Şairin yaradıcılıq yoluna qısa səyahət

ŞAHMƏMMƏD – 70

Tanınmış şair, yazıçı, publisist Şahməmməd XX əsrin 70-ci illərindən ədəbi-bədii yaradıcılığa başlamış, yaşının 70-ni tamamlamış bu istedadlı ədib 50 ildən artıq bir yaradıcılıq yolu keçmişdir. Şirvan-Şamaxı ədəbi mühitinin yetirməsidir. Şahməmməd Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuşdur. Mətbuatda «Çiçəklər» adlı ilk şeiri 1966-cı ildə, hələ tələbə ikən rayon qəzetində çap edilmişdir. Mərkəzi mətbuatda ilk şeiri "Azərbaycan gəncləri" qəzetində işıq üzü görübdür. Sonralar şeirləri "Bakı", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri" qəzetlərində, "Təşviqatçı", "Ulduz", "Azərbaycan təbiəti", "Göyərçin" jurnallarında, Mockvada təhsil alarkən "Literaturnaya qazeta", "Sovetskaya milisiya" kimi mətbu orqanlarda moskvalı şairlərdən İrina Yefimova və Viktor Zabelişinskinin tərcümələrində və onların təqdimatında nəşr edilmişdir.

Şahməmməd tanınmış şairlərimizdən İsgəndər Etibar, Tahir Taisoğlu ilə bir dövrdə fəaliyyətə başlamışdır. Gənc Şahməmmədin yaradıcılığı haqqında ilk uğurlu sözü də onlar söyləmişlər.

Şahməmmədin maraqlı bir yaradıcılıq yolu vardır. Şahməmməd 30-dan çox şeir və nəsr kitabının, 5 cildlik "Seçilmiş əsərlər"in müəllifidir. Onun "Dağlar, səndə nəyim qaldı?", "Nastalo vremya", "Sevməsəydim, yaşamazdım", "Xatirələr ocağının işığında", "Çaylar geri dönmür", "Həyəcan dolu beş il", "Yerlə Göy arasında", "Ləngəbiz", "Bakı polisi: qısa tarixi və müasir dövrü 1840-2005", "İldırımlar qanadında", "Yollar", "Bu gün açılacaq yaylım atəşi", "O sevgini unutmaq olmur", "Azərbaycan, bir də Heydər", "Nəğmələr dünyası", "+994552010290" kimi kitabları işıq üzü görmüş, müxtəlif almanaxlarda əsərləri dərc olunmuşdur. Müstəqillik illərində qələmə aldığı Heydər Əliyevə həsr olunmuş əsərlər toplusundan ibarət "Azərbaycan oxusun" adlı kitabda Ulu Öndərə həsr etdiyi "Karvan" poeması, "Azərbaycan, bir də Heydər" şeiri ilə oxucuların görüşünə gəlmişdir. Bir sıra kitablara redaktorluq etmiş, bir sıra kitablarda müxtəlif səpgili yazılarla çıxış etmişdir.

Müğənnilərimiz – M.Bağırzadənin, F.Kərimovanın, Z.Məmmədovanın, F.İbadovanın, C.Məmmədovun, T.Vəlizadənin, Y.Mustafayevin, B.Əşrəfovun, Y.Babayevanın, B.Mehdiqızının və s. ifa etdiyi 30-à yaxın mahnının sözlərini yazmışdır. Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvüdür. "Qızıl qələm", "Araz" Ali-Ədəbi, "Zərdabi" mükafatlarının diplomuna layiq görülmüşdür. Cəmiyyətimizdə ictimai qaydaların qorunmasında bir polis zabiti kimi yaxından iştirak etmiş, polis polkovniki rütbəsinə yüksəlmiş, Qarabağ döyüşlərinin iştirakçısı olmuşdur...

Şahməmməd müəllimin yaradıcılığı müntəzəm bir şəkildə ədəbi tənqidin və ədəbi mühitin diqqət mərkəzində olmuşdur. Onun haqqında ədəbiyyatımızda özünəməxsus yeri olan şair İlyas Tapdıq, şair-publisist Əli Rza Xələfli, İsgəndər Etibar, Zülfüqar Şahsevənli, filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli, Dövlət mükafatı laureatı, tanınmış şair Məstan Günər, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, şair-publisist Tahir Taisoğlu, filologiya elmləri doktoru Seyfəddin Rzasoy, nizamişünas, yazıçı-dramaturq Ramiz Əkbər, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Xəyal, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şahrza Ağayev, Əməkdar mədəniyyət işçisi, publisist Zeynal Babayev, jurnalist Emin Axund, yazıçı-jurnalist Emil Tahiroğlu və s. mətbuat səhifələrində öz fikirlərini söyləmiş, Şahməmmədə bir şair-publisist kimi müxtəlif prizmalardan öz dəyərli qiymətlərini vermişlər. Tanınmış ədəbiyyatşünas-tənqidçi, vurğunşünas alim Qurban Bayramov isə Şahməmmədin yaradıcılığı haqqında olduqca dəyərli monoqrafiya yazmışdır.

Qurban Bayramov "Poeziyanın sirri : çaylar geriyə axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti: mini-modern monoqrafiya" ( red. prof. N. Şəmsizadə ; rəy. prof, R. N. Əliyev. - Bakı : MBM, 2009. - 104 s.) adlandırdığı bu yeni kitabında müasir Azərbaycan poeziyasının bir çox problemlərini şair, yazıçı-publisist, jurnalist Şahməmmədin yaradıcılığı əsasında işləmiş, maraqlı müşahidələr əldə etmişdir. Xüsusən, müasir poeziyamızın bir şəxsin fərdi yaradıcılığı əsasında təkamülü və inkişaf meylləri, struktur xüsusiyyətləri, kompozisiyası, mövzu, məzmun və obrazlar sisteminin mahiyyəti, yaradıcılıqda əldə olunan yeni ədəbi-estetik dəyərlər filoloji fikir işığında şərh edilir, tanınmış şair, yazıçı-publisist Şahməmmədin poeportreti canlandırılır. Bu onun haqqında ilk monoqrafik əsərdir. Müəllif-tədqiqatçının bir az pafoslu olsa da bu fikrilə biz də razıyıq ki, "Şahməmməd qəlbən, ruhən şairdir. ...Onun estetik kredosunda estetik dəyər səviyyəsində belə bir məqam var: "Oxunmayan şeir ölüm kimi bir şeydir." Və Şahməmməd həmişə ürəyinin, ruhunun gerçəklikdən oxuduğu, qəlbinin gözü ilə gördüyü, duyduğu, yaşadığı, yanıb-qovurulduğu hissi şeirinə gətirdiyindən onun şeirləri oxunaqlıdır, duyumludur. Deməli ölüm, durğunluq, ətalət onun yaradıcılığından uzaqdır. O, öz şair ömrünü şeirə köçürməyi bacardığından yaradıcılığında özünəməxsus öz yaşantısı, duyğusu, öz ağrısı olan bir şair ömrü şeirləşib, başqa sözlə desək, şair ömrü şeirdə, şeir ömrü şairdə reallaşa bilib." (Bax: Qurban Bayramov "Poeziyanın sirri : çaylar geriyə axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti: mini-modern monoqrafiya" /red. prof. N. Şəmsizadə ; rəy. prof, R. N. Əliyev./ - Bakı : MBM, 2009.s.15-16. - 104 s.) Qurban Bayramov Şahməmmədin yaradıcılığına "Qəlbini nar kimi kağıza sıxan şair..", "Tək səbir" qəz., 1998, 15,16,17,18,19 saylarında; "Açıq məktub-Şahməmməd", "Aktual" qəz., 05.02.2015, say 02 (192) və s. məqalələr də həsr etmişdir.

Şahməmmədin poeziyada ilk addımları barəsində indi tanınmış şair-publisist, siyasi elmlər namizədi, politoloq, Əməkdar jurnalist Tahir Taisoğlu qələmə aldığı "Uğurlu yolda" (1967, "Birlik" qəz., Ağsu) məqaləsində gənc şairin ümidverici istedadından, ilk qələm təcrübələrinin məziyyətlərindən söhbət açmış, bir qələm dostu kimi ondan maraqlı tövsiyələrini də əsirgəməmişdir. Tahir müəllim bu məqaləsində Şahməmmədin yaradıcılığının ilk dövrü haqqında yazırdı: "Gənc Sabirçilər” məclisinin toplantılarında həmişə hərəkətləri ilə narahatlığını büruzə verən, orta boylu bir gənc iştirak edirdi. O, oxunan şeirlər haqqında fikir deməyə utanır, şeirlərini oxuyarkən daxili iztirablar keçirirdi. “Görəsən, şeirlərimi bəyənəcəklərmi?” Həmin gənc sizin həmyerliniz, M.Ə. Sabir adına Şamaxı Pedaqoji Texnikumunun məzunu (indi isə Ağsu rayonunun Cəfərli kəndində müəllimdir) Şahməmməd Şahməmmədov idi. Artıq onun məclisə gəldiyi vaxtdan xeyli müddət keçirdi. Get-gedə həyatı dərindən duyan, şeirləri ilə həyata bağlanan, şeirini bütün məsuliyyətilə dərk edən Şahməmməd “Gənc Sabirçilər” məclisinin fəal üzvlərindən olaraq qalır... Mən onun şeirlərini dinləyərkən yeni fikir üçün çırpınan bir qəlbin döyüntülərini eşidir, məna və təşbehlərin təravətini duyuram. “Çiçək”, “Nəğmələr”, “Pıçıltılar”, “İstəyirəm”, “Gəlin” onun məhz belə şeirlərindəndir. ... Şirvan torpağının gözəllyini sadə bir dillə nəzmə çəkən, öz fikirlərini oxuculara çatdırmağı bacaran Şahməmməd primitiv şeirlərdən, quru fəlsəfəçilikdən qaçır. Sevindirici cəhət burasıdır ki, Şahməmməd sabit qalmır. Qələmi ilə dostluğa inadla can atır. Şah-məmməd yaxşı bilir ki, ən böyük ad şair, ən çətin yol şeir yoludur. Ürəklərə yol tapmaq üçün yuxusuz gecələr keçirməli, düşünməli, düşündürməlidir." Tahir müəllim fikrində yanılmamışdı. Şahməmmədin yaradıcılığının sonrakı məhsuldar illəri bunun parlaq sübutudur...

Tahir Taisoğlu Şahməmmədin yaradıcılığını müntəzəm izləyən qələm və ürək dostudur. O, müxtəlif vaxtlarda yazdığı "Sevməsə yaşaya bilməyən şair haqqında düşüncələr" ("Aktual" qəz., 1997); "Tarixin Ləngəbiz səhifəsi" ("Azərbaycan uğrunda" qəz., 12. 04. 2007. say.01(31); "Poetik ucalıq sorağında" ("Serial" qəz., 03.04.2004. say:219 ) məqalələrində və redaktoru olduğu Şahməmmədin "Sözün də çəkisi var" poema-kitabına (2017) yazdığı "Son söz əvəzi"ndə Şahməmmədin yaradıcılığının müxtəlif cəhətlərini, aspektlərini nəzərdən keçirir.

Tahir müəllimin diqqətimi cəlb edən cəhətlərdən biri onun tənqidçi və şair münasibətlərinin doğmalar qədər yaxınlığına sevinməsi və bunun ictimai, sosial və estetik mənasını, mahiyyətini təqdirlə açıqlamasıdır. Tahir Taisoğlu adın çəkdiyimiz kitabda "Son söz əvəzi" məqaləsində yazır: "Maraqlı və gözəl olan budur ki, Şahməmməd bu ahıl və müdrik yaşında da eyni gənclik ehtirası ilə yazıb-yaradır. Onun tanınmış tənqidçi-ədəbiyyatşünas, qələm dostumuz Qurban Bayramova həsr etdiyi “Sözün də çəkisi var” lirik poema-monoloqu da müdrikliklə yoğurulmuş şair qələminin coşqun ehtirasla, ilhamla ifadəsidir.

Mən, Qurban Bayramovu da, sözünün kəsərini də, yazıçılara yanaşma tərzinə də, seçimini də, mənəvi dünyasını da, sürprizlər bəxş edən qələminin gücünü də yaxşı tanıyıram. Onun Şahməmməd haqqında yazdığı “Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti” monoqrafiyasını oxumuşam. Doktorluq işinə bərabər tutduğum bu əsər barədə öz fikirlərimi geniş şəkildə vaxtilə oxuculara

çatdırmışam. ... İndi isə başqa bir sürprizlə qarşılaşıram. İstedadı ilə ədəbi mühitimizdə özünü çoxdan təsdiq etmiş, 30-dan çox şeir, nəsr kitabının, 5 cildlik “Seçilmiş əsərlər” müəllifi olan Şahməmmədin - şairin tənqidçiyə həsr etdiyi poema qarşımdadır. Bu da əlahiddə, görünməmiş bir işdir. Ədəbiyyat tariximizdə, bəlkə də ilk faktdır – şair tənqidçiyə poema həsr edir. Amma ibrətamiz faktdır. Biz adət etmişik ki, elə tənqidçilər bizim haqqımızda nəsə yazsınlar... Şahməmməd sübut etdi ki, diqqət, hörmət qarşılıqlı, qədirşünas olmalıdır..." (Bax: "Şahməmməd (Şahməmmədov Şahməmməd Gülməmməd oğlu) "Sözün də çəkisi var", poema, "Ecoprint" nəşriyyatı, Bakı, 2017, s.140-141. - 144 səh.)

Xronologiyanı nəzərə alsaq Şahməmməd haqqında ikinci məqaləni tanınmış şair, publisist İsgəndər Etibar qələmə almışdır. İsgəndər Etibar Şahməmmədin şeirə, sənətə, ədəbiyyata sonsuz məhəbbətini və bağlılığını, istedadını ilk vaxtdan duyub qiymətləndirmiş, gənc şairin «Nəğmələr», «Anamın yun palazı» şeirlərini əsgər şəkli ilə birlikdə, “Əsgər-şair” uğurlu sözü ilə «Yeni Şirvan» qəzetində çap etdirmişdir. Bu fakt uzaq Tayqada, yad ölkədə əsgərlik edən bir şair gəncin duyğularında dərin izlər buraxır... O, özü də, tanınmış şair, son onilliklərdə “Tək səbir” satirik qəzetinin baş redaktoru İsgəndər Etibarın onun həyatındakı mühüm rolunu “Yollar” xatirə-romanında belə qiymətləndirir:

“...Ona borcluyam, ona görə ki, həyatda çox şeylərin ilk sirlərini o, mənə öyrədib." İsgəndər Etibar isə həmin yazısında gənc qələm dostu haqqında yazmışdı: “Bir il bundan qabaq eşitdiyim bir kiçik şeirin xəyalımda yaratdığı lövhə hələ də silinməmişdir. Bu misralar hələ də, dodaqlarımın pıçıltısıdır. Bu, əlinə təzə qələm alan Şahməmməd Şahməmmədovun gələcəkdə yaxşı şair olacağından xəbər verirdi. Əlbəttə, uğurlu addımın sonrakı davamı zəhmətə, yuxusuz gecələrə, narahat günlərə bağlıdır. Ürəyində şeirə məhəbbət olan, narahat gecələri və gündüzləri özünün rahatlığı kimi qəbul edən hər bir vətəndaş şairdir. Əks halda, zədəli sim kimi mahnının şirin yerində qırılmalıdır. ...Bu günlər “Yeni Şirvan qəzeti” redaksiyasında mənə onun hərbi xidmət yerindən göndərdiyi bir neçə şeirini verdilər. Həmin şeirlərdə də, yerində deyilmiş ifadə və təşbihlər var. Lakin Şahməmməd hələ çox oxumalı, cox axtarmalıdır. Bu şərəfli və məsuliyyətli yolda sənə uğurlar olsun, Şahməmməd.”İsgəndər Etibar Şahməmmədin şeirə, sənətə, ədəbiyyata sonsuz məhəbbətini və bağlılığını, istedadını o vaxtdan duyub qiymətləndirmişdir.

Şahməmmədin yaxın dostu və demək olar ki, onun bütün kitablarının redaktoru şair Zülfüqar Şahsevənli də, qələm dostunun uğurlarını həmişə dəstəkləmişdir. Zülfüqar Şahsevənli «bu vəfasız dünyada qazandığı barmaq sayı qədər dostları arasında öz saflığını, müqəddəsliyini, səmimiyyətini qoruyub-saxlayan» şair dostu haqqında "Yer şarı mənzilim, üfüq pəncərəm...”("Nəsimi" qəz., 1997) məqaləsində yazır: «Kitabina yazdığım ön sözdə ("Sevməsəydim, yaşamazdım” /1995/ kitabına yazdığı "Xatirələr ocağının işığında" məqaləsini nəzərdə tutur və mən bura “Ləngəbiz” /2003/,“Yollar” /2007/ kitablarına yazdığı ön sözləri də, "Həyəcan dolu beş il"in doğurduğu həyəcan"("Polis" qəz., 1999) məqaləsini də əlavə edirəm) ata yurdundan, uşaqlıq illərindən necə də sevgi ilə danışırsan. Bütün bunlar illərin o tayında qalıb. Kəndlər, dağlar, dərələr yerlərində qalsalar da, o kişilər yoxdur bu dağlarda... Amma bir şeyə sevinirəm ki, bu dağlar da, o köhnə kişilər də, sənin səsində, nəfəsində,  şeirlərində yaşayir. ...Tanıdığım gündən səni mərd, səmimi, canıyanan və alicənab gördüm. Gözəl ata, baba, dost, şair, vətəndaş... Bunların hamısı sənə yaraşır.»

Şairin tədqiqatçısı Qurban Bayramov yazır: "Şahməmməd klassik ədəbiyyatı sevir, duyur, ruhunda, damarında genoloji kod kimi gəzdirir və onun yaradıcılığında intellektual səviyyə açıq-aşkardır, görümlüdür..." Tanınmış lirik şairimiz, Dövlət Mükafatı laureatı, mərhum Məstan Günər bu cəhəti Şahməmmədin “Çaylar geri dönmür” şeirlər kitabı barəsində yazdığı “Şah pərdələr üstündə”məqaləsində dürüst müəyyənləşdirmişdi: "Şeirlərindən və qeydlərindən görünür ki, Şahməmməd yüksək intellektə malikdir. Dünyanın, insanın problemlərini bilir, nəhəng söz ustalarına bələddir, bir sıra ölkələrdə olmuş, bu məmləkətlərin tipik cəhətlərini mənimsəmişdir.”

Doğrudan da, müşahidələr göstərir ki, dünyamızın nəhəng klassiklərindən Əfzələddin Xəqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah Sabir, Səməd Vurğun, Rəsul Rza, Şəhriyar, Səhənd, Nazim Hikmət və dünya ədəbiyyatının bu siyahıya sığmayan digər dahilərinin kitabları ,əsərləri, külliyyatları Şahməmmədin fikir dünyasının ədəbi və əbədi sakinləri olmuşlar.

Müəllif, könül açıqlığı ilə Şahməmmədin şeirlərinin mövzusundan, sənətkarlığından, bədii-estetik xüsusiyyətlərindən, müasirliyindən söz açır: "Onun poetik idealı heç də hamı üçün görünməyən kamil bir proqramdır. Hər şey yüksək sənət tələbləri üzrə inkişaf edir. Şahməmmədin süjetli əsərləri də, xatirələr poeziyası da, məhəbbət lirikası da, poemaları da dəyərli sözə layiqdir." (Bax: Məstan Günər. "Şah pərdələr üstündə", "Azərbaycan" jur., say: 09,2000, s.183-186.)

Uzun illər “Gənclik” nəşriyyatında Baş redaktor işləyən, nəşriyyata gələn bədii yazıları obyektiv mizan-tərəzidən keçirən, mərhum şairimiz İlyas Tapdığın da, Şahməmmədin lirikasını, xüsusən də onun“Karvan”poemasını yüksək qiymətləndirməsi təsadüfi deyildir. O, "Şahməmmədin şeirləri və "Karvan" poeması haqqında düşüncələr” məqaləsində yazır: “Mən Şahməmmədin şeirlərində bir şeyin şahidi olmuşam, o nədən yazır yazsın, heç vaxt öz təmkinini itirmir. Çalışır ki, az sözlə böyük lövhələr yaratsın. ... "Karvan” poeması şair Şahməmmədin ən uğurlu əsəridir. Poemanın Azərbaycan Respublikası Jurnalist Həmkarlar İttifaqının “Araz” Ali-Ədəbi mükafatına layiq ğörülməsi də buna canlı sübutdur. "Karvan” poemasında şair bu qənaətə gəlir ki, müdrik dövlət başçısı xalqı öz ardınca aparmağa qadir olmalıdır. Əks halda, o, istəyinə çata bilməz. Poemada tarixi faktlar, tarixi şəxsiyyətlər ön plana çəkilir. ...Mən onun diqqəti cəlb edən yaradıcılığına bir şair kimi həmişə inanmışam və düşünürəm ki, bu fikrimdə yanılmıram. Bir daha, inanıram ki, səmimilik, sadəlik, təbiilik, sözü yerli-yerində işlətmək onun yaradıcılığından uzaq olmayacaq.”(Bax: İlyas Tapdıq. "Şahməmmədin şeirləri və "Karvan" poeması haqqında düşüncələr", "Nəsimi" qəz, 1997 (xüsusi buraxılış).

Tanınmış tənqidçi, filologiya elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli Şahməmmədin yaradıcılığını və şair şəxsiyyətini yüksək dərəcədə qiymətləndirərək yazır: "Mən Şahməmmədin "Sevməsəydim yaşamazdım" şeirlər kitabını son səhifəsinə qədər oxudum. Bir tənqidçi kimi açığını deyim ki, onun şair obrazını gözlərim qarşısında canlandıra bildim. Bu şair obrazında çağdaş poeziyamızın şeirlə bağlı fədaisini gördüm. Fədai sözü ola bilsin artıq səslənir, bəlkə işçil, bütün günü əlləşib-vuruşan, güldən-çiçəkdən şirə toplayan arı desəm, daha yaxşıdır. Və bu şeirləri oxuyub başa çatdırandan sonra mənim üçün Şahməmmədin şair səviyyəsi də aydınlaşdı. O, iddiasız, təkəbbürsüz şairdir, şitil kimi poeziya ləklərinə süni olaraq sancılmayıb, ədəbiyyata kiminsə yedəyində gəlməyib." (Bax: Vaqif Yusifli. "Yollar heç zaman qurtarmır", "Xəzərin keşiyində" qəz., 18.11.1995; say. 46(142)).

Yeri gəlmişkən qeyd edək ki, Şahməmmədin "yollar..." tematikası həmişə tənqidimizin diqqətində olub. Məsələn, "Yollar..." sənədli-sübutlu xatirə-romanı barəsində yazıçı-jurnalist Emil Tahiroğlu “Yolların sonu görünmür" məqaləsində bu əsər barəsində qənaətini belə bildirir: “Şahməmməd müəllimin "Yollar" kitabını oxuyarkən bir insan ömrünə güzgü tutursan. Onun uşaqlıqdan bu günə kimi bütün yaşantıları, sevincli, kədərli anları ilə tanış olursan. Ağsu rayonunun Ləngəbiz kəndindən bir körpə uşağın başladığı və böyüyüb ataya, babaya çevrildiyi, müəllim, müstəntiq, nəhayət tanınmış şair olanadək keçdiyi ömür yolunun hər qarışından xəbər tutursan. Bu yollarda sevinc də var, kədər də, xoş duyğular da, ağrılar da, çatdığı və çatmadığı arzular da. ..."Yollar" kitabını oxuduqca müəllifin uğurlarına, qazandıqlarına nə qədər sevinirsənsə, itirdiklərinə kədərlənir, qəmlənirsən.”(Bax: Emil Tahiroğlu "Yolların sonu görünmür" "Serial" qəz., 26.05.2007, say. 182 ; "Əsil sevgi unudulmur", "Serial"qəz., 12.07.2008, say.118 (530).

Şahməmməd müəllimin yaradıcılığı barəsində yazılan məqalələr sırasında folklorşünas Seyfəddin Rzasoyun, nizamişünas-tədqiqatçı Ramiz Əkbərin birgə qələmə aldıqları "Şahməmməd poeziyası kosmoqonik söz invariantının , əbədi variantlaşma çevrəsində" ("Mütərcim" jur., say. 7, 2003.) məqaləsi də xüsusi əhəmiyyətə malikdir. Mövzusundan göründüyü kimi bu məqalə ədəbiyyatşünaslığın ciddi bir probleminə həsr edilmiş və ən ümdəsi də, Şahməmmədin poeziyasının bu ciddi problemin şərhinə poetik mətn kimi imkan yaratmasıdır. "Şahməmmməd bir şair kimi öz içində olanın ritminə düşməyə, onun kosmik ahənginə köklənməyə məcbur olur. Bu, poeziya məqamıdır. Sözün doğuluş məqamıdır və söz, sözün hərfi anlamında doğulmaqla insanı heyrət faktoru ilə üzbəüz qoyur. Dünyanın ən ali həqiqətinin simvolik olduğunun ilahi tablosunu yaradır. Və insan invariantının sözü kökləmək qabiliyyəti verilmişlər cərgəsində Şahməmməd bütün varlığı ilə, yəni Özü və Sözü ilə ancaq kosmik daşıyıcı ola bilir. İlahidən gələn sözün daşıyıcısı. Bu, onun taleyidir, bu taledən o, qaça bilməz. Bütün ağrısı və acısını, əzabları çəkməli və əzabın sevgisinə köklənməlidir. Çünki Tanrı ona Şair Taleyi verib. " (Bax: Yenə orada, s.52.)

Bu sıradan yenə də, Seyfəddin Rzasoyun "Müdriklik manifesti" ("Oxu məni" qəz.. 19.05.1916, say 16, (2777); Zeynal Babayevin (Əməkdar mədəniyyət işçisi, publisist), " Sovetskaya milisiya" jurnalının səhifələrində" ("Azərbaycan gəncləri" qəz., 27.09.1984, say.181.); Emil Tahiroğlunun (yazıçı-jurnalist) "Yolların sonu görünmür" ("Serial" qəz., 26.05.2007, say. 182) ; "Əsil sevgi unudulmur" ("Serial"qəz., 12.07.2008, say.118 (530); Natiq Qocamanlının (jurnalist) "Sanıram ki, dünəndir bu" ("Serial" qəz., 10.07.2012.); çox dəyərli tədqiqatlar silsiləsinin müəllifi, ədəbiyyatşünas Sona Xəyalın "Bir görüşün əks-sədası", "Oxu məni" qəz., 18.12.2009, say.98 (2219); Alim Nəbioğlunun (jurnalist) "Bir gecənin söz yağışı","Qəzet.Az.", 21.11. 2009, say.60 (86) məqalələri də Şahməmmədin yaradıcılığı haqqında maraqlı fikirlər, münasibətlər silsiləsinə daxildir...

Ümumiyyətlə, tənqid dürüst müəyyənləşdiribdir ki, Şahməmmədin epik-lırik yaradıcılığında poetik ehtiras və tarixi-milli enerji, emosiya və müasir fakt, realizmə qovuşmuş romantika, həyat həqiqəti və bədii təxəyyül, ani, impultiv olanın əbədiyyət qazanması prosesi vəhdətdədir. Ölüm və həyat, mübarizə və ölməzlik, məhəbbət və əbədiyyət haqqında şair ən adi, lakin poetik enerji ilə yüklənmiş ifadələrlə danışa bilir. Heç bir əlavə, artıq sözə, süni pafosa, yalançı ritorikaya, zahiri bəzəyə yol vermədən toxunduğu mövzuların fəlsəfi-estetik yozumunu tapa bilir. Onun poemalarında ədəbi dil, ibarə və ifadə sistemi də, epitetlər, ekspressiv rənglər də özünəməxsusdur, qeyri-standartdır, ülgülərdən uzaqdır. Bunlar da, müəllifin poetik duyumunu, qavrayış və düşüncə tərzini maraqlı edir, ona məxsus olan poetik ehtiras və bədii təfəkkürünü dürüst bir şəkildə biçimləyir... Həmçinin, xalq dilindən və şeirindən, müasir ədəbi prosesin özündən əxz olunan vəzn, ahəng, bəhr, ritm sərbəstliyi ona poetik yekrənglikdən, ifadə və üslub monotonluğundan uzaqlaşmağa kömək göstərir, Şahməmmədin poetik potensialının yeni imkanlarını üzə çıxarır...

Jalə Qurbanqızı (Rzayeva),

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun elmi işçisi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az