“ABŞ-a Ermənistan yox, Azərbaycan lazımdır”

Martın 2-də Ermənistanda növbəti prezident seçilsə də, artıq aydındır ki, bu seçki də erməni xalqına yaxşı heç nə gətirməyəcək. Ən azından, ona görə ki, yeni prezident - Armen Sərkisyan da hakim rejimin başında duran Serj Sərkisyanın adamıdır və rəsmi İrəvanın hazırkı daxili və xarici siyasi kursuna sadiq olduğunu bəyan edib. O üzdən son formal seçki-təyinatdan sonra erməni toplumunda bir məyusluq yaşanmaqdadır. Eyni zamanda, öz ömrümü uzatmağa çalışan hakim rejim ən sərt tənqidlərə tuş gəlməkdədir.
 
“Hazırda İrəvanda hakimiyyətdə kriminal avtoritetlər oturublar”. 
Bu açıqlamanı Ermənistanın Belarusdakı keçmiş səfiri və Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Spartak Kostanyan söyləyib. Kostanyan bu avtoritet idarəetməsinin ölkə üçün faciəvi olduğunu da dilə gətirib. O, həmçinin, Rusiyadakı erməni diasporunun lideri Ara Abramyanı ittiham edib. Abramyan Rusiyanın rəhbər şəxsləri ilə də geniş əlaqələrə sahibdir. Ermənistan mətbuatı onun prezident S. Sərkisyanla münasibətlərinin yaxşı olmadığını iddia edir.
 
İşğalçı Ermənistan ətrafında bu kimi gəlişmə və siyasi silkələnmələr Dağlıq Qarabağ məsələsindən dolayı perspektivə yeni özəlliklər qatır. Bəllidir ki, kriminal Sərkisyan rejimi müstəsna olaraq, Qarabağ ixtilafı hesabına, daha çox da cəmiyyətdə müharibə xofu yaratmaqla hakimiyyətinin ömrünü uzatmağa nail ola bilir. Ancaq nə vaxtadək? Status-kvo, işğal rejimi sonsuzadək uzana bilməz. Aydındır ki, işğalçı ölkədə prezident seçkilərindən sonra da siyasi rejimin dəyişməz qalması böyük sülh anlaşmasını daha əlçatmaz edəcək...
 
Bu arada - Azərbaycanın işğal altındakı ərazilərindəki Ermənistan ordusunun komandir heyətinin toplantısı keçirilib. Erməni mənbələri toplantını “Dağlıq Qarabağın müdafiə naziri general-leytenant Levon Mnatsakanyanın işgüzar müşavirəsi” kimi təqdim edib. Bununla da belə bir rəy yaradılmasına çalışılıb ki, guya toplantının Ermənistan ordusuna aidiyyəti yoxdur.
 
Ancaq hamıya bəllidir ki, çox kiçik istisnalarla Azərbaycan ərazilərində yerləşdirilmiş işğalçı ordunun həm komandir, həm də əsgər heyəti Ermənistan vətəndaşlarından ibarətdir, elə vaxtaşırı məhv edilən hərbçilərin dəfn olunmaq üçün Ermənistana aparılması da bunu təsdiqləyir. Məlumatda o da qeyd olunub ki, fövqəladə toplantıda “nazir”in müavinləri, qərargahların bölmə və xidməti rəisləri, hərbi hissələr və birləşmələrin komandirləri iştirak edib. Toplantıda tapşırıqların icra vəziyyəti müzakirə olunub, həmçinin qarşıya qoyulmuş vəzifələrdən danışılıb. Erməni mediası belə yazıb.
 
Ancaq şübhə yox ki, Qarabağdakı ordu komandirlərinin təcili toplanması Azərbaycan Silahlı Qüvvələrinin martın 12-dən 17-dək genişmiqyaslı hərbi təlimlərə başlayacağı barədə yayılmış məlumatla birbaşa əlaqədardır. Görünür, ordumuzun 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyasının cəlb olunacağı irimiqyaslı təlimlər xəbəri düşməni həyəcanlandırdığı üçün o, hərəkətə keçib.
 
Azərbaycan sözsüz ki, öz ərazilərini hər an hərbi yolla azad eləmək haqqına sahibdir. Lakin rəsmi Bakı hələ ki, dinc nizamlama imkanlarının tükənmədiyi qənaətində olduğu və iki tərəfdən canlı itkilərin olmasını istəmədiyi üçün sülh danışıqlarına səbir göstərir. Sülh anlaşması isə təəssüf ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yetərli diplomatik aktivliyi olmaması və ikili standartları, işğalçı ilə işğala məruz qalan tərəfə eyni gözlə baxılması üzündən gecikir. Buna görə əsas məsuliyyət təbii ki, öncəliklə Rusiya və ABŞ-ın üzərindədir.
 
“ABŞ Azərbaycanla əlaqələrə daha çox enerji sərf eləməlidir, nəinki Ermənistanla”. 
 
Bu fikir tanınmış amerikalı ekspert Ceykob Kamarasun rəsmi Vaşinqtonun Qarabağ məsələsi kontekstində Bakı və İrəvanla münasibətlərinə həsr elədiyi və Amerika nəşri “Daily Caller” nəşrində dərc olunan məqaləsindəndir.
 
“Bəs Azərbaycanla əlaqələri inkişaf etdirməyə nə mane olur”, - deyə politoloq sual edir və özü də ona cavab verir: “Günahkar ABŞ-ın ermənipərəst qanunvericiləridir ki, anti-Azərbaycan istiqamətində siyasətə rəvac edirlər. Məsələn, Nümayəndələr Palatasının üzvü Ceki Speyerin anası - Nensi Kançelyan etnik ermənidir. O, ABŞ-ın deyil, Ermənistanın xeyrinə olan hər şeyə imza atır. Ceki Speyer o vaxt demişdi ki, ABŞ-ın 1.5 milyon dollarlıq yardımı ”DQR" xalqının fiziki və psixiki ciddi təsir eləmək məqsədi güdür. Ancaq Amerikanın Dağlıq Qarabağa istənilən yardımı erməni işğalına dəstək deməkdir və BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrini pozur - hansı sənədlərdə ki, açıq şəkildə təsdiq edilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir".
 
Məqalə müəllifi daha sonra bildirir ki, separatçı rejim ABŞ-dan təkcə maliyyə yardımı almır: “ABŞ Konqresinin başqa jestlərinə də diqqət eləmək lazımdır. Məsələn, ötən il Nümayəndələr Palatasının üzvləri - Devid Valado, Frenk Pallone və Tulsi Qabbard Dağlıq Qarabağda oldular. Ermənistanın işğal elədiyi Azərbaycan torpaqlarına bu diplomatik ziyarətlə həmin qanunvericilər göstərdilər ki, Azərbaycanın suverenliyi onlardan ötrü heç bir önəm daşımır. Halbuki, Ermənistan postsovet ölkələri arasında ən az suveren ölkədir. Azərbaycan isə Ermənistandan fərqli olaraq, həm Rusiya Federasiyası, həm də Qərblə yaxşı münasibətlər saxlamağa yönəlik balanslı xarici siyasət aparır”.
 
Amerikalı analitikə görə, ABŞ-a Ermənistan deyil, məhz Azərbaycan kimi tarazlı, rasional müttəfiqlər lazımdır. “Azərbaycan Birləşmiş Ştatlara energetik və başqa sferalarda iqtisadi tərəfdaşlıq üçün böyük potensial təklif edir. Ermənistanla ticarət üçün analoji potensial yoxdur. Bu ölkə (Ermənistan - red.) getdikcə inflyasiyadan, artan yoxsulluqdan, ticarət tərəfdaşlarının qıtlığından və ciddi ”beyin axını"ndan daha çox əziyyət çəkir. ABŞ ayılmalı və başa düşməlidir ki, kim onun əsl dostlarıdır və kim onun alyansında real strateji dəyərə malikdir... Azərbaycan Amerikanın prioritetləri sırasında xeyli yuxarıda dayanmalıdır", - deyə ekspert sonda qeyd edib.
 
Amerikalı analitikin yuxarıdakı qənaətləri ilə razılaşmamaq qeyri-mümkündür. Əfsus ki, ABŞ Konqresində çirkli erməni paraları hesabına fəaliyyət göstərənlərin səsi hələ ki daha gur gəlir, mövqeləri daha möhkəm görünür. Əvəzində itirən isə həm də Amerika dövləti və onun maraqları olur...(musavat.com)
Çox oxunan xəbərlər
Son xəbərlər

19.04.2019

18.04.2019

17.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az