Zaqatalada “xeyirxah” qadının cinayət əməlləri: Rayondakı camaşırxana... – Şok təfərrüat

Zaqatalada “xeyirxah” qadının cinayət əməlləri: Rayondakı camaşırxana... – Şok təfərrüat

Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Rahilə tanışı Hürüyə qarşı dələduzluq edilib.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki.Rahilə onu fiziki qüsurlu şəxslər üçün tikilən məktəbə müəllimə kimi işə götürəcəyini və ona hər ay 800 manat əməkhaqqı alacağı barədə vəd verib.

Bunun üçün ondan 5100 manat alıb.

İstintaq orqanı tərəfindən Rahilənin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Tural Həsənovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə Rahilə ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Hürünü təxminən 2018-ci ildən tanıyıb: “Həmişə imkansız adamlara yardım etmişəm. Həmin vaxt mənə xatırlamadığım həmkəndlilərimdən kimsə Hürünün ərinin öldüyünü və bir azyaşlı qız uşağı ilə qaldığını bildirdilər. Bundan sonra Hürünü yanıma çağırtdıraraq onunla görüşdüm. Hər dəfə imkanı daxilində Hürüyə köməklik etdim”.

Rahilənin sözlərinə görə, Hürü bacısı ilə bir evdə yaşayıb: “Hürü həmişə pul lazım olanda məndən alıb və sonra qaytarıb. Dolanması üçün özüm də ona yardım etmişəm. İşə düzəltmək adı ilə ondan 5100 manat almamışam. Hürü mənə böhtan atır. Mənim Zaqatala şəhəri, Nizami küçəsində camaşırxanam olub. Həmin camaşırxananı satdıqda kömək kimi ona 1000 manat verəcəyimi demişəm”.

Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ildə camaşırxana satıldıqdan sonra Hürü onunla görüşüb və 3000 manat istəyib: “Hürüyə həmin pulu vermədim, o da məndən şikayət etdi. Hürü yalan danışır. Ondan işə düzəlmək adı ilə pul almamışam. Əksinə Hürü məndən borc pul alıb”.

Zərərçəkmiş Hürünün sözlərinə görə, Rahilə ilə 2018-ci ilin sentyabrından tanışı Rəhimeyin vasitəsi ilə tanıyıb: “Rəhimey vəziyyətimin yaxşı olmadığını gördü, Rahilənin mənə kömək edə biləcəyini bildirdi. Rəhimeylə birlikdə Rahilənin evinə getdim.

Görüş vaxtı o bildirdi ki, Zaqatala şəhərində əlillər üçün məktəb açılacaq, özü həmin məktəbdə müdir olacaq, məni isə məktəbə yüksək maaşla, yəni 800 manat əmək haqqı ilə müəllimə kimi işə götürəcək. Bunun üçün 5100 manat pul verməli olduğumu dedi. Ona pulum olmadığını bildirdim. Rahilə mənə bankdan kredit götürərək pulu verməyi təklif etdi. Mən də bacımla görüşdüm, ona vəziyyəti izah etdim. Bacım da mənə dedi ki, əgər işi düzəlirsə, öz adına kredit götürərək kömək edəcək”.

Hürünün sözlərinə görə, oktyabrın 9-da bacısı ilə bir yerdə banka gediblər: “Bizim hər birimizə 1504 manat və içərisində 300 manat olan “Birkart” verdilər. Həmin vaxt Rahilə da yanmızda olub.

Biz bankdan pulu götürdükdən sonra 3000 manat və hər birində 300 manat olan iki ədəd “Birkart”ı bankın qabağında Rahiləyə verdik. Rahiləyə pulu və kartları verən vaxt bacım Qızılgül də bir qədər aralıdan bizi görürdü.

Bir müddət sonra Rahilə yenə mənimlə görüşdü, pulun qalan hissəsini, yəni 1500 manatını da verməli olduğumu bildirdi. Mən də bundan sonra azyaşlı qızım Aygünlə birlikdə banka getdik. Azyaşlı qızıma atasız olduğuna görə verilən 213 manat pulun kartı Beynəlxalq Banka aid olduğu üçün bizə bankdan kredit verdilər. Azərbaycan Beynəlxalq Bankın Zaqatala rayon filialından isə 1600 manat kredit götürdük”.

Hürü qeyd edib ki, həmin 1580 manatı da Rahiləyə verib: “Rahilə dekabr ayının sonlarına kimi işinin düzələcəyini bildirdi. Dediyi müddət başa çatdıqdan sonra yenidən onunla danışdım. Rahilə mənə yanvar ayında yüksək vəzifəli şəxslərin rayona gələcəyini, işlərin ondan sonra açılacağını bildirdi. Ona inandım, yanvar ayını da gözlədim. Müddət başa çatdıqdan sonra Rahilə ilə görüşərək işlərin nə yerdə olduğunu soruşdum. Rahilə bir müddət gözləməli olduğumu bildirdi. Yenə də ona inanaraq gözlədim. Lakin Rahilə məni aldatmaqda davam etdi”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Rahilənin onu aldatdığını fikirləşib və Rəhimeyin evinə gedib: “Onların qohum olduğunu, Rahiləni onun vasitəsi ilə tanıdığımı deyərək pulumu qaytarmasına köməklik etməsini istədim. Bir müddət sonra Rahilə işləri düzəldən adamın öldüyünü, ancaq pulunu özünün qaytaracağını, Zaqatala şəhərində olan camaşırxanasını sataraq pulumu verəcəyini bildirdi.

2021-ci ilin mayında Rəhimey zəng vuraraq Rahilənin camaşırxananı satdığını, mayın 18-ə qədər pulumu verəcəyini bildirdi. Lakin müddət başa çatsa da, Rahilə pulumu qaytarmadı. Sonra Rahimey 2021-ci ilin iyulun 18-ə qədər pulu qaytaracağını dedi. Mən də inanaraq yenə gözlədim. Həmin vaxtdan sonra isə polisə müraciət etdim”.

Hürü bildirib ki, təqsirləndirilən şəxs 5100 manat pulu ona ödəyib. Bu səbəbdən onunla barışıb, şikayətçi deyil.

Məhkəmə Rahilənin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb.

Rahilənin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az