Türkiyədə 40 yaşlı azərbaycanlı iş adamının müəmmalı şəkildə özünü öldürməyə cəhd etməsi qardaş ölkə mətbuatının diqqət mərkəzində qalmaqda davam edir.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Beşiktaşda otellərin birində istirahət edən Nihat Əliyev adlı azərbaycanlı iş adamı 3 qadın dostu ilə əyləndikdən sonra başına atəş açaraq intihara cəhd edib. Məlumata görə, hadisə gecə saat 23.00 radələrində baş verib. Şahidlərin sözlərinə görə, 40 yaşlı azərbaycanlı iş adamı Nihat Əliyev, 3 qadın dostu ilə əyləndikdən sonra öz otağına getməyə qərar verib. Silah səsləri eşidən otel işçiləri və dostları dərhal polisə və otelin təhlükəsizlik işçilərinə məlumat veriblər. Hadisə yerinə gələn həkim qrupu iş adamını təcili yardımla xüsusi bir xəstəxanaya aparıblar. Hazırda yaralı iş adamının müalicəsi davam edir. Polis hadisə ilə əlaqədar Nihat Əliyevlə birlikdə olan 3 qadını istintaqa cəlb edib. Hələlik Nihat Əliyevin müəmmalı şəkildə intihar etmə cəhdinin səbəbi məlum deyil. Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.