Bu dünyadan bır Saleh köçdü, Şəhid kimi vətən yolunda cənnətə qovuşmaq, adını əbədi olaraq yaşatmaq, tarixlərdə qalmaq üçün. Hər halda mən istedadlı juranlist, tanınmış yazıçımız Şahin Aydəmirin və Osman Məmmədovun II Qarabağ savaşında qəhrəmancasına şəhid olan Saleh Məmmədova həsr edilən “Saleh dastanı” adlı kitabını oxuyandan sonra bu qənaətə gəldim. Bu, günümüzün Saleh adlı bir vətən oğlunun həyatı, alın yazısı, qəhrəmanlıq, gələcək nəsillərə nümunə olacaq, onları vətən uğrunda son nəfəsə kimi vuruşmağa ruhlandırancaq, səsləyəcək mərdlik dastanıdır. O yalnız bu günümüz üçün deyil, həm də gələcəyimiz üçün şəhid oldu, cənnətə, sevimli peyğəmbər əfəndimizə qovuşmaq üçün şirin canından keçdi. Şəhidlər isə heç vaxt ölmür və onlar daim aramızdadırlar, bizimlə birgə sabaha doğru addımlayırlar. Şəhid Saleh Mustafa oğlu Məmmədov haqqında yazılan ”Saleh dastanı”nı oxuyarkən kövrəldim, bir anlığa göz yaşlarımı saxlaya bilmədim. Həmin an haradansa yadıma Qu quşunun oxuduğu son nəğməsi düşdü. Qu quşu ölümündən əvvəl yanıqlı nəğmə oxuyur və həzin səsi ilə eşidənləri gözyaşlarına boğur. Bu, onun həyatla son vidası olur. Saleh Məmmədovun da həyatı obrazlı şəkildə desək Qu quşunun həyatına bənzəyir və onun oxuduğu son mahnı da Vətən yolunda şəhid olmaq, Cənnətə qovuşmaq oldu. Onu da deyim ki, yazıçı-jurnalist, istedadlı qələm yoldaşımız Şahin Aydəmir və Osman Məmmədov Vətən oğlu Saleh Məmmədovun həyatını, uşaqlığını, cavanlığını, döyüş yolunu böyük ustalıqla qələmə alıb, qəhrəmanımızı sevdirə və eyni zamanda oxucunu təsirləndirə, onları şəhidimiz üçün gözyaşları axıtdıra biliblər. Şahin Aydəmir və Osman Məmmədov ilk sətirdən şəhidlərin cənnətlə müjdələndiyini, onların Allah qatında ən uca mərtəbəyə yüksəldiklərini və qiyamətə kimi diri olduqlarını çoxsaylı faktlarla oxucuya çatdırmış və bununla da Salehin gələcək həyatını əbədiyyət karvanına bənzətmişdirlər. Yenə də qeyd edim ki, “Saleh dastanı”günümüzdə demək olar ki, bu günə kimi yazılmayan, qələmə alınmayan qəhrəmanlıq dastanıdır, sivil ədəbiyyat tariximizdə yeni bir janrdır. Bütün dastanlarda olduğu kimi “Saleh dastanı”nda da qəhrımanımızın həyat yolu onun qeyri-adi uşaqlıq illərindən, 4-5 yaşlarından qaçan atın belinə atılaraq minməsindən, daha sonrakı illərdə mismarları iki barmağı ilə biri-birinə burmasından, ağıllı, cəsarəıtli, tərbiyəli olmasından və bununla da onu tanıyanlar tərəfindən sevilməsindən başlayır. Şahin Aydəmir və Osman Məmmədov şəhid qəhrəman Salehin həyat yolunu əsl dastanlarda olduğu kimi özünəməxsus tərzdə böyük ustalıqla təsvir edir, müəllimlərinin, onu yaxından tanıyanlarının hamısının dili ilə onu sevdirir. Şahin Aydəmirin və Osman Məmmədovun qələminin gücü də məhz bundadır. Şəhid qəhrəman Salehin həyatını, keçdiyi yolu istedadlı yazıçı jurnalist, qələm dostum Şahin Aydəmir və Osman Məmmədov yalnız qələmə almır, həm də onun keçirdiyi hissləri içində yaşayır və qəhrəmanı ilə bütövləşir. Onların arasında bir fərq var, bu da Salehin şəhid kimi cənnətə qovuşması, Şahin Aydəmirin və Osman Məmmədovun isə qələmi ilə onu yüz illər bundan sonra da yaşatmasıdır. Qələmin gücü isə bir ordunun gücünə bərabərdir. O qələm ki, “Saleh dastanı”nı qələmə almaqla, onun qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqla yüz illər sonra Saleh kimi minlərlə, on minlərlə qəhrəmanın yetişməsinə vəsilə olacaq. Bu dastan həm də onu qələmə alanların adını əbədiyyətə daşıyacaq, onlar, Şahin Aydəmiri və Osman Məmmədovu qəhrəman Salehlə birgə yaşadacaq. Yeri gəlmişkən onu da deyim ki, Şahin Aydəmir ümumiyyətlə Vətəni sevən, qəhrəmanlıq tariximizi sevə-sevə qələmə alaraq gələcək nəsillərə çatdıran böyük salnaməçi yazarımızıdır. Nəhayət xatırladaq ki, Şahin Aydəmirin və Osman Məmmədovun II Qarabağ müharibəsində qədim Türk-Oğuz yurdunun qəhrəmanlar eli olan Göynüklülərin göstərdikləri igidliklər haqqında “Göynük qartalları” barədə yazdığı kitab da gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsidir. Bu baxımdan Şahin Aydəmirin və Osman Məmmədovun Göynük elinin bir parçası hesab edilən Aşağı Göynükdə anadan olan şəhid Saleh Mustafa oğlu Məmmədova həsr etdiyi “Saleh dastanı”nı “Göynük qartalları”nın uğurlu, daha yüksək səviyyədə xalq dastanları dilində davamı hesab etmək olar. Adı çəkiən hər iki kitabı, ”Göynük qartalları” və “Saleh dastanı”nı birləşdirən bir ümumu cəhət isə onların gənclərimizə vətənə sevgi və məhəbbət ruhu aşılaması və onları qəhrəmanlığa ruhlandırmasıdır. Şahin Aydəmir və Osman Məmmədov isə qəhrəmanlarını oxucuya sevdirə və onları yenə qəhrəmanlıqlara ruhlandıra bilir və nəticədə qələmlə süngü qovuşaraq gələcəkdə qazanılacaq yeni zəfərlərin əsasını qoyurlar. Bütün bunları da Şahin Aydəmirin yazıçılıq istedadının uca bir zirvəsi hesab etmək olar. Bir sözlə yazıçı- jurnalist Şahin Aydəmirin və Osman Məmədovun qələmə aldığı “Saleh dastanı”bu günümüzdə qazanılan zəfərlərimizdən gələcəyə yol salan bir şərəf, mərdlik dastanıdır. Bu zəfər dastanının mərkəzində isə göstərdiyi qəhrəmanlıqlarla yüz illər bundan sonra yaşamaqda davam edəcək şəhid Saleh Məmmədov dayanır. Və biz də onun əziz xatirəsi önündə bir daha baş əyir, hörmətli Şahin Aydəmirə və Osman Məmmədova isə yeni zəfər salnamələrini qələmə almağı arzulayırıq.
Əziz MUSTAFA, yazıçı- jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü