"Azərbaycanda hazırda ildə 21 mindən çox nikahdankənar uşaq doğulur".
Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. Onun sözlərinə görə, 20 il əvvəl isə nikahdan kənar doğulanlar 6,6%, yəni, 7318 uşaq təşkil edib.
İlqar Məmmədov uşaqların sayında 3 dəfə artımın bir neçə səbəbinin olduğunu vurğulayıb.
Həmin səbəblər aşağıdakılardır:
1. Sosial yardımın quruluşu. Ailələr bilir ki, valideyn uşağını tək böyüdürsə, 8 yaşına çatana qədər ona dövlət yardımı verilir. Nəticədə insanlar ya nikahlarını qeydə aldırmır, ya da doğuşdan əvvəl yalandan boşanır ki, dövlətdən pul qopara bilsin. Amma bir yerdə yaşamağa davam edirlər. Bu davranış ildə minlərlə uşağın valideyninə aiddir. Boşanma sayının 20 il ərzində 3-4 dəfə artaraq 17 mindən çox təşkil etməsinin səbəblərindən biri budur və nikahdankənar doğuş sayını da artıran budur.
2. Erkən nikahlar. Qızları 18 yaşından tez ərə verənlər bunun məsuliyyət yaratdığını bilərək nikahı qeydə aldırmır. Doğulanlar isə nikahdankənar doğulan sayılır. Problemin miqyası haqda təsəvvürünüz olsun deyə rəqəmlərə baxın: 2019-cu ildə 15-17 yaşlı qızlar 2320 uşaq doğub, amma həmin qızlardan ancaq 188 nəfərinin ərə getməsi rəsmən qeydə alınıb.
3. İnsanların nikahın dövlət qeydiyyatına laqeyd yanaşması. Bu amilin çəkisi nisbətən azdır və son dərəcədə aşağı-yuxarı təhsil səviyyəsinə və son dərəcə yoxsulluq-zənginliyə bağlıdır.
4. Ailənin vacib ictimai təsisat kimi gözdən salınması istiqamətində davam edən dünya miqyaslı təbliğat. Bu amilin də təsiri hələ çox deyil, amma hər yerdə olduğu kimi Azərbaycanda da artır".
İlqar Məmmədov qeyd edib ki, ilk dəfədir Azərbaycanda nəsilvermə əmsalı 2.1-dən aşağı düşüb:
"Artıq 4 ildir Azərbaycanda nəsilvermə əmsalı 1.8 təşkil edir. Əmsal 2.1-dən aşağı düşəndə bu əhalinin getdikcə öz sayını nəinki artırmaq, hətta eyni səviyyədə saxlamaq qabiliyyətində olmadığından xəbər verir. Problemi çözməkdən ötrü ayrı-ayrı sahələrə aid tədbir görmək az nəticə verəcək. Odur ki, ilk növbədə insanları sabit və qazanclı iş yeri ilə təmin edəcək özəl sərmayənin qapısını açmaq lazımdır ki, ölkəyə gəlsin. Onda vətəndaş dövlət yardımına bu qədər göz dikməz və saxta boşanma kimi hərəkətlərlə dövləti aldatmağa çalışan az olar. Amma bəzi dar çərçivəli tədbirlər də görmək vacibdir. Məsələn, doğulan ikinci uşağa görə ailəyə müavinət təklif etmək – ailənin bütöv ya da təkvalideynli olmasına baxmayaraq. Bundan başqa, erkən nikaha görə cinayət məsuliyyəti həqiqi məna daşımalıdır. Yoxsa 15-17 yaşlı qızlar ildə 2320 uşaq doğursa, deməli, qanundan qorxan yoxdur. Güc strukturları bu vəziyyətə rüşvət müqabilində göz yumursa, daha da pis".
Sədr bildirib ki, qız doğuşlarının qarşısını alan abortlar sözdə yox, əməldə cinayət məsuliyyəti yaratmalıdır.