Avropa İttifaqı ilə müqavilə 2018-ci ildə imzalanacaq

Teleqraf.com-un suallarını Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev cavablandırıb:

- 2017-ci ilin son həftəsini yaşayırıq. Bu il ölkə həyatında hansı hadisələrlə yadda qaldı? Ümumilikdə, yola saldığımız ili necə xarakterizə edərdiniz?

- Hesab edirəm ki, 2017-ci il ölkə həyatında ən uğurlu illərdən biridir. Bütövlükdə müxtəlif istiqamətlərdə, ölkənin iqtisadi, siyasi, mədəni həyatında və beynəlxalq aləmdə baş verən hadisələrlə çox zəngin bir il yaşadıq. Bu ilin yekunlarına nəzər salarkən həm siyasi, həm iqtisadiyyat, həm də humanitar-mədəni sahələrdə Azərbaycan üçün çox faydalı olan hadisələrdən danışa bilərik. Bu ilin ən mühüm hadisələrindən biri kimi IV İslam Həmrəylik Oyunlarını qeyd etmək olar. Bu il İslam Həmrəyliyi ili kimi tarixə düşdü, bütün il ərzində ölkəmiz dinlərarası, millətlərarası, dövlətlərarası həmrəyliyi təbliğ edən çoxsaylı tədbirlərə ev sahibliyi etdi. Beynəlxalq miqyaslı böyük idman tədbiri təşkil edildi, Azərbaycan 57 ölkə arasında 162 medal qazanmaqla 2-ci yerə çıxdı.

Bundan başqa hələ ötən ilin sonunda hökümət tərəfindən iqtisadiyyatın 11 istiqaməti üzrə hazırlanmış 12 strateji yol xəritəsi prezident tərəfindən təsdiqlənmişdi. Bu ilin əvvəlindən başlayaraq həmin yol xəritələri üzrə iqtisadi sahədə fəaliyyət başladı. Bu, müstəqillik dövründə Azərbaycanın iqtisadi həyatında indiyə qədər görünməmiş fəallıq yaratdı. Ölkənin bir çox iri şəhərlərində və bir sıra bölgələrində iri və orta həcmli sənaye parkları və məhəllələri yaradılmağa başlandı. Bununla ilk növbədə ölkənin neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunun inkişafını təmin etmək və gələcək illərdə ölkənin ixrac məhsulunun həcminin neft-qaz hesabına deyil, digər sənaye məhsulları hesabına artırılması təmin olunacaq. Artıq sənaye parkları və məhəllələrində inşa olunmuş sənaye müəssisələrinin bir qismi fəaliyyət göstərir, böyük qismi isə hazırda tikilməkdədir. Bu proses davamlı prosesdir, bu illə yekunlaşmır, gələcək illərdə də davam edəcək və nəticə olaraq ilk növbədə ölkənin sürətli şəkildə sənayeləşməsinin şahidi olacağıq. Bundan irəli gələn bütün faydalar, o cümlədən on minlərlə iş yerinin artması, əhalinin orta gəlir səviyyəsinin yüksəlməsi və maddi rifah halının yaxşılaşması strateji yol xəritələrinin həyata keçirilməsi tempindən və keyfiyyətindən asılı olacaq. Fəaliyyətə başladığımız birinci ilin yekununda artıq deyə bilərik ki, strateji yol xəritələrinin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının çox istiqamətli şəkildə yenidən dirçəldilməsinin ən düzgün və obyektiv yoludur. 12 strateji yol xəritəsinin davamlı olaraq həyata keçirilməsi təkcə 2017-ci ildə deyil, gələcək illərdə də iqtisadi sahədə daha böyük uğurlar əldə etməyimiz üçün təməl rolunu oynayır.

- Sənaye parklarından söz açdınız, dərman istehsal edən müəssisələrin yaradılması ilə bağlı da anonslar vardı. Bu istiqamətdə işlər nə yerdədir? Azərbaycan dərman preparatları hazırlamaqla ən azı özünü təmin edə bilərmi?

- Digər sənaye sahələrində olduğu kimi əczaçılıq sənayesində də çox sayda məhsul istehsal etmək imkanları mövcuddur. Lakin heç bir ölkə bütün lazım olan dərman preparatlarını özü istehsal etmir və edə də bilməz. Çünki hər bir dərman preparatının özünəməxsus kimyəvi-bioloji tərkibi var və bu tərkibləri təşkil edən xammal maddələr dünyanın müxtəlif bölgələrindədir. Bu kimi bir çox səbəblər var ki, ölkə üçün zəruri olan olan dərman preparatlarının hamısını ölkə daxilində istehsal etmək qeyri-real görünür. Lakin buna baxmayaraq, Pirallahı sənaye parkında hazırda bir neçə əczaçılıq müəssisəsinin təməli qoyulub və inşaat işləri aparılır. Çox güman ki, gələn il və sonrakı illərdə bir sıra əczaçılıq müəssisələrinin işə salındığının şahidi olacağıq. Bu, əlbəttə, Azərbaycan iqtisadiyyatı və əhalinin sağlamlığının qorunması baxımından olduqca əhəmiyyətli sərmayə qoyuluşudur. Bunun Azərbaycanda səhiyyə işinin təşkilinə, müalicə sferasının daha da təkmilləşməsinə faydası olacaq. Lakin bununla belə dərman preparatlarının idxalı davam etdiriləcək. Çünki çoxsaylı preparatlar var ki, çox mürəkkəb avadanlıqlar və kimyəvi tərkiblərlə istehsal olunur, onların istehsalı ilə bağlı xüsusi patentlər mövcuddur. Patent müddəti başa çatmayana qədər onların hər hansı bir ölkədə istehsalı mümkün deyil. Azərbaycanda ilk növbədə generik məhsullar istehsal olunacaq. Bunlar gündəlik tələbat xarakteri daşıyan, yəni həkim resepti zəruri olmadan alınan və satılan dərman preparatları, eyni zamanda müalicə prosesində istifadə olunan tibbi vasitələr – birdəfəlik şprislər, bintlər, leykoplastlar və s. ola bilər. Çox güman ki, bu məhsullar geniş çeşiddə öz ölkəmizdə hazırda tikilməkdə olan əczaçılıq müəssisələrində istehsal olunacaq.

- İnsanlarda dərman preparatları ilə bağlı inamsızlıq var. Bu, psixoloji məqamlarla bağlıdır, yoxsa doğrudan da deyildiyi kimi, Azərbaycana dozası daha aşağı olan dərmanlar idxal olunur və nəticədə müalicənin effekti olmur?

- Müəyyən mənada burada psixoloji faktor da rol oynayır, amma bununla belə eyni tərkibli dərman preparatları dünyanın çox müxtəlif ölkələrində və müəssisələrində istehsah oluna bilər. Əlbəttə, onların hamısının keyfiyyətinin eyni olduğunu iddia etmək düzgün olmazdı. İlk növbədə dərman preparatları orijinal və generik olaraq müəyyənləşdirilir. Sözsüz ki, orijinal dərman preparatlarının keyfiyyəti ən yüksək keyfiyyət göstəricisinə malikdir. Lakin generik– yəni orijinal preparatın patent müddəti başa çatdıqdan sonra dünyanın istənilən bölgəsində istehsal olunmasına icazə verilən dərman preparatları Ümumdünya Səhiyyə Təşkilatının tələbinə əsasən, keyfiyyətinə görə orijinalın ən azı 80 faizinə uyğun olmalıdır. Çox güman ki, bütün ölkələrdə istehsal olunan generik preparatlar da bu tələbata cavab verir. Cavab verməsəydi, onların bir ölkədən başqa ölkəyə daşınması üçün icazələr verilməzdi. Azərbaycan qanunvericiliyə görə ölkəyə daxil olan hər bir adda preparat Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılır. Əgər mərkəz həmin dərman preparatlarına sertifikat veribsə və onun keyfiyyətinin tələbata uyğun olduğunu təsdiq edibsə, o zaman biz bu dərman preparatlarının keyfiyyətsiz olduğunu iddia edə bilmərik. Buna əsasımız yoxdur. Çünki bunu yoxlamaq üçün peşəkar laboratoriya avadanlıqları lazımdır ki, bu da Səhiyyə Nazirliyində var. İkitərəfli yoxlama aparılır. Həm dərman preparatlarının çıxdığı ölkədə yoxlanılır, idxalçıya istehsal olunduğu müəssisədən keyfiyyət sertifikatı təqdim olunur, həm də Azərbaycan idxalçısı onu ölkəyə daxil edərkən Səhiyyə Nazirliyi bir daha həmin məhsulun keyfiyyətini yoxlayaraq ona müvafiq sertifikat verir. Əlbəttə, idxal zamanı bəzi malların keyfiyyətsiz olduğu aşkarlanırsa, onlara keyfiyyət sertifikatı verilmir, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük prosedurundan keçirilmir və geri qaytarılır. Vaxtaşırı mətbuatda belə məlumatlara rast gəlirik ki, bəzi insanlar qaçaqmalçılıq yolu ilə müəyyən dərman preparatlarını ölkəyə gətirməyə cəhd edirlər və hətta bu məsələlərlə bağlı bir neçə cinayət işi açılıb, məhkəmə prosesləri olub. Əlbəttə, bütün bunlar insanların sağlamlığı üçün təhlükə yaradan hadisələrdir. Çünki istənilən dərman preparatını rəsmi istehsalçılardan tam qanuni yolla alıb idxal etmək və xəstələrin istifadəsinə vermək olar. Bu imkanlar mövcud olduğu halda qaçaqmalçılıq yolu ilə ölkəyə dərman preparatının gətirilməsi çox dar çərçivədə insanların şəxsi maraqları istiqamətində atılan addımlardır və qəbuledilməzdir.

- Bu gün gənc anaların əsas müzakirə etdiyi mövzulardan biri peyvəndlərlə bağlıdır. Bir qrup peyvəndin vacibliyini vurğulayır, bəziləri isə israrlı şəkildə peyvəd vurdurulmamasını tövsiyə edir, səbəbi də peyvəndlərin Hindistandan gətirilməsi ilə izah edirlər. Əczaçılıqla bağlı böyük təcrübəniz olduğundan bu məsələyə aydınlıq gətirməyinizi və peyvəndlərin vacib olub-olmadığı barədə tövsiyə verməyini xahiş edirəm...

- Dünyanın çox müxtəlif ölkələrində, o cümlədən Hindistanda peyvəndlər hazırlanır. Hindistanda həm yerli əczaçılıq müəssisələri tərəfindən hazırlanan peyvəndlər mövcuddur, həm də beynəlxalq miqyasda tanınmış, dünya şöhrətli əczaçılıq müəssisələrinin Hindistanda istehsal etdiyi peyvəndlər var. Əslində, bir sıra peyvəndlərin xammalı məhz Asiyada, Hindistandadır. Ona görə də ABŞ-dan, Avropadan çox böyük əczaçılıq şirkətləri Çin, Pakistan, Hindistanda öz istehsal sahələrini quraraq orada eyni tərkibli və keyfiyyətli peyvəndlərin daha ucuz qiymətə istehsal olunmasını təşkil edirlər. Yəni peyvəndin hansı ölkdə istehsal olunması heç də onun keyfiyyətinə dəlalət etmir. Onun kim tərəfindən istehsal edilməsi daha çox önəmlidir. Məsələn, Qlasko Smit Klayn dünyanın ilk ən böyük 3 şirkətindən biridir. Onun Hindistanda da, Çində də istehsal müəssisələri var, minlərlə insan orada çalışır və peyvənd istehsal edirlər. Bu peyvəndləri dünyanın bir çox ölkələrinə, o cümlədən Amerikaya satırlar. Peyvəndin hansı ölkədə istehsal olunması deyil, hansı istehsalçı şirkət tərəfindən istehsal edilməsinə diqqət yetirmək daha vacibdir. Peyvənd istehsalı ilə məşğul olan dünya miqyasında tanınmış bir sıra şirkətlər var, məsələn, Qlasko Smit Klayn, Sanofi Aventis, Paster Merye və sair. Bu şirkətlərin istehsal etdiyi peyvəndlər dünyanın bütün ölkələrində istifadə edilir və daha güvənli hesab olunur. Uşaqlara peyvənd vurulmasına gəlincə, mənə elə gəlir ki, uşaq dünyaya gəldiyi andan valideynlərin və həkimlərin ata biləcəyi ən zəruri addımlardan biri onların mümkün xəstəliklərə qarşı peyvənd olunmasıdır. Peyvənd olmazsa olmaz. Peyvəndi etməmək böyük riskdir. Peyvənd praktikasının yaranmasına diqqət yetirsək, tibb elminin bugünkü inkişaf səviyyəsindən qat-qat aşağı olduğu dövrlərdə dünyanın çox müxtəlif bölgələrində insanlar çox sadə xəstəliklərdən kütləvi şəkildə tələf olurdu. Vəba, vərəm, qızılcanı indi bəzi valideynlər xəstəlik hesab etmirlər. Çünki tez sağalır. Bir neçə onilliklər öncə isə dünyanın müxtəlif bölgələrində yüz minlərlə, bəlkə də milyonlarla insanlar bu xəstəliklərdən həlak olurdular. Ona görə ki, heç vaxt peyvəndləmə olmamışdı. Bizdə ən azı 60-70 il ərzində peyvəndləmə olub, yaranan immunitet valideyndən uşağa keçir və müəyyən mənada getdikcə immunitet güclənir. Bir nəsil zəruri peyvəndlərlə təmin olunmasa, sonrakı nəsildə immunitetin zəifləməsi özünü göstərəcək. Xəstəliklərin öyrənilməsi və aparılan tədqiqatlar peyvəndlərin yaradılmasına gətirib çıxarıb. Peyvənd etməklə uşağın orqanizminə xəstəliyin cismi yeridilməklə bədəndə həmin xəstəliyə qarşı müqavimət yaradılır. Əgər bir insanın bədənində konkret xəstəliyə qarşı immunitet varsa, həmin şəxsin bu xəstəliyə yoluxmaq ehtimalı demək olar ki, sıfra bərabərdir. Müqavimət yoxdursa, elə birinci dəfədən insan həmin xəstəliyə yoluxa bilər. Sadə məntiqlə o nəticəyə gəlirik ki, hər hansı bir çətin müalicə olunan, böyük xərc tələb edən xəstəliyə yoluxub onu müalicə etdirməkdənsə, bəri başdan həmin xəstəliyə qarşı peyvənd olunub heç o xəstəliyə yoluxmamaq daha səmərəlidir. Peyvənd istifadə olunmasına qarşı mənfi rəylər yayan insanların bu sahədə bilikləri çox azdır və onlar təbii bitkilərlə xəstəlikləri sağaltmağa meylli olurlar. Lakin bu, mümkün deyil, belə yanaşma insanları səhv istiqamətə yönləndirir. Hər hansı adamda xəstəlik aşkar olunubsa, ona birbaşa hücum edən və yarandığı mərkəzdə məhv edən dərman preparatı ilə müalicə olunmalıdır. Təbii üsullara, bitkilərlə müalicə üsuluna hesab edirəm ki, sağlam insanlar üçün profilaktik tədbirlər kimi baxıla bilər.

- Söhbətimizi Azərbaycanın xarici siyasət sahəsində builki fəaliyyəti ilə davam etdirmək istərdim. Avropa İttifaqı ilə Azərbaycan arasında bu il keçirilən intensiv görüşləri necə qiymətləndirirsiniz? Ötən həftə ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı Yan Zahradil Azərbaycana konkret təkliflərlə gəldiyini bəyan elədi. Bu təkliflər nədən ibarətdir?

- 2017-ci il bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında çox məhsuldar il olub. Əvvəlki illərdən fərqli olaraq bu il Aİ ilə ölkəmiz, eləcə də Avropa Parlamenti ilə Milli Məclis arasında çox müxtəlif səviyyələrdə təmaslar olub. Hələ ilin əvvəlində fevralda Aİ Şurasının prezidenti Donald Tuskun dəvəti ilə ölkə başçımız İlham Əliyev Brüsselə səfər etmişdi və həmin görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni, hərtərəfli əməkdaşlıq müqaviləsinin hazırlanmasına start verilməsi barədə razılıq əldə olunmuşdu. Bu cür yaxşı hadisə ilə başlayan 2017-ci il münasibətlərimizin inkişafında bir çox önəmli tarixlərlə yadda qalıb. Əlbəttə, Avropa İttifaqının çox yüksək səviyyəli nümayəndələri il ərzində dəfələrlə ölkəmizə gəliblər, eləcə də Azərbaycan siyasi idarəsinin müxtəlif səviyyədə təmsilçiləri Avropa İttifaqı və Parlamentinə çoxsaylı səfərlər ediblər. Bütün bu səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji xarakter daşıyacaq yeni əməkdaşlıq müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı olub. Noyabrın 24-də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçirildi, prezident İlham Əliyev həmin sammitdə iştirak etdi, Azərbaycan, eləcə də digər Şərq Tərəfdaşlığı ölkələri üçün önəmli və əhəmiyyətli olan məsələlər müzakirə olundu və birgə Bəyannamə imzalandı. Qarşılıqlı münasibətlərinin gələcəyini xarakterizə etməklə yanaşı eyni zamanda Azərbaycan və bizimlə eyni problemlərlə üzləşmiş Gürcüstan, Moldova, Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının birmənalı olaraq qəbul olunduğu bu Bəyannamədə öz əksini tapıb. Bu bəyannamə ona təkan verdi ki, dekabrın 13-də Avropa Parlamenti həmin bəyannaməni Qətnamə kimi təsdiq etdi. Bu, 2017-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ən dəyərli sənədlərdən biridir. Ümumiyyətlə, bu il ərzində xarici siyasət sahəsində baş verən önəmli hadisələr bununla məhdudlaşmır. Məsələn, Rusiya,Azərbaycan və İran arasında prezidentlər səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi beynəlxalq və regional siyasətdə Azərbaycanın rolunun daha da möhkəmlənməsinin göstəricisidir. Eləcə də Türkiyə, Gürcüstan və Azərbaycan arasında müxtəlif səviyyələrdə baş tutan üçtərəfli görüşlərin böyük əhəmiyyəti olub. Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçirilib. Bu, ilk növbədə ölkələrimiz, eləcə də türk dünyasında iqtisadi-mədəni, siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından kifayət qədər əhəmiyyətli hadisədir. O ki qaldı Yan Zahradillə görüşə, o Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentidir, Avropa Parlamentinin Çexiyadan seçilmiş üzvüdür. Bu Alyans Azərbaycanda Yeni Azərbaycan Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əməkdaşlıq edir. Həm partiyalar, həm də parlamentlər səviyyəsində olan əməkdaşlıq baxımından bu Alyans bizim üçün çox maraqlı tərəfdaşdır. Cənab Yan Zahradilin səfəri çərçivəsində Alyansla Milli Məclis, eləcə də Azərbaycanda fəaliyyət göstərən partiyalar arasında münasibətlərin gələcək inkişafını müzakirə etdik. Bu münasibətlərin bir-birinə daha da yaxınlaşdırılması və bu əlaqələrdən Azərbaycan həqiqətlərinin Avropa miqyasında təbliğ olunması baxımından necə istifadə etməyin mümkünlüyü barədə fikir mübadiləsi apardıq.

- Aİ ilə Azərbaycan arasında yeni əməkdaşlıq müqaviləsinin gələn il imzalanması gözlənilirmi?

- Bəli, 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir. Hal-hazırda Avropa İttifaqının müvafiq strukturları bu müqavilənin Azərbaycan tərəfindən təqdim olunan versiyasını öyrənirlər, onların sualları yarandıqca bu suallar ətrafımnda müzakirələr və razılaşdırmalar aparılır. Bütün bu işlər başa çatdıqdan sonra müqavilə layihəsində əks olunan bütün müddəaların hər iki tərəfi qane edəcək məzmuna gətiriləcəyi halda tərəflər müqaviləni imzalamağa hazır olacaqlar. Mən əminəm ki, 2018-ci ildə bu müqavilə imzalanacaq.

- Bəs ad üzərində konkret nəticəyə gəlinibmi?

- Sazişin adının nə olmasından asılı olmayaraq, hesab edirik ki, mətndə Azərbaycan üçün zəruri hesab olunan bütün məsələlər öz əksini tapmalıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün zəmanətlər, Azərbaycan vətəndaşlarının Aİ ilə təmaslarının asanlaşdırılması, Azərbaycanın işğal olunmuş ərazilərinin Aİ və bu quruma daxil olan bütün ölkələr tərəfindən birmənalı şəkildə tanınması və münaqişənin həllində dəstəyinin ifadə olunmasına çalışırıq. Ona görə də müqavilənin necə adlanmasından asılı olmayaraq bu müqavilədə bütün bu məsələlərin öz əksini tapması ölkəmiz üçün çox önəmlidir. Noyabrda Ermənistanla Avropa İttifaqı arasında saziş imzalandı. Biz heç zaman o şəkildə saziş imzalamaq niyyətində olmamışıq, indi də istəmirik. Bizim imzalamaq istədiyimiz müqavilə Azərbaycanla Avropa İttifaqı arasında daha geniş, ətraflı münasibətləri nəzərdə tutur və uzaq perspektivə hədəflənib. Bu müqavilə ticarət rejiminin, insanlar arasında humanitar-mədəni əlaqələrin liberallaşdırılmasını ehtiva etməlidir. Ermənistan Avrasiya İttifaqının üzvü olduğundan Aİ ilə sərbəst ticarət rejiminə heç vaxt razılıq ala bilməyəcək. Azərbaycan heç bir ittifaqın üzvü olmadığından, öz neytral mövqeyini qoruyub saxladığından, ölkəmiz üçün Avropa ilə ticarət ilkin önəm daşıdığından həmin sazişdən fərqli olaraq Azərbaycanla Aİ arasında bağlanacaq sazişdə ticarət münasibətləri əsas yerlərdən birini tutacaq. Belə hesab edirəm ki, hazırda üzərində iş aparılan müqavilə uzun vaxt tələb etsə də, sonda bu müqavilə çox keyfiyyətli, yüksək səviyyədə hazırlanmış və Azərbaycanın bütün tələblərinə cavab verən bir müqavilə olacaq.

- Bu günlərdə Mətbuat Şurasının sədri Əflatun Amaşov xəbərlərin oxunması ilə bağlı statistika açıqlamış, müğənni Fədayə Laçın, “Qoca” ləqəbli qanuni oğru ilə bağlı tirajlanan xəbərlərin ilk üçlükdə yer aldığını demişdi. Rövşən Lənkəranski öldürüləndə də onun barəsindəki xəbərlər fantastik dərəcədə çox oxunurdu, çox maraqlıdır ki, insanlar qanuni oğruları qəhrəman kimi qəbul edirlər. Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi necə hesab edirsiniz, niyə insanlar kriminal məzmunlu xəbərlərə daha çox üstünlük verirlər? Bu məqamda medianın üzərinə düşən vəzifə nədir?

- Bu cür ziddiyyətli halların ara-sıra müşahidə olunması ilk növbədə ictimai şüurla bağlıdır. İctimai şüurun formalaşması da sözsüz ki, təhsillə bağlıdır. Konkret fakta gəldikdə bu, Azərbaycanda xəbər yayıcılığı funksiyasının həddən artıq liberallığı ilə bağlıdır. Azərbaycanda hər hansı saytı və ya mətbuat orqanını qeydiyyatdan keçirmək üçün xüsusi bir prosedura ehtiyac yoxdur. Hər hansı bir şəxs onlayn rejimdə Ədliyyə Nazirliyinə bildiriş göndərməklə dərhal fəaliyyətə başlaya bilər. Bundan sui-istifadə halları da göz qarşısındadır. Jurnalistika fəaliyyəti göstərmək məqsədi olmayan bir qrup şəxslər başqa niyyətlər üçün media orqanı təsis edir və sonra özlərinin cəmiyyəti gördüyü kimi, oxucular üçün maraqlı olacağını düşündükləri materialları ilk plana çıxarırlar. Bunun yaxşı və pis tərəfləri var. Yaxşı tərəfi ondan ibarətdir ki, Azərbaycan mətbuatı dünyada ən liberal mətbuatdır. İstənilən adam istədiyi şeyi yazır. Pis tərəfi ondan ibarətdir ki, sui-istifadə halları olur, cəmiyyətin, xüsusilə mətbuatla yenicə yaxınlaşmaqda olan yeniyetmələrin istər zövqünün, istərsə də həyata baxışının və ayrı-ayrı iqtisadi, siyasi, mədəni hadisələrə münasibətinin formalaşmasında mənfi rol oynaya bilər. Vəziyyət çox paradoksaldır: bu cür mətbuat orqanlarını qadağan etməkmi, yoxsa onların fəaliyyətinə heç bir məhdudiyyət qoymadan insanların hansı məlumatı seçməsini gözləməkmi? Mənə elə gəlir ki, qadağa və ya məhdudiyyət tətbiq etməklə heç nəyə nail ola bilməyəcəyik. Onu da deyim ki, Azərbaycanda bu fəaliyyətin göstərilməsi imkanları Avropa İttifaqına daxil olan ölkələrdən qat-qat liberaldır. KİV qanunvericiliyini müqayisə etsək, görəcəyik ki, Avropa İttifaqında hər hansı mətbuat orqanının fəaliyyətini təşkil etmək bir sıra məhdudiyyətlərlə şərtlənir. Azərbaycanda qətiyyən bu məhdudiyyətlər yoxdur. Ona görə də müvəqqəti olaraq bəlkə dözmək və gələcəkdə bu cür halların öz-özünə, ictimai şüurun yüksəlməsi hesabına aradan çıxmasına ümid etmək daha yaxşı olardı. Kriminal məzmunlu xəbərlərin populyar olmasına gəldikdə, mənə elə gəlir ki, bu, şişirdilmiş statistika ola bilər. Kriminal xəbərlər dövlət mətbuat orqanlarında da elan olunur, insanların diqqətini cəlb edən xəbərin kriminal məzmunu yox, daha çox həmin hadisədə iştirak edən insanın şəxsiyyəti ilə bağlıdır. Məsələn, Fədayə Laçın dediyiniz şəxs bildiyim qədər sənətçidir və onu cəmiyyətdə tanıyan müəyyən təbəqə var, həmin təbəqə öz tanıdıqları sənətçi haqda xəbəri min dəfələrlə oxuyur. Amma bu hadisə adı geniş ictimaiyyətə məlum olmayan insanla bağlı olsaydı, yəqin bu qədər maraq doğurmazdı. Qanuni-oğrular mövzusu Sovet dövründə yasaq olduğundan, lakin reallıqda bu hadisənin mövcud olması ucbatından insanlarda həmişə bu mövzuya maraq olub ki, görəsən o sahədə nə baş verir? SSRİ dönəmində bütün informasiyalar bağlı olduğu kimi Sovet Penitensiar sistemində baş verən hadisələr də əhalidən gizli saxlanırdı və bu barədə anlayış yox idi. Sovet həbsxanasından çıxan insanların həbsxanalar barədə danışıqlarına əsasən insanlar arasında çox müxtəlif əfsanələr dolaşırdı. Buna görə də insanlarda müəyyən qədər bu “gizli” təşkilatlara xüsusi maraq yaranmışdı. Müstəqilliyin ilk illərində də bu mövzuya daha çox maraq vardı. O zamankı informasiyaların yarıdan çoxu qanuni oğrular, yaxud sovet həbs rejimindəki baş vermiş olaylarla bağlı idi. Bu, get-gedə səngiməkdədir. İndi mətbuatda bu kimi mövzuların ara-sıra görünməsi həmin məsələlərlə bağlı tanınan isimlərin gündəmə gəlməsi ilə bağlıdır. Rövşən Lənkərənskinin ölümü ilə bağlı xəbərlər çoxsaylı mətbuat orqanlarında, xüsusilə elektron KİV-lərdə tirajlandı, mənə elə gəlir ki, bəlkə də bu, həmin mövzu ətrafında sonuncu belə ajiotajlı xəbərdir. Cəmiyyətin inkişafı ilə bağlı insanların maraq dairəsi də dəyişir, bu kimi şeylər, əlbəttə, təbliğat mövzusu ola bilməz. Birmənalı olaraq bu cür xəbərlər ətrafında aparılan şərhlərdə mütləq həmin hadisələrlə əlaqədar şəxslərin kriminal aləmlə bağlılığı qeyd olunmalı və bunun məqsədəuyğun olmadığı aşılanmalıdır. Xüsusilə gənc nəslə bu kimi hadisələrdən uzaq durmağı, daha şərəfli və ləyaqətli ömür yolu seçməyi təbliğ etmək bu kimi münasibətləri tənzimləyə bilər.

- 2018-ci ildən gözləntiləriniz nələrdir?

- Mənə elə gəlir ki, gələn il iqtisadiyyat sahəsində uğurlarımız daha da artacaq. Bu il təməli qoyulmuş iri istehsal sahələrinin tikintisi başa çatacaq və orada on minlərlə insan əmək fəaliyyətinə başlayacaq. İş yerlərinin sayı nəzərəçarpan dərəcədə artacaq, əhalinin gəlirləri çoxalacaq. Bu il ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində çoxsaylı bölgələrdə aqro parklar yaradılıb və ilbəil təcrübələrini artırırlar, xaricdən gətirilən texnikanı mənimsəyib ildən-ilə daha yüksək məhsuldarlıq əldə etməyə nail olurlar. Hesab edirəm ki, istər sənaye, istərsə də kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində gələn ilimiz bu ildən daha uğurlu olacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.06.2018

20.06.2018

19.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az