Son günlər ölkəmizdə intiharlarla bağlı hər gün azı bir xəbər eşidirik. Təəssüf ki, intihar halları getdikcə adiləşir və cəmiyyətdə ciddi reaksiya doğurmur.
Oxuməni.az xəbər verir ki, əksər müşahidəçilər hesab edirlər ki, intihara daha çox maddi və sosial çətinliklər, ailə problemləri, işsizlik kimi hallar səbəb olub.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Vüsalə Rüstəmin fikrincə, problem daha qlobaldır və dünya yaranandan bəri var:
"Dünya yaranandan bəri çıxış yolu tapmayaraq özünə qəsd edən yazıçılar, ailəmlər, psixoloqlar, hərbçilər və s peşə sahibi intiharla həyatına son verib. İntihar niyə baş verir? İnsanın həyatda yaşaması, həyat işığı, enerjisi ulu yaradan tərəfindən verilir. Hər kəsin həyatı dərk etməsi və hadisələrə olan münasibəti fərqlidir. Bəzi insanlar sevgilisindən ayrılır, bizneslə məşğul olanlar böyük miqdarda borca düşür, bəziləri boşanır və son addımı intiharda görür. Səbəblər çoxdur, nəticə isə eyni - bir insan artıq özünə qəsd edib və bir həyat işığı sönüb. Son günlərdə qadınlar arasında sanki bir intihar dalğası dolaşır. Psixi və emosional cəhətdən yüklənən qadın bu gərginliyi üzərindən ata bilmir, həmin an beyni yüklü olduğundan sonranı düşünə bilmir".
Psixoloq qeyd edib ki, intiharın səbəblərindən danışarkən burada depressiyanı xüsusilə vurğulamaq lazımdır. Çünki depressiyanın ən ağır fəsadı özünəqəsddir:
"Bu prosesi uzun-uzadı sözlərlə ifadə etməkdənsə belə düşünək. Bizim orqanizmimiz bioloji istehsal müəssisəsinə bənzəyir. Qidalanırıq, müəyyən maddələr bizim beyin hüceyrələrinə qədər gedib çıxır. Uzun zaman psixi gərginlik və bədbinlik içərisində olan insanın beyin sferasında insanda bitkinlik yaradan maddələr toplanır. Sanki sfera pozulur. Bütün bədənimizi beyin idarə etdiyi üçün fikir verdikdə görürük ki, artıq bu insanlar dərin depressiyadadir. Yemək yemir, evdən çıxmır, heç kimlə ünsiyyət qurmur, bütün bədəni ağrıyır və s.
Tezliklə bu vəziyyətdən qurtulmağı sürətlə düşünür və uğursuz sona gedib çıxır. Qadınlar isə təbiətən emosinal dəyişikliklərə meylli olduğu üçün çox tez-tez bu vəziyyətə düşə bilərlər. Bunun üçün ətrafımızdakı insanlara bir az diqqət ayırsaq daha yaxşı olar. Ailə qayğılarını tək qadına yükləmək, mətbəxdə uzun müddət gün keçirmək, qapalı ev mühiti normal olmayan psixi vəziyyətə gətirib çıxarır. Ən çox da ailə içi şiddət, ərin narkotik və spirtli içki, qumar düşkünü olması qadınları buna sövq edir. Çox insan sual edə bilər ki, qadınlar belə insandan boşanıb ayrılsınlar, niyə bu yolu seçirlər? Belə qadınların çoxu çarəsiz olur. Getməyə yeri olmur və onu qoruyacaq nə öz gücü olur, nə də ailə gücü. Çarəsizlik insanı həmişə məhvə sürükləyir".