Aprel ayının 16-da, saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb.
Mediainfo.az-a Dövlət Sərhəd Xidmətidən verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb, lakin sərhəd pozucuları əmrə tabe olmayıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd naryadı tərəfindən təqib edilərək saxlanılıblar. Saxlanılan şəxslərin İran vətəndaşları - 1991-ci il təvəllüdlü Feyzi Yaser Nəriman və 1993-cü il təvəllüdlü Hüseynpur Seccad Həsən olmaları müəyyənləşdirilib. Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri - Feyzi Yaser Nəriman qolundan yüngül yaralanıb və ilkin tibbi yardım göstərilərək Füzuli Rayonu Diaqnostika Mərkəzinə təxliyyə edilib.
Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirmək istədiyi 2 ədəd bağlamada 1159 ədəd həb və 78 ədəd “Costed Mikro Politedve” markalı aparata oxşar əşya aşkar olunaraq götürülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sərhəd pozucuları ilə əlbir olaraq dərman preparatlarını qarşılamaq məqsədi ilə əraziyə "Opel" markalı 99-EY-840 dövlət nömrə nişanlı avtomobillə gələn Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Hüseynov Elşən Nizami oğlu və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Sadəddinov Ülvi Qismət oğlu saxlanılıblar. Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Murad Şahməmmədov