Bakıya Ağ Evdən zəmanət - İrəvana KTMT zərbəsi

İran ətrafında yeni situasiya Rusiya, Azərbaycan və Ermənistan üçün fərqli seçimlər yaradıb; “Rus NATO-su”nun yeni rəhbəri İrəvanın Azərbaycana rəğbətdə suçladığı üzv ölkənin adamı olacaq - quruma Bakı təhsilli general gətirilir...

İki gün sonra - noyabrın 8-də Astanada “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısı keçiriləcək. Toplantıda qurumun baş katibi məsələsinə nöqtə qoyulacağı gözlənilir.

“Yeni Müsavat” xatırladır ki, ötən həftə KTMT-nin erməni kökənli baş katibi, general Yuri Xaçaturov vaxtından əvvəl vəzifəsindən azad edilib. O, 3 illik səlahiyyət müddətinin bitməsinə il yarım qalmış öz postu ilə vidalaşmalı olub. Səbəb də Xaçaturov haqqında ölkəsində 2008-ci ilin 1 mart qanlı olayları ilə bağlı açılan cinayət işidir.

Məlumdur ki, İrəvan Xaçaturovun yerinə təzədən öz nümayəndəsini təyin etməyə çalışırdı. “Baş katibin hansı soyad daşıması önəmli deyil. O, nəzərdə tutulduğu kimi, səlahiyyət müddətinin sonunadək Ermənistan təmsilçisi olmalıdır”, - deyə Nikol Paşinyan demişdi. Lakin belə görünür, Paşinyanın arzusu baş tutmayacaq və işğalçı ölkəyə Qarabağ məsələsində müəyyən psixoloji üstünlük yaradan KTMT rəhbərliyi Ermənistanın əlindən birdəfəlik alınacaq - təbii ki, “Rus NATO-su”nun əsas dövləti olan Rusiyanın prezidenti Vladimir Putinin iradəsi ilə.

*****

Yeri gəlmişkən, bu arada yeni baş katibin kimliyi təxminən bəlli olub. “Yeni Müsavat”ın Rusiyadaki “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, təzə baş katib bu dəfə Belarusdan olacaq. Diplomatik qaynaqlara istinadən edən nəşr konkret ad da çəkib: bu, ölkənin Təhlükəsizik Şurasının katibi, 54 yaşlı general-mayor Stanislav Zasyadır. Maraqlıdır ki, S. Zasya 1985-ci ildə Bakıda Ali Ümumqoşun Komanda Məktəbini, 1996-cı ildə Belarus Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

 

 

Məsələ həm də ondadır ki, Belarus KTMT-nin Azərbaycanla isti münasibətlərdə olan üzv-ölkəsidir. İki dövlət arasında xüsusən də hərbi sahədə əməkdaşlıq son illər xeyli inkişaf edib. O sırada Minsk az öncə Bakıya “İsgəndər M”-ə alternativ sayılan “Polonez” müasir raket kompleksləri verib. Silah ticarəti uğurla davam edir.

Təsadüfi deyil ki, Azərbaycan-Belarus hərbi əlaqələri daima İrəvanda qıcıq və qəzəb yaradıb. Ermənistan Belarusu hətta xəyanətdə, KTMT üzrə “müqavilə öhdəliklərini” yerinə yetirməməkdə ittiham edib. Prezident Alerksandr Lukaşenko isə bu ittihamları görməzlikdən gəlib və Azərbaycanla əlaqələrin dava etdiriləcəyini bildirib.

Şübhə yox ki, dost ölkə təmsilçisinin “Rus NATO-su”na başçılıq eləməsi Qarabağda lokal və ya genişmiqyaslı hərbi əməliyyatlar variantında Ermənistan üçün yox, Azərbaycan üçün psixoloji üstünlük yaradacaq. Sözsüz ki, qurumda əsas söz sahibi Rusiyadır, ancaq onun baş katibinin mövqeyi, simpatiyası da az önəm kəsb eləmir. Əks halda, İrəvan hələ də baş katibliyə can atmazdı.

*****

 

 

Ermənistan KTMT ilə bağlı “şok” yaşamaqda, İrəvan-Moskva münasibətləri qəliz dönəmdən keçməkdə ikən, bu arada ABŞ-ın İrana qarşı işə düşən yeni sanksiyalar dalğası işğalçı ölkəni daha çətin duruma salıb və yetərincə mürəkkəb geosiyasi seçimə itələyib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri də göstərdi ki, bu məsələdə ən qəliz durumda işğalçı ölkə və onun “qərbyönlü” rəhbəridir, nəinki balanslı xarici siyasət aparan, özünün iqtisadi və energetik təhlükəsizliyini  təmin eləmiş Azərbaycan. Bunu rusiyalı təhlilçilər də etiraf edirlər.

KTMT ile ilgili görsel sonucu

“Antiiran sanksiyalarında hər hansı şəkildə iştirak Ermənistanın durumuna və onun xarici siyasətinə çox ciddi təsir göstərəcək”. Bu sözləri rusarminfo-ya açıqlamasında Rusiya Dövlət Dumasının erməniyönlü deputatı Konstantin Zatulin deyib.

“Mən təsəvvür edə bilmirəm ki, Ermənistana indiki situasiyada - Azərbaycan və Türkiyə ilə münasibətlərinin çətin olduğu zamanda daha bir sərhədi bağlaması nəyə lazımdır? Zamanında Ermənistan ABŞ-la yaxşı əlaqələr qurmağı arzu edirdi. Bu isə indiki geosiyasi ətrafı olan kiçik ölkə üçün qəribə deyil. İrəvan əvvəllər ABŞ-ın siyasətinə bu ölkədəki icması vasitəsilə təsir etmək istəyirdi, amma hazırkı situasiyada İrəvan üçün təhdid yarana bilər. Ona görə ki, Amerika Ermənistanı öz məqsədləri üçün istifadə edə bilər”, - deyə Zatulin xəbərdarlıq edib.

Onun sözlərinə görə, Ermənistan ABŞ-a sərhədlərin bağlanmasının və sanksiyalarda iştirakının ondan ötrü intihar olacağını Vaşinqtona izah etmək üçün imkan tapmalıdır. “ABŞ-ın hazırkı hakimiyyəti müttəfiqlərinə münasibətdə özünü etinasız aparır. Belə şəraitdə onun Rusiyanın müttəfiqi olan Ermənistan üçün canı yanmayacaq”, - deyə o, xəbərdarlıq edib.

*****

Azərbaycan isə İran sanksiyalarından dolayı zəmanətli və uğurlu durumda görünür.

“İrana qarşı sanksiyaların ikinci mərhələsi qüvvəyə minsə belə, bu, Azərbaycan üçün ciddi problem yaratmayacaq”. Bu fikri axar.az-a Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. “Tehrana qarşı sanksiyalar çox ciddi məsələdir. Hazırda İranda iqtisadi vəziyyət gərgin olaraq qalır, rial kəskin ucuzlaşır. Azərbaycana gəlincə, ölkəmiz, faktiki olaraq, bu sanksiyaların kənarındadır”, - deyə o qeyd edib.

 

 

“Azərbaycan Cənubi Qaz Dəhlizi layihəsini həyata keçirir. ABŞ prezidenti Donald Tramp CQD reallaşan zaman layihənin heç bir sanksiyaya məruz qalmayacağına dair zəmanət verib. Bu, Bakı üçün çox önəmlidir. ABŞ-ın İrana qarşı sanksiyaları Tehranla iqtisadi, ticari əlaqələrimizə və müəyyən mal dövriyyəmizə elə ciddi təsir etməyib. İrana qarşı tətbiq ediləcək sanksiyaların ikinci mərhələsindən çox şey asılı olacaq. Düzdür, İrandan müəyyən mallar idxal edirik, ancaq alternativ variantlarımız var. Bu baxımdan sanksiyaların ikinci mərhələsi qüvvəyə minsə belə, ciddi problem yaranmayacaq. Azərbaycan hökuməti bölgədə baş verən proseslərin və İrana qarşı sanksiyaların ölkəmizə təsirinin yumşaq keçməsinə çalışır” - Vahid Əhmədov əlavə edib.

Heç bir önəmli təbii qaynağa malik olmayan, Avropa üçün, ABŞ üçün energetik dəyər daşımayan, Qarabağa görə yarım-blokada şəraitində olan işğalçı ölkənin isə bu sanksiyaları yumşaltmaq və ya onlardan yan keçmək şansları görünmür...“Yeni Müsavat”

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az