Azərbaycan tarixi: türk və antitürk konsepsiyalar

Hər bir xalqın tarixi ilk növbədə, həmin millətin dili, mədəniyyəti, mentaliteti, fəlsəfəsi, dövlətçilik ənənələri ilə bağlıdır. Bu mənada, çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra Azərbaycan Türk tarixində bu məsələlərə münasibətdə ikili baxış mövcuddur:

1. Çağdaş azərbaycanlıların ulu əcdadları türk deyil, irandilli-farsdilli (madalı, azəri və b.) və yaxud da qafqazdilli (alban, udin və b.) tayfalardır; etnik mənşəyi türk olmayan azərbaycanlılar Azərbaycana «gəlmə» olan türklər tərəfindən assimilyasiya olmuş, onların dilini qəbul etməklə, bir növ «albandan dönmə», «farsdan dönmə» türkdilli xalqa, millətə çevrilmişdir; «Azərbaycan» sözünün türklərə, türk dilinə heç bir aidiyyəti yoxdur. Bu müddəa ilə çıxış edənləri şərti olaraq «Qafqaz-İran konsepsiyasının ideoloqları» adlandırmaq olar. Çünki burada «Qafqaz» (mannalı, kaspi, alban, udin, sovdey, leq və b.) və «İran» (maday, iskit, sak, massaget, alan və b.) sözləri türk olmayan etnos-ların ümumiləşdirilmiş adı kimi ifadə olunur.

2. Çağdaş azərbaycanlıların ulu əcdadları türkdürlər və türk tayfaları Azərbaycanda yerli-avtoxtondurlar; bu baxımdan Azərbaycan türkləri heç bir yad etnosdan (farsdilli, qafqazdilli) «dönmə» deyildir və indi «azərbaycanlı» adlanan türklər həmişə doğma dilində – türk dilində danışmışlar; «Azərbaycan» sözü türklərə aiddir və türk dilində izah olunmalıdır və s. Bu müddəa ilə çıxış edənlərin adını isə şərti olaraq «Türk-Azərbaycan konsepsiyası ideoloqları» kimi də ifadə etmək olar. Çünki burada «Türk» və «Azərbaycan» anlayışları həm Azərbaycan türklərinin yerliliyini, həm də Azər-baycanın əzəldən türk yurdu olması və bu adın türklüyü ifadə etməsi ilə bağlıdır.

Əslində bizim «Qafqaz-İran», «Türk-Azərbaycan» sözlərindən istifadə etməyimizə səbəb, yuxardakı məsələlərlə bağlı istər Sovetlər Birliyi, istərsə də müstəqillik dövründə bir-birinə daban-dabana zidd olan baxışlar, mülahizələr, ideyalar və müddəalardır. Başqa tərəfdən mövzumuzla bağlı tədqiq etdiyimiz məsələlərin iki «konsepsiya» əsasında izah olunması isə, artıq bizdən öncə bir çox tədqiqatçılar – Z.Bünyadov, Y.Yuifov, S.Əliyarlı, T.Hacıyev və b. tərəfindən dəfələrlə vurğulanmasıdır.

Akademik Ziya Bünyadov müstəqilliyimizin bərpasının üstündən bir neçə il keçdikdən sonra qeyd edirdi ki, hazırda ən çətin və mübahisəli problem azərbaycanlıların soykökünün tarixi problemidir. Belə ki, həmin problemin bəzi məsələləri üzrə hələ də vahid fikir yoxdur: «Çünki bir tərəfdən xalqımızın etnik tarixini subyektiv baxımdan izah edən və müəyyən siyasi məqsədlər güdən tendensiyalar uzun müddət öz mövqeyini saxlamış və təəssüf ki, indi də saxlamaqdadır. Guya azərbaycanlılar türk dillərinin birində danışan millət kimi bu torpaqlara yaxın keçmişdə gəlmişlər. Digər tərəfdən qədim zamanlardan azərbaycanlıların soykökünün bu ərazi ilə bağlı olması, Azərbaycan xalqının yaranması və formalaşmasında bilavasitə iştirak edən türk etnoslarının qədim-dən burada yaşamaları barədə mövzular 60-cı illərdən başlayaraq tədqiqat obyektinə çevrilmiş və son illər daha da genişləndirilmişdir. Bu müddəanın əsas məzmununu qədim zamanlardan Azərbaycanda və qonşu ərazilərdə türk etnoslarının məskun olması fikri təşkil edir. Qaynaqların təhlili bu müddəanı təsdiqləyir (seçmə bizimdir – F.Ə.). Tarix boyu Azərbaycanda məskunlaşan və müxtəlif dillərdə danışan etnoslar islam dini çərçivəsində azərbaycanlılarla yaxın iqtisadi və mədəni əlaqədə olmuşlar. Onlar indi də dillərini saxlamaqla Azərbaycan türk xalqı (seçmə bizimdir – F.Ə.) ilə sıx tə-masdadır».

Daha sonra Z.Bünyadov qeyd edir ki, bir sıra, xüsusilə qədim və erkən orta əsr tarixinə aid fikir və mülahizələr uzun illərdən bəri tarixşünaslıqda kök salmış müddəaları təkzib edir: «Lakin elm bir yerdə dayanmır, inkişaf edir, buna görə də Azərbaycan xalqının vacib tarixi problemlərinin yeni istiqamətdə qoyuluşunu və həllini zəruri hesab etməklə bu münasibəti yalnız alqışlamaq olar». Bununla da, Z.Bünyadov Azərbaycan xalqının soykökünün tarixi ilə bağlı bir-birinə daban-dabana zidd iki «tendensiya»nın, «müddəa»nın və həmin «müddəalar»ın tərəfdarlarının olmasını açıq şəkildə ifadə etmişdir. Azərbaycan-lıların əcdadlarının «gəlmə» deyil, yerli (aborigen) türklər olduğunu iddia etməklə, Z.Bünyadov həmin müddəalardan birini, yəni «Türk-Azərbaycan» konsepsiyasını müdafiə etmiş, bu konsepsiyanın əksinə çıxış edərək türklərin Azərbaycana «gəlmə» olduğunu iddia edən konsepsiyanı isə tənqid etmişdir.
Tarixçi alim Yusif Yusifov da Z.Bünyadov kimi hesab edir ki, Azərbaycan xalqının soykökü, dili, tarixi SSRİ ideoloqları tərəfindən bilərəkdən dolaşdırılmış və problemə çevrilmişdir. Belə ki, sovet ideoloqları Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün qondarma müddəalar ortaya atmış və antitürk nəzəriyyələri Azərbaycan xalqının tarixinə calamışlar: «Bu proses indi də davam edir. Azəri türklərinin əsl soykökünü, dil və etnik kökünü araşdıranlara, yaxud bunun naminə səs qaldıranlara siyasi damğa və ləkə vurub sıradan çıxarırdılar (seçmə bizimdir–F.Ə.). Bəzi tədqiqatçılar-ımız çeynənmiş konsepsiya ilə silahlanaraq xalqımızın farsdilli əhalidən, farslardan, şimalda qafqazdilli etnoslardan dönmə olduğu kimi əsassız fikri tariximizə sırımağa çalışırlar… Bu xalqların dönüb türk (Azərbaycan) dilində danışmasına nə siyasi, nə iqtisadi, nə də ideoloji (dini) şərait olmamışdır. Türk türklüyündə, fars farslığında, ləzgi də ləzgiliyində qalırdı». Y.Yusifov doğru olaraq qeyd edir ki, sovet Rusiyasının antitürk əməllərinə qədər – 1930-cu illərin sonuna kimi azərbaycanlılar «türk, türk xalqı», dili isə «türk dili» adlanırdı. Lakin SSRİ rəhbərliyi bu dövrdən etibarən azərbaycanlıların mənşəyi məsələsinə siyasi rəng verərək, onu soykökündən ayırmış və Azərbaycan xalqı-nın tarixini türk etnosları ilə bağlayan tədqiqatçıları siyasi damğalar vurub cəzalandırmışlar. Beləliklə, Azərbaycan xalqının və dilinin formalaşması türk faktorundan kənarda, başqa ideyalar əsasında izah edilməyə başlanmışdır ki, bununla da, Türk-Azərbaycan konsepsiyasına qarşı, antitürk-antiazərbaycan «konsepsiya» meydana çıxmışdır.

Dilçi alim Tofiq Hacıyev də Z.Bünyadov, Y.Yusifov kimi Azərbaycan dilinin türk mənşəliliyi, Azərbaycan xalqının etnogenezi ilə bağlı konkret iki baxışın olduğunu yazır: 1. Azərbaycanlıların etnik kökündə türk başlanğıcı yoxdur; 2. Azərbaycanlıların etnik kökündə türk başlanğıcı var. Birinci baxış, sovet hakimiyyətindən əvvəl zəif şəkildə olmuş, inqilabdan sonra isə 20-ci illərdə və 30-cu illərin ortalarına qədər, ümumiyyətlə tərəfdar tapmamışdır: «30-cu illərin sonundan, qədim türklər adlanan əhalimizin «azərbaycanlılar», türk dili olan və adlanan dilimizin «Azərbaycan» adı ilə rəsmiləşdirilməsindən sonra, bu baxış aşkar güclənməyə və hakim olmağa başlayır. Hətta 40-60-cı illərdə yeganə baxış olur. Dilimizin üstündən «türk» möhürü götürülməklə ona siyasi təzyiq başlanmış, onun tarixinin cavanlaşdırılmasına çalışılmış, etnogenezi təhrif yoluna düşmüşdür – bu, elmi yox, düşünülmüş siyasi məqsəd olmuşdur. 40-cı illərdən bu konsepsiyaya İ.M.Dyakonov, İ.Əliyev, E.Qran-tovski və başqaları başçılıq edirlər». T.Hacıyevə görə, «ikinci baxış azərbaycanşünaslıqda sovet hakimiyyətindən əvvəl də mövcud olmuş, inqilabdan sonra 20-ci illərdə elmi cəhətdən daha da əsaslandırılmış və 30-cu illərin ortalarına qədər güclənə-güclənə davam etmişdir. Bu fikrin pionerləri Avropa şərqşünasları olmuş, midiyalıları turani saymışlar». Ancaq 30-cu illərin sonlarından bu konsepsiyanın üstündə siyasi tabu qoyulur, tərəfdarları pantürkist kimi cəzalandırılır və 40-cı illərdən dondurulur; yalnız 70-80-ci il-lərdə yenidən dirçəlir.
Prof. Qiyasəddin Qeybullayevin də fikrincə, Azərbaycan xalqının etnogenezi, dili, bu xalqın formalaşması ilə bağlı iki konsepsiya mövcuddur. Bunlardan biri 1940-cı illərdən sonra qərarlaşan «yalançı konsepsiya», «hakim konsepsiya»dır. Bu konsepsiyaya («Qafqaz-İran» – F.Ə.) görə Azərbaycan türk dili XII-XIII əsrlərdən sonra kənardan gətirilən yad dildir; çünki həmin əsrlərə qədər cənubda farsdilli, şimalda dağıstandilli əhali yaşayırmış. O yazır ki, cəfəngiyyata qarşı olan ikinci konsepsiya («Türk-Azərbaycan» – F.Ə.) isə qısaca belədir ki, kuti, lullubi və kaslar türk mənşəli etnoslar olmuş, onların birbaşa varisləri miladdan qabaq I minilliyin əvvəllərində Manna və Maday adları ilə tarix səhnəsinə çıxmışdır. Midiya ərazisində isə iranlılşama prosesi yox, türk mənşəli Atropaten xalqının təşəkkülü prosesi getmişdir. Miladdan əvvəl VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmerilər, skiflər (işquzlar) və saklar da türk mənşəli etnoslar idilər. Q.Qeybullayev B.Budaqovla həmmüəllifi olduğu bir kitabda da «Türk-Azərbaycan» konsepsiyasının tərəfdarı olduğunu ortaya qoymuş və ona zidd olan konsepsiyanı isə tənqid etmişlər: «Bəzi Qərbi Avropa, rus, erməni, gürcü və fars tarixçiləri tərəfindən söylənilmiş bu saxta konsepsiya Azərbaycan tarixinə dair əsərlərdə öz əksini tapmışdı… Rus və erməni tarixçilərinin nəsildən-nəslə keçmiş qatı antitürk emosiyası ucbatından tarixi həqiqətin üstünə qara pərdə örtülmüşdü. Azərbaycan tarixçiləri (İ.Əliyev, F.Məmmədova və b.–F.Ə.) onların dediklərini təkrar etməklə kifayətlənməli olmuş və deməli, bu antitürk emosiya onların da əsərlərində öz yerini tapmışdır».

Yuxarıdakı alimlərdən fərqli olaraq filoloq alim Nizami Cəfərov məsələyə bir qədər fərqli yanaşır. O hesab edir ki, Azərbaycan xalqının etnogenezi, dili və bu xalqın formalaşması və s. məsələlər SSRİ dönəmində, konkret 1930-cu illərdən başlayaraq üç istiqamədə: 1) Türk; 2) İran; 3) Qafqaz (Alban) başlanğıcı əsasında «həll edilmişdir». Guya, bu baxımdan «bu gün Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkül tarixi barədə əsaslı (əksəriyyətin qəbul edəcəyi) bir fikir söyləmək olduqca çətindir; artıq mövqeyini möhkəmlətmiş «konsepsiyalar» mövcuddur ki, hər biri yeganə düzgün fikir sayılmaq iddiasındadır. Azərbaycan akademik tarixşünaslığı bu cür konsepsiya bolluğuna geniş şərait yaratmışdır». Fikrimizcə, əvvəla ortaya atılan hər hansı bir konsepsiya xalqın böyük əksəriyyəti tərəfindən qəbul olunmursa, həmin konsepsiya yalnız müəyyən kiçik bir qrup və onların arxasında dayanan maraqlı tərəflər üçün yeganə fikir sayıla bilər. İkincisi isə, bu cür konsepsiya bolluğu Azərbaycan akademik tarixşünasılığının «liberallığı» nəticəsində deyil, Rusiya, İran, İngiltərə ideoloqlarının əməyi sayəsində yaranmışdır. Hər halda N.Cəfərov özü də etiraf edir ki, türklük əleyhinə yönəlmiş «konsepsiyalar» yalnız səhv deyil, həm də mürtəcedir, xalqa öz keçmişini, etnik kimliyini unut-durmaq «ehtiyac»ından irəli gəlmişdir.

Dr. Faiq Ələkbərov

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

16.06.2019

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az