Mən sevgidə aza qane olmuram

 

Həyatına şirinlik qatan bir nağıl dünyası var. Onun baş qəhrəmanı sirdaşı olan anası Ulduz xanımdı. Gələcəyin önündəki pərdəni acaraq həyatının yeni səhifəsinə imza atmaqla anasını da arzularına qovuşdurmaq istəyirdi. Geniş qəlbli həmsöhbətimin kiçik ürəyində böyük arzuları çırpınırdı. “ Ana olmaq istəyirəm” , deyən müsahibim gül qoxulu xəyallarını gizlətmədi...

Sədaqət xanımla dostluğumuz uzun illərə söykənir. Heç vaxt yalançı bir işığın arxasında kölgə olduğunu görmədim. “Laqeydlik insanın ruhunu öldürür” deyə hər zaman qəlbinin istisindən pay verməyə çalışdığının şahidi oldum. Ən çətin vaxtda dost əlini buraxmayan Sədaqət xanım bu gün səmimi söhbətləriylə sizlərlə bərabərdir.

 

Qonağımız müğənni Sədaqət Ulduzdur.

 

Sədaqət xanım, yaradıcılıq planlarınızla bağlı nə deyə bilərsiniz?

 

- Azərbaycan televiziyasının solisti olduğum üçün tədbirlərə, dövlət konsertlərinə dəvətlər alıram. Eyni zamanda yeni mahnılar oxumaq istərdim. Lakin məni qane etməyən mahnıları ifa etmək fikrində deyiləm. O üzdən də repertuarımda olan bir çox köhnə mahnılara yeni nəfəs vermək məcburiyyətindəyəm. Bəstəkar Arif Ağazadənin mahnılarını yeniləmək istəyirəm. “Vəfasız” mahnısını yeni aranjemanda eşidəcəksiniz.

 

Deyəsən solo konsertiniz olmayıb?

 

- Xarici ölkədə solo konsertim olsa da Azərbaycanda bu baş tutmayıb. Çünki bizdə konsert verərkən müğənni özü pul qoymaq məcburiyyətindədir. Əslində konsert müğənni üçün bir hesabatdır və bu olmalıdır. Lakin yaxşı konsert vermək üçün külli miqdarda pul qoymalısan. 

 

Ümumiyyətlə, sizi bu həyatda təəccübləndirəcək nəsə varmı?

 

- Məni həmişə bu həyatda yaxşı  və pis adamlar təəccübləndirib. Yaxşı adam etdiyi yaxşılıqlarla təəccübləndirsə də, pis adamların pisliklərini görəndə “hardandır bu qəddarlıq” deyə düşünmüşəm.

 

Çoxmu pisliklər görmüsünüz?

 

- Yox, deməzdim. Çünki vaxtında başımın çarəsinə baxmışam. Heç vaxt pis adamlarla dostluq eləməmişəm. Bəzən elə bir insan olub ki, məni tanımadan belə diaqnozumu qoyub, kölgəmi qılınclayıb. Xoşum gəlmir deyə bilərsən, amma “o pis adamdır” fikrini tanımadan yürüdə bilməzsən. Bir-iki nəfər var ki, məni tanımadan belə bir fikir irəli sürüblər. Haqqımda alın açıqlığıyla deyə bilərəm ki, yaxşı adamam. Daha bir pisliyi isə sənədi adımıza olan torpaq sahəmizi zəbt etmək istəyən adamlardan görmüşəm. Halbuki bu torpaq sahəsinin onunla heç bir əlaqəsi yoxdur. İş hazırda məhkəmədədir. İnanıram ki, hər şey dövlətimizin qanunlarına söykənərək öz hüquqi qiymətini tapacaq.

 

Özünüzün yaxşı və pis cəhətləriniz hansılardır?

 

- Mənfi tərəfim odur ki, sözə gedənəm. Bu da mənə həmişə həyatda ziyan vurub. Halbuki öz düşüncəmə sığınanda xeyrini görürəm. Yaxşı cəhətlərim isə Tanrıma məlumdur. Allah fürsət versin ki, onları göstərim. Həyatda heç kimə pislik etməmişəm və bu heç ağlımdan da keçməyib. Lakin bu yaxınlarda anamla bağlı məni əsəbiləşdirdiyinə görə bir sənət yoldaşımın üstünə qışqırmışam. Anamın xətrinə dəyəcək söz dediyi üçün onun cavabını vermək məcburiyyətindəydim. Hamı kimi mənim də anam mənə əzizdir. Mən hər kəsin böyüyünə hörmət eləyən adamam. Əgər söhbət anadan gedirsə, mənə çox toxunur.

 

Ananızla münasibətdə dostluq varmı?

 

- Bəli biz dostuq. Hər dost mehriban olmur, amma biz çox möhkəm dostuq. O məni həmişə başa düşür və bu şəraiti də anam özü yaradıb mənə. Hər bir ana təbii ki. övladının xoşbəxtliyi üçün çalışır. Anam mənim sirdaşım, həmdəmim, bir sözlə hər şeyimdi.

 

Bəs nə zaman bir-birinizi başa düşə bilmirsiniz?

 

- (gülür) ... Alış-veriş eləyəndə. Baxmayaraq ki, zövqlərimizdə uyğunluq var, bəzən fikir ayrılıqlarımız olur. Sənətlə bağlı mübahisələrimiz olmur. Əksinə məni dəstəkləyir. Necə illərin sənətkarı olsa da, səsyazma studiyasına mənimlə gedir. Sənətdə eyni hədəfə baxa bilirik. Lakin məni tənbəlliyimə görə çox danlayır. Anam çox mübariz insandır. Mən isə tez təslim olan, tez yorulan, əli işdən tez soyuyan adamam.

 

Evdə yeməyi kim bişirir?

 

- Mən. Amma hərdən anam elə yeməklər hazırlayır ki, hansı ki, onları mən bacarmıram. Anam çox gözəl xəngəl, qutab, çörək bişirir.

 

Sədaqət xanım, ailə qurmamağınıza səbəb nədir? Gözəllik, gözəl əxlaq, tərbiyə-sizə aid olan kəlmələrdir...

 

- Ailə qurmaq xatirinə bu addımı atmaq istəmirəm. Demirəm güclü bir sevgi olsun, heç olmasa bir az qığılcım, xoşa gəlmək olmalıdır. Böyük atəşlər də bundan yaranır. Çox şey istəmirəm. Demirəm ki, o adamı görən kimi aşiq olmalıyam. Mən sevgidə aza qane olmuram. Məni möhkəm sevə biləcək bir adamla ailə qurmalıyam. Bu, Allahın qismətidir. 

 

Ümumiyyətlə, eşq sizin üçün nədir?

 

- Bunu izah etməyə mənim gücüm çatmaz. Böyük dahilər belə bunu aça bilməyiblər. O necə bir qüvvədir, rəngi, dadı-bunu kimsə vəsf edə bilməyib. Eşq bəlkə də Tanrının insana verdiyi vergidir. Eşq müqəddəsdir. Və layiqli adama şüurlu şəkildə aşiq olmaq necə də gözəl olardı.

 

Lakin eşqlə ağıl bəzən bir-biriylə ziddiyyət təşkil edir...

 

- Amma görəndə ki, bu adam sənə uyğun deyil, artıq sənin eşqin də sönür ona qarşı. Ölür, gedir o eşq. Bəzən elə adama aşiq olursan ki, sonradan ona olan sevgin qədər də nifrət edirsən. Və heyifin gəlir o hisslərinə, o zamana, ona həsr elədiyin o duyğulara.

 

Nəyə təəssüflənirsiniz?

 

- Ümumiyyətlə, mən çox nadir halda peşman olan insanam. Peşmançılıq yaxşı hiss deyil. O vaxt Süleyman Ələsgərov kimi böyük sənətkar mənə sənətdə müəyyən işləri görməyi tövsiyə etdi, lakin o həyatdan köçdü, mən sözə baxmadığım üçün peşman oldum. Halbuki o işləri görsəydim daha böyük cığırlar açılardı.

 

Həyatdan nə istəyirsiniz?

 

- Ana olmaq istərdim... Bu, Allahın qismətidir. Bu çox böyük istəkdir əslində. Çox istəyərdim ki, anam nəvələrini görsün. Bunlar mənim arzularımdı. Sənətlə bağlı isə istəyərdim gözəl mahnılar ifa edim, öz potensialımı göstərim.  Heç vaxt özümü gözə soxan olmamışam.

 

Səsiniz çox gözəldir. Bəlkə özünüzü təqdim edə bilməmisiniz?

 

- Yox, sadəcə indiki zamanda mən öz qabımda deyiləm. Həddən artıq həssas insanam. Bir soyuq baxışdan oxumaya bilərəm, ruhdan düşərəm. Hansısa verilişə dəvət alarkən ögey-doğmalıq görəndə o dəqiqə mənə təsir eləyir, oxuya bilmirəm. Mən öz yerimdə olmalıyam. Ruh insanıyam, təbim gəlməlidir. Qışqırmaq oxumaq deyil. Yorulmuşam, efirlərə baxa bilmirəm. Çünki hamı eyni səpgidə mahnı ifa edir, eyni boğazlar edir. Kimsənin özünə məxsusluğu qalmayıb. Kim nə qədər ucadan qışqırırsa, deyirlər yaxşı oxuyur. Çoxlu xırdalıqlar etməkdənsə, oxumaqda səmimiyyətə üstünlük versələr daha yaxşı olar. Bir mahnıda bütün məharətlərini göstərməsinlər.

 

Fikirlərinizi nə alt-üst eləyə bilər?

 

- Xırda bir yalan. Qarşımdakı həmsöhbətimin kiçik yalanı məndə o adama qarşı elə təəssürat yaradar ki, sanki o başdan ayağa yalandı. Fikirlərim alt üst olar. Bu mənə çox pis təsir edir. Yalansız da həyat olmur. Mən əvvəllər elə bilirdim ki, heç vaxt yalan danışmaram. Amma yaş irəlilədikcə gördüm ki, bəzən buna məcbursan. Maksimum az yalan danışan adamam. Demək olar ki, danışmıram.

 

Həyatda nəyə nail olmusunuz?

 

- Elə bir şeyə nail olmuşam ki, insanlar milyonunu verər, amma onu əldə eləyə bilməz. Elə bir şeyə nail olmuşam ki, o pulla alınmır. Bu mənim əhatəmdə olan insanların mənə məhəbbətidir. Adım çəkiləndə ağız büzənlərim azdı. Bax buna nail olmuşam. Düzdü, mən də hamı kimi kiminsə xoşuna gələ bilərəm, kiminsə yox. Pul deyiləm ki, hamının xoşuna gəlim (gülür). Xoşa gəlmək üçün mübarizə aparmaq lazım deyil. Sadəcə hər şeyin önündə səmimiyyət dayanır. Olduğun kimi görünəndə ətrafında sənə uyğun insanları görəcəksən. Yetər ki, səmimi ol.

 

P. S: Bəlkə də yaşadıqları üzündən qorxuları vardı. Qeyri səmimi insanlarla üzləşərkən yenə gerçəklərin kölgəsinə çəkilməkdən ehtiyat edirdi. Lakin yaradıcı həyatın hər dəqiqəsini qazanılmış qələbəyə bərabər olduğunu deyən həmsöhbətim savaşı bitmək bilməyən bu həyatda çətinliklərə rəğmən hər sabahını arzularında yaşatdığı dualarla acır. Qazandığı ən böyük uğur insanların məhəbbətidir. Bəli, bu məhəbbəti nə var dövlət, nə milyonlar əvəz edə bilməz. Elə Sədaqət xanımın təbirincə desək, “yetər ki, səmimi ol”.

 

 

Mətanət Şamilqızı

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az