Xızı rayonunda dərman almağa "Aptek" yoxdur EKSKLÜZİV FOTOLENT

Rayonda yalnız "Wi-Fi" inkişafın göstəricisidir

Bu günlərdə Xızıya getmişdik – guya istirahətə.  

Əvvəla bir az Xızı haqda bilməyənlər üçün qısa açıqlama verim:

Quba – Xaçmaz turizm regionunda yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızıdır. İqlimi mülayim, havası qurudur. Buradakı lay-lay dağlar nəhəng əqiq – sardoniks illüziyasını yaradır. Bir neçə hissədə dağın bir yamacı qış kimi, digəri isə yay otlağı kimi istifadə olunur. Geoloji süxurların müxtəlif laylarının təpələrdə üzə çıxması rənginə görə özünəməxsus landşaft yaradır. Mütəxəssislər iddia edir ki, oxşar geoloji hadisəni Yer kürəsində yalnız bir yerdə – ABŞ-ın Ölüm Vadisində müşahidə etmək olar.Mərkəzdən 1–2 km məsafədə Azərbaycan dramaturgiyasının yaradıcısı Cəfər Cabbarlının ev muzeyinin və qranitdən heykəlinin ucaldığı Xızı kəndi yerləşir.  Azərbaycan ədəbiyyatının daha bir görkəmli nümayəndəsinin, şair Mikayıl Müşfiqin də ev muzeyi hazırda heç bir yaşayış olmayan, tarixi Sayadlar kəndində qonaqların üzünə həmişə açıqdır.

Bura kimi əla! Xızı deyildiyi kimi də var: təmiz, təravətli, həmçinin dörd fəsli özündə birləşdirən havası, qeyri-adi təbiəti, sıx meşəliyi. Bir sözlə, Xızı insanı heyrətə gətirən, bir gedib bir də getmək üçün hər bir nemətə malik olan məkandır. Lakin təbiətin nemətlərinə! İnsanın yaratdığı möcüzə, maraqlı anlarla yadda qalan, əyləncəli, turistləri özünə cəlb edə biləcək bir görüntü, komfort yoxdur  bu rayonda.  Sanki sovet dövrünün qalıqlarını əks etdirən bir muzeydəsən. Yenilik, inkişaf yalnız wi-fi-dan ibarətdir.

Hazırda mərkəzi yollarda abadlıq işləri aparılır. Hara, necə getmək mümkün deyil. Bundan başqa, gecələri çox sönük və qaranlıq küçələri var.Turistlərin azma ehtimalı çox böyükdür.  Mədəniyyətimizi, milli dəyərlərimizi, musiqini, ədəbiyyatı, incəsənəti tərənnüm edəcək bir bina, idarə gözə dəymir.

... Bildiyimiz kimi, Xızı xalçaçılıq ilə məşhurdur. Gədi, Giləzi, Baxışlı, Yanıq Ələs, Tıxlı, Divəzər, Fındığan və digər kəndləri öz xalçaları ilə nəinki rayonun özündə, həmçinin bütün ölkədə tanınırlar.  Əvvəllər kəndlərdə əhali qoyunların yununu darayar, əyirər, hazır ipləri bölgənin bitkilərindən alınmış təbii rənglərlə boyayardılar. Sonra hana qurar, uzun qış, sərin yay gecələri xalça toxuyardılar. Kənd qadınları günlərini xalça-palaz toxumaqla keçirərdilər. Amma təəssüflər olsun ki, xalçaçılığımızı təbliğ edən heç bir idarə yoxdur bu rayonda.

Mərkəzdə Xızı Rayon İcra Hakimiyyətinin, polis idarəsinin, xəstəxananın və bir də Heydər Əliyev adına mərkəzin təmtəraqlı binalarından başqa heç nə gözə dəymir. Bakının adi Mərdəkan, Novxanı, Nardaran, Pirşağı və digər qəsəbələri belə bu böyük rayonun yanında necə deyərlər, “toya gediləsidir”.

Əvvəla, gecələr küçələrdə işıqlar yandırılmır (ümumiyyətlə, yoxdur!), olduqca səssizlik hökm sürür. Hava qaralan kimi itlərin və ya canavarların ulaşmasından savayı heç nə eşidilmir.  Gəzmək, əylənmək, şəhərin gəzməli (ki, heç nə yoxdur) yerlərini görmək üçün heç bir şərait yaradılmayıb.

 İkincisi, əgər evdə hər hansı bir ərzağın bitibsə, ya şəhərdən gələn qonaqlarından, qohum-əqrəbadan alıb gətirməsi üçün xahiş-minnət etməlisən, ya da mərkəzdə yerləşən bir-iki marketdən “od” qiymətinə almalısan. Və əgər az kv.m-lik kiçik mağazaya “market” demək mümkündürsə... Bu rayonda heç bir market şəbəkəsi fəaliyyət göstərmir nədənsə.  Bir sözlə, Xızıya getmək eşqinə düşübsünüzsə, qalacağınız müddət üçün ərzağınızı da özünüzlə aparmalısınız (isti günlərdə yollarda xarab olsa da belə). Əks təqdirdə, 1 kq-lıq şəkər tozunu 1.80m almalı olacaqsınız.

Geyim mağazalarından danışmasaq, daha münasib olar. Təsəvvür edin, 1667.89 km² ərazisi olan bu rayonda 16000 əhali üçün 3-4 ərzaq mağazası var. Elə isə geyim mağazasının ümumiyyətlə gözə dəyməməsi yəni “normal”dır.

Bütün bu çatışmazlıqlar bir kənara, keçək əsas məsələyə!

Bildirilir ki, rayon üzrə əhaliyə xidmət 12 tibb müəssisəsi, o cümlədən Xızı Rayon Mərkəzi Xəstəxanası, 6 həkim məntəqəsi, 5 tibb məntəqəsi vasitəsilə göstərilir. Rayonda çalışan həkimlərin sayı 27, orta tibb işçilərinin sayı 57,  vakansiyaların sayı isə 31, o cümlədən həkimlər -13, orta tibb işçilərinin sayı -18 olaraq qalmaqdadır. Rayonda əhaliyə ambulator, stasionar və təcili yardım xidmətləri göstərilir.  Bu da xızılılar demişkən, “xub”.

Bəs lazımi dava-dərman hardan alınsın? Rayonu fır-fır fırlansan da, bir aptek belə tapa bilməzsən! Xızıda istirahət zamanı övladınız yıxılarsa və ya əli kəsilərsə, ya da ümumiyyətlə, hər hansı bir tibbi ləvazimata ehtiyacınız olarsa, ya geri qayıtmalısınız, ya da bizim kimi, xəstəxanaya gedib 1 ədəd pambıq və 1 ədəd bintə 2 azn vermək məcburiyyətində qalmalısınız.  

P.S. İlham Əliyev dəfələrlə öz çıxışlarında makroiqtisadi sabitliyin möhkəmləndirilməsindən, iqtisadiyyatın bütün sahələrinin, həmçinin kənd təsərrüfatının hərtərəfli inkişafına diqqət yetirilməsindən, regionların inkişafının prioritet olmasından danışıb. Həmçinin əhalinin maddi rifahının yaxşılaşdırılması, aztəminatlı ailələrin, kəndlilərin məqsədyönlü sosial müdafiəsi barədə, royonlardakı işsizliyin aradan götürülməsi, əhalinin yaşayışının yaxşılaşdırılması haqda lazımi orqanlara, dövlət məmurlarına xüsusi göstərişlər verib. Dəstək üçün milyonlarla maddi vəsait ayırıb.

Sonuncu dəfə 2014-cü ildə Xızıda olan prezident İlham Əliyevin səfərindən 3 il keçsə də, rayondakı açınacaqlı vəziyyət davam edir. Hətta bu acınacaqlı durum “inkişaf” edib desəm, yanılmaram...

Xızı rayon icra hakimi Aslanov Xəzər  Xəzər sahilində yerləşən bu rayonun tanınmaz hala düşməsinə, geriləməsinə, inkişafdan qalmasına, əhalinin maddi durumunun çətinləşməsinə, işsizliyin baş alıb getməsinə niyə göz yumur? Ölkə rəhbərinin tez-tez rayonlardakı rifahın inkişafına dəstək üçün ayırdığı maddi vəsaiti nəyə xərcləyir, görəsən? “Yemək”yəmi? Yemək hər zaman var, heç kim acından ölməyib bu ölkədə.

Bir-iki günlük “istirahət” zamanı yerli sakinlərin ömür boyu bu dözülməz şəraitdə yaşadıqlarının, necə əziyyət içində həyat sürdüklərinin şahidi olduq. Gördüklərimi qələmə almasaydım, Allahsızlıq olardı.  

Hazırladı: Könül AYPARA

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2017

18.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az