Qars müqaviləsinin imzalanmasından 96 il ötür

 

1921-ci il oktyabr ayının 13-də imzalanan Qars müqaviləsi ölkəmizin siyasi və tarixi taleyində mühüm rol oynayıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana muxtariyyət statusunun verilməsi 1918-1920-ci illərdə, bütövlükdə, torpaqlarımıza və xalqımıza qarşı erməni təcavüzü ilə bağlıdır. Belə ki, məhz bu dövrdə tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı, Göyçə mahalı və Zəngəzur hərbi güc, ermənilər tərəfindən törədilən deportasiya, yürüdülən soyqırımı siyasətinin nəticəsi olaraq işğal edilib. 1918-1920-ci illərin soyqırımı nəticəsində azərbaycanlı əhalisinin xeyli hissəsi məhv edildiyindən Zəngəzurun erməni işğalı altına düşməsinə ciddi müqavimət təşkil etmək mümkün olmamışdı. Beləliklə, hələ 1919-cu ildə Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə əlaqəsi kəsilmişdi. Bu fakt Naxçıvana muxtariyyət statusunun verilməsi zərurətini ortaya çıxarmışdı.

Naxçıvanın əzəli Azərbaycan ərazisi kimi qorunub saxlanılmasında görkəmli dövlət xadimi Nəriman Nərimanovun və mahir diplomat Behbud ağa Şahtaxtinskinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Behbud ağa Şahtaxtinskinin Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninə göndərdiyi 1921-ci il 1 mart tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir. O, bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən ciddi narahatlığını çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi.

1921-ci il martın 16-da Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə Cənubi Qafqaz respublikaları arasında mübahisəli olan bir çox məsələlər öz hüquqi həllini tapmışdı. Bundan sonra Rusiya çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında vahid müqavilə imzalansın. Lakin Türkiyə Cənubi Qafqaz respublikalarının hər biri ilə ayrılıqda müqavilə imzalanmasının tərəfdarı idi. 1920-1921-ci illərdə Cənubi Qafqazın tam sovetləşdirilməsi və bu respublikalarda siyasi hakimiyyətin faktiki olaraq Sovet Rusiyasının nəzarətinə keçməsi Türkiyəni Sovet Rusiyasının təklif etdiyi formatda müqavilə imzalamağa məcbur etdi.

Aparılan diplomatik danışıqlar və yazışmalardan sonra Rusiya nümayəndəsinin iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırılıb. Tarixi faktlar sübut edir ki, Azərbaycan diplomatiyası Qarsda güclü nümayəndə heyəti ilə təmsil olunmağa çalışıb. Buna görə də AK(b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olunub. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan və S.Or-conikidze hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atıblar. Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski fəaliyyətini davam etdirə bilib.

1921-ci il sentyabrın 26-da öz işinə başlayan Qars konfransı oktyabrın 13-dək davam edib. Uzun müzakirələr və aparılan danışıqlar oktyabrın 13-də Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında beynəlxalq Qars müqaviləsinin imzalanması ilə nəticələnib.

20 maddə və 3 əlavədən ibarət olan müqavilənin 5-ci maddəsi, bilavasitə, Naxçıvanın taleyi ilə bağlı idi. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsi təsbit edilmişdi. Bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələlərinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və hərbi ərazilərin dəyişdirilməsinə, razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyənləşdirilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdular. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq səviyyədə tam şəkildə həll edib. Qars müqaviləsinin müddətsiz imzalanması muxtariyyətin qorunub saxlanması baxımından çox böyük əhəmiyyətə malikdir və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib.

Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan təmsilçilərinin 1921-ci il oktyabr ayının 13-də Türkiyənin Qars şəhərində imzaladıqları müqavilə beynəlxalq xarakter daşıyan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir. 18 gün davam edən və 6 dəfə işinə fasilə verilən Qars konfransının materiallarının təhlili göstərir ki, danışıqlar çox gərgin və prinsipial şəraitdə keçib, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış ediblər.

Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvan ərazisinin işğalından əl çəkmirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilib. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verilib. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilib və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilib.

Qars müqaviləsinin imzalanması ilə muxtariyyətin əsası qoyulub, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılıb, 1923-cü il iyunun 16-da siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilib. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR adlandırılıb. 1990-cı il noyabrın 17-də isə görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə “Sovet Sosialist” sözləri ləğv olunaraq Naxçıvan Muxtar Respublikası adlandırılıb.

1991-ci il yanvar ayının 11-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdı. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının vacib bir məqamda yenidən aktuallaşdırılmasına və bununla da, muxtar respublikanın məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorunmasına şərait yaratmışdı. Müstəqillik dövründə də Naxçıvanın muxtariyyət statusu daim diqqət mərkəzində saxlanılıb, Konstitusiyamızın 134-cü maddəsində Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi təsbit edilib.

Moderator.az-ın əməkdaşları bu yaxınlarda Qars şəhərində səfərdə olarkən bu müqavilənin imzalandığı vaqonu tapmış, onun haqqında oxuculara məlumat vermişdi. Həmin yazıda qeyd olunmuşdu ki, Qars müqaviləsinin imzalandığı vaqonun yeri dəyişdirilib. Bundan əvvəl Qarsdakı Tarix Muzeyinin həyətində olan vaqon şəhərdə yeni yaradılmış Hərb Muzeyinə aparılıb.

Qeyd edək ki, Qars konfransı hazırda Qars Valiliyinin yerləşdiyi binada keçirilib. Müqavilə isə vaqonda imzalanıb.

Qars keçmişdə olduğu kimi, bu gün də bizim üçün starteji bölgələrdən biri sayılır. Bu ay rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artırılmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacaqdır.

Bunu nə üçün xatırladıq? Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışının məhz Qars müqaviləsinin imzalandığı oktyabr ayında keçirilməsi təsadüfi deyil. Bu xətt gələcəkdə Naxçıvana birləşdiriləcək. Əgər Naxçıvan blokadada olduğu üçün 1921-ci ilin oktyabr ayında Qars müqaviləsi imzalanmışdısa, 2017-ci ilin oktyabr ayında istifadəyə veriləcək dəmir yolu xətti gələcəkdə Naxçıvanın blokadasının yarılmasında çox mühüm rol oynayacaq. Fikrimizcə, həmin dəmir yolu xəttinin açılışının oktyabr ayında keçirilməsinin digər bir səbəbi də odur ki, məhz bu ayda ölkəmizin dəmiryolçuları peşə bayramılarını qeyd edirlər. Dəmiryolçuların peşə bayramı Qars müqaviləsinin imzalandığı gün - oktyabrın 13-dür. Biz çox arzulayırdıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oktyabrın 13-də keçirilsin. Amma qismət. Elə oktyabr ayında olması da çox önəmlidir və lazımi mesajlar verir.
Moderator.az-ın analitik qrupu

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az