70 yaşın zirvəsindən boylananda...

Şahməmməd 70

Ədəbi-bədii sözün sehrinə sığınanlardan və "S Ö Z"ə sidq-ürəkdən ibadət üçün söz mehrabına doğru 70 ildir aramsız addımlayanlardan biri də, ömrünü sözə sərf edən şair, nasir, publisist Şahməmməddir! Özünəməxsus yaradıcılıq yolunda şahrah yerişli Şahməmməd!.. Respublika «Araz» Ali-Ədəbi mükafatı, “Qızıl Qələm”, “Zərdabi” mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvü şair Şahməmmədin imzası ilə mətbuatımızdan çoxdan tanışam və onun yaradıcılığını ardıcıl izləyənlərdən, boy-boylayanlardan, söz söyləyənlərdən, fikir və münasibət bildirənlərdən biri də mənəm. Və Şahməmmədin 70 yaşını da qutlamaq istəyi buradan mayalanır, buradan rişələnir...

Tanıyanlar tanıyır, gənc və müasir oxuculara bildirmək istəyirəm ki, Şahməmməd Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuşdur. 5 yaşında I sinfə getmişdir. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu bitirib, Ağsu rayonunun Səfərli və Ərəbuşağı kəndlərində 2 il müəllim işləmişdir. Sonra Uzaq Şərqə əsgəri xidmətə  getmişdir. Hərbi mükəlləfiyyətini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. ADU-nun hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda fəaliyyətini respublikanın hüquq-mühafizə orqanları ilə bağlamışdır. 1982-84-cü illərdə SSRİ DİN-nin Moskva şəhərindəki akademiyasında təhsil almışdır. Bir sıra məsul vəzifələrdə işləmişdir. Serjant rütbəsindən polkovnik rütbəsinə kimi yüksəlmişdir. Bütün bu illər ərzində bədii yaradıcılıq bir an belə olsun onu tərk etməmişdir.

Hörmətli oxucu, o, 50 ildən çox yaradıcılıq yolu keçmişdir. Nəyi görmüşsə, nəyi eşitmişsə, hansı məqamlar duyğularına öz təsirini göstərmişsə, yalnız onları qələmə almışdır. Şairi həmişə Allahın ucalığı, Onun möcüzələri, təbiət, insanlar düşündürmüşdür. Şahməmmədin «Dağlar, səndə nəyim qaldı», «Настало время (Vaxt yetişib)», «Sevməsəydim, yaşamazdım», «Xatirələr ocağının işığında», «Çaylar geri dönmür», «Həyəcan dolu beş il», «Yerlə Göy arasında», «Ləngəbiz», «Bakı polisi: qısa tarixi və müasir dövrü 1840-2005», «İldırımlar qanadında», «Yollar», «Bu gün açılacaq yaylım atəşi», «O sevgini unutmaq olmur», «Nəğmələr dünyası», «+994552010290», «Şahməmməd 2006», «Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti», "Sözün də çəkisi var" təkin kitabları işıq üzü görmüşdür.

2009-cu ildə beş cildlik “Seçilmiş əsərləri” çap olunmuşdur. Yeri gəlmişkən əlavə edək ki, "Seçilmiş əsərlər"in 1,2,3 -cü cildlərdə müəllifin müxtəlif mövzulara- anaya, Vətənə, sevgiyə və uşaqlıq illərinə həsr etdiyi şeirləri toplanmış, həmçinin birinci cildin əvvəlində şairin yaradıcılığı barəsində yazılmış məqalələr verilmişdir; 4-cü cilddə məşhur “Karvan” poeması ilə birgə “Arxalı dağlar”, “Əsgər qardaşıma”, “Atalar, analar, oğullar”, “Müstəntiq”, “İki ogul atası”, “Qızıl qan”, “Vəfa”, “Şamaxı dəftərindən”, “Atamın nəsihətləri”, “Kiş nəğmələri”, “Çaylar geri dönmür”, “Qarlı xatirələr”, “Aktyorun portreti”, “Qizıma məktublar”, “Namuslu dünya” təkin lirizmilə yoğrulmuş on altı poeması təqdim edilibdir. Bunların hər birinin özünəməxsus ədəbi-estetik qayəsi və dəyəri vardır; 5-ci cilddə nəsr əsərləri, xatirələr, esselər toplanmışdır ki, burada müəllifin anadan olduğu Ləngəbiz kəndindən, uşaqlıq illərindən və bir də gənclik xatirələrindən bəhs edilir. Bütün cildlərin redaktoru və tərtibçisi Zülfüqar Şahsevənlidir. Heydər Əliyevə həsr olunmuş əsərlər toplusundan ibarət «Azərbaycan oxusun» adlı kitabda dahi liderə həsr etdiyi «Karvan» poeması, «Azərbaycan, bir də Heydər» şeiri ilə oxucuların görüşünə gəlmiş və bu kitab böyük ictimai rezonans doğurmuş, ali ədəbi mükafata layiq görülmüşdür. O, bir sıra kitablara redaktorluq etmiş, ön söz yazmışdır...

Şahməmməd ədəbiyyata hay-haraysız gəlmişdir. Heç vaxt yedək gəmisinə çevrilməmişdir. Poeziya ümmanında poeziya yelkənli öz qayığı ilə ştildə də, qasırğalarda da müstəqil üzməyi bacarmışdır... Mətbuatda «Çiçəklər» adlı ilk şeiri 1966-cı ildə, hələ tələbə ikən çap edilmişdir. Mərkəzi mətbuatda ilk şeiri isə "Azərbaycan gəncləri" qəzetində işıq üzü görübdür. Sonralar şeirləri "Bakı", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri" qəzetlərində, "Təşviqatçı", "Ulduz", "Azərbaycan təbiəti", "Göyərçin" jurnallarında, Mockvada təhsil alarkən "Literaturnaya qazeta", "Sovetskaya milisiya" kimi mətbu orqanlarda moskvalı şairlərdən İrina Yefimova və Viktor Zabelişinskinin tərcümələrində və onların təqdimatında nəşr edilmişdir. Həmçinin onun şeirləri fars dilinə də tərcümə edilərək İslam İran Respublikasında yayımlanmışdır.

O təkcə şair deyil, həm də yazıçı-publisistdir. 50 ildən çox yaradıcılıqla məşğul olan Şahməmmədin poetik deyimləri bu gün də tutarlıdır. Onun yaradıcılıq xəritəsi genişdir. Bu da onunla bağlıdır ki, Şahməmməd dünyanın bir çox ölkələrində olmuş, çox gəzmiş, çox görmüşdür. Gördüklərini isə qəlbinin hökmü ilə qələmə almış, söz çalarlarına qataraq bizə çatdırmışdır. Dili şirindir, kövrəkdir, duzludur. Sözdən poetik heykəl yaratmağı bacarır. Onun əsərlərini oxuduqca sözün işığından nurlanırsan, kökü suda olan ağaclar kimi dincəlirsən...

Onun haqqında ədəbiyyatımızda özünəməxsus yeri olan şair İlyas Tapdıq, Dövlət mükafatı laureatı şair-publisist Məstan Günər, şair İsgəndər Etibar, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Taisoğlu, şair-publisist, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, şair Zülfüqar Şahsevənli, filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli, filologiya elmləri doktoru Seyfəddin Rzasoy, nizamişünas, yazıçı-dramaturq Ramiz Əkbər, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Xəyal, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şahrza Ağayev, Əməkdar mədəniyyət işçisi, publisist Zeynal Babayev, jurnalist Emin Axund, yazıçı-jurnalist Emil Tahiroğlu,  Aqil Hüseynov, Natiq Qocaman və başqaları mətbuat səhifələrində öz fikirlərini söyləmiş, Şahməmmədə bir şair-publisist kimi müxtəlif prizmalardan öz dəyərli qiymətlərini vermişlər. Xatırladım ki, mənim də, onun yaradıcılığı barəsində bir neçə məqaləm və "Poeziyanın sirri : çaylar geriyə axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti: mini-modern monoqrafiya" ( red. prof. N. Şəmsizadə ; rəy. prof, R. N. Əliyev. - Bakı : MBM, 2009. - 104 s.) kitabım çap olunub.

Məşhur müğənnilərimiz – M.Bağırzadənin, F.Kərimovanın, Z.Məmmədovanın, F.İbadovanın, C.Məmmədovun, T.Vəlizadənin, E.Şirvanlının, Y.Mustafayevin, B.Əşrəfovun, T.Eyvazoğlunun, E.Rəhimovanın, Y.Babayevanın, B.Mehdiqızının, aşıqlardan V.Mahmudoğlunun və b. ifa etdiyi 30-a yaxın mahnının sözlərini də, Şahməmməd yazmış, müntəzəm olaraq efir-ekranlardan səslənməkdədir...

Şahməmməd ruhən şairdir, qəlbən şairdir və ürəyində, içində Allah sevgisi, torpaq, Vətən sevgisi, insan sevgisi, söz sevgisi var. Həyatda sevinc və kədər üzərində köklənməyi, sarı sim üstə «Şirvan gözəlləməsi» ahəngində ötməyi bacarır...

Onun özünəməxsus poetik kredosunda estetik dəyər səviyyəsində belə bir məqam var: «Oxunmayan şeir ölüm kimi bir şeydir». Ona görə də, bir qələm sahibi kimi onun oxucularına belə bir müracıətinə tam haqqı çatır:

Ey oxucu! Dinlə məni bircə anlıq,

Görüşmüşəm çoxunuzla, azınızla.

Biz bir dünya, biz bir yumruq, biz bir canıq,

Qanadlanıb hey uçmuşam yazınızla.

Sizlər üçün dərisindən çıxıb ürək,

Bircə qətrə pıçıltınız bəsim olub.

Saçınızı döyüb yağış, söküb külək,

Vərəqlərə səpələnən səsim olub.

Kəlmə-kəlmə tərəzidə çəkilmişəm,

Titrəmişəm bir oyanış zəngi kimi.

Gözünüzdə ağac kimi əkilmişəm,

Yaşamışam içinizdə sevgi kimi.

Doğrudan da, Şahməmməd oxucularının qəlbində, iç dünyasında sevgi kimi yaşamağı bacaran şairlərdəndir və sözün "kəlmə-kəlmə tərəzidə çəkilməyin" məsuliyyətini dərindən dərk edir. Bu misralar onun yaradıcılığının estetik mahiyyətini və şair şəxsiyyətinin konturlarını ölçüsündə əks edir, “kəlmə-kəlmə söz tərəzisində çəkilən, söz üçün ürəyinin dərisindən” sivrilib oxucularının qənşərinə çıxan şairin obrazı göz önünə gəlir. Həmçinin, 70 illik ömrünün 55 ilini qələmə, sözə ləyaqətlə sərf edən təcrübəli bir sənət sahibinin bugünkü bir çox şairlərimizdə "defitsit" olan sözə qarşı məsuliyyət hissinin siqlətli poetik etirafıdır...

Və Şahməmməd həmişə ürəyinin, ruhunun gerçəklikdən oxuduğu, qəlbinin gözü ilə gördüyü, duyduğu, yaşadığı, yanıb-qovrulduğu hissləri, poetik etirafları əsərlərinə gətirdiyindən onun şeirləri beləcə oxunaqlıdır, duyumludur...

O, öz şair ömrünün mahiyyətini, mənasını, cövhərini şeirə çevirməyi bacardığından özünə məxsus yaşantısı, duyğusu, öz ağrısı olan bir şair ömrü şeirləşib, başqa sözlə desək, şair ömrü şeirdə, şeir ömrü şairdə reallaşa, əbədiləşə bilib və duyumlu poetik xatirələr tablosu yaranıb:

Keçən ömrüm hardan gəldi, hara getdi?

Keçən ömrüm rəqəmlərin toplusudur.

Doğan-doğdu, ölən-öldü, itən-itdi,

Keçən ömrüm xatirələr tablosudur.

Və Şahməmmədin bü günümüzə qədər oxuculara təqdim etdiyi bu vətənpərvərlik, vətəndaşlıq hissləri ilə, insanlara məhəbbətlə yoğurulmuş lirik-epik zəngin yaradıcılığı sevinclərdən, sevgilərdən, kədər və iztirablardan keçən məhsuldar və həssas şair ömrünün dəyərli, lirik lövhələrini əks etdirən, “yerlə göy arasında”qanad çalan, ürəyi daima söz sorağında çırpınan istedad sahibinin söz və qələm fırçası ilə cəkilmiş nəhəng tabloya, klassik freskalara, “heyrət heykəllərinə” bənzətmək olar!.. Şahməmmədin şeirləri həyatın poeziyasıdır, onun şeirləri öz şirəsini, öz mayasını həmişə təbiətdən, doğma torpaqdan alır. Və elə buna görə də, onun şeirlərindən taxıl zəmilərinin bərəkətli ətri gəlir; laləli, çiçəkli, yoncalı biçənəklərin yel vurduqca tellənən lacivərd dalğaları görsənir onun şeirlərindən; bütün Şirvan dağları boylanır onun şeirləridən:

Yaz gəlıb, budaqlar puçur-puçurdu

Dağlar Şamaxıya çağırır məni.

İlham ürəyimi qəfil uçurdu,

Dağlar Şamaxıya çağırır məni.

Dərələr dumanlı, dağ şəlaləli,

Üfüqə bənzəyən düzlər laləli.

Onların baxışı şehli, şanəlı,

Dağlar Şamaxıya çağırır məni.

Əslində, həm bu “Dağlar” şeirində, həm də bütün poeziyasında Şahməmməd şeirinin bütün poetexniki ölçüləri dağa köklənib: onun misra düzümləri də, səs spektrinin bütün düzüm məqamları, sözün bir-birini maddi müstəvidə şərtləndirən doğum ahəngi də, bəndlərin texniki sıralanma “vüqarı” da ancaq dağlardan gəlir. Şahməmmədin şeirinə həm məna, həm də forma gözəlliyini dağların özü verib. Ona görə də, dağlardan qopa bimir, dağlar həmişə onunladır; şəhərdə, kənddə, idarədə, istirahətdə, fərqı yoxdur, Ləngəbiz dağları bir an belə şairi tək qoymur. Körpə anasından ayri dura bilmədiyi kimi, Şahməmməd də dağlarsız dura bilmir:

Arxam da siz, qorxum da siz,

Dincliyim də, yuxum da siz,

Dolanırsız qanımda siz,

Sizsiz yoxam, heçəm, dağlar.

Hər bir şairin şeiinin öz rəngi var və bu rəng onu bir şair kimi seçdirir, məhz onun varlığının olduğunu bəlirdir. Şahməmməd poeziyası dağ rəngindədir. Dağların boyası onun bütün Sözünə çöküb. Və bu, heç də, təsadüfi deyil. Çünki Tanrı onun Özünü, Sözünü və Dağları birgə yaradıb. Ləngəbizin şair oğluna dağları sevməyi tapşırıb və Şahməmməd dünyaya göz açanda dağ sevgisi ilə birgə doğulub. Ona görə də, sözünü və özünü həmişə dağlarda tapır. Beləliklə də, Şahməmməd bir şair kimi öz tarıxi yerlərinin – külli Şirvanın, onun görkəzmə təbiətinin, Böyük Qafqaz dağlarının, Qartal dimdikli Abşeronun, durna gözlü mavi Xəzərin əliqələmli hamisi olur...

Əsil torpaq, millət, Vətən, bir sözlə, həyat adamı olan Şahməmməd, həm də, dağ boyda, göy dəniz coşğuda ürək adamıdır... Onun şeirlərində həyatın məntiqi ilə poetik məntiq birləşə bilir; həyat həqiqəti estetik həqiqətə çevrilir. Bax, elə çətini də, budur!.. Əslində, yaradıcılıq da, budur!.. Və bu keyfiyyətlər onun həm bir insan, həm də şair ömrünün tufanlı, ziqzaqlı, amma şərəfli yollarına işıq salır, çıraq tutur, dumanlıqlardan çıxarır, bəzən də torpağı daha yaxından, bütün azmanlığı ilə qucmaq istəyi onu qanadlandırır, sevgisini sözə, şeirə döndərir, sözü zərrə-sərrə çəkərək ürəyi daima söz sorağında çırpınır:

Ürəyim çırpınır söz sorağında,

Sözü zərrə-zərrə çəkəsiyəm mən,

Bir həsrət yaşayır könül bağımda,

Nə ğədər canım var, çəkəsiyəm mən.

Artıq Şahməmməd 70 yaşın içindədir, 70 yaşın zirvəsində bardaş qurubdur. Bu zirvədən baxanda Şahməmmədin Azərbaycan ədəbiyyatına olduqca səmərəli, dəyərli bir yaradıcılıq bəxş etdiyinin şahidi oluruq! O, «Sanıram ki, dünəndi bu» şeirində keçmişinə nəzər salaraq yazır ki, illərin nə vaxt, necə gəlib keçdiyini hiss etməyib, çünki əlləri həmişə qələmdən yapışıb... Bir də baxıb ki, 70 yaşın dizini yerə vurubdur. Əziz qələm dostumu 70 illik yubileyini təbrik edir, ona uzun, sağlam ömür diləyir, bundan sonra da, cavanlıq enerjisi ilə onun ürəyinin, qəlbinin söz sorağında daima çırpınmasını, döyünməsini arzulayıram!..

 

Картинки по запросу qurban bayramov

Qurban Bayramov,

tənqidçi- ədəbiyyatşünas.

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2017

18.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az