“Biz bu gün Ermənistanda, Ermənistan ətrafında baş verən hər şeyi bilir və anlayırıq.”
Bu sözləri, Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Vaqn Xaçatryanı bu yaxınlarda Peterburqda qəbul edərkən söyləmişdi. Rejissorun səhnədə aktyorların nə oynadığını, necə oynadığını bilməsi və müşahidə aparıb nəticə çıxarması təbiidir. Ermənistanda baş verən ictimai-siyasi hadisələrin ssenarisi də, rejissorluğu da Rusiyaya mənsub olduğundan, Putinin söylədiklərində qeyri-adi heç nə yoxdu. Sadəcə olaraq, burada siyasi səhnə akademik teatrın deyil, kukla teatrının səhnəsinə daha çox bənzəyir. Ermənistanda baş verən proseslərin, hadisələri törədənlərin ipləri kukla teatrında olduğu kimi Rusiyanın əlindədir, həm də yalnız Ermənistanda deyil, Xankəndidə tez-tez “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” bəyanatlarını verən separatçı rejimin də ipləri Kremldən idarə olunur.
Sergey Lavrovun Bakıya rəsmi səfərinin müsbət tərəfləri haqqında kifayət dərəcədə şərhlər verilib. İki ölkə arasında informasiya təhlükəsizliyi barədə razılaşma, nəqliyyat infrastrukturundakı maneələrin aradan qaldırılması, Minsk Qrupu, delimitasiya ilə bağlı fikirlər və sairə müsbət tərəflərdir. Hərçənd, bu səfərin görünən tərəfləridir və görünməyən tərəflər barəsində deyilənlər yalnız təxminlərdir. Səfərin əsas müzakirə hədəfi, əlbəttə ki, bilmədiklərimizdir. Hər halda konkret nəticə bir müddətdən sonra bilinəcək. Yəni, ya hansısa proses başlanacaq, ya da son 19 ayda heç nə olmadığı kimi indi də dəyişiklik baş verməyəcək. Bu məsələlərin reallaşmasına inam azdır, çünki 10 noyabr 2020-dən bəri tərəflər arasında nə qədər razılaşmalar qəbul olunsa da, Rusiya heç birini həyata keçirməyib. Rusiya hərbiçilərinin nəzarət etdiyi Azərbaycan ərazisində isə atəşkəs istisna olmaqla, sülhə doğru heç bir addım atılmayıb, əksinə, bu yerlərdə yalnız Rusiya təbliğatına xidmət edən işlər görülüb. Ona görə də, Lavrovun İrəvan, Tehran, Bakı səfərinin nəticələri Moskvada, Xankəndidə, eləcə də İrəvanda yaxın vaxtlara baş verənlərdən məlum olacaq. Artıq separatçıların liderlərindən olan Artak Beqlaryan Lavrovun səfərindən sonra bildirib ki, “mümkün sülh hüquqlarımızın, azadlıqlarımızın, o cümlədən öz müqəddəratını təyinetmə hüququmuzun məhdudiyyətsiz, qeyd-şərtsiz həyata keçirilməsi və onlara hörmət edilməsi yolu ilə əldə edilməlidir”.
Lavrovun səfərində birbaşa Rusiya hərbçilərinin nəzarət etdiyi Azərbaycan ərazisi ilə bağlı fikir səslənmədi. Yeni Laçın yolu və yolun sonundakı dövlət sərhədinə sülhməramlılarla birlikdə nəzarətimiz barədə rəsmi heç nə bildirilmədi. Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına nə vaxt başlanacağı, Xankəndi və ətrafında erməni və azərbaycanlıların birgəyaşayışı üçün hansı prinsiplərin nəzərdə tutulduğu müzakirə predmeti olmadı. Ən azı səfər haqqında verilən rəsmi informasiya bunları deməyə əsas verir. Qeyd olunanlar Azərbaycan cəmiyyətini müharibə bitəndən bəri narahat edən məsələlərdir. Aydındır ki, neçə illərin problemləri birdən-birə həll olunmur, amma müharibədən sonra hansı biri həll edilib ki, vətəndaş da tədricən bunları görsün və daxilən rahatlasın. Bir də ki, söhbət vətəndaşın rahatlığından yox, Azərbaycan dövlətinin ərazi bütövlüyündən, nəzarət etmədiyimiz ərazilərdə suveren hüququmuzun bərpasından gedir.
44 günlük müharibə bitəndən bu günədək Rusiyanın Qarabağ siyasətinin əsas xətti problemin nizamlanmasının zaman məsafəsini uzatmaq olub. Rusiya Ukraynada müharibə başlanandan sonra isə Azərbaycan və Ermənistan arasında gedən mümkün danışıq proseslərinin, ümumiyyətlə Xankəndi və ətrafındakı mövcud status-kvonun dondurulması xəttini aparır. Müharibə bitəndən bir il sonra iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Rusiyanın heç bir addım atmadığı səbəbindən bölgədə davamlı sülhün yaranması məqsədilə Avropa İttifaqının məlum Brüssel görüşlərini təşkil etməsi Moskvanı qıcıqlandırıb. Təbii sual yaranır: bir ildən çoxdur ki, hərbi kontingentinlə Azərbaycanın Qarabağ bölgəsində yerləşdiyin və daha çox təsir vasitələrinə sahib olduğun halda niyə sülh üçün zəruri addımları atmamısan ki, indi də Avropa İttifaqının təşəbbüsünü qısqanclıqla qarşılayırsan? Moskva bütün imkanları olduğu halda iki ölkə arasında münasibətlərin normallaşması üçün bir addım atmır, həm də başqasının irəli çıxmasını istəmir. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Lavrovla keçirdiyi mətbuat konfransında doğru olaraq bildirdi ki, “normallaşma prosesinin süni şəkildə ləngidilməsi bu prosesə mənfi effekt qatır və özü ilə ciddi risklər gətirir”.
Deməli, biz bu riskləri və bu risklərin müəllifinin Ermənistandan çox Rusiya olduğunu bilirik. Bu reallığı bildiyimizə görə konkret diplomatik addımlar atılmalıdır. Delimitasiya üzrə ikitərəfli komissiyanın iclaslarını tezləşdirməyi tələb edib sərhəddə zəruri müəyyənləşdirmə işlərinə başlanmalıdır. 1007 kilometrlik Azərbaycan-Ermənistan dövlət sərhədinin uzağı 200 km-lik hissəsi mübahisəli ola bilər. Mübahisə predmeti olmayan sərhədləri müəyyənləşdirib vacib sərhəd işləri görülməlidir. Paralel olaraq sülh müqaviləsi layihəsi hazırlanmalıdır. Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazilərdə suveren dövlət hüquqlarımızı bərpa etmək üçün 10 noyabr 2020 bəyanatından irəli gələn müddəaların reallaşması istiqamətində bu ildən gec olmayaraq Azərbaycan tələblərini tərəflərə bildirməlidir. Risk yaradan zamana imkan verməməliyik.
İlham İsmayıl