ÖZÜNÜTƏRBİYƏ – HƏR UĞURUN İLK ADDIMI

Seyfulla Azər

Tanrıdan şikayətçi olan insanların prezidentdən şikayətçi olmaları heç də təəccüblü deyil...

Adət etmişik ki, insanlar hər şeydən şikayətçidirlər. Tanrıdan, taleyindən, həyatından, dünyadan, xalqından, dövlətindən, insanlardan, düşdüyü vəziyyətdən, maddi durumundan, əhval-ruhiyyəsindən və s hər şeydən şikayətçidirlər. Altı fərqli ölkədə yaşadığım dövrlərdə, hər birində insanların prezidentdən şikayətçi olduğunun şahidi oldum. Bu o deməkdirmi ki, bu 6 ölkənin hər birinin prezidenti pis prezidentdir? Hər hansısa bir düşüncənin, fikrin, mövqeyin çoxluq təşkil etməsi, onun heç də yaxşı və düzgün olması demək deyil. Tarix şahidlik edir ki, bu belə deyil. Sel olacağını iddia edib, 120 il dağın başında gəmi tikən Nuhu dəli sayıb, məsxərəyə qoyan, daşlayan avam qövm, sonda nahaq, Nuh isə haqlı çıxdı. Bu nümunəni tarixdə yaşamış bir çox müdriklərə şamil etmək olar ki, bir insana qarşı çıxan böyük kütlənin haqlı göründüyü halda, uzun illər sonra əksi baş verib. Pisliklər də, şər də yer üzündə çoxluq təşkil edir, amma nə yazıq ki...

Bununla hansısa prezidentin haqlı, etiraz edən böyük kütlənin isə haqsız olduğunu iddia etmək istəmirəm, istər şəxsi və ya professional həyatında səhvsiz, qüsursuz insan olmadığı kimi, hansısa prezidentin də bir insan olaraq yəqin ki, səhvləri, nöqsanları ola bilər. Sadəcə qlobal arenada baş verənlər sıravi insanlara çox vaxt agah olmadığı üçün, cəmiyyətdə bu cür durum tarixi tendensiyadır.

 İndi isə bizə dumanlı görünən qlobal arenanı qoyaq bir kənara...

Özümüzə agah olmayan, lakin (şəxsiyyət olaraq) daxilimizdə öz işini görən bir çox problemlər və qüsurlar var. İnsan dünyada ən mürəkkəb varlıqdır. Onun fiziki və xüsusən də şəxsiyyətinin mahiyyətini təşkil edən ruhi (psixoloji) aspektində qaranlıq qalan müəmmalar bildiklərimizdən olduqca çoxdur. Təcrübədə alimlər, filosoflar insanın özü barədə olan bu cəhaləti ucbatından düşüncələrini, hislərini, zamanı, həyatında baş verən hadisələri kontrolda saxlamaq və məqsədyönlü idarə etmək iqtidarında olmadığını görmüşlər. Bu səbəbdən də tarixdə yaşamış çox müdriklər bu reallığı dərk edərək, insanın hər bir sahədə inkişafının “özünütərbiyə”dən başladığını vurğulamışlar. Budda bunu “özünüaydınlatma” adlandırmış, İsa Məsih Səmavi Padşahlığın “ insanın ruhunda başladığını” qeyd etmişdir. Klassik yuyan fəlsəfəsinin qədim filosofları Sokrat və Aristotel, daha sonra müasir dövrümüzə yaxınlaşdıqca Mahatma Qandi, D-r Mun San Myon, Dalay Lama və s müdrik insanlar bu fikri özlərinə məxsus formada bölmüşlər. İslam alimi Mürtəza Mütəhərri ruhun tərbiyəsini “vəhşi atın əhliləşdirilməsi” ilə müqayisə edir. Bu o deməkdir ki, insan öz üzərində idarəçiliyi itirib və bu idarəçiliyi ələ almaq həyatda özü qarşısında birinci növbəli məsuliyyətidir, çünki əks halda digər sahələrdə uğur əldə etmək cəhdlərində məğlubiyyəti qaçılmazdır. Bu, möhkəm və güvənli özül üzərində tikmək əvəzinə, dərin bataqlıqda bina tikmək cəhdinə bənzəyir. Özünü, insanlığı, yaradılışı və Tanrını dərk etməyə yönəlmiş “özünütərbiyə”, “özünüidarəetmə”ni öyrənməkdən başlayır. Özünü idarə etmə - fikirləri, hissləri, emosiyaları, duyğuları, arzu-istəkləri, iradəni, əməlləri kontrolda saxlamaq, bütün bu sadalananlarla özünü konstruktiv inkişaf və ümumi rifah naminə məqsədyönlü idarə etmək deməkdir. Bu yöndə özünü və insanları dərin analiz edib, obyektiv nöqteyi-nəzər əldə etmiş insanlardan heç kim, əminliklə sadalanmış bu keyfiyyətlərə sahib olduğunu deyə bilməz. Şəxsiyyət səviyyəsində sözü gedən bu “idarəetmə” problemi istisnasız olaraq yer üzündə hər bir kəsin “yaralı yeridir”... Beləliklə, insan həyatında yaşadığı problemlərin, daxilində gərəkən idarəçiliyi nəzarətdə saxlaya və ona cavabdeh ola bilməməsi ucbatından yaşadığını dərk etmir. Bunu dərk edən insan, “özünü idarə etmək” üçün ciddi tədbirlər görərək heç vaxt və heç kimdən şikayət etmədən “özünütərbiyə” ilə məşğul olur. Bu halda insanlar, siyasi, diplomatik, iqtisadi və s çoxşaxəli sahələriylə birliklə prezidentin ölkədə idarəçiliyinin ideal olmasını necə tələb edə bilər və ya ideal olmamasına görə necə ittiham edə bilərlər? Dövləti təşkil edən xalq bir ailədir və eyni irqə, eyni qana mənsub olan xalq doğma bacı-qardaşlardır. Prezident bu böyük ailənin içindən dövlətin idarəçiliyinə seçilmiş doğma qardaşımızdır. Prezidentin bu cür əhəmiyyətli və çətin, məsuliyyətli vəzifəsində ona dəstək olmağımızla digər xalqlara, dövlətlərə gözəl qardaşlıq, birlik, müdriklik nümunəsi göstərməyimiz Azərbaycan xalqı üçün ən layiqli mövqe deyilmi? Bu halda Prezident də xalqıyla fəxr etmiş olar. Problemsiz insan, problemsiz ailə, problemsiz xalq, dövlət yoxdur. Qan bahasına əldə etdiyi gənc müstəqilliyinin ilk on illiklərində ayaqda durmağı bacarmış və tədricən güclü dövlətə çevrilən müasir Azərbaycanımızın daha da möhkəmlənməsi üçün bir olmaqdansa, cılız problemləri, eqoistik şəxsi istəkləri qardaşlıqdan üstün tutub, min illərdən gələn mədəni irsimizi ayaqlar altına almış olmuruqmu? 2017-ci ildə statistikaya görə dünyada yol hərəkatı qəzalarında ölənlərin sayı 1 milyon 240 mindir. Biz insanlar fərd olaraq, dörd təkər üstündə rahatlıqla idarə oluna bilinən avtomobili milyonların həyatına qəsd olacaq qədər idarə etməkdə naşı ikən, başqalarının nəhəng dövlət idarəçiliyindən necə şikayətçi ola bilərik axı? Yoxsa prezident hansımızdansa fərqli qeyri-adi bir insandır? Dərk edib ya etmədən şəxsi səviyyədə idarəçilikdə çətinliklər və uğursuzluqlar yaşayan insanın, digərini, daha yüksək mərhələlərdə çətinliklərinə görə ittiham etməsi, yoxsa ona dəstək olması insanlıq olar?! Eqoistik olaraq özünün yaxşı yaşaması üçün başqasının ideal idarəçi olmasını ummaq, ideal olmadıqda isə ondan şikayətçi olmaq nə qədər də zavallı bir mövqedir. Bu, qulun pis yaşadığına görə ağasını günahlandırmağa bənzəyir. Bəs biz xalq olaraq nə zaman doğma Azərbaycanımızın sahibi kimi özümüzü aparacağıq? Həqiqətənmi insanların həyatda uğurlu olması, ölkə hakimiyyətinin pis və ya yaxşı olmasından asılıdır? İnsani və ilahi potensiallarını yumruğuna toplayıb, çətinlikləri keçərək təyin etdiyi məqsədləri, uğur pillələrini fəth edən milyonlarla güclü insanlar var.

 Kimdir insan?

İncildə Tanrı insana yer üzünə sahib çıxmağı və onun üzərində hökmranlıq etməyi buyurur. Quranda Tanrı insanı dünyaya Xəlifə yaratdığını buyurur. İnsan nəinki hansısa coğrafi ərazidə tikanlı məftillərlə əhatə olunmuş balaca bir ölkənin prezidenti ola bilər, o (hər bir insan) ucsuz-bucaqsız yaradılış dünyasının Xəlifəsi, Hökranıdır. Bu əzəli həqiqəti və bu günkü insanın reallığını dərk edərək d-r Mun San Myon, on altı yaşında ikən özünə belə bir həyat devizi yazır: “Kainat üzərində hökmranlıq etməzdən əvvəl, öz üzərində hökmranlıq etməyi öyrən”...

  Lakin biz insanlar tarix boyu nə etdik? Şəxsi eqoistik istəklərimizi təmin etmək üçün ülvi və unikal yaradılan olan yüzlərlə heyvanın vəhşicəsinə nəslini kəsib, adlarını və şəkillərini qırmızı kitaba saldıq. Meşələri qırıb-taladıq, okeanları, dənizləri, çayları çirkaba buladıq. Bu acınacaqlı tendensiyanın bu gün də davam etməsi, insanın fərd olaraq özünü idarə edə bilməməsinin açıq göstəricisidir...

Hər birimiz yaşadığımız gözəl bağ-bağça olan Yer üzünün sevən, qayğısını çəkən sahibi, bağbanı olmalıyıq. Hər bir insan bu uca məqamına gedən yolda ölkə səviyyəsini keçməklə mükəlləfdir. Bu mərhələni keçərkən, zibili yerə atmamaq üçün, ölkəsinin abadlaşdırılması naminə əlindən gələni etmək üçün, prezidentin, hakimiyyətin ideal olmasını gözləmək lazım deyil...

 Ailə böhranının od tutduğu, ailə institutunun dağıldığı, boşanma statistikasının ildən-ilə artdığı XXI əsrdə, cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva daim hər işdə biryerdə əl-ələ möhkəm ailə  nümunəsi nümayiş etdirirlər. Əxlaq - maddi rifahdan, uzun ömürlülükdən, cismani sağlamlıqdan qat-qat üstün olan mənəvi sağlamlıq, müqəddəs nemət və gələcək nəsillərə misilsiz irsdir. Prezident ailəsinin belə ahəngdar ailə münasibətləri nümunəsi öz xalqı və digər xalqlar üçün vacib örnəkdir, həmçinin öz boşanma işini gündəmə çevirməklə destruktiv nümunə göstərən digər ölkə başçılarına da əxlaq dərsidir. Buna görə mən onlara dərin minnətdarlığımı bildirirəm və deyirəm ki, mənim seçimim İlhamdır! 

 

 

  

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.04.2018

19.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az