Moskvada Azərbaycan və Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın görüşü olub. Bakı vaxtilə 23.40-da yayılan xəbərlə tanış olanda bu görüşün nəticələri barədə nəsə demək olmur, amma deyiləsi çox məsələlər var. Birincisi, bu görüşün Moskvada keçiriləcəyi qərarı onu göstərir ki, iki ölkə arasında adi müzakirələrin aparılmasını Rusiya yalnız özünün vasitəçiliyi ilə mümkün sayır. Açığı, bu görüşlərdən heç bir müsbət nəticə, yəni, reallaşacaq konkret bir işi gözləmək sadəlövhlük olar, çünki müharibə bitəndən bəri Rusiya sülh arabasının təkərinə çomaq soxmaqla məşğuldur. Brüssel görüşləri hələ başlamadan özünü ortaya atıb Soçidə tələsik üçtərəfli görüş keçirdi və guya nəyəsə razılıq verildi, amma ortada real heç nə olmadı. Brüsseldə ikinci görüşdən sonra komissiyaların yaranması üçün konkret vaxt müəyyən edilsə də, Ermənistanın daxilində Rusiyanın idarə etdiyi siyasi qüvvələr küçə etirazları ilə gərginlik yaratdı və bu günə qədər davam edir. Delimitasiya işini pozmaq üçün isə dövlət sərhədində hər gün təxribatlar törədilir, Xankəndidəki separatçı rejimin liderləri radikal çıxışlar edir, Rusiya silahlı qüvvələrinin Qarabağda müddətsiz qalmaq tələblərini intensiv halda gündəmə gətirirlər. İndi də, Moskva görüşü keçirilən gündə Rusiya mediası avantürist, qondarma bir separatçı lideri- Artak Beqlaryanı “dövlət naziri” statusunda oxuculara təqdim edib, Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlərə geniş yer ayırır. Bunun adı, məramı məlumdur: Qarabağda münaqişənin son nöqtəsi qoyulmasın, Xankəndi ətrafında Rusiya hərbi kontingenti uzun müddətə qalsın, iki ölkə arasında süıh müqaviləsi imzalanmasın, Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə dövlət nəzarəti uzun müddətə bərpa olmasın, Cənubi Qfqazda Rusiya təsiri davam etsin. Bir sözlə Rusiyanın məqsədi Qarabağ ətrafında yeni status-kvo yaradıb, sonra da onu dondurmaqdır.
Moskvadakı ilk iclas nəyə həsr olunub? Nəqliyyat-kommunikasiya maneələrinin aradan qaldırılmasına. Sərhəd delimitasiyasından əvvəl niyə yollar açılmalıdır? Hansı yol açılacaq? Haqqında çox danışılan Zəngəzur yolu Ermənistan ərazisində hazır deyil. Nə dəmir yolu, nə də magistiral. Hazır olması üçün 220 milyon dollar lazımdır və Ermənistan öz nəzarətində omayan belə bir yolun açılmayacağını dəfələrlə bildirib. Ayrı hansı yol açılmalıdır? İcevan -Qazax yolu, yoxsa Basarkeçər-Xankəndi yolu? Rusiyanı maraqlandıran Azərbaycan ərazisindən keçib dəmir yolu ilə Ermənistana yük daşımaqdır. Qeyd olan yolların açılması Azərbaycana nə verəcək? Bizi heç Ağdam-Şuşa yolundan istifadə etməyə qoymurlarsa, Zəngəzur yolu üfüqdə görsənmirsə, o zaman yol məsələsini önə çəkib müzakirə etmək kimə sərf edir? Bizə sərf etmir. Ermənistan, Rusiya açılan yollardan istifadə edib bəhrələnəcəklər, biz də gözləmədə qalacağıq ki, Zəngəzurdan Naxçıvana nə vaxtsa yol olacaq.
Görüş haqqındakı rəsmi xəbərdə yollar açılarkən sərhəd, gömrük və digər nəzarət sistemlərinin yaradılması barədə “mövqelərin yaxınlaşması” qeyd olunub. Çox yaxşı. Bu mənada yeni Laçın yolu istifadəyə veriləndə sərhəd, gömrük nəzarət sistemlərinin yaradılması məsələsi cəmiyyətimizi çox narahat edir və buna aydın cavab hələ yoxdur. Əvvəllər də qeyd etdiyimiz kimi, yeni Laçın yolunda sərhəd, gömrük nəzarət sisteminin yaradılması münaqişənin tam nizamlanması prosesini sürətləndirəcək və burada qazanan tərəf sözsüz ki, Azərbaycan olacaq. Maraqlıdır, Moskva görüşündə Laçın yolunun statusu barədə müzakirə aparılıbmı?
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində indi elə bir mərhələ başlayır ki, Rusiya və Ermənistan daha çox sülh görüntüsü yaratmaqla zaman uzatmağa çalışacaq. Ukraynada müharibənin davam etməsi Rusiyanı Cənubi Qafqazda aktiv siyasət yeritməkdə işini çətinləşdirir və bu məqsədlə proseslərin ləng getməsi və ya dondurulması üçün maksimum səy göstərir. Azərbaycan illərdir ki, bu siyasətin zərərini çəkir. Bu mərhələdə düşmənin və havadarının siyasi manevrlərinə, daha doğrusu siyasi oyunlarına qarşı güclü təzyiqimiz olmalıdır. Avropa İttifaqı və Türkiyə regionda tezliklə sabitliyin və təhlükəsizliyin yaranması üçün problemin son nizamlanmasında bizim tərəfdaşlarımızdır və bu amildən maraqlarımıza uyğun nəticələr əldə etməyimiz realdır.
Ona görə də Azərbaycanı təmsil edən komissiya perspektiv görüşləri intensivləşdirməli və əldə olunan razılaşmaların həyata keçməsi üçün vaxt müəyyənləşdirməlidir. Hər bir görüşün nəticələri barədə isə cəmiyyətə zəruri bilinəcək qədər informasiya verilməlidir.
İlham İsmayıl