İtaliyan memarlar Şuşanı erməniləşdirirlər EKSKLÜZİV

Azərbaycan Xarici İşlər Nazirliyi isə hələ də susur

BİZ KƏNARDAN BAXANDA

Azərbaycanın işğal olunmuş ərazilərində özbaşınalıq davam edir. Dağlıq Qarabağa bir-birinin ardınca müxtəlif əcnəbi təşkilatların nümayəndələri səfər edirlər. Bütün bu proseslər ölkəmizin iradəsindən asılı olmadan baş verir. Bəzi hallarda isə bu cür hadisələrə rəsmi Bakı tərəfindən reaksiya belə verilmir. Ötən ayın sonlarında İtaliya alimlərinin Şuşaya səfəri onlardan biridir. Ermənistan mətbuatı bu haqda silsilə məqalələr yazır, hadisənin önəmini qabartmağa çalışır. Bizim KİV-lər isə nədənsə bu təhlükəli fakta diqqət yetirmirlər.

ERMƏNİSTAN MƏTBUATI YAZIR

Ermənistanın Hetq.am saytının "İtaliyalıların hazırladıqları heykəllər Şuşanı bəzəyəcək" başlıqlı məqalədə yazılır:

"28 iyulda "Akop Gürcan" adına birinci beynəlxalq heykəltəraşlıq simpoziumu öz işini yekunlaşdırdı. Tədbir 17 iyulda Şuşa şəhərinin "Narekasi" mədəniyyət mərkəzində start götürmüşdü. Simpozium çərçivəsində italiyalı 15 heykəltəraş Şuşanın əhəng daşından sərbəst mövzularda heykəllər düzəltdilər. Hansılar ki, il ərzində Şuşanın müxtəlif yerlərində ucaldılacaqlar. Təşəbbüsün rəhbəri Vigen Avetisin sözlərinə görə, bu, şəhərin memarlıq və şəhərsalma ənənəsinin inkişafına səbəb olacaq. Həmçinin Şuşaya keçmiş şöhrətini və mədəniyyət mərkəzi statusunu qaytaracaq. Yaradılmış əsərlərdə öz düşüncələrini bölüşməyə çalışan heykəltəraşlar əsasən sülh, azadlıq və mübarizə mövzularına toxundular. İtaliyanın müxtəlif universitetlərindən Şuşaya gələn professorlar Cüzeppe Civanni del Debbio, Françesko Roviello, Roberto Covanelli, Luçano Pretti və Françesko Qallo dağılmış tikililərin bərpası, yeni qurğuların inşası üzrə öz təcrübələrini yerli mütəxəssislərlə bölüşmək üçün Şuşa meriyası ilə əməkdaşlığa hazır olduqlarını bildirdilər.

Simpoziumun bütün yaradıcı prosesini lentə köçürən İtaliyanın "Studio Kali" kompaniyasının çəkiliş qrupu oktyabr ayında sənədli film çəkmək üçün yenidən Ermənistana səfər edəcək. Film Ermənistanın - Ermənistan Respublikasının, Qarabağın, Şuşanın və Türkiyədəki erməni torpaqlarının tarixi və mədəni irsindən bəhs edəcək. Çəkiliş qrupu Yerevana qayıdarkən yolda təsadüfən baronessa Kerolayn Koksla qarşılaşdı və sənədli film üçün ondan müsahibə götürdü. Razılaşmaya görə, film İtaliyanın "Rai1" televiziya kanalında nümayiş olunacaq.

"Akop Gürcan" adına birinci beynəlxalq heykəltəraşlıq simpoziumu Ermənistan Mədəniyyət nazirliyinin və Yerevan meriyasının sponsorluğu, həmçinin Arsax mədəniyyət və gənclər üzrə işlər nazirliyinin, Şuşa meriyasının, Arsax yepiskopluğunun təşkilati dəstəyi ilə baş tutdu."

RƏSMİ BAKI HƏLƏLİK SUSUR

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Suallarımıza cavab verən nazirliyin mətbuat katibi Elxan Poluxov bunları bildirdi: "Ermənilər Qarabağ məsələsi ətrafında faktları şişirdirlər. Bununla da diqqəti üzərilərinə çəkməyə çalışırlar. İndiki halda da Şuşaya səfər edən italiyalılar o qədər məşhur, sözünü demiş mütəxəssislər deyillər. İtaliyanın 60 milyona yaxın əhalisi var. Çox güman ki, həmin insanlar ölkələrində tanınmamış alimlərdir. Bununla belə, faktla bağlı tərəfimizdən araşdırma aparılır. Azərbaycanın İtaliyadakı səfirliyi hesabat hazırlayır. Hələlik bu barədə konkret sənəd yoxdur."

SON SÖZ ƏVƏZİ:

Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar davam edir. Biz həmin ərazilərin Azərbaycana məxsus olduğunu, ermənilər isə özlərinə aid olduğunu sübut etməyə çalışırlar. Bu da təbiidir. Çünki dünyanın qəbul edəcəyi həqiqət analoji münaqişələrin yeganə həll yoludur.

Şuşa Qarabağın mərkəzi olmaqla yanaşı həmin torpaqların Azərbaycana məxsusluğunu sübut edən ən böyük nümunə, tarixi salnamədir. Ermənilər bu tarixi saxtalaşdırmaq üçün geniş fəaliyyətə başlayıblar. Biz isə bütün bunları görmürük və ya görmək istəmirik. Sanki gözümüzü yumub Qarabağın Azərbaycana qaytarılacağı günün xəyalını qururuq. Unuduruq ki, gözü kor olmuş cəmiyyətin işıqlı gələcəyi ola bilməz...

Natiq Qocaman

O.M. 



Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az