə də oldu. Mən iki ayın içində  25 kilo arıqladım. (gülümsədi).

 

- Aparıcısı  olduğunuz verilişlər arasında ən çox sevdiyiniz veriliş hansı olub?

 

- Vallah  nə deyim. İndiyə qədər «Bağlama», «Elgizli axşamlar», «Adam içində», «Günəbaxan» verilişlərinin aparıcısı olmuşam. İndi hal-hazırda ARB telekanalında çalışıram.  Bu kanalda “Elin gözü”, “Səhər-səhər” verilişlərinin aparıcısıyam. Mənə görə bütün verilişlərimin hamısı mənim üçün əzizdir. Ona görə də fərq qoya bilmirəm. Hansının ən yaxşı olduğunu izləyicilərim deyə bilər.

 

 

 

 

 

- Sizcə efir adamlarının  hamısı həyatda efirdə göründükləri kimidirlər?

 

- Vallah mən öz xarici görünüşümü bir o qədər də yaraşıqlı hesab etmirəm. Bu sözü mənə daha çox deyirlər ki, «sizin gözəl daxili aləminiz var». Hərdən də ax, sizin necə də gözəl xarici görünüşünüz var deyirlər. Bu çox olmasa da hərdən olur. Əsas daxilimi çox deyirlər. Bir Allah şahiddir ki, mən hər zaman Allaha şükür edirəm. Hesab edirəm ki, bu mənim əldə etdiyim ən böyük nailiyyətlərdir ki, tamaşaçı deyir: «Elgiz yalan danışmaz, Elgiz sözün düzünü deyən insandır, Elgiz heç vaxt nəyinsə xatirinə kiminsə haqqını qoyub, nahaqqını danışmaz». Bax, bu məni daha çox sevindirir.

 

- Efirdə belə görünür ki, Elgiz çox imkanlıdır. Bu baxımdan imkansız insanlar imdad, kömək məqsədilə sizə müraciət edibmi?

 

- Verdiyiniz suala cavab vermək bir az təvazökarlıqdan uzaqdır. Amma hər halda sual verdinizsə cavab verməliyəm. Yenə də utana-utana deyirəm: 8 illik fəaliyyətimdə  aparıcısı olduğum verilişlər vasitəsilə çox insanlara köməklik etmişəm.  Məsələn, hüquqlarını bilmədikləri üçün verilişimizə hüquqşünaslar cəlb etmək üçün fəaliyyət göstərmişəm.Ev yanğınlarında  evsiz-eşiksiz  qalan bir çox insanın ev və ev əşyalarıyla  təmin olunması  üçün fəaliyyət göstərmişik. Sağlamlığını itirib, müalicə almağa imkanı olmayan bir çox xəstə insanı  xəstəxanalarda müalicə etdirmişik. Başqa xəstəlikləri ilə əlaqədar olaraq dövlət xəstəxanasında doğum edə bilməyən, amma imkansızlıqdan klinikalara da müraciət edə bilməyən ana olacaq qadınları klinikalara yerləşdirərək körpələrinin dünyaya sağ-salamat gətirmələrinə  şərait yaratmışıq ki, bizim köməkliyimizlə dünyaya gəlmiş nə qədər oğlan uşağına Elgiz adı qoyulub. Bu məni çox sevindirir.Nə qədər insanlar evləndirmişik. Hə, doğrusu, «Toy olsun» verilişini qeyd eləməyi unutmuşam. Bu veriliş aparıcısı olduğum verilişlər arasında  ən reytinqli verilişimdir. Efir vasitəsilə gözdən əlil, şikəst, evlənməkdə çətinlik çəkən insanların  ailə quraraq xoşbəxt olmasında payımız olub.

 

- Ramazan aylarında iftar süfrəsi vermisinizmi? Yəni imkansız ailələrə orucluq aylarında, bayramlarda köməklik etmisinizmi?

 

- Yox, yox, heç vaxt. Doğrusu bu ki, aparıcısı olduğum verilişlərlə bu  aylarda  kimsəsiz  qocalar evlərini, uşaq evlərini tez-tez ziyarət etmişik. Orucluq ayında, bayramlarda qocalar evlərində, uşaq evlərində konsert proqramları  təşkil eləmişəm. Hətta yeganə aparıcı  olmuşam ki, «Elgizli axşamlar» verilişi ilə qocalar evindən birbaşa canlı efirdə yayımlanmışıq. Onlar üçün bayram proqramı təşkil etmişəm. İftar süfrələrinin təşkilatçısı olmuşam. Amma mən niyə yalan danışım ki, bütün bunların maliyyə məsələlərini mən həll etmişəm. Çünki mənim o qədər imkanım, o qədər pulum yoxdur ki, maliyyə məsələlərini həll edim.

 

- Son zamanlarda sizi əsəbiləşdirən nə kimi hadisələrlə qarşılaşmısınız?

 

- Son zamanlarda əsəblərimin son həddə çatdığı olur. Hərdən mətbuatda yayılan informasiyalar, yalan-yalnış yazılan materiallar məni çox üzür. Bu məni çox əsəbiləşdirir. Baxırsan səndən müsahibə almaq istəyirlər, etiraz etməyib müsahibə verirsən. Bir də baxırsan ki, sənin verdiyin müsahibə tamamiylə başqa yönə  çəkilib, başqa cür mənalanıb. Bu da oxucular, tamaşaçılar arasında qeyri-müəyyən fikirlər yaradır.

 

- Həyatınıza nəzər saldıqda pis günlərinizin sayı daha çoxdur, yoxsa yaxşı günlərinizin?

 

- Doğrusu, heç istəməzdim bu haqda danışam. Bunun da bəzi səbəbləri var. Həyatıma nəzər salanda görürəm ki, pis günlərimin  ömrü daha çoxdur, nəinki yaxşı günlərimin. Bəzən həyatda elə çətinliklərlə qarşılaşmışam ki, sonra «mən bunun öhdəsindən necə gəldim» deyə  öz-özümə  sual vermişəm. Bir vaxtlarım olub ki, sağlamlığımla  bağlı  problemlər, stresslər yaşamışam. Sağalmaq, həyata dönmək üçün mücadilə etmişəm. Güclü depressiyalarım olub. Amma Allahın köməkliyi ilə  sağalmışam, həyata dönmüşəm. Xəstə olduğum vaxtlarda  çox stress yaşamışam. Bundan başqa ən əziz, ən yaxın insanı itirdiyim zaman mən «Toy olsun» verilişində aparıcı idim. Efirdə olan zaman reklam arasında mənə zəng edib nənəmin ölüm xəbərini verdilər. Həmin gün bayram əhval-ruhiyyəsi idi. Verilişi  sonuna qədər davam etdirib başa vurmaq, bilsəniz mənim üçün necə çətin idi. Mən nənəmi çox sevən olmuşam. Bizim qapıda matəm idi, çox sevdiyim nənəmin matəmi. Amma mən efirdə bayram geyimində, xoş əhval-ruhiyyədəymişəm kimi tamaşaçı qarşısındaydım. Çox çətin idi mənimçün. Ömrümün ən çətin günlərindən biri idi o gün. Hə, həyatımda ən çətin, ən stressli keçən günlərim tələbəlik illərində olub. Bu haqda necə deyim, əvvəli çox imkanlı bir ailənin övladı olmuşam. Birdən-birə maliyyə cəhətdən sıfır səviyyəsinə endik, imkanımız əlimizdən çıxdı. Əvvəli imkanlı olan birinin birdən-birə belə hala düşməsi psixoloji cəhətdən  pis təsir edir. Amma mən  nə qədər çətin olsa da, bu günləri də geridə qoydum, çox şükür. Amma həyatımızda iz buraxdı getdi o günlər.

 

- Adətən boş vaxtınızı  necə keçirirsiniz?

 

- Boş vaxtlarımı ailəmə, balaca qızıma həsr eləyirəm. Çünki indi məni həyata bağlayan, yaşama sevincim ailəmdi, balaca qızım Lalədir.

 

 - Oxuculara son olaraq nə deyərdiniz?

 

- İndiki dövrdə baxırsan ki, problemlərlə, həyat şəraiti ilə bağlı olaraq boşanmaların sayı artıb. Bununla əlaqədar ailələri maarifləndirmək, onların möhkəmliyini qorumaq üçün ciddi işlər görülməlidir. Bu işdə sizə müvəffəqiyyətlər arzulayıram.

 

Çox sağ olun, Elgiz bəy. Biz də verdiyiniz səmimi müsahibə üçün təşəkkür edirik.

 

Günay Nəsirova

 

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az